Yuxu janrı, yuxu güzgüləri...

 

Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və bütöv bir ömür" adlı əsərinin janrı və bədii xüsusiyyətləri haqqında

 

Bayram Ağayevin xatirəsinə

 

1

 

Retrospeksiya

 

Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və bütöv bir ömür"  adlı əsərinin janr xüsusiyyətlərini müəyyənləşdirmək üçün müasir dövr ədəbiyyatşünaslığında geniş yayılmış "nitq janrı" anlayışına istina etmək laızmdır. Funksional stilistikanın bir sıra tədqiqatçıları nitq janrı haqqında mətnin tipi kimi bəhs edirlər (E.U.Qrosse, V.Şmidt, B.Zandit, M.P.Brandes və b.). Memuarlar "nitq janrıdır", memuar janrında nitq funksionallığı var; mətnin subyekt təşkili üzərində müşahidələr bir sıra mülahizələrə yol açır.

Ədəbiyyatşünaslıqda müxtəlif tip bədii mətnlərin analitik və eyni zamanda şərhə əsaslanan təhlilinin  zəngin və misilsiz təcrübəsi mövcuddur ki, bu da həmin əsərlərin mənəvi, kulturoloji və estetik aspektlər baxımından dərkini zaman keçdikcə dərinləşdirmişdir. "Yaddaş mədəniyyətin əsasıdır. Memuarlar isə yaddaşın sözdə və sözlə əşyalaşmasıdır" (L.Qinzburq); tədqiqatçıların fikrincə, o, (memuarlar...-), "nəsillərin mənəvi varisliyinin vasitələrindən və cəmiyyətin mədəni səviyyəsinin, onun öz keçmişinə şüurlu və analitik yanaşmasının göstəricilərindən biridir."

Başqa bir tədqiqatçıya görə isə, "memuar, mənəvi həyatın xüsusi hadisəsi kimi həmişə intibah xarakterlidir." Çünki memuarlarda şəxsiyyətin əqli inkişafının dönüş mərhələləri, onun "özünü dünyada" və "dünyanı özündə" (A.Tartakovski) dərki əksini tapır. Memuar janrına aid edilən "intibah xarakteri" nə deməkdir? Fikrimizcə,  memuarların yazılması və oxunmasına şiddətli marağın səbəblərindən biri tarixin dəyişməsidir. Bu amil, hadisələrin radikal şəkildə inkişafı və bunun nəticəsində tarixin büsbütün dəyişməsi yazıçını, hətta yazıçı olmayan şəxsləri zamanı sürəklə qeydə almağa məcbur edir. Tarix dəyişir, bəndindən qopub gələn hadisə seli insanların üstündən adlayıb keçir və keçmiş həyatın "süjetinin dəyişməsi" geri dönməyi, daha doğrusu, becid baxışla keçmiş və gələcəyi bir nöqtədə, bəzənsə eyni anda fərqli kontekstlərdə mənalandırmağı tələb edir. Həyatın axarının, bəzən dini görüşlərin, yaxud siyasi quruluşun dəyişməsi, insanların nəfəs alıb yaşadıqları dəyərlərdən zorla qopardılması obyektiv tarixi faktın subyektiv özünüifadəsinə gətirib çıxarır. Burada həm də hadisələrin sürətlə cərəyan etməsi səbəbindən "tarixin unudulması vahiməsi" də əsaslı rol oynayır. Çünki istənilən siyasi rejimin və ideologiyanın tərkibində özünü hər şeyin, bütün dəyərlərin üstünə  qoymaq cəhdi var və bu, keçmişə memuar janrıyla (nitq janrı-!) qayıdışı labüd edir. Kommunikativ aktda (Rus dilçiliyindən fərqli olaraq, Avropa funksional stilistikasında "akt janrı") baş verən "kataklizm", bir qayda olaraq  subyektin həmin vahiməni yenib tarixin bədii şərhini ortaya qoymaq ehtirasıyla bağlı olur.

