Sən kimsən, Novruzəli?!
Mətnlə işləyən adam heç bir "kənar səsi" eşitmədən qulağını yalnız mətnin köksünə söykəməlidir. Biz "Poçt qutusu"ndan hansı mübhəm səslərin gəldiyini bilmək istəyirik. Niyə məhz "Poçt qutusu"? Sualın cavabını tanınmış qələm adamı Elçin Şıxlının dilindən eşidək: "Sovet dönəmində Mirzə Cəlilin bu hekayəsini bolşevizmin Azərbaycanı avamlıqdan xilas etməsinə bir nümunə kimi tədris və təqdim edirdilər. Hələ indiyədək də ermənilər bizlərlə müxtəlif mübahisələrdə fenomenal Novruzəli avamlığından bir arqument kimi istifadə edir və deyirlər ki, siz türklər avamsınız. Adətən, cavabında özünütənqidin yalnız böyüklərə xas olduğunu söyləyirik… amma dediyimizə, deyəsən, heç özümüz də inanmırıq".
Azərbaycan ədəbiyyatşünaslığı Novruzəliyə münasibətdə xanın tutduğu yolla gedib - onun "avamlığına" qəh-qəh çəkib gülüb, vəssalam. Amma cüzi "fərq" də vardır; xan hekayənin sonunda bir qədər fikrə gedir, təəssüf ki, ədəbiyyatşınaslığımız heç bunu da eləməyib. İstisnaların olması isə danılmazdır: "Bizə görə, elmi və mədəni mühitimizin Mirzə Cəlil dövrünün yeni mərhələsi başlanır". (İ.Həbibbəyli) "Novruzəli haqqında fərqli düşünmək mümkündürmü? Kanonları pozmaq olarmı?" suallarını qoyub maraqlı nəticələrə gələn Təyyar Salamoğlu kimi. Tədqiqatçı Novruzəlinin avam olmadığını iki arqumentlə əsaslandırır: Birincisi, qəhrəmanın poçt qutusunu tanımaması onun avamlığına dəlalət etmir. Doğrudur, razılaşırıq! Bugün də elə ziyalılarımız var ki, qələmlə yazır, heç kompüteri açıb-bağlaya bilmir. İnsanın bilməmək haqqını onun əlindən kim ala bilər! İkincisi, katdadan divanxanaya gedib şikayət edən adam necə avam ola bilər? Təyyar Salamoğlu hər iki suala məntiqlə cavab verir. Lakin biz tədqiqatçının bu suallarını təkrarən qoymağa məcburuq. Çünki Novruzəlinin "avamlığı"nı göstərən arqumentlər bir yana qalısn, mətndən hətta onun "üsyankar" olmasını bəlirlədən səslər də eşidilməkdədir. Həm də əlavə olaraq aşağıdakı sualları qoyub ona cavablar axtaracağıq: 1. Həqiqətənmi Novruzəli avamdır, yoxsa özünü düşünülmüş şəkildə avam göstərir? 2. Novruzəlinin dövlət qulluqçusuna əl qaldırmasının kökündə nə durur? 3. İki buzovu oğurlanmış (məhz oğurlanmış!) Novruzəli niyə bəs belə əlimyandıda xana "sovqat" gətirir? 4. Novruzəlinin ədəbi-psixoloji arayışı necə olmalıdır? 5. Xan obrazının geniş təhlili bizə nə verəcək? 6. "Poçt qutusu"ndan Mirzə Cəlil necə görünür? 7. Hekayənin başlıca qayəsi nədir?
