Dəccal
Hekayə
"Allahla arama girmə,
Molla Qafar. Mən bilərəm, o bilər. Sən
niyə qarışırsan?"
Çiyninə dəyən
daşdan çox, Səkinə arvadın sözü
Qafarı tutdu.
Ölüm qapıya bir də gəlməsin deyə,
kənddə mollanın arxasınca qara daş atırlar.
Səkinə bu səhər əfin-kəfin
olunmuş Təbriz kişinin əlli illik halalı idi.
Adətə görə ev yiyəsi kimi
qara daşı mollanın arxasınca yola o atmalıydı. Bəlkə daş çiynimə təsadüfən
dəydi? Molla Qafar sualını gözündə təsbeh
kimi şaqqıldada-şaqqıldada geriyə çevrildi. Səkinəni
əl işarəsi ilə yanına çağırıb:
"Daşı mənə niyə atırsan, ay arvad?" - soruşdu.
Səkinə arvad: - O nədi demisən
ki, Səkinənin ölümü öz əlində deyil. Bəlkə mən bu gecə öləcəm.
Sənə nə var?
Arvadın sözləri Molla
Qafarın hirsini soyutdu. Çiyninə dəyən daşı
unudub "Sən bir imana, yəqinliyə bax" -
düşündü. Səkinə arvad Molla Qafarın düşüncələrindən
xəbərsiz idi. Gözünü qan
tutmuşdu. Ona doğrudan da elə gəlmişdi
ki, Allahla arasında duran Molla Qafardır. Onu
ərinin arxasınca ölməyə qoymayan da odur. Molla
Qafar Səkinə arvada bir söz demədi.
Çiyninə dəyən daşı Allahdan
bilib kənd yoluna çıxdı. Yolun
sonu gəlin duvağı kimi dağdan aşağı
sallanmış dumanın qatılığında
görünmürdü. Molla Qafar
çiyninə dəymiş daşdan sonra hara gedəcəyini
də unutmuşdu. Daş kişinin
tarazlığını pozmuşdu. Bu günə qədər
min bir əziyyətlə qazandığı adına
kölgə salmışdı. Mollalıq etdiyi
kənd o qədər də Allah tanıyan yer deyildi. Gününü lağlağılıqla keçirən
kəndlilərin çoxu Allahı ancaq yas yerlərində
xatırlardılar. Onlar üçün
molla da hərbi komissar kimi bir şeydi. Fərq
bircə ondaydı ki, kəndin ağlıyca hərbi komissar
hökumətə işləyirdi, molla Allaha. Hökumət onlar üçün Allahdan daha
diriydi. Hökumət adama "pensiya"
verirdi. Allah hökumətə baxanda
mücərrəddi. Allah kəlamını
yuxu kimi anlayan bu adamların içində ruhani olmaq və
gülünc görünməmək Molla Qafara elə də
asan başa gəlməmişdi. İndi də
belə, günün günorta çağı Səkinə
arvad yas çadırının qarşısında nə sənə,
nə mənə, qara daşı götürüb
vurmuşdu təpəsinə. Bundan sonra
yaşa bu kənddə, görüm necə yaşayırsan?
Yas çadırında nə çoxdu təzə
dəymiş cüvəllağı. Çox
güman ki, şəklini telefona çəkib internetə də
ötürüblər. Bundan sonra nə
üzlə əza məclisi aparacaqdı? Ciddi
nə danışsa, daşı xatırlayıb güləcəkdilər.
Sarı Həmidin kinayəsi axırına
çıxacaqdı. Evdə iki
qızı vardı. Onlar da rüsvay
oldular. İndi qayıdıb Səkinə arvada
bir söz desə də, daha xeyri yoxdu. Olmalı olan olmuşdu. Kənddə insanın adı şüşə
kimidir. Bir daş dəydimi sınacaq.
Töküləcək ayaqlarının
altına. Kişisən adın sınandan
sonra onu təzədən yama. Molla Qafar
dumanın içində azdığını görüb
yol kənarındakı daşa söykəndi. Duman ağ kəpənək kimiydi. Uça-uça
evlərin damına qonurdu. Onun kənd
dediyi Fit dağının ətəyində
salınmış iyirmi evdi. İyirmisinin
də bacası tüstülüydü. Bu
xırda kənd dağın ətəyində bitən
bütün yabanı ağacları sobalarında
yandırmışdı. Tüstülü,
dumanlı evləri olan bir yerdi. Nəyi
gördü, kimi gördü yandırıb-yaxırdı.
Molla Qafar bu evlərin həm mollasıydı, həm
bələdiyyə sədriydi, həm də məktəb
direktoru. Haçansa qonşu kəndin
mollası İsaqdan aldığı üç sinif dini dərslə
kəndin ən savadlı adamı da elə o idi. Kənddə
Adəmdən bəri diri kitab görən iki adam
olmuşdu. Biri Molla Qafardı, biri də Şofer Məlik. Şofer Məlik əsgərlikdə dəftər-kitabla
altı ay şoferliyi oxumuşdu. İndi də
kitabı atıb iri yük maşını
sürürdü. Daha xırda-mırda
işlərə baş qoşmurdu. İşi
iriydi. Tonla hesablanırdı. Molla Qafar isə Şofer Məlikdən fərqli
olaraq kəndin bütün balaca işlərini boynuna
götürmüşdü. Bu kənddə
binədən yerli dibli molla olmamışdı. Ölən olanda Gəncədən atla molla gətirərdilər.
O, günəmuzd mollalar dağa qalxana qədər ölülərin
təni soyuyardı. Molla Qafara qədər kəndin
bütün ölüləri torpağa boyat
basdırılardı. Vəli kişinin anası Gəncədən
molla gələnə qədər darıxdığından
bir dəfə
dirilmişdi. O arvaddan sonralar Fransa televiziyası kino
çəkdi. İspaniya xristianları onu
müqəddəs qadınlar siyahısına da saldılar.
Sonra ispanlardan səs
çıxmadı. Vəli kişinin anası
ispanlar kəndə gələnə qədər yüz iki
yaşında nərdivandan yıxıldı və bir dəfə
də öldü. Vəli kişi
anasını bir il basdırmadı ki, yenə diriləcək.
Arvad nədirsə daha dirilmədi. Dedilər, ispanlar gəlmədi, ona görə.
Kəndlilərin bu cür əziyyət çəkməsini
görən Molla Qafar günlərin bir günü
başına buxara papaq qoyub ucadan bəyan etdi ki: "Bu
gündən ölülərimizi özüm basdıracam. Arxayın ölün.
Mənə yuxuda "mollalıq verilib".
Sarı Həmid üç gün, üç
gecə Qafarı çayxanaya həsrət qoyub Fatihə surəsini
əzbər söylətdi. Hər dəfə surənin
bir yerində çaşan Qafarın "vergili"
olmasına şübhələrin artdığı ərəfədə
turp kimi Kələntər kişi
eşşəkdən yıxılıb öldü. Kələntərin
uşaqları gecəynən yığışıb gəldilər
Qafarın evinə ki, bu meydan, bu da şeytan, buyur dədəmizi
basdır. Həm sən sınaqdan
çıx, həm də biz dağ aşıb bahalı molla
arxasınca Gəncəyə getməyək. Amma nə eləyirsən-elə, kişini murdar eləmə.
Qafar təmkinlə "Bismillah" deyib
qollarını çırmaladı. Əvvəlcə
Kələntəri öz əlləriylə yun ləyənində
yuyub kəfənlədi. Sonra yeri
qazdırıb qəbrə qoydu. Şərq
şairləri kitabından öyrəndiyi bir-iki ərəb
şeirini ucadan oxuyub kişinin üstünü torpaqlatdı.
Sonra da babasından eşitdiyi bir-iki məzəli əhvalatı
yasa gələnlərə danışıb Kələntərin yasını başa vurdu.
Odur-budur, Qafarın adına "Molla" əlavə
olundu. Və odur-budur kəndin yasları bir az
məzəli keçir. Çünki
xımı belə qoyulub. Altı-yeddi
ölü kəfənləyən Qafar qəfil anladı ki,
özgələr cəhənnəm, üçillik savadı
özünə belə yetmir. Öz-özüylə
tək qalanda belə, bilmir ki, bismillah əvvəldədir, ya əstəğfürullah
qabaqdadır. Salavatı hansı əllə çevirməlidir
ki, Allaha naxoş getməsin. Təkcə onu bilir ki, Allah var və hamını o
yaradıb. Bakıya gedib bir qədər
mollaxana dərsi almaq lazımdır. Molla Qafar Lomonosov
kimi arıdan-zaddan satıb bir az pul düzəltdi.
Və elm dalınca Bakıya üz tutdu. Bakıda üzmü qalmışdı? Bakı keçidə oxşayırdı. Nə əvvəli vardı, nə axırı.
Adamlar üzlərini əllərində tutub
Bakıdan keçib harasa gedirdilər. Bu tələskən
adamlardan "bismillah" deyib, "əstəğfürullah"
soruşmaq olardımı? Bakı Molla
Qafarı peşman etdi. Burda Allahı
tapmaq, kənddə telefon köşkü tapmaq kimi bir şey
idi. Əlinə çıraq alıb nə
qədər axtarsa da, o boyda Bakıda imanda özündən
safına rast gəlmədi. Bakıda Allah bilməyənlər daha
çox idi. Allahın görmədikləri də az deyildi. Allah bilənlərin
yarısı imam tanıyan idi. Yarısı
imam tanımayandı. Yerdə qalanlar isə
nə imam tanıyandılar, nə də Allah sayandılar.
Onlar sadəcə saqqal buraxıb din alveri edirdilər.
Yasin satırdılar. Qəbir
yeri satırdılar. Ehsan üstə
savaşırdılar. Qafar öz
savadsızlığına şükür edib kəndə
qayıtdı. Və iki gün-iki gecə
kənd adamlarını tövləyə yığıb
onlara öz Allahından gap etdi. Onun
Allahı hamının tanıdığı xalis Allah idi.
Kəndlilər onun dediklərindən heç zad başa
düşməsələr də, onu başa
düşdülər ki, Qafar daha əvvəlki adam deyil. Deyəsən
doğrudan da yuxuda "nəsə" görüb. Və bu "nəsədən" sonra bir qədər
üzü Allaha tərəf çaşıb. Bu çaşmaq Allah səmtə çaşmaq
olduğundan kəndə heç bir ziyanı yoxdur. Və Qafar sarı Həmidin kinayələrindən
sivişib, oldu Molla Qafar. Odur-budur kənddə
daha heç kəs Qafarın xəbəri olmadan bu dünyadan
o biri dünyaya köçmür. Hörməti
də ölüdən-ölüyə artır. Amma illər ötdükcə molla adı Qafarı
doğrudan da dəyişdi. Rəndələyib
saflaşdırdı. Kişi adının
əsirinə çevrildi. Get-gedə
adı kimi oldu. Daha yad qadınlara
gözünün ucuyla olsa belə baxmadı. Yalan danışmadı. Özgəsinin
malına, mülkünə tamah salmadı. İrana
keçib iki il ərəb dilini də
mükəmməl öyrəndi. Ordan
qayıdandan sonra kənd məktəbini öz puluna təmir
elətdirib uşaqları siniflərə yığdı.
