Yol yoldaşın Ramiz Qusarçaylı şeiridirsə,
Nə söz bitəsidi,
nə dünya qurtarasıdı
Bəzən belə bir sualla
qarşılaşırıq: Hər hansı bir yerə gedəndə,
özünüzlə hansı kitabı aparardınız? Sual verilən andakı situasiyaya görə müxtəlif
cavablarımız olsa da, təklikdə
öz-özümüzə götür-qoy edib ən
yaxşı nəticəyə gəlirik.
Uşaqlıqdan şeirə
hədsiz sevgimin olduğunu etiraf etməliyəm. Məmməd Arazın, Cabir
Novruzun, Musa Yaqubun, Məmməd İsmayılın, Əli Kərimin,
Vaqif İbrahimin, Eldar Baxışın şeirləri məni
daha çox cəlb edir, onları daha çox oxuyurdum. Orta məktəbin 8-ci sinifində oxuyanda isə yolum
Qubada Ramiz Qusarçaylı ilə kəsişdi. Şeir yazdığım ilk illərdə
qarşıma çıxan və mənə bu sehrli söz
aləminin incəliklərini mənimsədən, öyrədən,
daha çox sevdirən Ramiz Qusarçaylının sayəsində
kortəbii olaraq oxuduğum həmin imzaların poetik söz xəzinələrindəki
cilaları daha aydın görə bildim. Zaman
keçdikcə bir özündən deyəndə beş də yuxarıda adını çəkdiyim
şairlərdən deyən Ramiz Qusarçaylının həmin
"birlərinin" heyranı olduğumu da etiraf etməliyəm.
Ötən əsrin səksəninci
illərinin sonu, doxsanınıcı illərinin əvvəllərində
nəşrə başlayan və dövrünün ən
sanballı, dəyərli imzalarını, həmçinin
istedadlı gənclərini ətrafına toplayan "Gənclik"
jurnalının bir nömrəsində oxuduğum və əzbərlədiyim
"Torpaq" şeirinin müəllifinin Ramiz
Qusarçaylı olması isə mənim ona qarşı olan
oxucu sevgimin ölçüsünü birə-beş
artırmışdı.
İş elə gətirdi ki,
yaradıcılıq həvəsi məni 8-ci sinif şagirdi
kimi Qubada, rayon mərkəzi kitabxanasının ensiz və
uzun oxu zalında həftədə bir dəfə keçirilən
"Ay işığı" ədəbi məclisinə
aparıb çıxartdı. Burada söylənilən
şeirlər haqqındakı fikirlər, xüsusən Ramiz
Qusarçaylının güzəştsiz tənqidi qeydləri,
qələmi, Don Kixotun qılıncı kimi sağa-sola
"hərləməyin" mənasız olduğunu deyirdi.
Elə həmin ildə oxuduğumuz
liseydə yaradılan dərnəklərdən biri də
Poeziya dərnəyi idi ki, burada həftədə 2-3 dəfə
1 saat olmaqla Ramiz müəllim mənim kimi 5-6 yaradıcı məktəbliyə
sözün sehrindən, şeirin ruhundan, poeziyanın əsrarəngiz
dünyasından heyranlıqla danışırdı. Hər gün "şeir" adıyla
yazdığımız qafiyəli-qiyafəli bəndlər
haqqında səbirlə, bizi incitməyəcək şəkildə
fikirlərini bildirirdi. Biz isə bu söz
adamının səbrinin qəniminə çevrilməkdən
yorulmurduq. Növbəti dərnəyə kimi mütləq
iki-üç "şeirimiz" hazır olurdu.
Beləcə günlər, həftələr,
aylar, illər geridə qaldı. Bu zaman müddətində
Ramiz müəllimlə münasibətlərimizin miqyası
da böyüdü, onun xeyir-duasıyla
çıxdığım yolda, nə yaxşı ki, ustad
dediyim adamın əziyyətlərini boşa
çıxarmadım.
Bu məqamda yazımın əvvəlinə
qayıtmaq istəyirəm. Hə, o dediyim sual ki,
var ha, özünüzlə hansı kitabı götürərsiniz?
Nədənsə mənim ağlıma həmişə
şeir kitabı gəlib. Çünki
darıxanda şeir oxumaq istəyirəm, tək qalanda şeir
oxumaq istəyirəm, ruhumu ekstaza gətirmək istəyəndə
şeir oxumaq keçir içimdən. Qəribədir
ki, ilk olaraq da Ramiz Qusarçaylı şeirləri
yaddaşımın şüşələrini
taqqıldadır. Belədə "Torpaq" şeirindən
beytləri, bəndləri pıçıldayıram
öz-özümə:
Dinirəm, səsimdən torpaq
tökülür,
Sususram, dil açıb
danışır torpaq.
