Bonapart - Tənha qəhrəmanın döyüş və məhəbbət hekayəti

 

Mən döyüşü uduza bilərəm, vaxtı isə əsla.

Napoleon Bonapart

 

Ədəbiyyatda, incəsənətdə, rəssamlıqda, heykəltəraşlıqda, musiqidə mövzu olaraq Napoleon qədər populyar olan, işlədilən ikinci obraz bəlkə də yoxdur. Ədəbiyyat səhifələrini öz təzadlı xarakteri, inqilab ruhlu fikirləri ilə cənginə alan Napoleon müxtəlif dövrlərdə qələm adamlarının mətnlərində obraz olaraq öz yerini tutmuşdu. Əlbəttə, hər dövrün Napoleona öz baxış bucağı olub. Kimi üçün o, tiran, qəsbkar, işğalçı, kim üçünsə azadlıq uğrunda mübarizə aparan şəxs kimi, fateh kimi görünüb.

Rus ədəbiyyatında Napoleona münasibət birmənalı deyildi. Məsələn, L.N.Tolstoyun, F.M.Dostoyevskinin əsərlərində baş personajın xarakteristikası rus düşüncəsinə uyğun şəkildə yaradılırdı. XIX əsr rus ədəbiyyatında Napoleon obraz olaraq 1812-ci il rus-fransız müharibələrinin fonunda təsvir edilirdi. Fransa və Rusiya arasında baş verən davamlı müharibələr bu şəxs üçün başqa biçimli obraz xəttini cızmışdı. Əlbəttə, münasibət fərqli olmalıydı. Məsələn, fransızların Napoleona olan məhəbbəti Fransanı başdan-başa bəzəyən heykəllərdə hiss oluna bilər. Jan Oqyüst Enqra, Jak Lui David, Pol Delaroşa və b. kimi rəssam və heykəltəraşlar Napoleonu qəhrəman kimi öz əsərlərində canlandırırdılar. Puşkin eyni obraza, eyni məhəbbətlə yanaşa bilməzdi. Napoleon rus şairi üçün torpağına göz dikmiş qəsbkar, işğalçı qismində görünürdü. Ona görə də imperatorun şəxsi keyfiyyətləri onun üçün maraqlı deyildi. Puşkin dəfələrlə Napoleon mövzusuna qayıdırdı. Sərkərdə haqqında ən çox əsər yazmış şəxs bəlkə də elə Puşkinin özüdür. "Elbada Napoleon" elegiyasında ədib sərkərdənin halına, düşdüyü duruma acımadan Napoleonu Avropanı süqut etdirən, işğalçılıq düşüncələrindən imtina etməyən qəsbkar olaraq təsvir edir. Puşkin yaradıcılığında sərkərdəyə qarşı az da olsa mərhəmət hissini Napoleonun ölümü münasibətilə yazılmış "Napoleon" odasında hiss edə bilərik.

Puşkindən fərqli olaraq Lermontov Napoleonda yalnız qəsbkar surət görmürdü, həm də sərkərdənin xarakterini, şəxsiyyətini, tarixi taleyini öz əsərlərində əks etdirməyə çalışırdı. Həm də Napoleon obraz kimi Lermontov yaradıcılığında romantik üsyankar olaraq istifadə olunurdu. Lermontov ilk dəfə "Napoleon" elegiyasını yazmaqla bu davamlı mövzunun başlanğıcını qoymuşdu. "Müqəddəs Yelena" elegiyası sərkərdənin adaya sürgün olunması münasibətilə qələmə alınmışdı. Burada qəhrəman həm coğrafi, həm də metofizik baxımdan dünyadan təcrid olunmuş vəziyyətdə təsvir edilir. Məhz bu elegiyada romantik qəhrəman taleyin qurbanı olaraq canlanır. Qəhrəmanın faciəsinin səbəbi  lovğalıq, vüqar və eqoizm kimi çalarlarla da əhatələnir. Həm də "xainliyin qurbanı" olması üzərinə xüsusi vurğu qoyulur. Elegiyada Napoleonun şəxsi həyatı da əks olunur.

Müxtəlif baxışları Tolstoyun əsərlərində də görmək mümkündür. Tolstoyun Andrey Bolkonski, Pyer Bezuxov adlı qəhrəmanları Napoleona öncə pərəstiş etsələr də, hadisələrin gedişatında qəhrəmanlarına qarşı məyusluq hissində olurlar. Tolstoy əsərlərində Napoleonu real tarixi qəhrəman olaraq təsvir etmişdi.