Beləliklə, memuarların qələmə alınmasında həm də yazıçının keçmişə qayıtmaqla öz taleyinin, yaşadığı ömrün vacibliyini dərk etməsi mühüm rol oynayır. Gerçəkliyin estetik qavrayışı yazıçını sətir-sətir zaman vadisindən keçirir, iştirakçısı olduğu hadisələrdən uzaqlaşdıqca zamanın dərki, onu qeydə almaq ehtirası daha da dərinləşir və nəticədə Ceyhun Hacıbəylinin əsərində şəxsi-subyektiv, xronoloji və estetik qavramlar üzvi əlaqə və mürəkkəb qovşaq yaradır. Bütün bu deyilənlər həm də adı çəkilən əsərin təhkiyə strategiyasını şərtləndirir, irəli-geri hərəkətlərlə müşayiət olunan "dolanbac" təhkiyə quruluşunda bir yay (yaxud bumeranq...) effekti var; hekayətlər, hadisələr bitmir, əksinə, "qövr edir", ayrı-ayrı təhkiyə müstəvilərinə paylanır, sıxılmış yay "oturacağına" çatdıqda geriyə dönüş yuxunun dərinliklərində itir və beləcə, yuxuyla reallığın bir-birini tamamlaması zahiri məsələyə çevrilir. Əslində burada uyuşmaq və tamamlamaqdan çox bir-birini dəf etmək gücü daha çox hiss edilir və bu stixiya təhkiyənin məğzini təşkil edir. Beləliklə, nə yuxu reallığa çevrilir, nə də reallıq yuxudan sıyrıla bilir. Bunların iç-içə olması, qonşuluğu elə bir gərginlik sahəsi yaradır ki, bəzən təhkiyəçinin də səsi batır, öləziyir, yuxu özü danışır, hər şey təkrar olunur, təkrir səviyyəsinə gəlir. Ceyhun Hacıbəylinin adı çəkilən memuarında təkrarlanan detallar və əşyalar var: şar, qızılgül, minarə, günbəz və sair. Mətndə onların işlənilmə kontekstləri ən müxtəlif estetik anımların üzə çıxmasına şərait yaradır. Bu əşyalardan hər birinin mətndə hərəkəti zahirən və məntiqi cəhətdən anlaşıqlıdır. Yəni, həmin hərəkəti (deyək ki, müxtəlif məqamlarda şarın partlaması...) müəllifin taleyi, təsvir etdiyi keçmişin xarakteri ilə azacıq müqayisə etdikdə nəyə işarə edildiyini anlayırsan. Ancaq burada ayrıca götürülən sözün (detalın, onun hərəkətinin) "mənası bütöv mətnin mənasından asılıdır" (A.Potebnya), yəni bədii əsərin şərhedici komponentlərini aşkara çıxarmaq üçün qoyulan vəzifədən asılı olaraq onun müxtəlif səviyyələrinə nəzər salmaq lazımdır. Bu halda kontekst anlayışının dövriyyəyə daxil edilməsi qanunauyğunluq təşkil edir. Çünki mətnlərin istənilən şərhi, onların elmi dərki bu termini qaçılmaz edir. Kontekstin öyrənilməsi əsərin məna dərinliyinə nüfuz etmənin şərtidir. Bədii əsərin kontekstinin konkret sərhədləri olmur, onlar çox geniş və bəzən intəhasız olur. Məntiqi şəkildə düşünmək olar ki, bir müəllifin qələmə aldığı bədii əsərlərin kontekstləri (daha doğrusu, bir müəllifdə kontekstlərin məcmusu) "böyük tarixi zamanla axaraq" (M.Baxtin) yazıçının bədii yaradıcılığının vahid kontekstini formalaşdırır.