Sarı Həmid məktəb işində Qafara
"Rus Əhməd" ayaması qoysa da, buna fikir vermədi.
Başını aşağı salıb, kəndin
maarif işiylə məşğul oldu. Çox
keçmədi onun bu səylərini görüb şəhərdən
kəndə qovluqlu kişilər, rus dilində ləhcə ilə
danışan pullu arvadlar gəldi. Onlar
Molla Qafara üç dəfə "malades" dedilər.
Və onu rəsmən məktəb direktoru təyin
edib yenidən şəhərə qayıtdılar. Düzdür, Ramiz dədə o gedənlərin
qoltuğunda qovluqla bərabər beş-altı kisə
sovqatın da olduğunu görmüşdü. Amma sovqatın bu gün mətləbə və məktəbə
heç bir dəxli-filanı yoxdur. Görünən
budur ki, məktəb sovqatsız işləyir. Kənddə məktəb yaşı
çatmış doqquz uşaq vardı. Bu
uşaqların dördü qız olduğundan dədələri
dərsə buraxmırdı. Əsnəyə-əsnəyə
dərsə gəlib, qaşına-qaşına dərsdən
qayıdan oğlanlara isə Molla Qafar ancaq din dərsi
keçirdi. Ona görə yox ki, kəndlilərin
ətəyində haçansa namaz qılınacaqdı.
Ona görə də yox ki, özləri Qafardan
dini dərslərin keçilməsini istəmişdilər.
Ona görə ki, kəndlilərin də Molla
Qafar təki dindən savayı heç nədən xəbərləri
yox idi. İndi Qafar bu məktəbdən nə
xeyir götürmüşdü ki, qoltuğu qovluqlu kişilərə,
ləhcəli qadınlara "pay" da versin. Allahdan paymı olar? Amma o da var ki, Ramiz dədənin də
gözündən heç nə yayınmır. Məktəbi bilmirəm, o "qoltuqların"
görünür Qafara bələdiyyə sədri olanda
köməyi dəyib. Bir gün kəndə
üstü qırmızı örtüklü
şüarlarla yazılı üç yük
maşını gəldi. Maşındakılar
ucadan danışanla kəndliləri köhnə klubun
qabağına yığdılar. Həmin
qırmızı maşınlardan birinin banına
çıxmış iki kök qadın kəndlilərə
xor müğənniləri kimi eyni tonallıqda
birağızdan qışqıra-qışqıra dedilər
ki: "Biz bələdiyyə sədrinin vəkilləriyik. Belə məsləhət olub ki, Molla Qafar bu gündən
sizin kəndin bələdiyyə sədri olsun.
Ölüdür, diridir, ortalıqda qalandır, bu gündən
sonra kənddə kim varsa, daha onluq
olacaq. Biz də
daha dərəyə-təpəyə düşməyəcəyik.
Bütün suallarımızı bir adama verəcəyik.
Nə deyirsiz, razısız?" Bələdiyyənin nə olduğunu hər
şeyi bilən Ramiz dədə belə bilmirdi. Əvvəlcə hamı bir-birinin üzünə
baxdı. Sonra bələdiyyənin nə olduğunu bilməsələr
də, əlüstü elliklə razılıq verdilər ki,
iş uzanmasın. Danaların naxırdan
qayıdan vaxtıydı. Bələdiyyə
haqqında düşünməyə vaxtmı vardı?
Bir də hökumətlə gərək hər
işdə razı olasan. Bu yanaşma kəndin
min illik ənənəsiydi. Təkcə rəhmətlik
Təbriz kişi o zaman
kök qadınların ikisindən də xəbər
aldı ki: "Bu bələdiyyə adama pensiya verəcəkmi?"
Kök qadınların özləri də bələdiyyələrin pensiya
verib-verməyəcəyindən deyəsən xəbərsiz
idilər. Ona görə də sualı
cavabsız qoydular. Lap axırda o kök
qadınlar qırmızı maşınların üstündə
uzun-uzadı bələdiyyələrin kəndə nə verə
biləcəyindən danışıb siqnal verə-verə
şəhərə qayıtdılar. Kəndlilər
maşınlar gedəndən sonra rahat nəfəs alıb
Molla Qafara yaxınlaşdılar. Və
ondan bir dəfə də "Bələdiyyə nədir?"
- deyə soruşdular. Molla Qafar: "Bələdiyyə
vacibatdır" - dedi. Və kəndlilər yenə
bir zad anlamayıb Qafarın üzünə baxdılar. Və beləcə kəndə bələdiyyə gəldi.
Molla Qafarın yaşı əllini ötsə
də, hələ əlli-ayaqlıydı. Sağ qalana dərs,
ölənə yas tuta bilirdi. Qafarın Gəncə
mollalarından fərqi ondaydı ki, Allahı özü
tanımışdı. Adətən adama Allahı kim isə tanıtdıranda o qədər də
yaxşı tanımır. Molla Qafarın
atası Allahı tanımayan taksi
sürücüsüydü. Həftənin beş gününü arağa, iki
gününü dövlət istiqrazına qurban vermişdi.
Beləcə Qafarın yeddi yaşı olana qədər kişi "taksiyə" əziyyət verə-verə
yaşadı. Sonra da, günlərin bir
günü Əzrayılın "taksisinə" oturub
Allahı tanımadan o taya sürdürdü. Qafar
atasını aparan arağa və istiqraza uşaq ikən
tövbə dedi. Sonra Qafar özü
böyüdü. Ətrafa baxıb Allahdan
savayı heç kəsi arxasında görmədi. Başa düşdü ki, atası Allahdır.
Nə dostu vardı, nə düşməni.
Əvvəl sarı Həmiddən iki qoyun
alıb çoxaltmaq istədi. Qoyunlar
artdıqca dərdi də artdı. O gəldi ver, bu gəldi
al. Qafar anladı ki, kənddə at yeyənin dişi dəmirdən
olmalıdır. Və dişlərini itiləməyə
başladı. Beləcə, dəmir
dişləri ilə əli çörəyə
çatdı. Sonra çörəyi diridən
deyil, ölüdən çıxmağa başladı.
Lap sonra Allahdan könlünə bir sakitlik çökdü. Daha heç kəsdən çörək istəmədi.
Dünya malından əlini çəkdi.
Gördüyü ölümlər onu
ayıltdı. İçinin
saflığı əməlinə, üzünə
çıxdı. Hamıya
yaxşılıq etdi. Daha fikirləri
başında at kimi çapmadı. Allah ona sakitlik verdi. O, bu sakitliyə görə hər gecə
Allahına şükür edirdi. Bu dəfə
də Səkinə arvadın arxasınca atdığı
daşa şükür edib, olacaqları Allahın
ixtiyarına buraxdı. Nə olacaqdısa,
olacaqdı. Xeyirlisi Allahdan. Düşüncələrinin
bu yerində dumandan çıxmış Qafar keçən il qaraltdığı ikimərtəbəli
evinin qarşısına çatdı. Səkinə
arvadın daş xəbəri deyəsən evinə qədər
gəlib çıxmışdı. Otuz illik
halalı Gülərin üzündən-gözündən zəhrimar
yağırdı. Çəpərə
söykənib tum çırtlaya-çırtlaya yolunu
gözləyirdi. Onu görən təki qabağına
qaçıb: "Üzün ağ olsun,
Qafar. İllərdir sənə hamballıq elədiyim
üçün belə etdin?" - soruşdu.
Molla Qafar Gülərin dediklərindən
bir zad anlamayıb: - Neynəmişəm? - dedi.
Və ona doğru qaçan
sarışın, gülərüz oğlanın
qarşısında açılmış qollarını
gördü.
Gülər: - Bax gör etdiyin nə boydadır. Gözün aydın, Rusyetdən oğlun gəlib. - söylədi.
Qafar söz deməyə macal tapmamış sarışın oğlan onu qucağına alıb göyə qaldırdı. Bir xeyli göydə fırladandan sonra ehmallıca yerə qoyub üzündən öpdü. Qafar əvvəl elə bildi uşaqlar onu araya qoyublar. Zarafat edirlər. Gülərin üzünə baxıb gözləriylə: "Bu nə oyundur belə başıma açırsız. Bu sarışın kimdir?" - soruşdu. Amma Gülər zarafat eləyənə oxşamırdı. Sözü də, gözü də ciddiydi. Molla Qafar ayağına dəyən daşı da Allahdan bilən adam idi. Ona görə qonağın kim olur-olsun, Allah tərəfindən göndərilmiş olduğunu düşündü. Oğlanın suyu şirindi. Doğrudan da qaşı-gözü cavanlığına bənzəyirdi. Amma oğul adı bir az ağırdı. Axı o heç zaman kənddən kənarda yaşamamışdı. Gülərdən savayı heç bir qadınla yaxınlıq etməmişdi. Allah Şeytana lənət eləsin. Səkinə arvadın atdığı qara daş deyəsən yığvalını dəyişirdi. Molla Qafar qonağı evinə dəvət etdi. Özü tələsmədən hamam otağına keçib yaxşıca yuyundu. Məhrəba ilə qurulana-qurulana eşiyə çıxanda sarışının qızları ilə çay süfrəsi arxasında oturub şirin söhbət etdiyini gördü. Qəribəsi bu idi ki, qızlarının üzündə heç bir təlaş, heç bir qısqanclıq yox idi. Əksinə, onlar elə bil qardaşlarının tapılmasına ürəkdən sevinmişdilər. Gülərin özü də sarışına nifrətlə baxmırdı. Onun işi ancaq Qafarnandı. Molla Qafar keçib sarışın oğlanın yanında əyləşdi. Bir az susandan sonra ehmallıca ondan: "Siz hansı şəhərdənsiniz? - soruşdu. Oğlan: "Armavirdənəm" - dedi. Gülər: "Armavir budur, burdadır. Qulağının dibində. Yəqin cavanlıqda bunun kötük anasını bir gecə yaxşı-yaxşı baltalamısan. O da sənin üçün çiçəkləyib." - deyə əlavə etdi. Molla Qafar arvadının tənəli sözlərinə məhəl qoymayıb: "Ay bala, mən heç zaman Armavirdə olmamışam axı" - dedi. Və özü də öz yalanından qızarıb başını aşağı saldı. Sarışın oğlan ayağa qalxıb dinməzcə Qafara yaxınlaşdı. Cibindən çıxardığı artıq rəngi soluxmuş şəklini ona göstərib: "Bu siz deyilsiz?" - soruşdu. Molla Qafar şəkildə özünü tanıyıb: "Mənəm" - dedi. Sarışın şəkildə Molla Qafarın başı üstə dayanmış arıq qıza barmağını uzadıb: "Bu isə mənim anam, Valentinadır" - deyə pıçıldadı.