Əsərlərdə təsvir olunan Napoleon ilə, tarixi şəxsiyyət olan Napoleon arasında yerlə göy qədər fərq var. Həm də bu tarixi şəxsin yaşantıları da onun taleyində birbaşa olaraq səbəb kimi iştirak edirdi. Sadə, kasıb ailənin nümayəndəsində bu qədər hərb eşqi, dünyanı fəth etmək istəyi haradan yarana bilərdi? Yəni balaca adamların böyük iddiaları ola bilərmi? Qəribədir, özlüyümdə daima düşünürəm. Ən qorxulu insan məqsədləri, hədəfləri olmayan insandır. Belələri məndə zonbi təəssüratı yaradır. Ətraf aləmdə, dünyada, tarixdə baş verən olaylar məqsədsiz, sürünməyə öyrənmiş insanın əhvalına zərrə qədər də təsir edə bilmir. Onları yalnız zəlzələ yüngülvari şəkildə yerindən titrədə bilər. Sonunda yenə də dəvəquşu kimi başlarını torpağın altına salaraq dünyadan təcrid olunmuş vəzəyyətdə yaşamlarını davam etdirəcəklər. Napoleon isə öz dövrünün həyəcanını  içində qövr etdirirdi. Bəli, iddiaları, istəkləri boyundan da, cibində olmayan pulundan da böyük idi. Kimin yanında şövqlə hərbdən danışırdısa gülüş reaksiyası alırdı. Bəlkə elə bu təbəssümlər onu daha da prinsipial olmağa sövq edirdi.

Napoleon əsrlərin parlaq nümayəndəsi olmağı bacarır. Təzadlı xarakterə malik olan, özünə əmin, aristokratik zümrəyə aid olmayan bu şəxs onu bəyənməyənlərə kim olduğunu sübut edə bilir. Bonapart öz adını tarix səhifələrinə qızıl hərflərlə yazmağı bacarır. Bəlkə də Elbaya sürgün edilməsinin səbəbi taleyindəki narahatlıqlar idi. Bəlkə də sonrakı məğlubiyyətlərin səbəbkarı şəxsi həyatındakı boşluqlar idi. Bəlkə də o, sadəcə yorulmuşdu.

Adi, alçaqboylu, daha çox qız zərifliyi görünüşündə olan bu gənc oğlan sadə, kasıb ailədə dünyaya göz açmışdı. Sonralar həyatını hərblə bağlamaq qərarına gələn gələcək sərkərdə hərb məktəbində aristokratik zümrənin uşaqları ilə birgə təhsil almağa başlayır. Demək olar ki, təhsil müddətində həmişə zadəganların təpkisi və ironiyası ilə qarşılaşır. Bu müddətdə onun içində qövr edən yalnız bir məsələ idi. Nəyin bahasına olursa-olsun o, üstün olduğunu hamıya sübut etməlidir. Naturaca Napoleon olduqca cəsarətli idi. Onun çılğın hərəkətləri, hərb barəsində etdiyi söhbətlər xarici görünüşü, boyu ilə natarazlıq təşkil etdiyinə görə həmyaşıdları onu məsxərə obyektinə çevirirdilər. "Sən müharibədə at üzərinə oturana qədər müharibə bitər" söyləyib gülüşürdülər. Napoleon isə həmyaşıdlarının yersiz zarafatını "Müharibə, mən ata minəndən sonra başlayacaq" deyə cavablandırırdı.

Bəli, ona gülürdülər. O isə nəyə qadir olduğunu sonrakı zamanlarda sübuta yetirəcəkdi. İndi isə gəncliyində bütün asudə zamanını kitab oxusuna sərf etməklə rahatlıq tapırdı. O, hər şeyi oxuyurdu. Tarix, fəlsəfə, Yuli Sezarın, Makedoniyalı İsgəndərin döyüş tarixini, taktikalarını, hunları, Attilanı, bütün fatehlər haqqında yazılmış traktatları dönə-dönə oxuyurdu. Şərqlə, İngiltərə və Almaniya ilə bağlı kitabları acgözlüklə mütaliə edirdi. Jan Jak Russonun ideyalarını mənimsəyən Napoleon özü də fikirlərini, dünya haqqında olan düşüncələrini dəftərlərə köçürürdi. O, həm də "Qraf Esseks", "Maskalanmış peyğəmbər", "Məhəbbət söhbətləri", "İnsanın təbii halı haqqında düşüncələr" adlı povestlərin müəllifi idi. Əslində bütün əsərlərində cəmiyyətdə, siyasətdə hökm edən uyğunsuzluqdan dolayı Fransaya qarşı qatı nifrət sezilməkdəydi. Əlyazmalarında inqilab əhval-ruhiyyəsi açıq-aşkar hiss olunurdu. O, yazılarında döyüşürdü. Enerjisini, hiddətini sözlərin, cümlələrin arasında tükətməyə çalışırdı. Daxilindəki inqilab ruhu hər sətirdə, hər cümlədə görünürdü.

