Sürrealizm və İvan Qollun manifesti
Sənətdə sürrealist
üslubun nə vaxt yaranmasının dəqiq tarixi ilə bağlı konkret zaman göstərmək,
bunun ilk dəfə harada, kim
tərəfindən yaradıldığı
fikrini irəli sürmək mübahisəlidir.
Məsələn, bəzi
rus ədəbiyyatşünasları
sürrealist üslubun
mənşəyini Qoqolun
yaradıcılığında, "Burun", "Şinel"
kimi əsərlərdə
axtarırlar... Sürrealizm cərəyanının
yaranma tarixi isə daha konkretdir.
XX əsrin əvvəllərində
Avropada modernizm axınının içində
araya-ərsəyə gəlmiş
sürrealizm cərəyanı
sənətkarın nəzərlərini
göz önündə
olan real gerçəkliklərdən
irreal fantaziyaların və ya psixi
aləmin alt qatlarına
yönəldirdi. Burada,
heç şübhəsiz
ki, psixoanaliz elminin də sənətə müdaxiləsi
təsirsiz deyildi...
1916-cı il iyulun 14-də Sürixdə "Cənab
Antipirinin manifesti"
elan edilmişdi: bu, dadaizm cərəyanın
ilk manifesti idi. Nəzəri ədəbiyyatda
XX əsrin əvvəllərində
bir cərəyan kimi formalaşan sürrealizm cərəyanın
nəzəri sərhədlərinin
müəyyənləşdirilməsi dadaizmlə əlaqələndirilir:
1917-ci ilin yazında Giyom Apollenerin irəli sürdüyü
"Yeni ruh" manifestində ilk dəfə
olaraq "sürrealizm"
("fövqəl realizm")
termini işlədilmişdi...
Sürrealizmin mədəniyyət tarixində
vətəndaşlıq qazandığı
zaman isə 1924-cü
ilə təsadüf edir. Həmin il fransız yazıçısı Andre Breton bu cərəyanın əsasını təşkil
edən "Sürrealizmin
manifesti"ni nəşr
etdirmişdi. Breton sürrealizmi bədii fikrin ağıldan gəlmədiyi və mənəvi amillərdən
asılı olmadığı
psixi avtomatlaşma kimi təqdim edirdi. Onun sözlərinə görə,
"sürrealizm sırf
psixi avtomatizmdir, məqsədi
ya şifahi, ya yazılı şəkildə, ya da başqa bir
üsulla fikrin real fəaliyyətini ifadə
etməkdən ibarətdir.
Fikrin, ağlın hər cür nəzarətindən,
hər cür estetik və ya əxlaqi mülahizələrdən kənar
diktə olunmasıdır".
A.Breton qeyd edirdi ki,
sürrealizm ona qədər laqeydlik göstərilmiş müəyyən
assosiativ formaların yüksək reallığına
inama, xəyalların
qüdrətinə inama,
fikirlərin ortada udub-uduzmaq marağı olmayan oyununa əsaslanır. O, bütün digər psixi mexanizmləri sındırmağa
və həyatın başlıca problemlərinin
həllində onların
yerini tutmağa can atır. A.Breton mütləq sürrealizm yaratmış
sənətkarların siyahısına
özü ilə bərabər Araqon, Baron, Buaffar, Vitrak, Deltoy, Desnos, Jerar, Karriv, Krevel, Limbur, Malkin, Moriz, Navil, Noll, Pere, Pikon, Supo, Elüar
kimi məşhur sənətkarların adını
daxil etmişdi.
Bu cərəyan
Avropada dərhal populyarlaşdı və
1924-cü ildə Berlindən
Parisə yenicə gəlmiş, öz əsərlərini fransızca
yazan İvan Qoll Pol Elüarla
birlikdə "Sürrealizm"
adlı jurnal nəşr etdirməyə
başladı.
Beləliklə, yeni bir cərəyanın
həm proqramı yaradılmış, estetik
prinsipləri müəyyənləşdirilmiş,
həm də xüsusi mətbuat orqanı nəşr olunmağa başlamışdı. Yenicə yaranmış
sürrealizm elmin təhlil və tədqiqat obyektinə çevrilmişdi - sürrelizmi
təhlil edən alimlərdən ibarət ayrıca araşdırma mərkəzi fəaliyyət
göstərirdi.
