Kürçaylı küçəsi

 

Aldım sorağını payız fəslində -

Gəlib hüzuruna kövrəldim yaman;

Sən qədim Salyanın xəritəsində

Bir uzun ömürlü meridiansan.

 

"Durnalar"… köç edir qaqqıldaşaraq,

Dəstəyə olub, öncül hansıdır?

Məktəbdən qayıdan o dalğın uşaq

Bəlkə sabahın Kürçaylısıdır?

 

Budaqdan özünü asıb heyvalar,

Saralmaq - ayrılıq, qəm rəngidirmi?

Bağrından qan sızan o gülöyşə nar

Vəfalı Ülkərin ürəyidirmi?

 

Demə rübabının susur telləri,

Demə gülşəninə hicran daş atıb, -

Sən onun adaşı olandan bəri

İşığın güclənib, şöhrətin artıb.

 

Bir ucun qovuşur Kür sahilinə,

Kimin nəfəsidir bu həzin külək?

Kürçaylı küçəsi, əzizsən mənə

Kürçaylı şeirinin son misrasıtək!

 

Ülkər

 

Bu zəlzələdir - qopdu qəfildən?

Ülkər, ürəkləri yandırıb-yaxdın!

Atandan ayrılmaq istəməyib sən

Atanla əbədi səfərə çıxdın

 

Evdən dənizədək - iki min addım,

Otuz dəqiqəlik o vaxt da tarix!

İyirmi üç illik ömür yaşadın,

İşə bax, gün tarix, həyat da tarix!

 

Evdən dənizədək nəyi düşündün?

Süzüldü göz yaşın duru su kimi;

Gör neçə dodaqda nəğməyə döndün

Təşnə ürəklərin arzusu kimi

 

Körpə yazıları məzəli Ülkər!

Şair Kürçaylının gözəli Ülkər!

Yerdən, səmadanmı inciyib, söylə,

Gedib qucaqladın Xəzəri, Ülkər?!

 

Ömrün - ucalığa bünövrə, zəmin,

Səni öz qoynuna ulduzlar çəkər.

Babalıq qismətim olsa - nəvəmin

Ülkər qoyacağam adını, Ülkər!

 

Oqtay Rza

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.25.