Dəlixana divarını öpdü
çinar budaqları...
Dalğaçı Mahmuddan sonra
göylərin bilinməyən min bir rəngini və
çalarını kəşf etmək olar, amma hansı
şair göyləri yenidən rəngləmək istər? Poeziyada göylər bir dəfə Orxan Vəli tərəfindən
boyanıb və o ikinci dəfə boyansa, bu sürreal
poetik "rəngsazlıq"
imitasiya və təqlid olacaq. Amma təqlidin
olmaması üçün
mənzərə sənətkarın
içində insanlaşmalı,
düşünən, yaşayan
bir varlıq halına gəlməlidir
(Sezann).
Parisdən Haitiyə adlamaqla
postimpressionist üslubuna simvolist
sirlər aşılayan
Qogen "Hardan gəlirik? Nəyik? Hara
gedirik?" tablosunda, sənətşünasların fikrincə, estetik olduğu qədər də mistik bir vəsiyyətnamə yaratmışdı. Qogen
bir kətan üzərində Əhdi-Ətiq
almasından Əhdi-Cədid
apokalipsisinə, alma dərən gənc Adəmdən alma yeyən
yeniyetmə Həvvaya,
doğuluşu simvolizə
edən körpədən
ölümü şəkilləndirən
caynaqlı quşa qədər insanlığın
bütöv genialogiyasını
yerləşdirə bilmişdi...
Dəli (və dahi) postimpressionist
Van Qoqun rəngləri
Edvard Munka sirayət etdikcə Munk impressionizmdən ekspressionizmə adladı. Qogen(mi, yoxsa Van Qoqmu?) özünü "müqəddəs,
eyni zamanda, qudurmuş it kimi" hiss edən sənətkarın
- Van Qoqun qulağını
kəsdi və Van Qoqun qana bulaşmış
qışqırtısı beş il sonra
Munkun tablosundan eşidildi. "Özgə
planetmiş düşdüyüm
məkan!" (Siqbern
Obstfeller). Çünki
sənətin formasiyası,
tipi dəyişmişdi... Sənətdə modernizm əyyamı başlanırdı. Van Qoq isə artıq
intihar etmişdi.
"Ulduzlu gecə"nin postimpressionist mistikasından,
palitrasından, bəlkə
də sayrışan metafizik mavi aydınlığından sonra "Dəlilər
evinin bağçası"nda
qan ətirli qırmızı rəng peyda oldu.
Al qırmızı
rəngli "xunin"
çiçəklər XX yüzilin əvvəllərində
Azərbaycan ədəbiyyatnın
səhifələrinə "Siyasəti-fürusət" göylərindən
yağmışdı. Əvvəlcə,
Dəli Şairin səmadan heyrətlə insanlara səslənib
"nədir bu ruyi-ərzi qaplıyor al qanlar" - deyə fəryad qoparan mələyi, sonra da "Dəli Şairə Dəlilər
Mühibbi olan bir quşun dilindən yardım edib" "Könüllərdən
olub nabud hər bir hissi-lahuti"
- deyən Dəlilər
dostu - Məhəmməd
Hadi...
Sonra da Vaqif Səmədoğlu...
Əlin sınaydı,
sanitar,
O qızı döydüyün yerdə.
Yumruğunla qız üzündə
Anamı söydüyün yerdə.
O qız sənin gözlərinlə
O ağaca baxmamışdı,
O qız o gün o ağaca
Elə-belə çıxmamışdı...
O qız çılpaq çinarın
da
Başında hava görmüşdü,
Allahın atıb
getdiyi,
Boş qalmış
yuva görmüşdü...
Sən o qızı
döyən zaman
Açılmamış güllər
soldu,
Dəlixana həyətində
Bir ağac da dəli oldu...
Xışıldadı yer üzünün
Ən əlacsız
yarpaqları,
Dəlixana divarını
Öpdü çinar
budaqları...
Sanitarın döydüyü bu qızın sinirləri
"Dəlilər evinin
bağçası"nda - modernizmin ocağı başında pozulmuşdu.
Budaqları dəlixana divarına sığal
çəkən ağac isə yüz il əvvəl
Bakıda deyil, Sen
Remidə dəli olmuşdu...
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2018.- 3 fevral.- S.3.