Deyilənə görə yalnız üç saat yatmaqla, eyni zamanda gümrah oyanmaqla zamana qalib gələ bilirdi. Napoleonda hər şeyi zamanında etmək ehtirası var idi. Yuxu onun üçün vaxt itkisi idi. O isə vaxtla zarafat etməyi qətiyyən sevməzdi.  Məsələn, yuxuya sərf edilmiş vaxtı məmnuniyyətə kitab oxusuna sərf etməyi daha məqbul sayardı. Və yaxud düşüncələrə dalardı, fikir aləmində imperiyasını qurardı. Olduqca güclü yaddaşı var idi. Ən xırda detal belə onun hafizəsindən silinmirdi.

Jozefina...

Onunla tanış olanda Napoleonun 27 yaşı var idi. Cəsarətli qadın elə ilk baxışdan Napoleonun qəlbini fəth etməyi bacarmışdı.

Tanışlığın tarixçəsi belə başlayır.  Mariya Jozefina Roza Taşer la Paqeri Vest-Hinddə kasıb balıqçı ailəsində anadan olmuşdu. Çılpaq evin divarları belə kasıblığı, yoxsulluğu bağırırdı. 16 yaşında yetəri qədər zəngin olan birinə ərə verilən Jozefina həmin insandan iki oğul övladı dünyaya gətirir. Ailənin ilk vaxtlarında əri günlərlə evə gəlmir. O, sərbəst həyat tərzi keridiyini arvadından gizləmir. Jozefina açıq-aşkar atılmış, tərk edilmiş qadın idi. O, şəxsiyyəti tapdalanmış həyata on beş il dözə bilir. Ardından Fransa inqilabı baş verir. Həyat yoldaşı tutulur, edam olunur və s.

Bəli, Jozefina dul idi. Himayəsində iki oğlu vardı. Rəfiqələrindən gənc sərkərdə Napoleon haqqında çox eşitmişdi. Döyüş uğurları ilə ad çıxarmış gənc, subay oğlanla çoxları tanışlığa tələsirdi. Yəqin ki, subay qızlarla müqaisədə iki oğul anası olan Jozefina daha şanssız görünürdü. Həm də o, Napoleondan altı yaş böyük idi. Jozefina şansını sınamaq qərarına gəlir. O, 12 yaşlı kiçik oğlunu Napoleonun yanına yollayaraq mərhum ərinin qılıncını oğlu ilə göndərir. Belə bir şəraitdə Napoleon göndərilmiş hədiyyədən imtina edə bilməzdi. O, qılıncı balacadan götürərək öz təşəkkürünü ona və onu buraya yollayan anasına bildirir. Səhəri gün Jozefina bəzənərək oğlunu da götürüb minnətdaralıq etmək üçün Napoleonun düşərgəsinə gəlir. Napoleon elə ilk görüşdən qadının şəxsiyyətinə, cazibəsinə heyran olur. Jozefina onu evinə bir fincan çay içməyə dəvət edir. Səhəri gün xanımın evinə yollanan Napoleon qadının həm də sosial statusca ondan daha yuxarıda dayandığını bilərək onunla qürurlanır. Qonaqlıq zamanı Jozefina Napoleona dünya şöhrətli general olmanın mümükünlüyü haqqında danışaraq onu daha da ruhlandırır. Axı Napoleon hər şeyi zamanında etməyi çox sevirdi. Sərkərdə həmin andaca anlayır ki, belə bir qadınla dünyanı fəth etmək mümkündür. O səbəbdən də bir neçə müddət sevgili kimi yaşayan şəxslər tanışlığın üçüncü ayında evlənməyə qərar verirlər.

Jozefina gözəl qadın deyildi. Hətta deyilənə görə onun yöndəmsiz, eybəcər dişləri də var idi. O səbəbdən də xanım bacardığı qədər onları gizlətməyə çalışırdı. Ən qızğın müharibələrdə belə Jozefina bir an belə Napoleonun düşüncələrini tərk etmir. Dəlicəsinə aşiq olan Bonapart hər döyüşdən sonra qələm və kağız götürərək sevimli qadınına məktub yazmağa başlayır:

"Mənim əzizim, Jozefinam! Sənə olan məhəbbətim mənim ağlımı başımdan alır. Bir dəqiqə də olsun səni fikrimdən ata bilmirəm. Hətta yeməyi də unutmuşam. Heç nə mənim üçün önəmli deyil. Şöhrəti də istəmirəm. Dostlarımın qayğısına qala bilmirəm. Qələbəni yalnız sənə görə istəyirəm. Qazandığım bütün qələbələr sənin meyarlarına hesablanıb. Əgər belə olmasaydı, bu dəqiqə hər şeyi yerində qoyub sənin yanına - Parisə qaçardım. Ayaqların altına yıxılardım. Sən məni eşqinlə alovlandırmısan, məhəbbətinin əsiri etmisən. Sənin portretinə baxmadığım an olmur. Onu öpüşlərə qərq edirəm".

