"Kitabi-Dədə Qorqud" abidəsinin on üçüncü boyu olmuşdurmu...

 

Uzun illərdir ki, dünya qorqudşünaslığında Azərbaycan xalqının möhtəşəm abidəsi "Kitabi-Dədə Qorqud" eposunun 13-cu boyunun olması haqqında fikir dolaşmaqdadır. Abidənin həmin boyunun əlyazmasını vaxtilə Azərbaycanın görkəmli dilçi alimi Bəkir Çobanzadənin (1893-1937) Sankt-Peterburq (keçmiş Leninqrad) Şərqşünaslıq İnstitutunda üzə çıxardığı haqqında məlumat verilsə , sonralar görkəmli alim repressiyaya məruz qaldığından, həmin əlyazmanın taleyi haqqında bu günə qədər məlumat olmamışdır. Qorqudşünaslıqda bu məsələyə indiyədək aydınlıq gətirilmədiyindən, abidənin 13-cü boyunun olduğu haqqında fikir bu gün gündəmdə qalmaqdadır.

Əslində, abidənin 13-cü boyunun olması haqqında məlumatın qısa tarixçəsi belədir: "Kitabi-Dədə Qorqud" abidəsinin on üçüncü boyunun əlyazmasının professor B.Çobanzadə tərəfindən tapılması haqqındakı məlumat hansı yollasa xarici mətbuata yol tapmışdır. İlk dəfə M.Ə.Rəsulzadə tərəfindən Berlində nəşr edilən "Ana dili" jurnalında bu tapıntı haqqında məlumat verilmişdir. Həmin məlumat sonralar Türkiyə qorqudşünasları tərəfindən gündəmə gətirilmiş, oradan isə yenidən Azərbaycan alimləri tərəfindən istifadə edilmişdir. Lakin indiyə qədər qorqudşünas alimlər əsasən abidənin 13-cü boyunun olub-olmaması haqqında mübahisələr aparsalar da, heç kimin ağlına həmin məlumatın dərc edildiyi ilkin mənbəni aşkarlayıb üzə çıxarmaq düşməmişdir. Məhz bu səbəbdən həmin məsələ bu günə kimi öz həllini tapmamışdır.

Apardığımız araşdırmalar nəticəsində nəhayət ki, "Kitabi-Dədə Qorqud" abidəsinin on üçüncü boyunun əlyazması haqqında məlumat verən ilkin mənbəni tapmağa nail olduq. Məlum oldu ki, Azərbaycanın görkəmli dilçi alimi, professor B.Çobanzadənin adıçəkilən tapıntısı haqqında "Bakinskiy raboçiy" qəzetinin 1936-cı il 04 avqust tarixli [№ 179 (4978)] buraxılışında məlumat verilmişdir. Qəzetin həmin sayının 4-cü səhifəsində rus dilində "Qiymətli tapıntı" ("Dədə Qorqud"un on üçüncü hekayəsi) adlı redaksiya yazısı dərc edilmişdir. Orada professor B.Çobanzadənin Sankt-Peterburq (keçmış Leninqrad) Şərqşünaslıq İnstitutunda qədim əlyazmalar arasından "Kitabi-Dədə Qorqud" abidəsinin indiyə qədər elmə məlum olmayan on üçüncü boyunu aşkarladığı haqqında məlumat verilmişdir. Məqalə müəllifinin dediyinə görə, bu boy Azərbaycan tarixi üçün bir sıra əhəmiyyətli məlumatlara malik olan "Şəcəreyi-Qara Kemə" adlı əsərin əlyazmasının əvvəlinə daxil edilmişdir. Yazıda bildirilir ki, araşdırma zamanı məlum olmuşdur ki, həmin əlyazmanın əvvəlinə daxil edilmiş hissənin "Kitabi-Dədə Qorqud" abidəsinin digər boyları ilə bənzərliyi vardır: hər ikisində eyni surətlərdir, burada başqa boylarda olan süjetlər vardır hər iki abidə eyni yazı üslubuna malikdir. Məqalədə bildirilir ki, bu tapıntı haqqında professor B.Çobanzadə o zamankı Dil Ədəbiyyat İnstitutunda dilçi şərqşünas alimlər qarşısında çıxış edərək məlumat vermişdir. Alimlər B.Çobanzadənin tapdığı "Şəcəreyi-Qara Kemə" adlı əsərin əvvəlinə daxil edilmiş hissənin "Kitabi-Dədə Qorqud" dastanının 13-cü boyu olduğu qənaətinə gəlmişlər. Nəzərə alınmışdır ki, yaxın vaxtlarda həmin 13-cü boy ayrıca nəşr edilsin. Eyni zamanda, onun SSRİ EA-nın Azərbaycan filialının "Xəbərlər"inin yaxın nömrələrinin birində dərc edilməsi qərara alınmışdır. Lakin sonradan bu tapıntı barədə məlumat verilməmiş dediyimiz kimi, həmin əlyazmanın taleyi indiyə qədər naməlum qalmışdır.

