İnsan mənzərələri
Pirayə xanıma
Jandarma Həsən
söhbət
əsnasında
Xəlildən
soruşdu:
- Yəni,
deyirsiniz
hökumət
çörəyi
talonla
verəcək?
- Elə
görünür...
Jandarma Həsən
fikrə
getdi,
sonra
burnunu
çəkib,
dedi:
- Elə
talonla versə
yaxşıdır.
- Niyə?
-
Lazımdı.
Camaat
çörəyə
hörmət eləməyi
unudub.
Bir dilim
özləri yeyirlər,
bir dilim də
itlərinə atırlar
şəhərlilər.
Çörək
bədənin
həm həkimi,
həm
dərmanıdır.
Kaş
ki,
kənddə vergiləri azaldalar,
mal-qara
ucuzlaşa bir az.
Məndə
torpaq
istədiyin
qədər var,
amma
boynunu
tumarlamağa
bir
pişiyim də yoxdur.
Jandarma Həsən
Höyüklərdə
baş verənlərdən
danışırdı
Məlahətə:
- Bizim kənddən
bir
saatlıq məsafədə
bir
ələvi kəndi var,
ondan da
o üzdə Höyüklər -
adamları çalışqan,
amma,
di gəl
ki, xoruza biət edirlər.
Torpaqlarını
qazırsan,
altından
div şəklində
daşlar çıxır,
saxsı
qablar çıxır,
qızıl cüyürlər çıxır.
Hökumət qarışıb indi bu işə.
Tapdığını
Ankaraya -
muzeyə
göndərir.
Sən
muzeyə
heç getdinmi, bacı?
- Getmədim.
- Mən
getdim,
İstanbulda,
bir dəfə...
- Hərbi
muzeyəmi?
- Yox...
O birinə.
Görməli yerdir.
Sağa
baxırsan,
sola
baxırsan -
həp
gavur padşahlarının
daşdan
hazırlanmış heykəlləri.
Görünür,
o vaxtlar
dəmir yox imiş,
olsaydı,
onlar da
Atatürkünkü kimi
dəmirdən
tökülərdi.
Çoxu da çır-çılpak.
İçlərində arvadlar da var.
Qəbirləri də ordadır.
Deyirəm,
gün
varmış,
sağ imişlər,
indi
quruca daşdılar...
Dustaq
Fuadla
çavuş müharibədən
danışırdılar.
Pəncərədən
eşiyə
baxırdı
dustaq
Süleyman
və
dodaqaltı
Tofiq
Fikrətin
bir
şeirini oxuyurdu:
"Yeyin,
əfəndilər,
yeyin,
bu xani -
iştaha sizin..."
İzmit ovasından
keçir
qatar.
510
nömrəli vaqonun
beşinci
kupesində
yatır
heybə sahibi -
Həlim
ağa,
sanki,
ilbiz kimi,
qara
saqqalının
ağ
yun corablarının
içinə çəkilmişdi
və
rütubətli,
isti pəyəsində
yatan
bir
heyvanı xatırladırdı...
Birdən-birə
durdu qatar.
Həlim
ağa
baxdı
pəncərədən.
Dışarıda
gecə
olmasına rəğmən
vaqonda
işıqlar
yandırılmamışdı.
Bir
stansiyada
dayanmışdılar ,
Həlim
ağanın
indiyə qədər
görmədiyi
böyük,
çox
böyük bir stansiyada.
Stansiyanın
önü də
qaranlıq
idi,
yaman da
çox adam vardı.
Təbillər döyülürdü.
Alov-alov
yanan
məşəllər
tutmuşdular
adamlar
əllərində.
Bağırıb çığırırdılar.
Birdən-birə
qar
yağmağa başladı,
lopa-lopa.
Təbillərin
səsi
get-gedə
artdı.
Bayraqlar
dalğalandı,
al
deyil, yamyaşıl.
Bir adam çıxmışdı
stansiya
binasının üstünə,
başında kalpaq,
belində
gümüş
kəmərə keçirilmiş
əyri
qılınc...