Ceyhun Hacıbəylinin əsərinin janr xüsusiyyətləri, bu özəlliklərin əsasında dayanan bəzi psixoloji-fəlsəfi anımlar onun adekvat şəkildə şərhinə yol aça bilər. Memuar kimi təqdim edilən mətn deyir ki, "bu günün yuxusu dünənin reallığıdır. Çünki yuxu canlı və hiss edilən bir dünyadan gəlir. Məhdud şüur bu faktı bizim üçün aça bilməsə də, meditasiya vasitəsilə şüurlu şəkildə bu və ya digər üstün dünyalara "sızmaq" mümkündür. Bu dünyaların gerçəkliyini bizə arzularımız təlqin edir". Yəni, burada bizim yuxu adlandırdığımız nəsnə başqa bir dünyanın gerçəkliyidir. Başqa sözlə desək, insanın gözlərinin görmədiyi, əllə toxuna bilmədiyi çox sayda dünya mövcuddur. Yuxu da bu dünylardan axıb gəlir. Fransız tədqiqatçısı belə yazır: "...Bəzi yuxular canlı sahədə baş verir: onlar tez-tez qarışır, çünki burada sevincin payı az olduğundan həmin yerə düşən işıq da öləziyir. İşıqlı olsa da, hissiyyatdan məhrum olan yuxuların əksinə olaraq hiss və həyəcanın daşlandığı yuxular da var. Hissi və canlı dünyanın yuxusunda arasıkəsilməz hərəkət müşahidə olunur. Bu elə bir döyüş səhnəsidir ki, hər şey qırılıb-tökülür, canlı varlıqlar öldürülür...."

 

2

 

Real və irreal aləmlərin qovşağında

 

Bir hekayədə təsadüfən qətl hadisəsinin şahidi olduğu üçün adam vurulur, güllə yarası alır. Gözünü açanda başının üstündə ixtiyar, saç-saqqalı dümağ bir kişini görür. Bir uşaq da var bu hekayədə, aralıda, əlində mis cam, içində məlhəm. Kişi deyir: yuxun səndən qabaq gəlmişdi. Sən onun surətisən. Çox əzab çəkəcəksən.

Ömür bu sözdən başlamış, həyatsa artıq bitmişdi. Həyatın harda tükənib, tale və qədərin harda itdiyini, itkin düşdüyünü bilmək və kəsdirmək bəzən çox çətin olur. Həyatını vətəndə qoyub gözünü qürbətdə açan mühacirlər kimi. Ceyhun Hacıbəyli kimi. Onun Fransada mühacir həyatı yaşadığı müddətdə başına gələnlər, olmazın məhrumiyyət çəkməsi, qürbətin güzəştsiz və amansız şərtləri altında əzildiyini bildirməmək üçün susması, oğlunun həlak olması... bütün bunlar içindəki çırpıntıların yuxu gerçəkliyinə qarışmasına gətirib çıxarırdı. Yuxularını necə var, yəni yadında qaldığı kimi yazırdı.

Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və bütöv bir ömür" memuarları janrı etibarıyla orijinal və mürəkkəbdir. Şərhlər üçün qəliz sayıla biləcək mətndir, hətta mətnlərin bir-birinə qarışdığı ərazidir.

Mühacirətdə, sürgündə olan adam, hər gün iclas və konfranslarda qızğın, hər şeyin puç olduğu ortamda ümidli gün keçirən adam əsl həqiqəti yuxu və ilğımlara bükərək yazmaq məcburiyyətində qalır. Dünyada bundan da ağır və çəkilməz bir dərd olmaz ki... Bu qeydlərdə arada yuxu dumanı çəkilir, araya qızıl-qırmızı yalanlar girir, vətəni yağmalanmış mühacirləri bağrına basan siyasət dəllallarının saymazyana, adamın gözünün içinə söylədikləri yalanlar... Ümidsə çox zaman insanı ölümə aparır, aldadaraq...