Birinci sualdan başlayaq. Novruzəlinin avam olmadığını göstərən detallara diqqət yetirək. Xan ondan "nəçərnik divanxanasını" tanıyıb-tanımadığını soruşanda o, sualdan ustalıqla yayınıb deyir: "Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incidir. Əslinə baxsan bizim bu katdamız özgə tayfadandı; odu ki, bizi görməyə gözü yoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim...". Xan onun sözünü kəsib ardını deməyə qoymur. Əvvəla, Novruzəli artıq katdadan şikayət etdiyini söyləyir. Bunu həm də xanın diqqətinə çatdırır. Məlum olur ki, bu, buzovun itməkliyi ilə bağlıdır. Adama elə gəlir ki, xanın da bu hadisədən xəbəri vardır. İkincisi, gətirdiyi şey-şüyləri yerbəyer edərkən katdanın onları incitdiyini bildirir. Səbəbini isə özünəməxsus bir şəkildə - katdanın özgə tayfadan olması ilə əlaqələndirir. Yazıçı, tayfa psixologiyasının qatı daşıyıcısı olan Novruzəlinin daxili dünyasını bircə cümlə ilə ortaya qoyur. Həm də göstərmək istəyir ki, Novruzəli yeri gələndə hadisənin mahiyyətinə vara bilir. Novruzəlinin gətirdiyi arqumentin həqiqət olduğunu qəbul etməyə bilmərik. Çünki çağımızda da bu psixologiya işləyir. Üçüncüsü, biz iki buzovun "itməsi" olayının üstündə xüsusi dayanmalıyıq. Kəndli üçün bunun nə olduğunu xəyalınızda canlandırın. Buzovlar tapılsaydı, Novruzəli şikayət etməyəcəkdi. Deməli, onlar oğurlanıb. Onda katda hara baxır? Novruzəlinin şikayətinə bəraət qazandırmış oluruq. Amma o, bunu xanın başı üstündən edib. Məlumat isə xana ötürülüb. Ona görə də xan bu faktın üstündən sükutla keçmək istəyir. Səbəb məlumdur: Divanxananın ünvanına Novruzəlinin ağır ifadələr işlətməsindən qorxur. Dördüncüsü, xanın həyətinə bir yüklü ulaqla gələn Novruzəlinin əsl niyyəti açılır. O, şikayətinin boşa çıxdığını gördükdən sonra həftə sona çatmamış xanı məsələdən agah etmək istəyir. Lakin "uyğun" zamanın seçilməməsi durumu qəlizləşdirir. Xan yazdığı məktubu tez göndərməlidir. Novruzəli də başına gələn qəziyyəni tez anladıb getməlidir. Hekayədə qəribə bir dinamika hökm sürür.
İkinci sualın
cavabına gəlincə deməliyik ki, Novruzəli, məktubları
poçt qutusundan götürüb aparmaq istəyən
dövlət məmuruna oturan yerdə əl qaldırmır. Həmin
səhnədə onun xarakterinin başqa gizlinləri
açılır. O, əhvalatı bu cür nəql edir:
"... Mən tez qaçıb yapışdım urusun
qolundan, qoymadım getsin. Dedim, ay aşna, hara aparırsan
kağızları? Xalq səndən ötrü
kağızları bura salmıyıbdı ki! Dinməz-söyləməz
üzünün suyunnan xalqın kağızlarını qoy
yerinə! Dedim Noruzəli hələ ölmüyübdü
ki, sən onun ağasının kağızını
aparasan. Belə işlər yaxşı deyil, adam özgənin
malına tamah salmaz. Məgər sizin şəriətdə
oğurluq günah yazılmayıbdı?". Birincisi, Novruzəli
nəinki özünün, hətta xalqın, o cümlədən,
ağasının da haqqını müdafiə etməyə
hazırdır. Dilsiz-ağızsız Novruzəli birdən-birə
şirə dönür. İkincisi, özgənin malına
göz dikən onun bir nömrəli düşmənidir. Bu məqamda
onun altşüuru da hərəkətə keçir.
Çünki bir az əvvəl onun iki buzovu oğurlanıb.
Dövlət qulluqçusu onun gözündə birdən-birə
potensial bir oğruya çevrilir. Belə məqamda onun
qarşısını kim kəsə bilər?
Üçüncüsü, məlum olur ki, Novruzəlinin
şəriətdən də az-çox xəbəri
vardır. Bütün bu daxili-psixoloji qabarmalar anidən
baş verir. Novruzəlinin yerində bir başqası da
olsaydı, bu cür hərəkət edərdi. Axı Novruzəli
"kafirin" yaxasından tutub yerə çırpana qədər
ona həm də heç olmasa ağasının məktubunu
qaytarmağı xahiş edir, yalvarır. Heç bir nəticə
hasil olmayandan sonra o, zora əl atır.
Üçüncü
sualın cavabını müəyyən qədər birinci
sualın cavabından aldıq. Novruzəli birinci dəfə
deyil ki, xanın qapısına gəlir. Ən
yaxşı halda mükafatı: "- A kişi, Noruzəli! Bu nə zəhmətdi, çəkmisən?" ənənəvi
sualıdır. Amma Novruzəlinin budəfəki
gəlişi bir qədər fərqlidir, ekstremal xarakter
daşıyır. Gətirdiklərini
nümayişkaranə şəkildə dilə gətirməsi
də fikrimizi sübut edir. Onun təhtəlşüurunda
oturuşan fikir budur: Katdadan şikayət etmək. Bəlkə də bir həftə öncə
divanxanaya etdiyi uğursuz şikayət olmasaydı, xanın
qapısına belə əlimyandıda gəlməzdi. Novruzəli uğursuzluğa düçar
olduğunu tam anlayır. Nə katda, nə də nəçərnik
divanxanası onun şikayətinə məhəl qoymur.