Gülər: - Allah
öldürsün səni - dedi. Amma bilinmədi
qarğışını kimə etdi. Gülərin
bu nidası sarışını da diksindirdi. Yad dildə
nə deyildiyini başa düşməsə də, təxminən
belə məqamda nə deyilə biləcəyini anlayıb: -
Anam artıq ölüb, - dedi. Onun sözləri
sarışının özündən çox, Qafarı
duyğulandırdı. O, kədərli gözləri ilə
sarışına baxıb: - Haçan ölüb? - soruşdu.
Sarışın: - Üç il olar - pıçıldadı.
Gülər: - Bəxtəvər bir
yerindən yaman yarıyıb. Azərbaycandan Armavirə qədər
goruna rəhmət oxuyan mollası da var. - dedi.
Molla Qafar hirslə Gülərin
üstünə çımxırdı: - Bəsdir,
uşaqların yanında ağzına gələni
danışma?
Gülər ayağa
qalxıb ağlaya-ağlaya mətbəxə keçdi. Mətbəxdən
qızlarına: "Bir ondan xəbər alın, görək
Konçitanın da atası deyil ki?" - deyə qışqırdı.
Molla Qafar
sarışının qoluna girdi. Onlar dəhlizə
çıxıb divana əyləşdilər. Molla
Qafar sarışına: "Sən mənim oğlum deyilsən.
Qonağımsan. Nə qədər xətrin
istəyir evimdə qal, gözüm üstə yerin var," -
dedi.
Sarışın gülə-gülə
Molla Qafarı qucaqladı: "Atamsan. Mən
bura yaşamağa gəlmişəm. Əlimdə
tutarlı dəlillərim var," - söylədi.
Molla Qafar sarışının qətiyyəti qarşısında bilmədi nə desin. Papağını başına qoyub həyətə çıxdı. Taxta artırmaya söykənib Armavirdə olanları xatırladı. Onda Qafarın otuz yaşı ancaq olardı. Qonşu kənddən olan dostu Namazın maşınıyla taxta gətirməyə getmişdilər. Armavirə çatanda onlara demişdilər ki, bu şəhərdə taxta olmur. Taxtanın vətəni Tayqadır. Namazın bu "qanmazlığını" bir-iki gün lağa qoyandan sonra dostlar Armavirlə vidalaşmaqdan ötrü "Astoriya" restoranına getmişdilər. Valentina ilə də orda tanış olmuşdular. Daha doğrusu, Valentinanın özü onların mizinə yaxınlaşıb, Namazı rəqsə dəvət etmişdi. O dəvət, bu dəvət, Namazla Qafar taxta üçün gətirdikləri pulları Valentinaya xərcləmişdilər. Valentina arıq, uzunayaqlı, sarışın qızdı. O qədər də gözəl deyildi. Amma işvəliydi, nazlıydı. Bir gün Namazı, bir gün Qafarı çarpayısına qonaq edərdi. Valentinanın gecələr onunla nələr etdiyini xatırladıqca Qafar "əstəğfürullah" - deyirdi. Onunla keçirdiyi son gecə olduğu kimi gözünün qabağına gəldi. Həmin gecə Qafar otağına qayıdanda gözlərinə inanmamışdı. Kimliyi bəlli olmayan altı-yeddi kişi Valentina ilə əylənirdilər. Kişilər Valentina ilə əylənirdilər demək də düzgün olmazdı. Daha çox Valentina kişilərlə əylənirdi. O səs-küy, o gülüş səsləri, o inilti bu gün də Molla Qafarın qulaqlarındaydı. O gecə Qafar bir qadının altı-yeddi kişi ilə eyni zamanda əlaqədə olmasını ilk və son dəfə gördü. Səhər Valentina ağlaya-ağlaya sinəsinə qısılıb: "Məndən iyrənmə ha. Dünən kefli idim. Nə etdiyimi bilmirdim" - pıçıldamışdı. O zaman Qafar Valentinaya baxıb pozuq rus dilində: "Öz həyatındı da. Mənə nə var?" - demişdi. Qafar son dəfə kəndə qayıtmaq üçün maşına minəndə isə Valentina ona: "Səndən uşağa qalmışam" - söyləmişdi. Özü də Valentina bu sözü bərkdən demişdi ki, Namaz da eşitsin. Onda Namaz Valentinadan gülə-gülə: "Qafar məndən yaxşı kişidir?" - soruşmuşdu. Namazın bu sualına Valentina da gülümsünüb: "Söhbət kişilikdən getmir. Onunla sevə-sevə olurdum. Ona görə də qarnımdakı uşaq onundur" - demişdi. O zaman Valentinanın sözlərinə Qafar məhəl qoymamışdı. "Pozğun qadındır da", - düşünmüşdü. Onu yoldan qaytarmaqdan ötrü əlli min söz söyləyə bilər. Bəlkə Valentina o zaman düz deyirmiş. Bu sarışın elə o uşaqdır? Valentina ilə şəkil çəkdirməyini isə nə illah eləyirdi, xatırlaya bilmirdi. Belə bir iş olmamışdı. Olsaydı, yadına düşərdi. Namaz bildir ölmüşdü deyə, ondan daha heç nə soruşa bilməyəcəkdi? Yəni deyirsən əlli min kişi görmüş qadın ondan uşaq doğub? Səkinənin atdığı o qara daş nə bəd daş imiş. Bütün ömrünü alt-üst etdi. Görəcək günləri hələ qabaqdaymış. Qafar hövüllənib içəri otağa keçdi. Sarışın kiçik qızı Sənubərlə divanda oturub dinməzcə televizora baxırdı. Elə bil bir almaydılar. İkiyə bölmüşdün. Baxışları da, oturuşları da doğmaydı. Boyları, gözlərinin rəngi eyniydi. Sənubər sarışına nəsə deyirdi. O, da qızın sözlərinə ürəkdən gülürdü. Molla Qafar nədənsə bu oxşarlıqdan sinirlənib mətbəxə keçdi. Gülər bir küncdə oturub ağlayırdı. Onu görən təki dəsmalının ucuyla gözünün yaşını sildi.
Qafar: - O, mənim oğlum deyil - dedi.
Gülər: - Özümə, sənə həsr etdiyim ömrümə-günlərimə yazığım gəlir. Bilsəydim məni aldadırsan, gedərdim
atamın xarabasına. O, qədər istəyənim vardı ki? Kül olsun mənim başıma. Nə deyib səndə oturdum?
Qafar danışmağın yersiz
olduğunu anlayıb qazandan özünə bir çömçə
şorba çəkdi. Mizin arxasında oturub
soyumuş şorbanı dinməzcə qaşıqlamağa
başladı. Gülər bir az da səssizcə
ağlayıb kiridi. Ayağa qalxıb Molla
Qafarın qarşısına gəldi. Ağlamaqdan
boşalmış, lal gözləriylə onu bir xeyli
süzdü. Sonra əlini yuxarı qaldırıb
pıçıltıyla: "Yaxşı, mən heç. Deyək ki, məni aldatdın. Bəs
o kişiyə necə cavab verəcəksən?" - soruşdu. Molla Qafar ağzındakı
çörək tikəsini güclə udub: "Elə mən
də bayaqdan onu düşünürəm. O, olmasaydı,
sarışını çoxdan evdən qovmuşdum" -
dedi. Gülər ayağa qalxıb mətbəxdən
çıxanda içəri otaqdan sarışının
şaqqıltısı eşidildi. Molla Qafar ayağa
qalxıb bu şit gülüşün
arxasınca otağa keçdi. Sarışın
indi də böyük qızı Ayişə ilə söhbətləşirdi.
Qızların sarışından
açıq-aydın xoşları gəlmişdi. Adətən hərəyə bir mız qoyan
qızlar bayaqdan bəri ataları tərəfə heç
baxmamışdılar da. Sarışın
Molla Qafarı görüb ayağa qalxdı. Cibindən
çıxardığı qızıl qol saatını ona
uzadıb: "Az qala unutmuşdum. Sənə hədiyyə gətirmişəm,
ata" - dedi. Molla Qafar saatı sarışından alıb qulağına
tutdu. Saatın əqrəbi elə bil ki,
başqa saat əqrəblərindən daha tez tərpənirdi.
Sarışının gəlişi Molla
Qafarı tamam başqa bir zamana kökləmişdi. Ona hədiyyə olunan saat da yəqin bu zamanın
vaxtı ilə işləyəcəkdi. Molla
Qafar ürəyində qorxa-qorxa "bu sarışın
şeytandan olmaya", - düşündü. Və
düşüncəsinin arxasınca çevrilib diqqətlə
bir də sarışının üzünə baxdı.
Sarışın çox yaraşıqlı
idi. Cazibədardı. Özünü
adama sevdirirdi. Qəfil Gülərin səsi
eşidilməsəydi, Molla Qafar sarışını
başqa tərəflərdən də tanıyacaqdı.
Qızlar səsə yüyürdülər.
Sonra Sənubər
hamamdan geri
qayıdıb: "Ana isti sudan yanıb" - dedi. Molla Qafar çatana qədər sarışın
Güləri hamamdan çıxarıb yelpikləyirdi. Gülərin ətli əndamı açıqda
qalsa da, sarışından "yaşmaqlanmağı"
düşünmürdü. Ağrısını
unudub şəhvani ehtirasla sarışına baxırdı.
Sarışının özü də Gülərə
oğul gözüylə baxmırdı. Molla
Qafara bu baxışlar Gülərin yanmağından daha
ağır təsir etdi.
- Naməhrəm qadın olan yerdə
kişi hərlənməz -
qışqırdı.
Sarışın sadəlöhv
gözləri ilə Molla Qafara baxıb iç otağa
keçdi. Ordan: "Qorxmayın, yanıq elə də qorxulu
deyil" - dedi.
Molla Qafar Güləri qucağına alıb
ayağa qalxdı. Ərinin səsindən
"özünə gəlmiş" Gülər bayaqkı
baxışlarından utanırdı. Qafar onu yataq otağına qədər
qucağında aparıb çarpayıya uzatdı. Gülərin bədəni həyəcandan əsirdi.
Üzündə cavanlıq işartıları
əmələ gəlmişdi. Molla Qafar
qızları çağırıb otaqdan eşiyə
çıxdı.