Ceyhun Hacıbəylinin kitabının müzakirəsi və təqdimat mərasimi keçirilir, natiq (tərcüməçi...-) deyir ki, Ceyhun bəy çox güman ki, keçən əsrin əvvəllərində Freydin bestsellerə çevrilmiş əsəriylə tanışmış və məhz bu səbəbdən yuxularını da məhz bu janrda qələmə alıb. Əlbəttə, tanış olmaya bilməzdi. Rus, alman və fransız dillərini (Sorbon Universitetini bitirmişdi) əla bilirdi. Ancaq onun bu yuxu janrında qələmə aldığı memuarlar həmin nəzəriyyənin sərhədlərini aşıb keçir, ona ironiya edir və məhz bu məqamdan hər ikisinin ümidsizcəsinə puçluğu görünür. Necə ki, vaxtilə M.Şəhriyar dahi fizik Eynşteynə həsr etdiyi farsca şeirində ona ironiyanı gurultulu alqışların içindən ildırım kimi keçrib oxucuya çatdırırdı. Bütün nəzəriyyələr, hətta ən mükəmməlləri belə ironiya edilmək üçündür, əks təqdirdə, hər şey sıfrın üstünə gələr, dünyada təzə şey ancaq köhnənin üzünə çevrilmiş astarı olardı.

Yadıma bir nəzəri müddəa düşür: mənanın formaya çatması, daha doğrusu, çevrilməsi. Bir də qoca Borxesin essesi. Borxes deyir: yuxu janrdır, qorxu-tema. Ceyhun Hacıbəyli oğlunun ölümünü bir ay əvvəl yuxuda görür, mövzu-temanın janrın sərhədləri daxilində kilidləndiyi (yuxudakı adam, ya başqa bir adamın çöhrəsində peyda olur, ya da çöhrəsi gizlədilmiş halda "səhnəyə çıxır") bir ortamda gecə impressariosu oyunu gedir.  "... Yuxu sizin həyatınızı gah epizodik, qarmaqarışıq, bəzən fiqurlar formasında, alleqorik tərzdə, bəzən eyhamlarla, üstüörtülü, bəzən təhrif olunmuş, üz-gözünü əymiş halda, lakin bəzən də ən silkələyici bir reallıqla təqdim edir".

İnsanlar Freydin nəzəriyyəsindən də qabaq çəkilməz məşəqqətlərə tuş gəlir, real yaşamla müqayisədə yuxu gerçəkliyinin parlaqlığı həqiqətin taxtında oturur və bu gerçəkdən gerçək anımları yazırdılar.  O həyat, o məşəqqət hər hansı nəzəriyyədən daha güclü və daha hissiyyatlı idi.

Ceyhun Hacıbəylidən yuxarıda verilən sitatın davamı:  "... Bir binanın pilləkənləri ilə qalxıram. İkinci mərtəbədə erməni çay salonu var; yuxarıda bir tamaşamı, yoxsa bir iclas zalımı var. Elə bu zalda baş tutacaq maraqlı bir konfransda iştirak etmək üçün gəlmişəm. Gecikməyim məni o qədər də narahat etmir, çünki ikinci iclasda iştirak etmək fikrindəyəm. Bununla belə, birinci seansın tam başa çatmasını istəmədiyimdən, qapını açıram; qapı cırıldayır və iştirakçıların narazılığına səbəb olur. Nifrət dolu baxışlar mənə tərəf yönəlir. Oturmağa yer tapmayan dinləyicilərin arxasındakı birinci arakəsməyə yaxınlaşıram, heç nə görmürəm; çıxış edənlərin səsini isə eşidirəm.

... Divara söykənib musiqi alətində çalıb-oxuyan iki kişi görürəm. Bunlar məruzəçilərdir. Konfransın mövzusu bundan ibarətdir: bir çıxış edən digərinin oxuduğu notları açıqlamalıdır. O, qaraçı romansı janrında nostalji bir mahnı oxumağa başlayır, ancaq davamını Duck Ellingtonsayağı caz təqlidi ilə başa vurur. Bu, hardasa gördüyüm qarasaç cavan oğlandır. O, rəqsəbənzər bir hərəkətlə şlyapasını havaya atır, şlyapa qayıdıb adamların içində dayanan qardaşının başına düşür və şar kimi partlayır..."

