"Otel Kaliforniya" və Nəcib Fazil
Şeiri çox sevirəm. Fikrimcə, dünyanı
xilas edəcək gözəlliklərdən biridir
şeir.
Hə, dostum, şeir
yaddaşını vərəqləyir,
xatirələrini dilləndirir,
səni sən edir (insan məhz
xatirələri ilə
bütövdü). Boz-bulanıq fikirlərdən arındırır
beynini. Düşüncələrini gəmirən yalquzağın
sərt üzündən
uzaqlaşdırır. Ona görə də için qaraldısa, şeir oxu, kədərlisənsə,
şeir oxu, heç nə düşünmək istəmirsənsə,
yenə şeir oxu...
Bu cümlələri
yazan zaman çox sevdiyim türk şairi Nəcib Fazili düşünürəm, Nəcib Fazili və onun "otel odaları"nı. Bir merhamettir
yanan, daracık odaların, İsli lambalarında, isli lambalarında.
Oteldəki kiçik otaqda nəhayətsiz kədərinə
sığınan, bohem
həyat tərzinə
uyğunlaşsa da, hətta ətrafındakı
közərən lampalardan
da mərhəmət gözləyən şəxsin
şeiridir bu. Sanki batmış
gəminin sağ qalmış sonuncu sərnişininin sığındığı
limandır bu otaq.
Bəs bu musiqi səsi
hardan gəlir? Necə
də xoşdur dinləmək... Sanki notlar otağın divarlarına toxunub döşəməyə səpilir.
İşıq kimi dağılır
hər tərəfə.
Ah, bu ki Eaglesin "Hotel Californiya"sıdır.
Bircə
kəlmə gəlir dilimin ucuna "Əfsanə". Nədənsə hər dəfə mənə elə gəlir ki, bu mahnını yuxuda dinləyirəm, ya da mahnı
özü yuxudur, mən də bu yuxunun seyrçisi.
Nə qəribədir, musiqinin həqiqətən də,
dili olmur. O, hisslərin dilindən süzülüb axır ürəyimizə, beynimizə.
Qəribə suallar yaranır
fikrimdə - görəsən,
ən gözəl mahnılar hansı anlarda yazılır?
Kədərli, yoxsa xoşbəxt
zamanlarda?
Ya da şeirin oxucuya əta etdiyi gözəlliyinin vasitəçisi hansı
vəziyyətdir?
Məsələn, fikrimcə, "Otel odaları" tənhalığın
şeiridir, tənha adamın şeiri. Həyatı təklikdə yaşayan, ölümü tək-tənha
qarşılayan adamın
şeiri. Yəni bizim
hamımızın, insanlığın
şeiridi. Otel otağı
tənha adamın məkanıdı. Bu otaq
mərhəmət duyğusu
ilə qarşılayır
onu, bağrına basır, tənhalığını
bölüşür...
Atılan elbiseler,
boğazlanmış bir
adam,
Kırık masalarında, kırık
masalarında.
Nəcib Fazilin şeirindəki otaq həm də
müvəqqəti yaşadığımız
dünyadır. İnsanın dünyada qalıcı
olmadığını xatırladan
misralar həm də həyatın yalqızlıq rəngli örpəyə bürünməsini
ifadə edir.
Ağlayın, aşinasız,
sessiz, can verenlere,
otel odalarında,
otel odalarında!..
Əksər hallarda insanın tənhalığı ya da fiziki təkliyi
potensial faciəni gizləyir özündə. Sükuta bürünmüş
vücudu ilə dörd tərəfdən
mühasirəyə alındığı
divarlara gah meydan oxuyurmuş kimi, gah da
yazıqcasına baxıb
yaşadığı ən
xoşbəxt və ən bədbəxt günləri xatırlayır.
Sonra da eyni ahənglə
gözlərini yumub özünü sükutun
ixtiyarına buraxır.
Səssiz halda vidalaşır
həyatla, gözlərində
divarların əksi.
Gelip geçen her yüzden gizli bir akis kalmış,
Küflü aynalarında, küflü
aynalarında.
Yalqızlıq epidemiya kimidir, toxunduğu yerdə izlərini buraxır. Əyləşdiyi
masada, dincəldiyi
divanda, hətta baxdığı güzgüdə
belə cizgiləri qalır tənha adamın...
"Otel Kaliforniya" 1970-ci illərdə meydana çıxmış, qısa zaman ərzində populyarlıq və dinləyici sevgisi qazanmış nəğmədir. Rok üslubunda ifa olunan bu mahnının haqqında onlarla əfsanə yaranıb, fərqli baxışlar sərgilənib. Lakin mahnının "siz istədiyiniz zaman otağı boşalda bilərsiz, amma birdəfəlik çıxıb gedə bilməzsiz" şəklindəki son misraları insanın həyata və ölümə məhkum olunduğunu bir daha nəzərə çatdırır. Yəni insan ən yaxşı halda mövcud olduğu yeri müvəqqəti olaraq, müəyyən zaman ərzində bir neçə addım məsafədə tərk edib, təkrar geri qayıtmağa məcburdur.
Nəcib Fazil türkdür, türk şairidir, ən çox 1928-ci ildə nəşr edilmiş "Kaldırımlar" adlı şeir kitabı ilə məşhurlaşmışdır. "Eagles" 1971-1981-ci illərdə fəaliyyət göstərən, tərcümədə "qartallar" mənasını verən Amerika rok qrupudur. "Hotel Californiya" həm də qrupun 1976-cı ildə buraxdığı musiqi albomlarından birinin adıdır.
Göründüyü kimi ilk baxışda onları heç nə birləşdirmir. Lakin... "Otel Kaliforniya" da Nəcib Fazilin "Otel odası" kimidi, yalqız və səssiz. Unudulmuş şəxslərin və unudulmaq arzusunda olanların sığınacağıdır... son mənzilidir. Həm özü, həm də dünya ilə vidalaşıb axirətə gedərkən yolunu buradan salır insan, vida edir dünəninə, bu gününə. Ümidlərini, arzularını elə həmin otaqdaca dəfn edib yol alır sonsuzluğa doğru.
Stanislavski demişdir ki, hər fikir əvvəlcə duyğu olur. İş başında, yol gedərkən, ya da sükutun boşluğuna yuvarlandığın zaman o müdhiş duyğular yapışır əllərindən, çəkib aparır adını belə duymadığın uzaqlara. Uzaqlarda onu nəyin və ya kimin gözlədiyini biləcək qüdrətdə bəsirət gözü yoxdursa, ixtiyarındakı hər anın gözəlliyinin fərqinə varmaq məcburiyyətindədir insan. Əks halda tənhalıq dənizinin dalğalarının onu hansı limana atacağını bilmədən uzaq diyarlara səyahətə çıxan sərnişinə çevriləcək...
Xatirə NURGÜL
Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.19.