***
Torpaq daşıyıram kirpiklərimdə,
Bir gün gözlərim də
çiçəkləyəcək.
***
Ölsəm gözlərimə torpaq
tökməyin,
Yeyib qurtarmışam torpaq
payımı.
***
Dolub gözlərimə ovunur torpaq,
Axşama az
qalıb, dözüm birtəhər.
Bir azdan mənimçün Günəş
çıxacaq,
Bir azdan mənimçün
doğacaq səhər.
"Vətəndə öz
yeri olmayan kəsin, qürbətdə məzarı şaxta
olacaq" ağrısının şaxta soyuqluğu kəsir
adamı. Bu
şaxtalı misraların poetik alovundan Ramiz
Qusarçaylının öz içində
qaladığı tonqalın
çırtıltısını eşidirsən və
sözlərin yanğısı qarsır şeiri
duyanların ürəyini:
Yalar üst-başımı qara
işıqlar,
Sarılar boynuma söyüd
gileylər.
Günü kef qarışıq, laf
qarışıqlar
Mənim tər
qarışıq şeirimi neylər.
Ramiz Qusarçaylının
özü də yaxşı bilir ki, oxucuların
axtardığı elə "tər qarışıq
şeirlər"dir. O şeirləri də Ramiz müəllimin
yazdığı hər misra boyu tapa bilirlər. Çünki,
R.Qusarçaylı şeiri başdan-başa poeziyadı, təbiətin
rəsmidir, ən əvvəl isə milli düşüncəylə
yoğrulmuş vətəndaş harayıdır.
Xalq şairi Məmməd
Araz əbəs yerə demirdi ki, "Ramiz
Qusarçaylının şeirlərindən böyük
zövq alıram", yaxud digər xalq şairi Bəxtiyar
Vahabzadə "Onda söz əllaməçiliyi yoxdur. Hisslər
büllur kimi saf, fikirlər su kimi dumdurudur" sözlərini
elə-belə söyləmirdi. Xalq şairi Zəlimxan
Yaqub isə Ramiz Qusarçaylını "Şəxsiyyətinə,
yaradıcılığına dərin hörmət bəslədiyim,
şeirlərini sevə-sevə oxuduğum, hər şeirində
təzəlik, hər misrasında yenilik gördüyüm, Vətənimizin
saf, milli və doğma bir şairi kimi dəyər verdiyim,
öz işığı ilə ürəyimə nur
çiləyən, saylı-sanballı kitabları ilə
yaddaşımıza köçən qələm
qardaşım" kimi xarakterizə edir. Əjdər Ol isə
onu "Bənövşə, bal arısı və su
daşı"na bənzədir.
Nədənsə onun
şeirlərini oxuyanda gül-çiçək ətrini
duyursan.
Söyüd kölgəsində çay kənarında kəpənək
uçuşlarını seyr edib yağışın nəfəsini
hiss edirsən. Şairin bir bəndi var:
Səhərin zərində üzən
lək kimi
Düzəsən sətrinə
gül adlarını.
Tikana sancılan kəpənək
kimi
Meh döyə şeirinin
qanadlarını.
Doğrudan da onun şeirlərində
səhər mehinin xəfifliyi var, kəpənək
qanadının zərifliyi var, bənövşə ləçəyinin
zəifliyi var. Hansı misrasından başlasan mənasından
şeir damacaq.
10 il bundan əvvəl
Ramiz Qusarçaylının ən yaxın dostu (nədənsə
mənə elə gəlir ki, onlar bir-birinin dostu olmaqla
yanaşı, həm də bir-birini tamamlayan iki dəyərli
ziyalıdırlar) Zakir Məmmədin "Haqqın cəlalı
Qusarçaylı şeirində" adlı kitabı nəşr
olunmuşdu. O kitabı vərəqləyib ölkəmizin
dörd tərəfindən tanınmış və ya
tanınmamış imzaların Ramiz Qusarçaylı
haqqındakı fikirlərini oxuyanda, nə danım,
düzü qəribə bir qürur hissi də keçirirəm.
Çünki ömrümün üç ilini
məhz belə bir dəyərli şairlə demək olar ki,
hər gün qarşılaşmaqla, həftənin bir
neçə günündə söhbət etməklə, onu
dinləməklə keçirmişəm. Zakir müəllim
həmin kitabda öz qardaşı-dostu haqqında yazır:
"Ramiz Qusarçaylıda hər bir söz poetik yük
daşıyır. Elə şairlər var ki,
obrazı bütövlükdə şeirin və ya bəndin,
misranın üzərində qururlar. Ramizdə
poeziya sözdən başlayır. Şairin
demək istədiyini "sözlər başa
düşür". Söz şairin
ağıllı "buyruqçusudur".