Fransız sürrealistlərinin
arasında böyük
fərqliliklər olsa
da, onları birləşdirən yeganə
məqsəd təkcə
sənətdə yeni
bir üslub formalaşdırmaq deyil, həm də kökündən dəyişmiş
bir dünya yaratmaq idi - sürrealistlərin qənaəti
belə idi ki, yer üzündə
ən ali
həqiqət şüurdankənar,
ağıla tabe olmayan başlanğıcdan
ibarətdir.
Sürrealist yazıçılar öz
ruhlarını idrakın
hökmündən xilas
etməyə çalışır,
bunun üçün
müxtəlif bədii
üsüllara, təsvir
vasitələrinə əl
atırdılar. Məsələn, hipnoz seanslarını,
hər kəsin ayrı-ayrılıqda gördüyü
yuxuların birgə müzakirəsini bədii
mətnə gətirirdilər.
Şüurun alt qatlarına
enən yazıçılar
yuxulara, yuxu ilə gerçəkliyin hüdudlarına, ruhun qeyri-adi hallarına, qarabasmalara, gözəgörünmələrə daha
çox müraciət
edirdilər. O dövrdə
özünün dinamik
inkişaf çağını
yaşayan və çox populyar olan psixoanalitik tədqiqatlardan faydalanan sürrealistlər insan şüurunun dərinliklərini,
ruhun fövqəladə
keyfiyyətlərini üzə
çıxarmağa, göz
önündə mövcud
olandan tam fərqli bir gerçəklik yaratmağa çalışırdılar.
Sürrealistlər predmetin
özünü deyil,
ideya və obrazları canlandırmağa
və bunun üçün gerçəkliyi
görünən tərəfindən
deyil, iç üzündən göstərməyə
üstünlük verirdilər.
Gerçəkliyin iç
üzü Salvador Dalinin
və Maks Ernestin rəsmlərində,
Lüis Bonyuelin filmlərində, Andre Bretonun,
Lui Araqonun, Rene Şarın, Anri Mişonun, Rober Densonun, Pol Elüarın
müxtəlif janrlı
ədəbi-bədii əsərlərində
öz parlaq ifadəsini tapmışdır.
İyirminci illərin
sonunda sürrealizm cərəyanında özünü
göstərən ciddi
parçalanmalar bu cərəyanın tarixinə
təsirsiz qalmadı,
Pol Elüar və Lui Araqon
marksistlərin tərəfinə
keçdi, bundan sonra onların yaradıcılığında kommunist ideologiyası üçün məqbul
olan neoklassik formalar və obrazlar üstünlük təşkil etməyə
başladı.
İkinci Dünya
müharibəsi başlayanda
isə sürrealizmin mərkəzi Parisdən
ABŞ-a daşınmalı oldu: Breton, Düşan,
Dali, Tanqi kimi sənət adamları Avropadan Amerikaya köçdülər...
Sürrealizm İkinci Dünya müharibəsindən sonra
da dünya ədəbiyyatına öz
təsirini göstərməkdə
davam etmişdir. Bu, Latın Amerikası ölkələrinin yazıçılarının
yaradıcılğında özünü daha aydın göstərir.
Məsələn, Kolumbiya yazıçısı
Qabriel Qarsia Markes ədəbi mətn üslubu ilə sürrealist rəsm texnikasını bir araya gətirməyə
müvəffəq olmuş
böyük söz ustalarından biri hesab edilir.
1960-cı illərdən
başlayaraq Azərbaycan
rəngkarlıq sənətində
və ədəbiyyatında
da sürrealizmin təsiri müşahidə
edilir.
Əsl adı İsaak Lanq olan İvan
Qollun 1924-cü ildə
nəşr etdirdiyi
"Sürrealizmin manifesti"
bu cərəyanın
başlıca estetik prinsipləri haqqında müəyyən təsəvvür
yaradır.
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.3.