Molla Qafarın müdiri
olduğu kənd məktəbi altı otaqlı qədim
tikiliydi. Qafar bu qədim mülkü abad etmək
üçün suvatsa da, köhnə rəng suvaq altından
görünürdü. Bina
axırıncı dəfə sovet vaxtı rənglənmişdi.
Sovet hökuməti rəngdən bol idi. Xüsusilə də yaşıl rəngdən.
Haranı rəngləyir-rəngləsin, o
hökumət mütləq ora bir yaşıl çalar əlavə
etməliydi. Molla Qafarın özü də
yaşıl çalarlıydı. Başına
qoyduğu yaşıl fəs onu da məktəbin bir
parçası edirdi. Deyirdin, onun da
başını haçansa "sovet" rəngləyib.
Kişi başına yaşıl fəs qoyub,
yaşıl məktəbin qənşərində sovetlərdən
qabaq əkilmiş yamyaşıl tut ağacının
altında oturub qəfil başına gələn işləri
düşünürdü.
Səhər yenicə
açılmışdı. Xoruzlar hələ
kal-kal banlayırdılar. Qara toyuq səsinin
nəmini açırdı. Uşaqlar
iki-bir, üç-bir əsnəyə-əsnəyə məktəbə
gəlirdilər. Görünən nə
vardısa, yuxudan oyanırdı, dəyişirdi. Dirilirdi. Özündən
oyanmayan təkcə Molla Qafardı. Fikirləri
onu olanların əksinə gecəyə aparıb təzədən
yatırırdı. Sarışın onun
oğlu deyildi. Ola da bilməzdi. Düzdür, Qafar o zaman Valentina ilə "əlaqədə"
olmuşdu. Amma bu, heç nə demək
deyildi. Onun qədər Namaz da Valentina ilə
yatmışdı. Uşaq onun da ola
bilərdi. Bir də Valentina ancaq Qafarla Namazı
toruna salmamışdı ki. Onun o qədər
Qafarı, Namazı olmuşdu ki. Bəs niyə
sarışın onun qapısına gəlib? Ona kim deyib ki, Qafar sənin atandır? Axı Valentina fahişə idi. Əlli min kişi ilə yatmış zinakar idi. Fahişə? Bəlkə
sarışın Allah tərəfindən ona göndərilən
bir sınaqdır? Bəlkə Allah onu bu
sarışın oğlanla sınağa çəkir? İmanını yoxlayır. Görəsən
Qafar fahişənin doğduğu sarışını
öz oğlu kimi qəbul etməyə qadirdirmi? Buna onun imanı çatarmı? Axı
Allah hamımızı bərabər yaratdı. Tövbə qəbul olunandır. Fahişənin də tövbəsi qəbul olunur.
Qafarın buna iradəsi, gücü yetəcəkmi?
İnsanların içində gülünc
olmaqdan qorxmayacaq ki? Molla Qafar olanları və
olacaqları düşündükcə qırx arşın
quyunun dibinə düşdüyünü hiss edirdi. Zarafat-zarafat, məsələ qəlizləşmişdi.
Qayıdıb o sarışını evdən qovmaq o qədər
də çətin iş deyildi. Bunu etsə,
yenə əvvəlki təki sakitcə yaşayacaqdı.
Gülər uzağı bir-iki gün deyinib
sakitləşəcəkdi. Amma Qafar nədənsə
bunu edə bilmirdi. Nəsə ona mane
olurdu. Düşüncəsində
şübhələr yaradırdı. Allahın
işidir də. Oldu-oldu. Bəlkə o
sarışın doğrudan da öz oğludur. Bəs onda necə olacaq? O zaman nə edəcək?
Molla Qafar o qədər fikirliydi ki, sarı Həmidin
haçan gəlib başının üstündə dayandığını
görməmişdi. Ancaq Həmid
danışanda diksinib üzünə baxdı. Həmid
səhər dumanını qovmağa qadir gur səsiylə: "Sən
onun bir qanını yoxlatdır Qafar, bəlkə elə
doğrudan oğlundur" - dedi. Sarı Həmid
ömründə birinci dəfəydi ki, ağıllı
söz deyirdi. Qanın yoxlanılması
Qafarı şübhələrdən qurtarardı. Bu heç onun ağlına gəlməmişdi.
Molla Qafar Həmidə bir söz demədi.
Ayağa qalxıb, dinməzcə evinə tərəf getdi. Söz
ağlına batmışdı. Həmin
gün məktəbdə dərs keçilmədi. Uşaqlar Sarı Həmidin atasının goruna rəhmət
oxudular. Bütün kənd Armavirdən gəlmiş
sarışın oğlanın Molla Qafarın oğlu
olub-olmaması xəbərini gözlədi. Xəbər bir aydan sonra, Sankt-Peterburqdan gəldi.
Sən demə sarışın həqiqətən
də Molla Qafarın oğluymuş. Xəbərin
üstündən üç saat keçməmiş Gülər
sarışın oğlanı köynəyindən
keçirdi. Və pal-paltarlarını
yığıb dədəsi evinə qayıtdı.
Bütün kəndi Gülərin dədəsinə minnətçi
salan Molla Qafara o evdən qəti söz dedilər: "Ya
Gülər, ya oğlun sarışın. İkisindən
birini seç". Qafar Allahdan da qorxurdu,
arvadını da sevirdi. Başını
itirmişdi. Qapısına pənah gətirmiş
oğlunu Allahdan qorxduğu üçün qova bilmirdi. Başına daha pis işlərin gələcəyindən
çəkinib sarışının xətrinə dəymirdi.
Valentina nə yuvanın quşu olur-olsun,
sarışın oğlu imiş. Bunun
özü də bir möcüzəydi. İlahi
müdaxiləydi. Yüzlərlə
kişinin içindən Valentina Qafardan uşaq
doğduğunu görəsən necə bilmişdi? Kənd adamlarına Armavirdə olanları heç
cür danışa bilməzdi. Danışsa,
onların gözündə bir qəpiklik olardı. Onlar bilsəydilər ki, ölülərini əmanət
etdikləri Molla fahişədən uşaq əmələ gətirib,
bir də onun qapısına gələrdilərmi? Ətövbə, gəlməzdilər. Valentinanın küçə fahişəsi
olduğunu əgər Gülər bilsəydi, Qafara daha
çox nifrət edərdi. O, yəqin Valentinanın ədəbli
qadın olduğunu düşünür. Bəlkə
elə sarışın Allahın sınaq üçün
qapısına göndərdiyi Nuh peyğəmbərdir?
Qiyafəsini dəyişib. Nə
bilmək olar? Qafar hər əmələ
görə cavab veriləcəyini bilirdi. Amma Gülərsiz
də yaşaya
bilmirdi. Güləri də ona Allah
göndərmişdi. Ömrünü
Molla Qafara qurban vermiş Gülər onun üçün hər
şey demək idi. Evlənəndən sonra Gülərdən
savayı heç bir qadına kişi
gözü ilə baxmamışdı. Qafar
üçün bu müvəqqəti dünya evində
rahatlıq deyilən nə vardısa, ancaq Gülərin
adıyla bağlıydı. Hər şey
bir kənara qalsın, corablarının yerini belə onsuz tapa
bilməzdi. Bir yandan borc, Allah kəlamı,
digər tərəfdən namus və sevgi Qafarı dar məngənəyə
salıb boğurdu. O, nə edəcəyini, bu nəyi
necə edəcəyini bilmirdi. İlk dəfəydi
Qafar sabahını qurmaqda acizdi. Sarışının
qəfil gəlişi bütün ömrünü alt-üst
eləmişdi. Cavanlığında
düşünmədən etdiyi bir səhv bu gün dirilib
qapısına qədər gəlmişdi. Bu səhv ondan cavab tələb edirdi. Həyatının dəyişilməsini istəyirdi.
O, buna hazır idimi? Dinc ömür
nizamının qəfil pozulmasına öyrəşə biləcəkdimi?
Sarışın gələndən sonra baş
verən hadisələr onun iradəsindən kənar baş
verirdi? Elə bil gözə görünməyən
bir əl həyatını təzədən yazırdı.
O da bu yazıya istədi-istəmədi,
cınqırını belə çıxarmadan mütiliklə
tabe olurdu. Sən demə yaşayarkən
atdığın ən kiçik addımın belə izi
qalırmış. Həyatda nə etmisənsə,
gec-tez cavabını verirsən. Gülər
atası evindən qayıtmasa canından çox sevdiyi
qızları necə olacaqdı görəsən? Ayişə ilə Sənubər də Gülərlə
birgə babalarının topdağıtmaz evinə getsə,
Molla Qafar havalanardı. O, bu illərini ancaq
qızları üçün yaşamışdı. Nə etmişdisə onlar üçün
etmişdi. Ayişə təmkin li, Sənubər
şıltaqdı. İkisi bir yerdə
olanda tamamlanırdılar. Onları bircə
gün görməsə, rahat yata bilmirdi. Güləri
dədəsi evinə buraxmaq olmazdı. Gülər
getsə, qızlar da gedəcəkdilər.
Molla Qafar axşam evə
dönəndə gözlərinə inanmadı. Gülər
qayıtmışdı. Sarışınla
şüşəli eyvanda oturub nə haqdasa şirin-şirin
söhbət edirdilər. Onu görən təki
ayağa qalxıb yataq otağına keçdi. Molla Qafar da sarışının verdiyi salamı
dilucu alıb arvadının arxasınca açıq
qapıdan içəri adladı. Gülər
taxta döşəmənin üstündə bardaş qurub
oturmuşdu. Gözləri alov-alov
yanırdı. Molla Qafarın içəri girdiyini
görüb əli ilə ona "Aşağı otur"
işarəsini verdi. Molla
Qafar arvadına qulaq asıb itaətlə döşəməyə
çökdü. Gülər: "Danış. Ürəyin boşalsın. Səni eşidirəm"
- dedi. Molla Qafar: "Nəyi danışım? - soruşdu. Gülər: "Sarışın
mənə bəzi xatirələr danışdı. Sənin bu işdə günahın yox imiş.
Ona görə qayıtdım. Gerisini
özün de ki, başqasından eşitməyim" - dedi. Və Molla Qafar hər şeyi olduğu kimi
açıb Gülərə söylədi. Gülər onu səbirlə dinləyib döşəmədə
dizi üstə dikəldi. Bir neçə dəqiqə
Molla Qafarın gözünün içinə baxandan sonra
ondan: "İndi sən özünü kişi
sayırsan?" - soruşdu. Molla Qafar dinmədi.
Gülər: "Sənin o atası bəlli olmayan oğlun mənə
də, qızlarına da başqa gözlə baxır e, xəbərin
var?" - soruşdu. Molla Qafar: "Mən
onu evdən necə qovum, axı o Allah qonağıdır"
- dedi. Gülər daha heç nə
danışmayıb yataq otağını
yığışdırmağa başladı. Və Molla Qafar başa düşdü ki, Gülər
atası evinə getməyəcək. Şükür
edib Gülərə: "Çox sağ
ol" - dedi. Gülər əlindəki üçkünc
balıncı çarpayının üstünə
tolamazlayıb: "Sən mənim üçün bir
kişi kimi artıq ölmüsən. Bundan
sonra ancaq qızlarıma baxacam" - qışqırdı.