Müharibədə
ingilisləri
məğlub edən
qəzetçi
paşa idi bu -
Həlim
ağa o saat tanıdı,
Halbuki
bu gecəyədək
heç
görməmişdi onu.
Bir qədər
də
diqqətlə
baxdı.
Az qala,
qışqıracaqdı.
Baqqal
Hacı Nuri bəy də
yanındaydı
paşanın.
Damın
üstündən
əl
işarəsiylə
"Gəl bura, gəl, gəl!" -
deyirdi Həlim
ağaya.
Həlim
ağa gedib,
əlindən
öpdü paşanın.
İndi
ikisi də
Çankırı
valisinin
avtomobilindən
böyük
bir
avtomobilin
içində
idilər.
Yağış yağırdı.
İslaq,
sürüşkən
şosenin üstündə
quş
kimi süzürdü maşın.
Həlim
ağa
paşanın
önündə oturmuşdu,
heybəsi sürücünün yanında idi.
Paşa,
Həlim ağanın
saqqalına
tərəf əyilib:
-
Çox şükür, oldu, - dedi -
tez oldu bu iş,
almanlarla
birləşib,
müharibəyə
qoşulduq.
Ağzını
möhkəm saxla,
heç kəsə
bir söz demə,
hətta
Hacı Nuru bəyə də.
Hazırlaş.
Çörəyi
talonla verəcəklər,
unun
varmı?
- Var,
paşam.
- Anbara
şəkər yığmısanmı?
-
Yığmışam, paşam.
- Ağ
neft necə?
- Onu da tədarük
etmişəm, paşam.
Dənə
zeytun, yarma, düyü, noxud,
lobya, hər
şey nə lazımsa.
-
Çox gözəl.
Sən
Hacı Nuru bəydən
daha
zəngin olacaqsan.
- Sayənizdə,
paşam.
- Sabah
hamı
bilir, bilsin,
bu
gün təkcə sən bil,
ağzını açma!
Şami-şərifdə
bərabər
qılarıq
cümə
namazını!
- İnşallah, paşam.
- Hacı
Nuru bəydən
daha zəngin
olacaqsan,
Hacı
Nuru bəydən
daha
zəngin...
Hacı
Nuru bəydən...
Həlim
ağa
paşa
ilə bərabər
ağappaq və ipək kimi incə
Misir həsirinin
üstündə
oturmuşdu,
qəfildən
soruşdu:
-
Paşam,
bu Hitler deyilən
gavur,
doğrudan
da, müsəlmandır?
- Müsəlmandır.
Hamamda
çiməndə
gözümlə
görmüşəm.
Gavurlar fitə bağlamazlar.
Sünnət olunub.
Bir
pişik keçdi
Həlim ağanın
qılçalarının
arasından,
uzun
tükləri
alov-alov
yanan
qıpqırmızı
bir pişik.
Həlim
ağa
pişiyin
dalına düşdü,
pişik
qaçdı,
o qovdu,
pişik
qaçdı,
o qovdu.
Bazar
hamamının
qapısına
qədər gəldilər.
Birdən pişik içəri girdi.
Qazançının
qızı Şərifə
çıxdı
çölə,
qoltuğunda hamam boxçası,
yayxana-yayxana,
yanaqları qıpqırmızı, girdə,
örpəyinin altında
qara
saçları islaq,
on
beş yaşı ola-olmaya.
Həlim
ağa doladı qollarını
Şərifənin
belinə
və
qızı
arxası üstə uzatdı
qənd
çuvallarının arasına,
yaxasını açdı,
dişlədi sol yanağından.
Qızın
sol yanağından -
dişin
yerindən
qan axdı
sinəsinə doğru.
Paşa
valinin stolunun
arxasında
oturub,
lülə-kabab
yeyirdi,
yüngülcə
çiyninə
toxundu
Həlim
ağanın
və
güldü.
Həlim
ağa:
-
Paşam, - dedi,
izn
ver,
şəriətin qanunu
yerinə
yetsin,
Allah-taalanın
buyurduğuna
görə
bir
kişiyə dörd arvad düşür.