Yadıma bir daha kitabın təqdimatı düşür. Natiq deyirdi ki, Ceyhun bəy heç zaman, yəni bilmərrə vətənə qayıtmaq istəməyib (əlbəttə, ona "gəl", deyə edilən çağrışlar müqabilində), kimsə rus məsəlini çəkib etiraz eləmişdi: nikoqda ne skaji nikoqda. Ancaq öz izahında da natiqin fikrini təsdiqləmişdi, yəni, qayıtmağı təklif eləsələr də,  Ceyhun bəy bunun özü və ailəsi üçün nə demək olduğunu anlayırdı. Ancaq yuxularında hər gün qayıdırdı və yuxuda belə hər dəfə qarşına bir əngəl çıxırdı. "...Vətənimə qayıtmağa hazırlaşıram. Evimizə gedən yolda şar görürəm. Bilirəm ki, o, parisli qadına məxsusdur. Götürmək istəyəndə bayağı görkəmli bir kişi peyda olub məni qabaqlayır. Qaytarmağı tələb etməyə cəsarətim çatmır, gözləyirəm, görüm, şarla nə edəcək. Kişi görünməz bir nərdivana dırmaşıb şarı özündən daha iri, daha möhkəm bir şarın yanına məftillə bağlayır. Ancaq bu vaxt mənə çatır ki, bu kişi lampaları qaydaya salan elektrik montyorudur. Öz-özümü inandırıram ki, məftilin o biri ucu parisli qadının əlindədir və istədiyi vaxt şarı özünə tərəf çəkə bilər..."

Yuxarıda əşyalardan danışdıq, yuxularda onlar dayanıqlı deyillər, sürüşür, ölçülərini itirir, qeyb olub və başqa əşyalara çevrilirlər, çünki yuxuda gördüyün aləm bir maketdir, köçəri çadırı kimidir, burada dünyanın faniliyi əlbəəl hiss ediləndir. Bu həm də son nəticədə ruhun qərarsızlığını, narahatlıq çəmbərinə düşdüyünü bildirir. Yuxular insanın vəziyyətini içdən, əşya və hadisələrin mürəkkəb kombinasiyaları çərçivəsində ifadə edir və buna görə də onların şifrəsini yalnız müəyyən dərəcədə açmaq mümkündür. Keçmişin içindən gələcəyi göstərmək cəhdi fantastik, bəlkə də fantasmaqorik şərhlərə yol açır, insanın bəzən özünə də etiraf etmədiyi nəsnələri güzgü qarşısına gətirir, güzgüyə dönür, səni güzgüyə çevirir, ortasından çat xətti keçən ayna effekti yaradır, sən tam fərqli aləmə düşdüyün üçün kosmonavt kimi çəkisizlik şəraitindəsən, həm nəsə edirsən, həm də buna tamaşa edə bilirsən, belə bir ortam, belə bir ikiləşmə fasiləsiz dönüşlərə şərait yaradır, gerçək aləmdə xəyal etdiklərin burda, həmin çəkisiz fəzada gerçəyə çevrilir.

 

3

 

"Susmuş forma", yaxud yuxu janrı

 

