Qaranlıq düşərkən
***
Qaranlıq düşərkən
zaman özünü
korluğa qoyur,
insan karlığa.
Xəyallarından keçirirsən
-
varlığa
nə darlıq?
-
Qarşında vaxt sonsuzluğu,
ömür cəngəlliyi.
Hava genişliyi,
səhra ənginliyi,
okean zənginliyi.
Gecə üstümüzdə
qanad gərərkən,
nəfəs gedib-gələrkən,
insan yuxu bişirmir,
özünü ölülüyə
vurur.
Ancaq alatoranda
əllərim yuxusunu qarışdırıb,
sənə danışım.
Barmaqlarımın zərif
kölgəsi
səhərin bəyaz
tülünü cırmaqlayır.
SƏTİRDƏN-SƏTRƏ
Dostum Kamal Abdullaya
Külək əsir
ürəyimdə,
vücudumu titrədir.
Verilən gün ömrümə -
ianədir, fitrədir...
Havam boğuq, suyum lil,
qarışqam da olub fil.
Söyləyirlər milyon il -
vaxt önündə
qətrədir.
Haqq yolunda farağat dur,
di, gur işığını söndür.
Kim deyir ki, ölüm sondur,
həyat sətirdən-sətrədir.
MÜRGÜ
Nə olub?
Göllər - qıyılmış
gözlər kimi dolub,
nəsə hiss edir.
Bataqlıqda bitən
küknar, şam meşələri
əski türk
həqiqətindən bir
hissədir.
Hanı altun atlar -
dırnağında qığılcımlar,
ayağında odlar?
Hanı Altay, hanı
Tuva?
Türküstan, Kuznetstan.
Biçarə Şor harda qurub yurd-yuva?
Xakasiya Asiyadan qopubmu?
Üstü bitki, altı almaz,
Böyük Çöl.
Üstü itki, altı kömür,
Böyük Çöl.
Əcdadımın dəvə
səbri qan qusub,
nəvə səbri
haçan aşıb-daşacaq?
Üstü itki, altı yaqut,
Böyük Çöl.
Hanı maral sürüsü,
Qarabaşı, Alabaşı
sürüsün!
Vətəgələr boşalsın,
balıq töksün
kürüsün!
Hara köçüb
getdiniz,
Attilalar, Metelər?
Nə vaxt püskürən kölgəniz
yeri-göyü mat elər?
Uzun çəkir Böyük
Çölun mürgüsü.
Nə oxunur şaman duası,
nə də azman türküsü.
AĞ
KÜLƏK
Açılır ağ küləyin
gül ağzı,
sovurur səhra
qarını.
Ağ qoçun
belindəmi gəlib,
ağappaq, bəmbəyaz
külək.
Nəhəng sacın
üstündə
qovurur səhra
qarını.
Balxaşdan*, Araldan
əsir,
Sibirdən, Uraldan əsir,
Hər kurqandan,
yaldan əsir,
ağ külək.
Cənnət qapısıtək
açıb ağzını,
kımıs içib,
şubat içib doyunca.
Tyan Şan, Akmila** baş qoşmur ona,
Tanrı dağları əvəzində
utanır.
Ağ külək
yola-rizə
kisə-kisə qar töküb,
evinin qapısını
tanımır.
* Balxaş - Qazaxıstanda göl adıdır.
** Akmila - həmin ölkədə dağ adıdır.
BƏDAHƏTƏN
Bədahətən Almatıda
göy guruldadı.
Sinədəftər Akmiladan
bir yağış
başladı
gəl görəsən...
Bu dəmdə cəh-cəh vuran
buludların arasına
girəsən...
Suya tamarzı arxlar doldu,
bağlar doldu.
Küçələrdə sel çıxdı dizə kimi.
Xoşbəxtlikdən şəhərdə
küçələr
dərələr kimi üzüaşağıdı.
Bədahətən yağmur
sarı siminə toxundu,
binalar şeir
dedi.
Pəncərələr gülümsündü,
damcı-sözlər uğundu.
Ağacların yarpaq qulağında
şəffaf sırğaya
döndü,
misra-misra oxundu...
Bədahətən gün çıxdı,
düşdü göyün
qurşağı.
Suyu süzülən
bulud
qaldı başıaşağı.
MİSRALAR,
BEYTLƏR, BƏNDLƏR
***
Ha inanmaq istədim,
ölməyimə,
ölmədim.
