Mənə Kürçaylının evini göstər

 

Mən onun özünü görməmişəm. Amma çox sevdiyim şair olub, Əliağa Kürçaylı. Şeirlərini sevə-sevə oxumuşam o qədər oxumuşam ki, birbaşa yaddaşıma köçüb.

Yaxşı yadımdadı, uşaq idim, dedilər ki, Kürqaraqaşlı kəndində Əliağa Kürçaylı Kür çayının sahilində özünə ev tikdirib. Axı həm biz  ən yaxın qonşu kənddənik. Atam rayona gedəndə ağlaya-ağlaya dalınca düşürdüm ki, məni apar o kənddən keçəndə balaca "Alabaş" avtobusunun pəncərəsindən boylanıb, deyirdim: "Ata, mənə Kürçaylının evini göstər".

Maraqlıdır, şair fevral ayının 20-si dünyaya gəlib, mən həmçinin. Onun qızının adı Ülkər olub, oğlunun adı Ülfətdir. Mənim həmçinin  qızımın adı Ülkər, oğlumun adı Ülfətdir. Yəqin bu qismət  şairə olan böyük sevginin təsadüfüdür.

Mən Ə.Kürçaylıdan çox, lap çox danışaram, amma duyğularımı misralara çevirsəm yaxşıdı.

 

Getdi üzü küləyə                                                                                          

 

Hər şeiri min xatirə,

Bir tarix yaşadı o.

Ömrü boyu qəlbində,

Arzular daşıdı o -

Çatdı üzü küləyə.

 

Daddı ömrün qışını,

Elə çatdı qaşını,

"Daş-kəsəklə" başını  -

Qatdı üzü küləyə.

 

İstəyi min olmadı,

Qəlbində kin olmadı,

Yuxusu çin olmadı -

Yatdı üzü küləyə.

 

Heç vurmadı başacan,

Ölüm göznən qaşacan,

Ülkəri ilə qoşaca -

İtdi üzü küləyə...

 

Sözü günəşli - aylı,

Bəxti payızlı - yaylı,

Ölmədi ki, Kürçaylı -

Getdi üzü küləyə...

 

Fərqanə Mehdiyeva

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.25.