Razılaşmamaq olmur. Çünki
doğrudan da Ramiz Qusarçaylı şeirinin hər
misrası qarışqa zəhmətlidir, hər mənası
qarışqanın özündən ağır yükü
ağırlığındadır. Elə buna görə
də günümüzün böyük ustad şairi Musa
Yaqub "Mən Ramizin şeirlərinin çoxdan məftunuyam"
- deyir.
Bu qan nə çox qaldı yerdə,
Yoxsa gedib ölüm bir də.
Mənə elçi gələn dərdə
Toy tuta bilmirəm, neynim.
***
Nərgizlər məst olub öz
qoxusundan,
Hər naxış
üstünə yüz ilmə düşüb.
Bir arı oyanıb qış
yuxusundan
Bir gülün canına
üşütmə düşüb.
***
Ömür əldə bağ kimidi,
Yollar yaşıl tağ kimidi.
Vicdan da papaq kimidi,
Atdın, üstə toz
yığılır.
Ramiz Qusarçaylı
poeziyası başdan-başa yuxarıdakı bəndlər
kimidi. Söz doludu, məna yüklüdü, fikir
ağırlıqlıdı, duyğu daşıyırlar, həssasdırlar.
Bir də şairin "Mən
kənddən çıxanda gecə yarıydı"
şeiri var. Gecənin yarısında kənddən
çıxanların yoluna Ay işığı kimi
işıq salan şeirdi. Arxada sevdiklərini,
doğmalarını, əzizlərini qoyub yola çıxanda
hər tərəf zil qaranlıq görünür, dünya
başına fırlanır qara kabus kimi. Amma
o şeir bambaşqa bir dünyadır. Xalq şairi Nəbi
Xəzrinin dediyi kimidir lap: "Ramiz Qusarçaylının
şeirlərini oxuyanda mənimçün elə bil
qaranlıq tunel qurtardı və qarşıda
işıqlı bir aləm gördüm". Bu
fikirlərdən sonra Ramiz müəllimin "Zülmət
qapısı" şeirini pıçıldamaq istəyirsən.
Həm də düz zülmətin
gözünün içinə. Çünki bu şeir
şairin zülmətlə savaşının şeiridir:
Mən işığı sevmək
üçün,
Gəldim zülmət
qapısına.
Gözümün son
işığını,
Sildim zülmət
qapısına.
Düşdüm yerin kor izinə,
Möhtac qaldım
gündüzünə.
Ağladım işıq üzünə,
Güldüm zülmət
qapısına.
Qəlbimdədir işıq
köçüm,
Ona görə işıq
içim.
Mən işığı doğmaq
üçün
Girdim zülmət
qapısına.
Mən də yeniyetmə
vaxtlarımdan Ramiz Qusarçaylının şeirlərilə
işığı tapdım. Bəlkə də elə
o şairin doğmaq istədiyi işığın
özüdür ki, yolumuza işıq salır.
Bu il 60
yaşını tamamlayan ustad şairin işığı təkcə
onun sözündən, şeirindən, poeziyasından boy
göstərmir, həm də bütöv varlığıyla
dimdik dayanan xarakterinin hər bir cizgisində özünü
büruzə verir.
Ramiz Qusarçaylı mənim
kimi onlarla şairin öz dünyasına, söz planetinə
Ay misallı daim işıq saçan poeziya peykidir. O isə öz
işığını Günəşindən - İlahidən
alır.
10 il bundan əvvəl
ustada yazdığım "Gül-çiçək dilində
söz deyən adam" adlı şeirimin sonuncu bəndini
xatırlayıram:
Söz öz sahibinin səsidi məncə,
Hər söz sahibinin ruhunu
geyir.
Sözdü, "Ay
işığı", bir də ki, gecə,
"Ramiz Qusarçaylı",
axşamın xeyir!
İliyindən biliyinə kimi söz
olan, şair olan Ramiz Qusarçaylının şeir
kitablarını, xüsusən də bütün şeirlərinin
cəm olduğu "Gedəsən dünyanın
axırınacan" adlı son kitabını
götürüb yazımın əvvəlində dediyim o səfərə
çıxmaq, dünyanın axırınacan getmək olar. Biləndə ki, yol yoldaşın sözdü,
şeirdi, bir də ki, Ramiz Qusarçaylı şeiridi, nə
söz bitəsidi, nə dünya qurtarasıdı.
Naxçıvan
12-02-2018
Elxan YURDOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.28.