Qeyd edim ki, Napoleonun çılğın mətnli səkkiz məktubu 1933-cü ildə Londonda hərracların birində dörd min funta satılmışdı. Qeyd olunan bu məktub digərlərindən məzmunca çox zəifdir. Amma zəif olduğu qədər də istənilən qadını önündə əritmək gücünə malik sözlərlə əhatələnmişdi.

Jozefina gələn məktublara elə də xüsusi əhəmiyyət vermirdi. Bəlkə də qəsdən belə edirdi. Bəlkə məqsədləri ardıyca gedən kişinin ağlını  məhəbbət oyunu ilə dumanlandırmaq lazım deyildi? Axı Jozefina adi bir sərkərdənin yox, gələcəyin generalının, lap elə imperatorunun həyat yoldaşı kimi görünmək istəyirdi. Bəlkə dərrakəli qadının etinasızlığının səbəbi bu idi?

Etinasızlıq ilə qarşılaşan Napoleon özündən çıxırdı, dəliyə dönürdü. Bəlkə də elə bu səbəbdən bütün hirsini, dəliliyini, çıxılmaz vəziyyətdə olduğunu qələbələrin şanlı alovunda külə döndərmək istəyirdi. Bəlkə elə buna görə "daha", "yenə də", "bir daha irəli" deyərək ölkələrdən-ölkələrə qələbə ilə adlaya bilirdi.  Fransa öz qəhrəmanını alqış sədaları altında qarşılayırdı. Napoleonun hərbi şöhrəti günü-gündən artırdı.

Doğrudur, Jozefina bəzən öz etinasızlığına müxtəlif ağıllı kəlmələrlə don geyindirə bilirdi. Məsələn, "Mən Fransa kimiyəm. Sən məni əldə etmək üçün daima fəth etməlisən" kimi sözlər söyləyirdi. Maraqlı sözlərdir. Amma Napoleon artıq bu kəlmələrlə ac qəlbini doydura bilmirdi. Həm bacılarının təhriki ilə, həm də öz istəyi ilə boşanmağı qərara alır.

Deyilənə görə, Napoleon boşanma sənədini göz yaşı içində imzalamışdı. Boşanmadan sonra özünə qapanan Bonapart günlərlə tək qalaraq heç kimi görmək və heç kimlə danışmaq istəmirdi. Sonra könülsüz, heç vaxt üzünü görmədiyi Mariya adlı bir xanımla ailə qurur. Qadın ilk gündən Napoleona nifrət etməyə başlayır. Əslində taleyində olan boşluqlar Napoleonu bir şəxsiyyət olaraq işığını korşaldırdı. Ya da heç nəyin əhəmiyyəti qalmamışdı sadəcə. Bir zamanlar həyat hekayəsinə qələbələr yazan sərkərdə, indi məğlubiyyətləri yazmağa başlayırdı. Mariya Napoleonu sevmirdi. Heç hörmət də etmirdi. Əri döyüşləri uduzduqca daha çox ona nifrət edərək oğlunu da götürüb Napoleonu tərk edir. Napoleon bu gedişlərin ardından həm tarix, həm sərkərdə, həm də şəxsi həyatın yetimliyini yaşayırdı.

Jozefina Napoleonun ilk və yeganə sevgisi idi. Onun ölüm xəbərini eşidən Bonapart sevimli qadınının qəbrinin üzərində göz yaşı tökür. Bu acıya dözə bilməyən Napoleon geniş dünyada özünə yer tapa bilmir. Depressiyaya düşür.

Bir zamanların inqilab əhval-ruhiyyəsindən heç nə qalmamışdı. Fateh zəif, məzlum, heç nəsiz bir varlığa çevrilmişdi. Onu qələbələrə ürəkləndirən Jozefinası torpağın altında uyuyurdu. İndi heç kimə, heç nəyi sübut etməyə ehtiyac yox idi. Onu buna səsləyən də yox idi, qələbəsini gözləyən də. Qələbələri isə tək-tənha qarşılamaq olduqca mənasızdır və dadsızdır. İndi yalnız bir yol onu xoşbəxt edə bilərdi. O da, Jozefinasına qovuşmaq üçün ölümə gedən yol idi. Ölüm isə iti addımlarla ona doğru yaxınlaşmaqda idi.

Deyilənə görə, Napoleon dünyadan köçəndə də yalnız onun adını dilinə gətirir. "Jozefina" deyərək gözlərini əbədi olaraq bağlayır.

 

Günel EYVAZLI

 

Ədəbiyyat qəzeti. - 2018.- 17 fevral.- S.12-13.