Molla Qafar bir söz deməyib otaqdan çölə
çıxdı. Sarışın
şüşəli eyvanda çoban Alının quduz
olmuş itini qucaqlayıb "selfi" edirdi. Molla Qafar gözlərinə inanmadı. Bütün kəndin canavar qədər qorxduğu vəhşi
it sarışına qısılıb əl iti kimi
ağzından su axıda-axıda ləhləyirdi. Gözlərində sevgi əmələ gəlmişdi.
Yazıq-yazıq zingildəyirdi. Molla Qafar itdən qorxa-qorxa salavat çevirib
sarışını yanına çağırdı. Sarışın iti küçəyə
ötürdü. Eşikdən içəri
qaça-qaça gəlib Molla Qafarın boynuna
sarıldı. Sarışın hər dəfə adamın gözünə bir cür dəyirdi. Bu
gün arıq və zərifdi.
- Oğlum olmağına oğlumsan. Buna inandım. Amma de görüm
planların nədir? Bundan sonra nə etmək
fikrindəsən? Sovet dövləti
artıq dağılıb, bilirsən. Sən
başqa bir ölkənin vətəndaşısan. Burda qalmaqdan ötrü gərək vətəndaşlığı
qəbul edəsən. Bu da sənə asan
gəlməsin. Bunun əsgərliyi var.
Qeydiyyatı var. Səni gərək Gülər də qəbul
edə. Məni başa düşürsən? Belə işlər
asan həll olunmur.
Sarışın sevinə-sevinə:
- Mən orda qeydiyyatdan çıxmışam. Burada
sənlikdir. Bələdiyyə deyilsən?
Məni üstünə yazdıracaqsan, vəssəlam.
Qanunları bilirəm, ürəyini sıxma - dedi.
Molla Qafar sarışının
köynəyinin boynundan tutub yaxına çəkdi ki, dediyi
sözləri Gülər eşitməsin: "Anan məndən
nə danışırdı?"
Sarışın da
pıçıltıyla: "O, ancaq səni sevib. Səndən
sonra bircə kişiyə belə gözünün ucuyla
baxmayıb" - dedi.
Molla Qafarın üzündə
qəribə bir istehza əmələ gəldi. Bu istehzanı
hara istəsən yoza bilərdin. Sarışın onu
necəsə sevgiyə
yozdu. Və Molla Qafarın tüklü üzündən
öpüb ucadan: "Ata, bilirsən ən böyük arzum nədir?
Mən də sənin kimi Molla olum. Sənin yolunu davam edim. Ənənə ilə
yaşayım", - dedi.
Molla Qafarın qəfil
qulaqları tutuldu. Sarışının gur səsinə
qızlar da dəhlizə yüyürdülər. Sənubər
gülə-gülə sarışından:
"Sən rəngdə Molla olar?"- soruşdu.
Sarışın: - Rəngim
xoşunuza gəlməz, rənglərsiniz. Əsas
imandır - söylədi.
Molla Qafar
sarışının sözünü ağzında qoyub
yenidən yataq otağına qayıtdı. Buxara
papağını başına qoyub məscidə getmək
üçün küçəyə çıxdı.
Götür-qoy edib, fikirləşməliydi.
Məsələ qəlizləşirdi. Sarışın həyatına ömürlük gəlibmiş.
O buna hazır idimi? Bu vaxt məsciddə adam olmurdu. Özüylə
baş-başa qala biləcəkdi, təkliyi uşaqlıqdan
sevirdi. Özüylə danışmaqdan həzz
alırdı. Sakitləşirdi. Məscid doğrudan da boşdu. "Nə
qədər xətrin istəyir öz-özünlə
danış, Molla Qafar. Görüm bu
müşkülün həllini tapa biləcəksənmi?"
son düşüncələrini boşluqdu deyə ucadan dedi.
Minbərin yanında çöməlib kürəyini
divara söykədi. Elə
ağzını açıb ölənlərin ruhuna bir siftə
fatihəsi vermək istəyirdi ki, sarı Həmidin gülər
gözləri məscid qapılarından içəri zilləndi.
- Gəlmək olar? - Sarı Həmidin
səsi kinayəliydi.
- Məscidə girməkdən
ötrü icazə almırlar, - bunu sükutu pozulduğundan
sinirlənən Molla Qafar dedi.
Sarı Həmid məscidə girib ədəblə
"salam" verdi.
Ayağını çəkə-çəkə
yaxınlaşıb Molla Qafarın yanında yerə
çöməldi.
Üzünü Molla Qafara tutub:
"Sənə bir sual verəcəm?" - dedi.
- "Yenə yuxu
görmüsən?"
Sarı Həmid: - Yox. Yuxu deyil - dedi.
Molla Qafar "Buyur, ver
sualını" - pıçıldadı.
- Molla Qafar, düz deyirlər
ki, Məryəm ana İsa peyğəmbəri bakirə ikən
doğub?"
- deyən sarı Həmidin gözlərində
şeytancıqlar oynaşdı.
Molla Qafar "Uzaqdan gəlmişlik
eləmə. Sözünün mustafasını de," - dedi.
- Bu sarışın ancaq bir yolla sənin
oğlun ola bilər. Sən
bunun anasına nəsə eləsən. Eləmisənsə
heç. Eləməmisənsə, deməli sən Məryəm
ana kimi müqəddəssən?..
Molla Qafarı gülmək tutdu:
"Eləmişəm. Sakit ol" - dedi.
Sarı Həmid elə bil
yüngülləşdi: "Deyirəm axı... Adam lap təmiz adamdan qorxur. Yaxşı
ki, o qədər təmiz deyilsən. Bizlərdənsən,
doğmasan.Yoxsa sən hara, Məryəm ana hara?"
Molla Qafar: - Cavanlıq səhvidi də,
Həmid. Cahil olmuşam. Bilməmişəm.
And olsun Allaha, o sarışının
anasından başqa daha heç bir günahım olmayıb.
- pıçıldadı.
- İnanıram. Arvad mənə deyir ki,
Molla Qafar heç vədə günah iş tutmaz. O, pak
adamdır. Uşaq onun deyil. Həkimlər
çaşıb... Amma sənə
oxşayır e, Qafar.
Molla Qafar köksünü
ötürüb: "Oxşamağı başına dəysin.
İndi də molla olmaq fikrinə düşüb" - dedi. Və əliylə döşəməyə dayaq
verib ayağa qalxdı. İşin qəribəliyindən
Sarı Həmid də yerindən hövlnak dikəlib: "Sarılardan
Molla ola bilməz bəyəm?" - soruşdu.
Molla Qafar sarı Həmidə
cavab verməyib məsciddən çölə
çıxdı.
Sarışın kəndə
də, kəndlilərə də çox tez
alışdı. Elə bil burda doğulmuşdu. Buranın havasına təndi. Elə
bil, Armavir dediyin yer elə buraydı. Bir ayın
içində təmiz kənd ləhcəsiylə
danışmağa başladı. Kəndin
adamı kimi itini də, atını da özünə öyrəşdirdi.
Onsuz nə yas oldu, nə toy. Bir gün onu görməyəndə kənd
adamları darıxdılar. Gülərin dədəsi
belə hər dəfə görüşəndə
sarışının alnından öpüb ona "Belə
oğulu Allah saxlasın", - dedi. Sarı Həmidin
sarışınla bağlı dediyi "son nəticə"
isə kəndə teleqram kimi gəldi. "Molla
Qafar Armavirdə Buratinonun dədəsi kimi
sarışını taxtadan qayırıb. Onun anası-zadı yoxdur. Molla
Qafar müqəddəs adamdır. Sarışın
da əllamədir." Burnunu deyə bilmərəm.
Adamın Allahı var, sarışının
burnu Buratino kimi bir o qədər də uzun
alınmamışdı. Amma onun da deyəsən
uzun yerləri vardı. Kəndin
qadını, qızı sarışını görən
kimi nədənsə ağıllarını itirirdi. Nə danışdığını, nə dediyini
unudurdu. Onun şəhvani haləsi
altında məst olub huşa gedirdi. Bütün
kənd ona qız soraqlayırdı. Molla Qafarı
görən qadınların elliyi bir ağızdan: "Qafar
qardaş, bu sarışını evləndir, getsin. Gözü-başı qaynayır. Bir iş
çıxaracaq" - deyirdilər. Axırda
evlənmək məsələsini sarışının
özü həll etdi. Dul qalmış Səkinə
arvadın xırda qızı Nazlı ilə harda
danışdı, nə danışdı, heç kəs
görmədi. Əvəzində bir
gün hamı onu gördü ki, Nazlı sarışından
hamilədi. Və məsələ
Nazlının qarnı kimi şişib. Molla
Qafar bu şişkinlikdən sonra məcbur olub məktəbin
qarşısındakı yaşıllıqda
sarışına tələsik toy elədi. Və elə
bil ki, o toydan sonra sarışın bir az
da qaralıb kəndlilərə qarışdı.
Oğlanın sarışınlığı elə bil bir az avazıdı. Daha onu kəndlilərdən
ayırmaq olmurdu. Deyirdin onu anası Valentina
yox, Gülər doğub. İçində paslı
mıx kimi ilişib qalmış keçmişinə nifrət
edə-edə, Gülərin qədimi üzüyünü sarışın
üçün Nazlının qalın barmağına taxan
Molla Qafardan savayı hamı sarışını sevirdi. Elə bil onun üzündə şeytan tükü
vardı. Görən gədəyə
vurulurdu. Sarışın evlənən
gündən Molla Qafarın evində qalmadı. Özünə kəndin ucqarı sayılan
"Çaqqal dərəsi"ndə taxtadan təzə
daxma qaraltdı. Molla Qafardan savayı, hamı ona alışdı. Ancaq Molla Qafar baş verənləri anlamaya-anlamaya qəzaya,
qədərə bağladı. İlahinin
imtahanına yozdu. Sonda axırının
xeyir olmasını Allahdan istəyib istixara elədi. Sarışınla Molla Qafar çox az-az
danışardı. Az-az görüşərdi.
Molla Qafar sarışından ürəyinin
gizlinində qorxardı. Üzündə-gözündə
dolaşan qırmızı şəhvanilik Molla Qafarı diksindirərdi.
Sarışının Qafarın ürəyindən
xəbəri yox idi. Kimi gördü, harda
gördü çənəsinin altına salıb saatlarla
atasından danışardı. Hansı
işin qulpundan yapışır-yapışsın,
aşırardı. Əlindən hər iş gələrdi.