Paşa
yenə güldü:
- O da
olar,
Həlim ağa,
amma indi
vaxtı deyil,
molla
qıza kəbin
kəssin,
sonra...
-Atası
razı deyil...
-
Arvadını boşa.
- Torpaq,
bir də
iki dükan
əlimdən
çıxar.
- Onda
başqa bir
çarə ara.
Mətbəxdə
paltar yuyurdu
Həlim ağanın
arvadı,
ərinin
içəri girdiyindən
xəbəri
olmadı.
Çöməlmişdi,
arxası
qapıya tərəf.
Təknədəki
paltarları
sıxarkən
qalxıb-enirdi
siyah əlbisəsinin
altında
kürəyinin
sümükləri...
Həlim
ağa
bir
arvadına baxdı,
bir mətbəxə.
Mətbəxin
damı uçmuşdu -
yuxarı
baxanda,
ulduzlar
görünürdü.
Həlim
ağa
yeridi
barmaqlarının
ucunda,
yaxşı ki,
səs
çıxarmırdı
rezin
ayaqqabıları,
yaxınlaşdı arvadına,
aldı
sağ əlinə
paltosunun
altında
gizlətdiyi
baltanı...
Baltanın
ağzı
sınmışdı
üç yerdən,
qaldırıb endirdi
arvadının
ənsəsinə -
amma
qan
çıxmadı,
kəllə
yerə düşmədi,
bir dəri
ilə
asılı
qaldı boynundan
və
Həlim ağanın
üzünə
baxa-baxa
dedi:
- Sən
neylədin?
Vur, bir də
vur!
Amma
Həlim ağa
"Ərəbzəngi"
kitabında
oxumuşdu,
bilirdi
ki,
bir də
vursa, diriləcək.
Vurmadı.
Kəllə
narazı halda
çatdı
qumral qaşlarını,
sonra
qopub
düşdü yerə.
Kəllə
qopub yerə
düşərkən
sıyrıldı
dərisi boynun,
söyüt budağının
qabığı
soyulan kimi...
Məktəb
uşaqları
kəllədən
top düzəltdilər,
başladılar
hərbi
komissarlığın
heyətində
oynamağa,
əlində balta
yoldan
keçəndə
Həlim
ağa
bir
şey düşdü qucağına,
baxdı:
baş idi,
amma
arvadının
yox,
Həzrət
Əlinin...
Həlim
ağa qorxdu,
başladı
ağlamağa.
Paşa
soruşdu:
- Nə
olub?
-
Arvadımı öldürdüm, paşam.
- Zərər
yoxdu,
o öldü,
sən
çox yaşa.
Təyyarə
bombardmanında
öldü
deyərik,
sən
bir İstanbula
get,
əylən, könlün açılsın.
Artıq
sən,
Hacı Nuru bəydən
etibarlısan.
Mənim
qəzetimə
də gəl,
qəhvə içərik.
Həlim
ağa
xüsusi
bir
vaqon
kirələdi,
təkbaşına,
nəfsi
üçün...
Kilimlə
döşətdi içini
və
corablarını
çıxarıb,
alt
paltarı ilə
vaqonun
tən
ortasında uzandı.
Manqalı yandırdı.
Qəhvədanı
odun
üstünə qoydu,
köpükləndi qəhvə.
Qapançı
qızı Şərifə,
elə bil,
qeybdən gəldi -
baldırları dümağ, dopdolu,
məmələri turunc kimi...
Həlim
ağa
Şərifənin belindən
qucaqlamaq
istəyəndə,
qatar
birdən-birə dayandı.
Həlim
ağa
uçdu
havada,
qalxdı
buludlardan
yuxarı.
Qəflətən
başı
bir ulduza dəydi,
qurğuşun parçası tək
düşdü
dənizə -
getdi
suyun dibinə...
Sonra
silkinərək
yuxudan oyandı.
Doğrudan
da,
dayanmışdı
qatar,
pəncərənin
önünə
yığılmışdı
vaqondakılar.
Həyəcan içində idilər.
Hardansa
fit səsi gəlirdi.
Həlim
ağa
ağrıyan
başını
tutub
soruşdu:
- Nə
var,
nə
olub?