Məlumdur ki, görkəmli ədəbiyyatşünas alim B.Çobanzadə "Kitabi-Dədə Qorqud" abidəsini ilk dəfə tədqiq edən alimlərdəndir. O, 1936-cı ildə "Kitabi-Dədə Qorqud"un ədəbi-linqvistik təhlili" adlı əsər yazmışdır. Alim həmin əsərin üzərində işləyərkən 1936-cı ildə Sankt-Peterburqda (keçmış Leninqrad) olmuş orada adıçəkilən həmin əlyazmanı Şərqşünaslıq İnstitutunun qədim əlyazmaları arasından tapmış görünür, əsərin surətini çıxarıb götürmüşdür. Lakin B.Çobanzadə 13 oktyabr 1937-ci ildə repressiya qurbanı olaraq öldürülmüdür. Onda olan digər əlyazmalarla birlikdə Sankt-Peterburqdan gətirdiyi həmin əlyazmalar da sovet orqanları tərəfindən müsadirə edilmişdir. Alimin "Kitabi-Dədə Qorqud"un ədəbi-linqvistik təhlili" adlı əsəri indiyə qədər əldə edilməmişdir. Beləliklə, alimin öz əsəri "Kitabi-Dədə Qorqud" dastanının 13-cü boyu kimi təsbit edilmiş əlyazma yoxa çıxmışdır.

Qeyd etmək lazımdır ki, B.Çobanzadənin əlində olan əlyazmanı "Şəcəreyi-Qara Kemə" adlandıran məqalə müəllifi səhvə yol vermişdir. Bunu onun öz məqaləsi təsdiq edir. Belə ki, həmin məqalədə o, belə bir fikir söyləyir: "Əlyazmanın müəllifi - XVII əsr Xivə xanı Əbülqazi Bahadırın dediyinə görə, həmin hissə ona şifahi şəkildə, rəvayətdən gəlib düşmüşdür". Deməli, məqalə müəllifi açıqca göstərir ki, professor B.Çobanzadənin Sankt-Peterburq Şərqşünaslıq İnstitutundan əldə etdiyi əlyazma XVII əsr görkəmli sərkərdə özbək-türk tarixçisi Xivə xanı Əbülqazi Bahadır xanın (1603-1664) əsərlərindən birinin əlyazma mətni olmuşdur.

Əbülqazi Bahadır xan türk xalqlarının tarixi mədəniyyəti üçün son dərəcə əhəmiyyətli iki möhtəşəm abidənin - "Türkmənlərin soy kitabı" ("Şəcəreyi-tərakimə") "Türklərin soy kitabı" ("Şəcəreyi-türk") adlı tarixi əsərlərin müəllifi kimi şöhrət qazanmışdır. Deməli, qəzetdəki məqalənin müəllifinin göstərdiyi kimi, Əbülqazi Bahadır xanın adıçəkilən əsərinin adı "Şəcəreyi-Qara Kemə" yox, "Şəcəreyi- tərakimə"dir.

Görünür ki, professor B.Çobanzadənin 1936-cı ildə Sankt-Peterburq Şərqşünaslıq İnstitutundan əldə etdiyi əlyazma nüsxəsi XVII əsr tarixçisi Əbülqazi Bahadır xanın "Şəcəreyi-tərakimə" adlı əsərinin əlyazması olmuşdur. Həmin əsərini Əbülqazi xan hicri 1071-ci ildə (miladi 1660-1661-ci illər) yazıb başa çatdırmışdır. Əsəri ilk dəfə A.Q.Tumanski rus dilinə tərcümə edib, 1897-ci ildə Aşqabatda nəşr etdirmişdir. Əsəri dünya elm aləmi məhz bu nəşr vasitəsilə tanımışdır.