Armavirdən gələndən kəndlilər
üçün aran yerdə yeddi sulu quyu
qazmışdı. Kəndə dağlardan bulaq suyu çəkmişdi. Yolları, körpüləri təkbaşına təmir
eləmişdi. Hamı başına and
içirdi. Kəndə birinci velosipedi,
motosikleti də o gətirmişdi. Gedib
şəhərdən kreditə götürdüyü
televizorları bir-bir kənd evlərinə paylamışdı.
Bütün kəndi türk seriallarına
alışdırmışdı. Uşaqlar
o gələndən sonra serial dillərində dil
açıb, serial qəhrəmanları kimi
danışırdılar. Dünən isə
Qafarın evinə gəlib xahiş etmişdi ki, "ona
mollalığı da öyrətsin. Molla
olmaq istəyir". Molla Qafar sarışının
anasını xatırlayıb ilk dəfə ona qəti
"yox" demişdi. Onların arasına düşən
çat da bu qəti "yox"dan sonra başladı.
Sarışın üzdən
Qafara oxşasa da, əməllərindən
oxşamırdı. Əməllərində biclik vardı.
Kəndi özünə məqsədsiz yerə ram etmirdi. Qafarı da ən çox qorxudan buydu. Ona həyatın ləzzəti kədərindən
yaxın idi. Sarışın ölümdən,
Allahdan qorxmurdu. O, heç nədən
qorxmadığı üçün qorxuluydu.
Sarışın həyatı an bilirdi. Və bu anı öz xeyrinə dəyişməyi
sevirdi. Axirəti anlamırdı və qəbul
etmirdi. O, həzz adamıydı, tövbəsi yoxdu. Allaha təslim olmamışdı. Özünə qadağa qoyanlardan deyildi. O,
indi, bu gün, bu dəqiqə olanlardan ləzzət
almağı sevirdi. Onun üçün nə
keçmiş var idi, nə gələcək. O indinin
adamıydı. Məzluma qalib gəlirdi. Özündən zəifi
bağışlamırdı. Qadağaları
belə həyasızcasına ləzzətə çevirirdi.
Adam var ki günah etdiyini biləndə qorxur.
Günahı təninin ağlı ilə etsə
də, daxildə peşmançılıq çəkir.
Bu daxil onun vicdanıdır. Etdiyi günahın əziyyətini
illərlə yaşayır. Belə adamın
nizamı, daxili yazısı imandandır. Özü
dərk etməsə də, nizamı Allahdandır. Adam da var ki, etdiyi günahdan həzz alır. Günah edəndə və sonra heç bir
peşmançılıq çəkmir. Sarışın
günahından belə həzz alanlardan idi. Onun yazısında peşmançılıq yox idi.
Günah elə bil onun qanında, canında idi.
Molla Qafar da buna görə ildırım kimi
ömrünə daxil olmuş sarışının molla
olmasını istəmirdi. Ona görə
yox ki, sarışın imana gələ bilməzdi. Ona görə ki, sarışın imanı belə
öz iradəsi ilə dəyişəcəkdi. Onun buna gücü və iradəsi
çatacaqdı. Bu gücü Molla Qafar
sarışında görürdü. Elə
ona görə də ondan qorxurdu. Sarışın
atasının qəti "yox" deməsindən sonra bir də
bu məsələyə qayıtmadı. Başını
aşağı salıb xarratlığı öyrəndi.
Amma bu "yox"dan sonra gözlərində qəribə
bir gülüş əmələ gəldi. Bir müddətdən sonra onun
xarratlığından da dastanlar danışılmağa
başlandı.
Sarışının gəlişindən
sonrakı həyat təzə-təzə məcrasına
düşürdü ki, dəhşətli xəbər kəndi
sarsıtdı. Molla Qafarın kiçik qızı Sənubər
günün günorta çağı yoxa çıxdı.
Əvvəlcə Molla Qafar, sonra bütün kəndlilər
ətrafı ələk-vələk elədilər. Xeyri olmadı. Elə bil qız
yağlı əppək olub göyə çəkilmişdi.
Gördüm deyən yoxdu. Şəhərə
zəng vurub polis çağırdılar. Polis iki
günlük axtarışlardan sonra qızı
"Çaqqal dərəsi"nin
arxasındakı lal uçurumdan ölü tapdı. Onun çaqqallar didmiş, gözəl tənini
Gülərin tükürpədici ah-vayı altında şəhər
xəstəxanasına apardılar. Qızın
bədənini ekspertiza etmək üçün yarmış
pataloq-anatom eşiyə çıxan kimi Molla Qafarı
otağına dəvət etdi. İçəridə
ondan: "Qızının hamilə olmasından xəbərin
var idimi?" - soruşdu. Molla
Qafar Sənubərin ölməsindən çox, hamilə
olmasından sarsıldı. Axı Sənubər
körpə uşaq idi. Evdən eşiyə
çıxmırdı. Məktəbə
getmirdi. Oğlanla görüşmək nədir?
Bir də kənddə onunla yaxınlıq edəcək
ərgən oğlan uşağı demək olar ki, yox idi.
Molla Qafar daha bir sirri ürəyinə
gömüb kəndə qayıtmalıydı. Buna ürəyi dözəcəkdimi? Bu sirri kimə deyəsən? Necə
deyəsən? Həkimdən də, polisdən
də məsələni ağartmamağı xahiş edib,
ciblərinə pul basdı. Onlar Sənubərin
ölümünü intihar kimi qeydiyyata salıb, işi
bağladılar. Molla Qafar ölüm
kağızlarına son dəfə qol çəkəndə
müstəntiqdən: "Uşaq neçə aylıq
idi?" - soruşdu. Müstəntiq:
"O, qədər də böyük uşaq deyildi" -
dedi. Molla Qafar o hadisədən sonra heç kimlə
kəlmə belə kəsmədi. Günlərlə
dinib-danışmadı. Dəli kimi tək
gəzib, tək dolaşdı. Sənubərin
ölümünü öz günahına yazıb içinə
çökdü. Qızının qatili kim
idi? Onu kim zorlamışdı? Görəsən o adamla üz-üzə gəlsəydi,
Molla Qafar özünü necə aparacaqdı? Allahı unudub o
adamı öz əlləriylə boğacaqdımı? Görəsən, Allah Sənubərin
ölümüylə ona nə demək istəyirdi? Onu bu ağır imtahana niyə çəkirdi?
Nəyi anlamalıydı? Səhvi
nəydi? Nə günah etmişdi?
Sarışın Sənubərin
yasında əldə-ayaqdaydı. Hamıdan çox
ağlayırdı. Hamıdan bərk
danışırdı. Gələnin, gedənin
qulluğunda dururdu. Kənd cavanları kimi
Sənubərə yas tutub saqqal da saxlamışdı. Ağsaqqallar onun Molla Qafara bir hədiyyə
olduğunu deyirdilər. Ağbirçəklər
yanında yaşmaqlanmırdılar. Sarışın
hamının məhrəminə, doğmasına
çevrilmişdi. Təkcə Molla Qafar
sarışına tərəf gözünün ucuyla belə
baxmırdı. Başına gələn
bütün bədlikləri onun adıyla
bağlayırdı. Ondan haçansa gələcək
daha böyük təhlükəni ağlı ilə dərk
edə bilməsə də, hiss edirdi. Bundan
artıq nə təhlükə olacaqdı? Gözəl-göyçək Sənubəri kimsə
aldadıb zorlamışdı. O da təhqirə dözməyib
özünü uçurumdan aşağı
atmışdı. Molla Qafar bu vicdansızı
tapıb öz əliylə boğmalıydı.
Şübhələndiyi adam da vardı. Öz oğlu sarışın. Bunu
ona necə sübut etsin? Sübutu yox idi.
Gümanı min yerə getsə də, imanı
onu addım atmağa qoymurdu. Bəlkə
bu işi heç sarışın eləməyib. Onda kim eləyib? Nə qədər
düşünürdü sarışından savayı
ağlına heç kim gəlmirdi. Kənd adamları
halal süd əmmiş adamlar idilər. Onlardan heç
kəs belə bir iş eləməzdi. Sənubərin
özü də imanlıydı. Onu aldada biləcək adam ancaq doğma adam ola bilərdi.
Molla Qafar gecələrin
birində heç zaman açmadığı qapını təpiklə
açıb sarışının daxmasına girdi. Nazlı yeni
doğulan oğlunu əmizdirirdi. Sinəsini
örtüb utana-utana ayağa qalxdı. Sarışın
divanda uzanmışdı. Molla Qafarın
içəri girdiyini görüb döşəməyə
atıldı. Ən əvvəl
sarışın Molla Qafarın əllərinə baxdı.
Onun silahsız olduğunu görüb
toxdadı. Kandarda durmuş Molla Qafarın
üzündəki kədəri gördükdən sonra isə
istehza ilə gülümsündü. Bu
gülüş Qafarın gözündən yayınmadı.
Sarışın əllərini irəli açıb: "Belə,
atam evimə xoş gəlib" - dedi. Molla Qafar
Nazlının əlindən uşağı zorla çəkib
aldı. Bir həmlə ilə
uşağı soyundurub işığın altına tutdu.
Sarışının oğlu ona yad
göründü. Uşaq başqa qandan
idi. Molla Qafarın nəslində belə
oğlanlar doğulmurdular. Molla Qafar nifrətlə
sarışına baxıb: "Başqa qadından
uşağın yoxdur?" - xəbər
aldı. Sarışın irişə-irişə: "Xeyr,
ata. Mən ancaq öz ailəmdə uşaq əkirəm"
- dedi. Molla Qafar ucadan ağlayan lüt
uşağı Nazlıya qaytarıb diqqətlə
sarışının gözlərinin içinə
baxdı. Beləcə bir xeyli baxandan sonra: "Mən o
işin axırına çıxacam" - dedi. Və çevrilib otaqdan çıxdı. Nazlı Molla Qafarın qəfil hirsini
anlamadığından qorxub ağlamsındı. Sarışın arvadından fərqli olaraq Molla
Qafarın gəlişinə sevinmişdi. Elə bu
sevinclə də əllərini
bir-birinə sürtüb Nazlının yanağından
öpdü. Sonra da: "Yemək gətir, acmışam"
- dedi.