Gözlə-qaş arasında
ölməyimi görmədim.
Torpaq od qiymətinə,
sağlığımda özümə
bir qəbir
də hörmədim.
***
Nə etmək? -
Budaqdan sürüşüb
getmək,
aradan cırmaq.
Yarpaqlar ağacın
başağrısına çevrilib.
Payız - özünü
doğrultmamış
hakimiyyət kimi devrilib.
***
Günlər ömrün
gülləridi,
solur zamanın
əlində.
***
Qocalıq adamın
üz ağlığıdı,
hər kəsin
özündən uzaqlığıdı.
Kim çatır
ömrünün zirvə
çağına,
deyirlər, ikinci uşaqlığıdı.
***
Yoxdurmu qaranlığın işığı?
Lampanın piltəsini
çəkmişəm aşağı,
gizlətmişəm gözümü.
***
Yay dartılır,
ox atılır.
Yay dartılır,
uzanır gün.
***
Nökərinki nökərçilik,
ağanınkı ağalıqdı.
Şair, daha işin-peşən
qocalıqda yorğalıqdı.
***
Yağdı ilk qar,
payızın əl-ayağı
soyudu.
Qış yağışın
ömrünə,
ağappaq nöqtə
qoydu.
***
Tərif xəstəsiydi,
zalım oğlu.
Qoltuğuna verdilər,
zalım oldu.
Bir şar
idi,
üfürdülər içinə.
Yeli çıxdı,
ölü çıxdı.
***
Söz cürət
toplayıb aldı ağlımı,
ağ varaq üstündə isti xanam var.
Xoşbəxt barlı günün yolu bağlımı? -
məhsul becərməyə
istixanam var.
***
Artıq mən yoxam dünyada,
artıq dünya
məndə yoxdu.
Adəm axtaran həqiqət
sünbüldəki dəndə
yoxdu.
***
Ay şəbnəmdə
çimərkən,
otlar torpağı
əmərkən.
Üzüyumşaq ağacların
sarı yarpağı
nəmərkən -
uçurtdum çərpələngimi.
BİLMİRSƏN
Qayıtdın axır
üzümə,
nə verib,
ala bilmirsən?
Zalım, ürəyimi
üzmə -
bir halda qala bilmirsən?
Bulud kimi heçdən dolma,
quru çaya
peyvənd olma.
Göynən gedənə
bənd olma,
gəlir zavala, bilmirsən?
Bu güldür, səninlə adaş,
dərilsə, sirrin elər faş.
Bura Qobustandır - hər daş,
dönür qavala, bilmirsən?
Nə cismimə
od salmısan,
hardan bəyazlıq
almısan?
Günün altında
qalmısan,
yenə qarala bilmirsən.
GETDİN ŞAM
YANDIRMAĞA
And-aman etdim, gəlmədin,
uzaq düşməyimə
dözdün.
Axır dost-düşmən
bilmədin,
sazaq düşməyinə
dözdün.
Gözümə dərd
çökəndə,
sifət göstərdin
mənə.
Mən siqaret çəkəndə,
sən xiffət
çəkdin yenə.
İnadını yeritdin,
ah asta, gah da yeyin...
Yaman mənə yer etdi -
qabaqdangəlmişliyin.
Çər dəymiş
nəfs qalıqmış,
korlayıb məhz
işləri.
Mənə-sənə qalıbmış
həyatın nəhs
işləri?
Nə hiyləydi,
sən qurdun,
asandı baş yarmağa.
Çırağımı söndürdün,
getdin şam yandırmağa.
***
Ömrün ən yaxın sahili -
sözün lövbər
saldığı yer.
Odun-ocağın sahili
közün lövbər
saldığı yer.
Gözün lövbər
saldığı yer
alyanaq və bəyaz buxaq.
Mənə azca təsəlli ver -
dərdin başını
buraxaq.
Verək yola özümüzü
sən məni
tanı, mən səni.
Çay tək axan ömrümüzün
onsuz bəllidir
mənsəbi.
Yıxaq tamahın
evini,
nəfsin nəfəsini
kəsək.
Sormayıb daşın
kefini,
ağlayıb halına
kəsək...
Nəhs taledən
kam al,
dadaq,
bəxti vecinə
almayıb -
bir-birimizi aldadaq,
ortada heç nə olmayıb.
Ağacəfər Həsənli
Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.7.