Şkala ilə götürsək, belə alınar:
Aşağı və yuxarı instansiyalara artıq şikayət
edilib. Qalıb orta instansiya. "Orta"nı da xan təmsil edir. Belə
götürəndə və əslində də belədir,
kontekst bizə Novruzəlinin çox ağıllı və tədbirli
hərəkət etdiyini deyir.
Dördüncü sualı
cavablandırmaq üçün bizə psixoanalitik təhlil
lazım olacaq.
Novruzəli təmiz, abırlı və ləyaqətli
bir Azərbaycan kəndlisidir. O, haqsızlığa, ədalətsizliyə
qarşı özünəməxsus dirəniş
nümayiş etdirir. Belələrini susdurmağın klassik
yolları rejimə bəllidir: Onu bezdirib mübarizə aparmaq
əhvalını soyutmaq. Novruzəli dövlət
strukturları arasında var-gəl edən yüzlərin, minlərin
ümumiləşdirilmiş bir obrazıdır. Həyatında
zəncirvari bir şəkildə bir-birinin arxasınca baş
verən xoşagəlməz hadisələrin fonunda Novruzəlinin
əməli ona verilən cəza ilə tərs mütənasibdir:
"Vallah, hirs vurdu təpəmə, ikiəlli
yapışdım kafirin çiynindən, bunu üzü
üstə elə gətirdim yerə ki, heybətdən
ağzı qanadı. Sonra nəçərnik
divanxanasından saldatlar tökülüb məni döyə-döyə
aparıb atdılar dama. Sənin qədəmlərinə
belə mən qurban olum. Sən olmasaydın məni indi
çoxdan göndərmişdilər Sibirə... Xan, başına dolanım, di
gör günah kimdədi?". Novruzəli özündə olmadığını
özü də etiraf edir. O, öz davranış və
hərəkətlərinə sahiblənə bilmir. Bu, əsl ruhi-emosiya pozğunluğu və ya affekt
halıdır. Bəs "qanun
keşikçiləri" nə edir? Onu
döyə-döyə, qol-qabırğasını
sındıra-sındıra aparıb atırlar qazamata. Belə çıxır ki, nəçərnik
divanxanasının saldatları bir həftə öncə
haqlı şikayət etdiyinə görə bu kişinin dərsini
vermək üçün məqam axtarırlarmış.
Belə çıxır ki, Novruzəlini
göydə axtarırdılar, yerdə düşüb
onların əlinə.
Novruzəlinin xana verdiyi sual da ibrətamizdir: "Xan,
başına dolanım, di gör günah kimdədi?". Bir əsrdən çoxdur
ki, kişinin bu sualı cavabsız qalıb. Biz isə
gör nəyin davasını edirik: Poçt qutusu, belə gəldi,
poçt qutusu belə getdi. Burada
avamlıqdanmı söhbət gedir?
Beşinci sualı
cavablandırmaqla Novruzəli obrazının qaranlıq tərəflərinə
də işıq düşəcəyini
düşünürük. Bütün hadisələr
xanın İrəvana getməsi ərəfəsində
baş verir. Xan səfərə görəcəyi
işlərlə əlaqədar çıxmaq istəyir,
lakin dostuna məktubunda daha çox naxoş
övrəti üçün əndişələndiyi
görünür və otaqların peçlərini qabaqcadan
yandırmalarını təvəqqe edir. Minillərdən
üzübəri gələn ailə dəyərlərinə
hörmətlə yanaşması xanın aristokrat təbiəti,
ailəcanlılığı və diqqətcilliyini ortaya
qoyur. Amma Novruzəliyə münasibəti
çox təzadlıdır. Xanla Novruzəli
sanki iki zaman vaakumundadırlar. Birincisində
məktubunu poçtxanaya vaxt itirmədən
aparılmağını istəyən xan tələsir,
Novruzəli "gecikir".
İkincisində Novruzəli qaranlıq
düşdüyünə görə evə tələsir,
xan isə onu gecikdirir. Nəhayət, xanla
Novruzəli zamanlarının kəsişə bilmədiyi
sonuncu ağrılı səhnə yeddi ay yarımdan sonra xana
gəlib çatan xəbərdən məlum olur. "Qulluqçunu bihörmət eləmək barəsində"
üç ay navaxt kəsdilər; amma Novruzəli
günahını boynuna almadı. Hələ
üç ay da keçdi ancaq bu xəbər İravanda Vəlixana
çatdı. Xan bir qədər fikir elədi".
Sonuncu cümlə bizə çox şey deyir.
Deməli, pristavla danışığın da
bir səmərəsi olmur. Xanın
yalnız Novruzəliyə görə fikrə getməsini
söyləsək, absurd olar. O həm də çar
üsuli-idarəsinin xanlıqlar sülaləsini tədricən
sıxışdırb, zəiflədib gücsüz bir hala gətirməsinə
görə fikrə gedir. Mirzə Cəli dahiyanə
bir uzaqgörənliklə bu prosesin son mərhələlərini
təsvir edir. Xanlıqların əllərində
olan imtiyazlar da Novruzəli ilə bir yerdə qazamata
atılır. Artıq xan
gücsüzdür.