Sarışının gəlişi
Molla Qafarı çox dəyişmişdi. Bunu Gülər də hiss
edirdi. Daha Quran oxuyub, ibadətlə məşğul
olmurdu. Namazından, orucundan
qalmışdı. Bütün
günü Allaha çətin imtahan verirəm deyib gözlərini
bir nöqtəyə zilləyərdi. Məktəbə
də həvəsi qalmamışdı. Daha din dərsləri
keçmirdi. "Zamanı gələndə
uşaqlar özləri Allahı qanacaqlar. Allah
kitablarda deyil, əməllərdə imiş" - deyib məktəbdən
yayınırdı. Həyatdan da ləzzət
almırdı. Sağ qalmış
yeganə qızı Ayişənin üzünü belə
görmək istəmirdi. Ancaq taxtın
üstündə oturub papiros çəkə-çəkə
nə haqdasa düşünürdü. Adam
içində olanda belə öz-özüylə
danışırdı. Yuxudan hövlnak
oyanıb səbəbsiz yerə ağlayırdı. Kimisə
bərkdən söyüb: "Səni gec-tez öldürəcəm"
- qışqırırdı. Bir gecə Güləri yuxudan
qaldırıb: "O, mənim
günahımdır, dirilib arxamca gəlib. Ömrümdə
bir dəfə günah etmişəm. Onun da bədəli
qızım Sənubər oldu" - demişdi. Molla Qafar Gülərdən
də soyumuşdu. Daha heç kəsi
sevmirdi. Bütün günü öz aləmindəydi.
Səhər-axşam sərasər
sarışını düşünürdü.
Görəsən sarışın kim idi?
Onu Qafarın evinə kim göndərmişdi?
Sənubəri kim zorladı? Allah bütün bu olanlardan xəbərdardırmı?
Onun hökmü olmadan bu dünyada heç nə
baş vermir. Niyə bu baş verənlər
onun başına gəlir? Tanıdığı
bütün adamların günahı vardı. Onlarındamı günahları sarışın təki
arxalarınca gəlib nizamlı həyatlarını
alt-üst edib? Yoxsa Allah ancaq sevdiyi bəndələrini
imtahana çəkir. Axı o,
sarışının anası Valentinanı fahişə etməmişdi.
Hamı kimi o da Valentinadan bir neçə
günlük həzz almışdı. Bu
idimi onun günahı? Bu günahın əvəzi
günahsız Sənubər olmalıydımı? Həmin
gecə Valentina ilə gör neçə kişi
əylənmişdi. Bəs necə olmuşdu
ki, Valentina ondan uşağa qalmışdı. Allahdan gələn bəla ilə barışmaq
çətin imiş. O, bu çətin yolu seçsə
də, özüylə artıq bacarmırdı. Sarışını öldürmək istəyirdi.
Qisas almaq fikrindəydi. Belə olan zamanlar
görəsən iradəsini kim idarə
edirdi? Özümü? Son
günlər buna şübhə edirdi. Sarışın
ondan evini, sevgisini, illərlə yaratdığı
könül nizamını və nəhayət,
qızının canını istədi. O, bütün
bunları ona könüllü verdi.
Özündən asılı olmadan sevgi ilə verdi. Sarışın gəlişi
ilə onun sakitliyini pozdu. Onu dəyişdi,
kiçiltdi, alçaltdı və şübhələrə
saldı. Bu gəliş qədər idimi?..
Tale idimi?.. Yazı idimi?..
O, bütün bunlara dözür. Qiyam etmir.
Sonda sarışın imanının, sevgilərinin, yəqinliyinin
davamı olmaq istədi. Burda o,
sarışının fahişə oğlu olduğunu
xatırladı. Və onu öz davamı
kimi görməyə razı olmadı. Ona
görə razı olmadı ki, sarışının
anası fahişə idi. Fahişənin
oğluna imanmı etibar etmək olardı? Bax, burda imiş
bütün sualların cavabı. Molla
Qafar olanların niyə olduğunu nəhayət ki, anladı.
Həqiqət ona birdən-birə aşkar oldu.
Sənubərin ölümü özünü
sarışından üstün bilməsinin cəzası
imiş. Axı ona fahişəyə qiymət vermək
ixtiyarını kim vermişdi? Yəqin buna görə də qızı fahişə
kimi ölmüşdü. O, gərək gənc olan
zamanlarda da Valentinaya fahişə təki baxmayaydı. Onu məsum qız təki sevəydi. Bağışlayıb, qadını edəydi.
Görünür Valentina onun taleyi,
yazısı imiş. Və o, bunu anlamadan taleyinin
acığına, ziddinə gedib. Özünü
fahişədən üstün bilib. Bununla
da hansısa qanunları pozub. İndi də
bu səhvə görə Valentinanın oğlu ondan intiqam
alır. Bu idimi ilahi nizam? Axı o fahişəni necə sevmək olardı?
Bu suala Molla Qafar hələ də cavab tapa bilməmişdi.
Molla Qafar böyük
qızını çox sevirdi. Ayişə
doğulandan ağzı dualıydı. Dünya
elmlərinə meyli olmadığından Molla Qafar onu məktəbə
qoymamışdı. Evdə oturub taleyinə
boyun əyən bütün kənd qızları kimi Ayişə
də Allahından razı idi. Onun bu
dünya ilə höcəti yox idi. Barış
və hüzün ovqatına təndi. Özünə
karyera qurmağa çalışan fikri qarışıq
qızları Ayişə sevməzdi. Bacısı Sənubərdən
fərqli olaraq o
heç zaman icazə almadan evdən küçəyə belə
çıxmamışdı. Çox sadəlövh və
bir az da avam idi. Molla
Qafarı da ən çox qorxudan onun həddindən artıq
saf olması idi. Bacısının qəfil
ölümündən sarsılmış Ayişə mehrini
sarışına salmışdı. Bütün
günü onun yenicə doğulmuş körpəsi ilə əylənərək
başını qarışdırırdı. Bacısına olan nisgilini uşaqla ovudurdu. Sarışınla onun qəribə yaxınlıq
halələri vardı. Harda olurlar-olsunlar,
elə bil bir-birlərini maqnit kimi cəzb edirdilər.
Bir-birlərinə siam əkizləri kimi pərçimlənirdilər.
Bu təmasa ruhların savaşı da demək
olardı, doğma qəlblərin yaxınlığı da.
Onlar eyni dam altında olanda astral halələrinin
toqquşmasından qıcıqlanıb dəli kimi olurdular.
Bir-birlərini görməyəndə də
eyni cür olub otaqda var-gəl edirdilər. Bir yerdə olanda da, olmayanda da bir-birləri
üçün narahat idilər. Onların
arasında olan bu gərginlik ən çox Nazlıya ziyan idi.
Demək olar ki, gərginlikdən hər gün
Nazlının ürəyi gedirdi. Ayişə
də Nazlı kimi baş verən qəribəlikləri
anlamırdı. Bu olanların niyə
olduğunu dərk edə bilmirdi. Sarışın
onun qardaşı idi. Bu qardaşlıq ona
bəs idi. Son
zamanlar atasının tənhalaşması, anasının evdən
soyuması Ayişəni incidirdi. Ölənlə
ölmək olmazdı. Bir zamanlar kəndin
ən şən ailəsi sayılan ailələrinin daha
üzü gülmürdü. Sənubərin
ölümü evlərinə payız rəngi gətirmişdi.
Bir də bu evə çətin gün
doğardı. Sarışın isə
tamam başqaydı. Onun qəmi bircə
anda söndürməyə qadir gücü vardı. Və bu güc indi çətin anlarını
yaşayan Ayişəyə çox gərəkdi. Ayişə çox gözəl qız idi. Qonşu kəndlərdən belə elçiləri
vardı. Hər dəfə elçilərinə
bir bəhanə ilə yox deyib, işi yubadardı. Özü də niyə belə etdiyini bilmirdi.
Sanki bir səs
ona ərə getməyin hələ tez olduğunu
pıçıldayırdı. O da bu pıçıltıya
dinməz itaət edirdi.
Molla Qafar otağa girəndə
Ayişə namazını qılıb qurtarmışdı. Eləcə
döşəmədə dizi üstə oturub Sənubərin
bağışlanması üçün dualar edirdi. Atasının içəri girdiyini görüb
ayağa qalxmaq istədi. Molla Qafar
çiynindən aşağı basıb qoymadı.
- Allah namazını qəbul etsin,
qızım - deyib söhbətin uzun olacağına işarə
etdi. Hər dəfə söhbət uzun olanda
Molla Qafar nədənsə namazın qəbul olunmasından
başlardı.
- Çox sağ
ol, ata. - Ayişə də səsinin sakit tonu ilə
atasına söhbətə hazıram işarəsini verdi.
- Sən indi mənim yeganə
balamsan, Ayişə. Atanı dinlə. O
sarışından uzaq dur. Ondan bizə xeyir gəlmir.
- O sənin oğlun deyil, ata? - soruşan Ayişənin üzündə təəccüb
əmələ gəldi.
Molla Qafar bu suala cavab verməyib:
"Ondan bizə bəla gəlir, görmürsən?" -
dedi.
- Axı sənə kim
deyib ki, ömrün hamar olmalıdır. Həyatında
itkilər də olacaq, uğurlar da. İş
odur ki imtahandan üzüağ çıxmağı
bacarasan. Sənə dərd göndəriləndə
başqalarını günahkar bilməyəsən. Bəlkə elə günah özündədir?
Molla Qafar qızının dini məntiqini
sarsıda bilməyəcəyini anlayıb: "Bəlkə
gedib o sarışının evində yaşayasan?" - qışqırdı.
Ayişə atasına cavab
qaytarmadı.
Ayağa qalxıb otaqdan eşiyə
çıxdı.
Molla Qafar bilmədi neynəsin. Sarışının
adı artıq evinin içindəydi. Hər
yerdə, hamıda bir sarışın havası
yaranmışdı.
Molla Qafar dəhlizə
çıxıb qorxa-qorxa: "Gülər... Gülər"
- çığırdı.
Gülərin səsi gəlmirdi. Yəqin o da nəvəsinə
baş çəkməkdən ötrü
sarışının daxmasına getmişdi.
Bir səhər kəndə
böyük vəzifəli şəhərlilər gəldi. Klubun
qarşısında xırda toplantı keçirib Molla
Qafarı bələdiyyə sədri vəzifəsindən
çıxardılar. "Öz-özüylə
danışan bələdiyyə sədri bizə gərək
deyil" dedilər. "Bələdiyyə
sədri zirək olmalıdır, əkməlidir, biçməlidir,
qışa tədarük görməlidir. İşlək
olmayan bələdiyyə sədri kimə lazımdır?". Şəhərlilər
uzun sözlərinin axırında Molla Qafarın yerinə
sarışını təyin edib yenidən deyə-gülə
maşınlarına doluşdular. Gethagetdə arxa
maşının açıq şüşəliyindən
başını çölə çıxarmış bir
suyuşirin qadın Molla Qafara: "Molla, balta xaltanı kəsdi
ha" - deyib ucadan güldü. O gülən, bu gülən,
Molla Qafara elə gəldi ki, bütün kənd ona
gülür. O gündən Molla Qafar gülüşdən də
qorxub yan gəzdi.