Yer eləyin,
biz də
baxaq.
Pəncərənin
önündən
çəkilən olmadı,
tatarsifət adam dedi:
- Sən
yatmışdın,
qəfildən
zınq
eləyib durdu qatar,
bir-birimizin
üstünə
yıxıldıq,
stansiya-filan yox -
çölün düzü...
Nəzarətçiər
yerə düşdülər,
çığırtı-bağırtı
aləmi bürüdü...
Həlim ağa daha qulaq asmadı.
Eləcə
ayağındakı
yun corabla
çıxdı
dəhlizə:
- Mənə
ayan oldu,
mənə
ayan oldu,
yuxusunu
gördüm, - dedi.
Maşinist
Əlaəddin
yerdə,
lakomativin
yanında
dayanmışdı.
Kömürçü
İsmayıl
soruşdu
yuxarıdan:
- Usta,
hansı
vaqonda
çəkiblər
imdad ipini?
- Nə
bilim,
indi
öyrənərik.
Baş nəzarətçi
vaqonların
önünə gəldi:
- Bəylər,
narahat olmayın!
Xanımlar,
vaqonlardan
düşməyin!
Əlaəddin
Baş nəzarətçiyə
yaxınlaşdı,
nəsə soruşdu,
sonra
geri döndü.
keçib gəldikləri
yolun
üstündə,
beş-altı adam göründü,
əllərində
xərək.
Ocaqçı
İsmayıl soruşdu:
-
Ölübmü, usta.
- Bəlli
deyil.
- Niyə
atıb özünü?
- Bilmirəm.
- Necə
bilirsən, usta,
eşqə
görədirmi?
Yəqin
bir
qızı istəyib,
verməyiblər,
ya da
arvadı
dığ-dığ olub,
bezdirib...
- Zənn
etmirəm.
- Eşqdən
deyilsə, pulsuzluqdandı,
baxıb
görüb ki,
başqa
çarə yoxdur.
- Bəlkə
də...
- Ya da
yaxın bildiyi
bir adam badalaq gəlib.
- Kim
bilir...
- Daha
doğrusu, usta,
görünür, yazığın
bileti
yox imiş.
- Bu da
mümkündü...
-
Ağlıma
bir
şey də gəlir:
xaricdə
oğlu,
qardaşı varmış,
bombardmanda
ölüb...
- İsmayıl, vallah, bilmirəm.
-
Yaxşı,
mən belə
olub deyirəm,
bəs, sən
necə olub deyirsən?
- Mənim
fikrimə görə
bəlkə
vaqonun
qapısı açıq qalıb,
adam
görməyib,
ayağı
gedib, yıxılıb yerə...
- Yox,
usta, bu olmadı...
- Niyə?
- Niyəsini
bilmirəm,
amma
olmadı.
Maşinist
Əlaəddin
qəribə bir kədərlə
gülümsədi:
-
Haqlısan, İsmayıl, - dedi,
doğrudur, belə
şey olmaz.
Ölüm
istəmək üçün
bu
gün
bu
dünyada
o qədər
səbəb var ki...
Adamları
elə
asan məhv eləyirlər ki,
vaqonda
qapının
açıq qala
bilməsinə,
bunun,
sadəcə,
bir qəza
olmasına
heç
kəs inanmır.
Ocaqçı
İsmayıl,
bu uzun
cümlənin
ancaq
axırını anladı
və təsdiq
etdi:
- Adam
anlaya bilmir...
Ölən
əlli
yaşlarında
bir
adamdı,
qaldırıb arabaya qoydular.
Maşinist
Əlaəddin
qalxdı
lokomotivə,
Baş nəzarətçi
işarə verdi.
Qatar hərəkət
etdiyi zaman
510
nömrəli vaqonun
beşinci
kupesində
heybə
sahibi - Həlim ağa
çin
çıxmayan yuxusundan
dilxor halda
qara
saqqalını tumarlayırdı:
damağında
papiros,
saat düz on səkkiz
otuz...
(Birinci hissənin sonu)
Ardı var...
Hazırladı:
Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.16-17.