Güney mövzusuna konseptual
baxış
Pərvanə Məmmədli
artıq neçə
illərdir ki, Güney Azərbaycanın
ədəbiyyatını, mədəniyyətini,
mətbuatını, ümumən
mədəni-ictimai həyatını
(varlığını!) sonsuz
bir maraqla, məhəbbətlə, cəfakeşliklə
araşdırır, geniş
miqyaslı təhlillər
aparır, elmi ümumiləşdirmələr, qənaətlər verir. Onun imzasına ilk dəfə ötən əsrin 90-cı illərində
Cənubla bağlı
mətbuat səhifələrindəki
yazılarda rast gəlmişəm. 2000-ci illərdə "Xalq qəzeti"ndə Cənuba
həsr olunmuş ayrıca bir rubrikanın aparıcısı
kimi tanımışam.
Pərvanə xanımın
yazılarının uğurlu
olmasının səbəblərindən
biri də ərəb və fars dilinə bələd olması və uzun illər
boyu mənbələr
üzərində işləməsidir.
Onun yazıları Azərbaycan elmi-ictimaiyyəti tərəfindən
maraqla qarşılanır.
Məsələn, "Molla
Nəsrəddin" jurnalından
14 il öncə,
1892-ci ildə Təbrizdə
"Şəbnamə" adlı Azərbaycan türkcəsində illüstrasiyalı
ilk satirik dərgi haqda verdiyi bilgi
mətbu tariximiz üçün dəyərli
faktlardan sayıla bilər. Demək, "Molla Nəsrəddin"
dən öncə Azərbaycan türkcəsində
satirik dərgi mövcud olubmuş. Başqa bir maraqlı elmi fikir görkəmli
Azərbaycan mütəfəkkiri
M. F.Axundovun indiyədək
əldə olunmayan, ərəbcə yazılmış
"Təlqinnamə" əsəri
ilə bağlıdır.
Bakıda 1905-ci ildə çap
olunan "İrşad"
qəzetinin farsca əlavəsində bizə
naməlum olan bu əsərdən parçalar verilib. Onun belə tapıntı xarakteri daşıyan yazıları
az deyil.
Onun "Varlıq"
jurnalında ədəbiyyat
məsələləri", "Cənubi Azərbaycan mətbuat tarixi", "Hər iki tayın
gerçək aynası
- "Azərbaycan" dərgisi", "Cənubi Azərbaycan: ədəbi portretlər, şəxsiyyətlər",
"Güney Azərbaycan
ədəbiyyatı"(Çağdaş
dövr) antologiyası
və s. kitabları intellektual, məsuliyyətli
(və vətənpərvər!)
bir azərbaycanlı xanımın heç zaman təravətini itirməyəcək
əsərləridir ki,
həmin yaradıcılıq
məhsulları həm
o tayda, həm də bu tayda
elmi ictimaiyyətin diqqətini
cəlb etmişdir. Pərvanə xanımı
fərqləndirən cəhətlərdən
biri də Cənub mövzusuna fraqmental və ya ayrıca götürülmüş
bir problem biçimində
deyil, ona əhatəli konseptual yanaşmağı bacarmasındadı.
Pərvanə xanım
hər iki tayın (əslində,
ümumi Vətənin!)
oxucularına, xüsusilə
mütəxəssislərə son illərdə təqdim etdiyi kitablar günümüz üçün
çox aktual və gərəklidir. Ərəb
əlifbasında yazılmış,
əlimiz çatmayan
əsərlərin çoxundan
xəbərsiz oluruq. Ona görə
də bu səpkili əsərlər milli-mənəvi
sərvətimizin öyrənilib
tanıdılmasında müstəsna əhəmiyyət
daşıyır.
"Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər"
kitabında XX əsr Cənubi Azərbaycanda ədəbi-bədii prosesin
önündə gedən
və yaratdıqları
əsərlərlə bu
prosesin inkişafına
təsir edib zənginləşdirən Mirzağa
Təbrizi, Həsən
Rüşdiyyə, Tağı
Rüfət, Həbib
Sahir, Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, Həmid
Nitqi, Məmmədəli
Fərzanə, Cavad Heyət, Məmmədtağı
Zehtabi, Haşım Tərlan, Krim Məşrutəçi -Sönməz,
Bulud Qaraçorlu - Səhənd,
Həbib Sahir, Əli Təbrizli, Qulamhüseyn Saidi, Rza Bərahəni, Qulamrza Səbri və Əli Kamali eyni zamanda
yaradıcılıqlarında Cənub mövzusuna geniş yer ayıran Rəsul Rza və Mirzə
İbrahimov kimi tanınmış 20 ədəbi
simanın portret oçerkləri verilib.
Bu kitabda Pərvanə xanımın
öz təbiri ilə desək, İran maarifinin atası - Mirzə Həsən Rüşdiyyə,
İranda "yeni şeirin öncülü"-
Tağı Rüfət,
ilk səhnə əsərlərini
meydana gətirən -
Mirzağa Təbrizi, klassik ədəbiyyatımızın
kamil biliciləri - Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, İranda
ictimaiyyətlə əlaqələr
elminin banisi - şair, türkoloq Həmid Nitqi, mistik realizmin banisi - Qulamhüseyn Saidi, xalq ədəbiyyatının yaddaş
daşıyıcıları -Məhəmmədəli Fərzanə,
Əli Kamali, Güney Azərbaycanda milli dirəniş hərəkatının simvolu,
İranda türkologiyanın
ideoloqu - Təbrizli Əli və bu kimi xalqına
xidmət göstərən şəxsiyyətlər tanıdılır
və yaradıcılıqlarından
ətraflı bəhs
olunur.
Kitaba "Cənubi Azərbaycan ədəbiyyatı tarixi"
(XX əsrin I yarısı)
ünvanını da vermək olardı. Əsərdə
bəzi ədiblərin
həyat və yaradıcılığı müəllif tərəfindən
ilk dəfə ətraflı
tədqiq olunub.
Akademik Mirzə
İbrahimovun təşəbbüsü
və rəhbərliyi
çap olunmuş
"Cənubi Azərbaycan
ədəbiyyatı antologiyası"
adlı dördcildlik kitabın davamı kimi ərsəyə gələn antologiyada son
40 ildə Güney Azərbaycanda yazıb-yaradan
100-ə yaxın yeni ədəbi nəslin nümayəndəsinin avtobioqrafiyası
və əsərləri
yer alıb. Antologiyada tək İranda deyil, dünyanın hər bir tərəfinə səpələnmiş güneyli
gənc şair və yazıçıların
əsərlərindəki ədəbi
fikrin mənzərəsi, yeni məzmun, forma axtarışları
və eksperimentləri
ilə qarşılaşır,
xalq şeiri üslubunda, divan ədəbiyyatı
tərzində, eləcə
də son dövrlərdə
Avropada yayılmış
çeşidli ədəbi
cərəyanların təsiri
ilə yazan yazarların şeir və hekayələri ilə tanış oluruq...
Azərbaycanın Güneyində
dil, folklor, yazılı ədəbiyyat,
ictimai həyat, xüsusilə mətbuat proseslərini diqqətlə
izləyən, dərindən
bilən müəllifin
bu kitabdakı bir üstünlüyü
onun sözün geniş mənasında mütəxəssis olmasıdırsa,
bundan az əhəmiyyət kəsb
etməyən ikinci üstünlüyü milli
heysiyyəti, faktlara, hadisələrə milli mövqedən yanaşması və mənəvi qürurudur. İstər Səttar xandan və
ya Şeyx Məhəmməd
Xiyabanidən, istər Şəhriyardan və ya
Cavad Heyətdən bəhs etsin, Pərvanə xanım bütün
hallarda həm kifayət qədər "soyuq" (obyektiv!) məntiq
nümayiş etdirərək həqiqəti
ortaya çıxarır, həm də bu böyük tarixi şəxsiyyətlərin, milli mücadilə qəhrəmanlarının
tərcümeyi-halında (mübarizəsində) ifadə olunmuş "enerji"ni aşkarlayır.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.10.