A.Q.Tumanskinin özünə məxsus olmuş həmin əlyazma nüsxəsi onun ölümündən sonra (1920) akademik A.N.Samoyloviç tərəfindən o zamankı Asiya Muzeyinə verilmişdir. Sonralar həmin muzeyin əsasında Leninqrad (indiki Sankt-Peterburq) Şərqşünaslıq İnstitutu yaradıldıqda əlyazma həmin institutun Əlyazmalar fondunda A-895 şifri altında saxlanılmışdır. Professor B.Çobanzadə 1936-cı ildə əsərin əlyazmasını həmin şifrə altında saxlanılan əlyazma nüsxəsindən köçürmüşdür.

Həmin əlyazma nüsxəsini A.N.Samoyloviç 1927-ci ildə yazdığı "Əbülqazi xanın "Türkmənlərin soy kitabı"  əsərinin əlyazma nüsxələrindən biri"  adlı məqaləsində bu cür təsvir etmişdir: əlyazmanın ölçüləri 18x11, 5sm-dir. Əlyazma mavi rəngli vərəqdə yazılmışdır. Əbülqazi Bahadır xanın "Şəcəreyi-tərakimə" adlı əsərinin əlyazması ümumi əlyazmanın 1-55-ci vərəqlərini (nömrələmə A.Q.Tumanskiyə məxsusdur) təşkil edir. Əsərin əlyazmasından əvvəldə Əlişir Nəvainin müxtəlif şeirləri yazılmış 8 ədəd sarı-ağ rəngli 2 ədəd mavi rəngli vərəqlər vardır. Əlyazmanın sonunda şeir yazılmış sarı-ağ rəngli daha iki vərəq vardır. Əlyazmanın V-VI vərəqlərində türkmən şairi Axsan Şeyxin (Dana Atanın) şeirlə yazdığı "Oğuznamə"si yazılıbdır. Əlyazmanın üzünü hicri tarixi ilə 1237-ci ilin rəcəb ayında (miladi 1821-1822-ci il) türkmənlərin Qayıxan tayfasının çarıq tirəsindən Oraz Məhəmməd mollanın oğlu Qurbangəldi əsərin ən qədim yaxşı əlyazmasından biri olan XVII əsrə məxsus Daşkənd əlyazma nüsxəsindən köçürüb hərbi tərcüməçi şərqşünas A.Q.Tumanski (1861-1920) üçün hazırlamışdır.

Vaxtilə bu əlyazmanın surətini o zamankı SSRİ EA Türkiyə Linqvistika Cəmiyyətinə - Türk Dil Qurumuna hədiyyə etmişdir. Həmin əlyazma 1937-ci ildə İstanbulda nəşr edilmişdir (Şecerei-Terakime. Yazan: Ebülgazi Bahadır. İkinci Türk Tarih Kurultayı üyelerine Türk Dil Kurumunun armağanı. Sovyet İlimler Akademiyasının Türk Dil Kurumuna gönderdiği fotokopidir).

Görkəmli rus türkoloqu akademik A.N.Kononov indiki Sankt-Peterburqda saxlanılan A.Q.Tumanskiyə məxsus əlyazma da daxil olmaqla, yeddi əlyazma nüsxəsindən istifadə edərək Əbülqazi Bahadır xanın "Şəcəreyi-tərakimə" adlı əsərini 1958-ci ildə hazırlayaraq rus dilində nəşr etdirmişdir. Bu sətirlərin müəllifi "Şəcəreyi-tərakimə"nin akademik A.N.Kononovun rus dilindəki həmin nəşrindən Azərbaycan dilinə tərcümə edərək, 2002-ci ildə Bakıda nəşr etdirmişdir.

Beləliklə, göründüyü kimi, 1936-cı il "Bakinskiy raboçiy" qəzetində dərc edilmiş bir yazı səksən ilə yaxındır ki, "Kitabi-Dədə Qorqud" abidəsinin 13-cü boyunun olduğu haqqında dünya qorqudşünasları arasında gümanlara səbəb olmuşdur. Əslində isə dediyimiz kimi, Bəkir Çobanzadənin Sankt-Peterburq (keçmış Leninqrad) Şərqşünaslıq İnstitutunda üzə çıxardığı əlyazma mətni Əbülqazi Bahadır xanın "Şəcəreyi-tərakimə" adlı əsərinin əlyazma nüsxəsidir. Hal-hazırda həmin əlyazma nüsxəsi Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun Əlyazmalar fondu əsasında 2007-ci ildə yeni yaradılan Rusiya Federasiyası Elmlər Akademiyası Şərq Əlyazmaları İnstitutunun Əlyazmalar Fondunda 1491 şifrə altında saxlanılır.

 

İsmixan OSMANLI

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat

İnstitutunun böyük elmi işçisi

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.29