Sarışın bələdiyyə
sədri olan kimi qollarını çırmalayıb işə
girişdi. Başlanğıc üçün məktəbdə
ingilis dili kursları yaradıb, İngiltərə səfirliyini
kəndə dəvət etdi. "Çaqqal
dərəsi"nə iki turist marşrutu açıb şəhərliləri
"ekstrim turlara" çağırdı. Əkinə yatan torpaqları varlı şəhərlilərə
satdı. İstirahət üçün
villalar tikdirib, restoranlar açdı. Torpaq
yolları asfalt yollarla dəyişdi. Və ən nəhayət,
kəndlilərə söz verdi ki, Armavirdən
kəndə dəmiryolu çəkdirəcək. Onun işləkliyi kənd uşaqlarını da
yerindən dəbərtdi.
Oğlanlı-qızlı ingilis dili
öyrənən kənd uşaqları Molla Qafardan
ağır dərslər tələb etməyə
başladılar. Onlar yeni texnologiyaları
öyrənmək istəyirdilər. Molla
Qafarın da dindən savayı heç nədən
başı çıxmırdı. Və beləcə
uşaqlar Molla Qafarın üzünə ağ
olub onu məktəbdən də qovdular. İki
gün sonra məktəbə şəhərdən yeni müəllimlər
gəldi. Və Molla Qafar məktəblə
də üzülüşdü. Onu məktəb
direktoru vəzifəsindən də çıxardılar.
Molla Qafarın bu qədər
kiçilməsi ən çox Gülərə təsir
etmişdi. Necə olsa Molla Qafar onun adıydı. Uşaqlarının atasıydı. İnsafən Molla Qafar ona pis ər
olmamışdı. Bütün
günü ailəsinə qul olub, pul qazanmışdı.
O ki qaldı qadınlarla əylənməyə, hansı kişi qadınla əylənmir ki? Təkcə bunun əməli misə dəyib səs
saldı. Bir də sarışının
kəndə yiyəlik eləməsi Gülərə yer eləmişdi.
"Yersiz gəldi, yerli qaç" olan
sarışın gələr-gəlməz atasının
bütün işlərini əlindən almışdı.
Amma adamın Allahı vardı. Molla Qafarın sağalmasını
sarışın da istəyirdi. Demək
olar ki, hər gün Gülərə "Sən Allah,
atamın üzünə yaxşı bax. Onun
buzunu əritsən, ancaq sən əridəcəksən"
- deyirdi.
Axşam Gülər ərinin
qarşısına çayı bir az yumşaq
qoyub gözünün altından üzünə baxdı. Kişinin cini çıxmışdı. Əməllicə sınıxmışdı.
Gülər ixtiyarsız olaraq əlini
qaldırıb ərinin tüklü üzünə çəkdi.
Molla Qafar duyğulandı. Başını
Gülərin ovcuna qoyub biləyini boynu ilə sıxdı.
Baxışları toqquşanda Molla Qafar
hönkürtüylə ağlamağa başladı.
Sözləri göz yaşına büküldüyündən
yamyaş idi: "Sənubəri
sarışın öldürüb. Ayişəni
də əlimdən alıb. Bir azdan səni
də məndən ayıracaq. Onunla
bacarmıram". Gülər əliylə
ərinin sözlərini sığallayıb sinəsinə
qısıldı. Molla Qafara bu təmas bəs
idi. Dizlərinə güc gəldi. "Kişi ağlamaz" - düşünüb,
toparlandı. Ayağa qalxıb otaqdan çölə
çıxdı. Ensiz cığırla
tövləyə çatıb taxta qapını
açdı. Samanlıqda gizlətdiyi əl
qumbarasını götürüb cibinə qoydu. Sarışının daxmasına çatana qədər
Allah kəlamlarını bilərəkdən
xatırlamadı ki, fikrindən dönməsin. Sarışının uşağını,
Nazlını düşünməməyə
çalışırdı. Sənubər
də uşağıydı. Sarışın
onu zorlayanda bunu düşünməmişdi. Ürəyiyuxalıq pis şeydir. Kişini kiçildir. Sarışın
onun azan ərazisinə girmişdi. Yaratdığı
nizamı pozmuşdu. Qızını
öldürmüşdü. Yəni
bütün bunlardan sonra Molla Qafar ondan qisas ala bilməzdi?
Sarışının daxması kənd evlərindən
aralıydı deyə həyəti uzaqdan
görünürdü. Nazlı həyətin
ortasında iri ləyəndə paltar yuyurdu. Uşaq da həyətdəydi. Əlində
tutduğu "qalac" çörəyini diddələyirdi.
Molla Qafar "Uşağın günahından azad oldum" -
düşündü. Sinə-sinə
daxmanın pəncərələrinə qədər gəlib
içəri boylandı. Sarışın içəridə
saçları çiyninə qədər
tökülmüş bir qadınla sevişirdi. Bu qadın kim ola bilərdi görəsən? Qafarın ürəyinə elə bil bıçaq
soxdular. Nazlının
günüsümü var? Sarışın
ikinci arvad alıb? Axı Nazlı evdə ola-ola
sarışın bura
başqa qadın gətirə
bilməzdi. Onun işindən Allah da baş
çıxarmır. Ondan ancaq qumbara ilə
qurtulmaq olacaq. Molla Qafar çox gözləyə
bilməzdi. Gülər duyuq
düşüb kəndi ayağa qaldıra bilərdi. Əl qumbarasını cibindən
çıxarıb halqasını çəkdi. Pəncərənin
şüşəsini
yavaşca taqqıldatdı ki, sarışın səsə
tərəf gəlsin. Sarışından qabaq
sevişdiyi qadın səsə boylandı. Molla Qafar şüşəni yumruqları ilə
sındırıb, qumbaranı içəri atdı. Səsə çevrilib döşəməyə
düşən qadının Ayişə olduğunu ancaq
qumbara partlayandan sonra gördü. Qumbara
Ayişənin sinəsində partladığından
qızın bədəni bircə anda tikə-tikə oldu.
Sarışın Ayişənin parça-tikə olmuş bədəninə
paltar geyindirə-geyindirə: "Molla Qafar bacımı
öldürdü, ay camaaat" - deyə bağırdı. Molla Qafarın dili-ağzı qurumuşdu. Nə edəcəyini, nə deyəcəyini bilmirdi.
Haçandan-haçana özünə gəlib
Ayişənin üzünə baxdı. Ayişə
doğrudan da üzdən sarışına bənzəyirdi...
Molla Qafarı həmin gecə
həbs etdilər.
Altı ay sonra məhkəmə ona
ömürlük iş kəsdi.
Qərar Molla Qafarın
üzünə oxunduğu gün məhkəmə salonuna
sarışın da gəlmişdi. O, arxa sıraların birində əyninə
qara paltar geyinmiş Gülərlə yanaşı
oturmuşdu. Gülər nədənsə
gözlərinə qara eynək taxmışdı.
Dodaqlarının boyası da bir az
artıqdı. Bu kiçik detallar dəmir
barmaqlıq arxasında oturmuş Molla Qafarın gözündən
yayınmamışdı. Məhkəmə
iclasının keçirildiyi zaman sarışın Gülərin
əlini dizinin üstünə qoyub buraxmamışdı.
Vəkili Molla Qafara Ayişənin də hamilə
olduğunu söylədiyi an isə hər şey ona gün
kimi aydın olmuşdu. Ən qəribəsi
bu idi ki, heç kəs sarışının bu işləri
edə biləcəyinə inanmazdı. Heç kəs
onun günahkar ola biləcəyini
ağlına belə gətirməzdi. Əksinə,
bütün kənd onun qeyrətli oğul olmasından
danışırdı. Bu insanların
gözü görəsən necə
bağlanmışdı? Yaxşı, deyək
ki, kəndlilər avamdı? Bəs
müstəntiqlər? Axı Molla
Qafarın hər iki qızı hamiləydi. Bunu kimsə etmişdi də. Qızlar
öz-özünə hamilə olmamışdılar ki?
Molla Qafar qızlarının
sarışınla yatmasını tədqiqatdan gizlətsə
də, özündən gizlətməmişdi. Bəs niyə onun özü belə bu sirri
açmırdı? Ona nə mane olurdu?
Adam içinə çıxmaqdan
utanırdı? Onsuz da daha
adam içinə çıxmayacaqdı. Ömürlük həbs olunmuşdu. Sarışın uzaqdan diqqətlə ona
baxırdı. Molla Qafar hiss etdi ki, sarışın onun
alçalmasını, sındığı, Allahdan üz
döndərdiyi anı görmək istəyir. Sarışın
nəfs idi. Sarışın günah idi.
Sarışın hər nə idisə adam
deyildi. Molla Qafar özünü toplayıb
sarışının gözlərinin içinə
baxdı. Sarışının gözləri
gülürdü.
Nəhayət, Molla
Qafarın üzünə hökm oxundu.
Onu bir neçə dəqiqə
sonra məhkəmə salonundan həbsxanaya aparacaqdılar. Molla Qafar
ağır-ağır ayağa qalxdı. Çevrilib
Gülər tərəfə baxdı. Baxışları
ilə olsa da qadını ilə halallaşırdı. Gülər salonun ortasında sarışını
sinəsinə sıxıb ağlayırdı.
Sarışının əli Gülərin bu gün bir az dik görünən döşlərinin
üstündəydi. Gülər də sarışını
bir az başqa cür
qucaqlamışdı. Əyninə geydiyi qara paltarının
ətəyi bir az yuxarı
qalxmışdı. O, əvvəllər belə paltarlar geyinməzdi.
Sarışın Molla Qafar görsün deyə,
sağ əlini yavaş-yavaş Gülərin kürəyindən
aşağı sürüşdürüb arxasında
saxladı. Və salondakı qarışıqlıqda
Gülərin yumru
arxasını sığallamağa başladı. Qəribəsi bu idi ki, Gülər də onun əlini
geri itələmirdi. Molla Qafar nə deyəcəyini,
nə edəcəyini bilmədi. Yerə
tüpürüb salondan eşiyə çıxdı. Addımını atdıqca qollarını sıxan
qandal qəribə səslər çıxarırdı.
Maşına minənə qədər Molla Qafar
heç nə düşünə bilmədi. Yenə olanları Allahın ixtiyarına buraxdı.
Ancaq gecə təkadamlıq kamerada
işıqlar söndürüləndən sonra Molla Qafar
döşəməyə çöküb üzünü
göyə tutdu və utana-utana pıçıtıyla kimdənsə:
"Sən hələ ordasan?" - soruşdu...
Və birdən qulaqlarına
açıq-aydın sarışının səsi gəldi:
"Əlbəttə, burdayam... harda olacam?"
Orxan Fikrətoğlu
Ədəbiyyat qəzeti.-
2018.- 17 fevral.- S.20-23.