Ceyhun Hacıbəyli yuxularını deyil, real həyat olaylarını yazsaydı, bu, adi bir publisistik yazı olardı və məhz Ceyhun bəy qələmə alıb deyə, mühacirət tarixi kitabında bir önəmli sətrin yerini tutardı. Ancaq yuxu janrında yazılan bu əsər həm onun ağrı və məşəqqətini, vətənin istiqlalı uğrunda aparılan savaşa inancını, həm də reallığın özünü  yeganə mümkün formada əks etdirmək baxımından çox maraqlıdır və zənnimizcə, mühacirət ədəbiyyatı tarixində bunun analoqu yoxdur. Ceyhun bəyin əsəri "susmuş forma" baxımından da unikaldır; bədii əsərdə bir qayda olaraq, forma "danışır", yəni mənaya yiyələndikdən sonra bu mənanın bitib-tükənməyən şaxələri kimi ərzi, dünyanı tutur, dünyanı öz dil rakursuna salır, hər şey bir əsərin süzgəcindən keçir, ordakı macəralara bələnib,  onları dəyişdirir. Yuxu janrında isə forma məhz "susur" (başqasının bizə gəlib çatmayan səsi kimi...), içində, içinin dərin laylarında danışır, real olan nə varsa, bu gözişləməz dərinliklərə batıb ordan qəlpələr şəklində üzə çıxır, reallığın ən müxtəlif mövqelərdən şərhi üçün tükənməz imkanlar açılır, bir fakt, yaxud hadisə irrealla kəsişmədə dəyərləndirilir. Və beləliklə, dövlət devrilib quruluş dəyişdikdən sonra tarix dünyada baş verən olaylar çərçivəsində göstərilir. Diqqət edin: "Kübar bir yığıncaqda xanımlara ingilissayağı "aradan çıxmaq" ifadəsini izah etməklə məşğulam. Dinləyicilərim mənanı çox ləng başa düşən kimi görünürlər. Nəhayət, xeyli vaxtdan sonra onlara başa sala biləndə, ifadə inanılmaz bir uğur qazanır...

Oğlumla bir yerdəyik, ona maraqlı bir şey göstərməliyəm. Kilsə qülləsindən gələn musiqi səsi eşidilir. İki alətin ifa etdiyi musiqidir, alətin biri çox səs-küylüdür. Birdən atəş açılır və səsli alət dərhal susur. Belə qənaətə gəlirəm ki, onu çalan yerindəcə həlak oldu. Atəş minarədən gəlir, çünki oradan spiralvari pilləkənlə düşən bir kişini görürəm. Bunu oğluma işarə edirəm, ancaq başa düşürəm ki, o da artıq görüb, çünki o, durbinlə həmin kişini izləyirdi.

 

Atəş açılan minarənin görünüşü..."

 

Yuxuda adi bir əşya neçə-neçə yaranın qaysağını qoparır, keçmiş indiki zaman kimi cilvələnib şüurda ən müxtəlif, həm də aralarında məntiqi bağ olmayan hadisələri bir məcraya gətirir, bu "kombinasiyalardan" məqsəd ömrünün, taleyinin yad şəhərindən qaçmaq, yaxa qurtarmaq, millətinin alnına yazılan qədərə düzəliş etmək, cümhuriyyəti davam edir kimi hiss etmək və yaşatmaqdır.  Həm də: minarədən açılan atəşin keçmişə proyeksiyası, insanların fitnəyə qurban getməsi, kütləvi şəkildə qırılması, öz yurd-yuvalarından didərgin düşmələri... baş verib bitmiş hadisələrin realdan real şəkildə dəyərləndirilməsinə imkan yaradır.

Ancaq yuxu janrı insanı aldadır, tərs bir yolun çəmbərinə salıb  məhv edir. Vaxtilə  Kamil müəllimin (Kamil Vəli Nərimanoğlu) kitabından oxumuşdum ki, məşhur ədəbiyyatşünas Şklovskinin yeganə oğlu müharibədə həlak olur. Döyüş yoldaşı ona oğlunun hansı şəraitdə öldüyünü danışmışdı. Şklovski zaman-zaman yuxuda oğlunu, onun vurulduğu səhnəni görür və onu xilas etmək istəyir, ancaq hər dəfə sarsılır, bacarmır.  Və yuxular ümidləri puç olmuş insanların məskəni və məzarına çevrilir. Şeirimizdən keçən "bir deyil, on deyil məzarım mənim..." ifadəsi bütün bu söyləm-diskursları içinə alıb onları keçmişdən gələcəyə və yenidən keçmişə daşıyır, bəlli şərtlər daxilində başdan-ayağa həsrət və nisgilə dönmüş insanın külünü göyə sovurur, küləklərə tapşırır, onlarsa bu külü vətən torpağına səpdikdə otların yaşılı, gül-çiçəklərin al-qırmızısı solur...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.8-9.