Hər bir mətn öz
müəllifi haqqında müəyyən informasiyanı
ehtiva edir. "Poçt qutusu" da istisna deyildir. Altıncı sualımız da buna yönəlikdir.
XX əsrin əvvəllərində
Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyət ürəkaçan
deyildi. Çarizmə qarşı sosial ədalət
uğrunda mübarizə aparan qüvvələr
yaranırdı. Maarifçi demokratların
yaydığı fikirlər yeni dövrdə müstəmləkəçiliyə qarşı mübarizə
müstəvisinə keçirdi. Fəhlə-kəndli
hərəkatları tədricən təşkilatlanırdı.
Yeni qəzet və jurnalların nəşri
ictimai düşüncədə demokratikləşmə
meyillərini artırırdı. Məlum
olduğu kimi, Mirzə Cəlil də yeni - satirik "Molla Nəsrəddin"
jurnalının nəşri uğrunda mübarizə aparırdı.
Onun mübarizəsi ilə "Poçt
qutusu"nun qəhrəmanı Novruzəlinin çarizmin
inzibati-idarəçilik sisteminə qarşı
apardığı passiv mübarizəsi arasında haradasa
paralellər tapmaq olar. Jurnal çapı
üçün Mirzə Cəlil də idarələrin
qapısını döyürdü. Lakin
müsbət cavab ala bilmirdi. Novruzəliyə
yazıçının rəğbəti
açıq-aşkar sezilir. Novruzəli
mübarizə əhvalının ilkin
daşıyıcılarındandır. Mirzə
Cəlil Novruzəlinin simasında həm də
özünün XX əsrin əvvəllərindəki naməlum,
bulanıq, tragikomik əhval-ruhiyyəsini ortaya qoyurdu.
Sonuncu suala cavab olaraq deməliyik
ki, hekayənin ideya istiqamətləri bu günəcən tam
açılmayıb. Birmənalı olaraq, Novruzəliyə
avamlıq damğasını basmaq doğru deyildir. Bu qiymətləndirmədə
yazıçının da ədəbiyyatşünaslara
"kömək etməsi" göz qabağındadır.
Mirzə Cəlil nəsrində adlar şərtiliklər
üzərində qurulub. "Məmmədhəsən əminin
eşşəyinin itməkliyi", "Saqqalı
uşaq", "Pirverdinin xoruzu", "Kişmiş
oyunu", "Buz" və s. əsərlərdə bu,
açıq-aşkar sezilir. "Poçt
qutusu" da belə ədəbi oyunlar üzərində
qurulub. Hadisələrin ümumi fonunda
poçt qutusu kiçik bir detal rolunu oynayır. Çox dərin laylara endiriliən mahiyyət isə
külçə şəklində, yəni tam deyil, xırda
təfərrüatlara bölünüb səpələnmiş
haldadır. Təhlilçi onları bir
yerə yığmağı bacarmalıdır. Hekayənin
başlıca qayəsi bu təfərrüatların cəmindədir:
1. İmperiya siyasətinin ucqarlarda tüğyan elədiyi bir
dövrdə dövlət strukturları arasındakı
boşluqlar və onların Novruzəliləri asanlıqla uda
bilən əjdaha xisləti hekayədə ustacasına təsvir
edilmişdir. 2. Novruzəli çarizmin inzibati-idrəçilik
sisteminə qarşı öz kəndli ampulasında
mübarizə aparanların ümumiləşdirilmiş tipik
bir obrazıdır. 3. "Bir qədər fikir eləyən"
Vəli xanların qurd-quşları qorxutmaq üçün
tarlada basdırılan müqəvvalara necə çevriliməsinin
ictimai-siyasi mexanizmi və anatomiyası göstərilmişdir.
Onların yolu gec-tez "Bəlkə də
qaytardılar?" sualından keçəcək. 4. Həm
Novruzəli, həm də Xan sosial status baxımından fəqrli
görünsələr də, eyni bir total basqının fəsadlarını
paylaşırlar. Xan da Novruzəli aqibətini
yaşamağa məhkumdur. Sadəcə,
tezi-geci vardır.
Vaxtilə böyük
yazıçı və ədəbiyyatşünas-alim Mir Cəlal
obrazlı şəkildə demişdir: "Biz "Poçt
qutusu"ndan çıxmışıq". Çıxmışıq,
amma necə? Bu, ayrı bir mövzunun
sualıdır.
Mehman Qaraxanoğlu
Ədəbiyyat qəzeti.-
2018.- 17 fevral.- S.11.