Vətənimə bənzəyən Vətən
Siz heç ananıza bənzəyən qadın
gördünüzmü həyatınızda? Gülüşü,
danışığı, gözləri və hətta qoxusu da ananızı xatırladan bir qadın... İnsan belə birisiylə
qarşılaşdığında sevincindən uçar, bərk-bərk sarılmaq,
uzun-uzun danışmaq,
əllərindən tutub
öpmək istəyər.
Nəfəsi hüzur,
qoxusu sərinlik gətirər, dərdlə
alışan ürəklərə...
Vətən də bir anadır,
ondan uzaqlara gedincə ürəyiniz həmişə narahat olar. Belə ki, ürək o zaman ruzgar kimi əsib
torpağına sarılmaq
istəyər...
...İlk dəfə Azərbaycana dəvət ediləndə
bir az
tərəddüd etdim.
Yad bir ölkə,
hələ mənim bilmədiyim bir dil, tanımadığım
insanlar... Azərbaycan haqqında heç
bir fikrim olmasa da, sanki
könlüm quşu ona doğru uçurdu. Azərbaycan
torpaqlarına ilk addım
atdığım an düşüncələrimin məni
aldatdığını hiss etdim. Orada Vətənimin qoxusu,
ölkəmin istiliyi,
doğmalığı vardı.
Gülərüzlü insanları, onların
sevgi dolu gözləri "Xoş gəldin, bacım" - deyə gülümsəyirdi.
Asiyanın incisi olan gözəl Bakının küləkləri
saçlarımı oxşayır,
Xəzərin coşqun
dalğaları məni
özünə aşiq
edirdi. Ruhumu bürümüş inanılmaz
bir hüzur özümü xoşbəxt
hiss etməyimə səbəb
olmuşdu. Sanki uzun bir ayrılıqdan
sonra darıxdığım
anama sarılmış
kimiydim. Anamçün darıxarkən, ona bənzəyən başqa
birisini tapmağım,
onunla uzun-uzun danışıb həsrəti
yox etmiş kimi hiss edirdim özümü.
Bakının hər addımında yeni xatirələrə qovuşurdum. Gözəl yerləriylə birlikdə
acıların, göz
yaşların şəhərinə
dönmüş Bakı
bağrı qanla dolmuş, qəlbinin ortasına övladlarını
dəfn etmiş məyus, günahsız ana kimi titrəyirdi.
Şəhidlərinin soyuq məzarları
ürəyinə bıçaq
kimi saplanmışdı.
Xəzər dənizi fırtınalarıyla
hüzünlərdən gücü
qalmayan Azərbaycanın
fəryadını anlatmağa
çalışırdı. Namərdlərin əlində əsir
qalan, alçaqların
zincirinə vurulan Azərbaycan övladlarından
danışırdı. Qanlı keçmişinin
qara bağlarından pıçıldayır, əsir
qalmış Füzülinin
qəmli qəzəllərini
oxuyurdu dəniz...
Bu ölkənin
sevinci də, acısı da, xoşbəxtliyi də, hüznü də qəlbimi dindirirdi. Anam kimi
sevdiyim bu ölkə məni buraxmaq istəmirdi, ondan daha ayrılmadan
darıxmağa başlamışdım.
Ayrıldığım andan
artıq mənim hayatıma yeni bir hiss, Azərbaycan həsrəti girdi. Azərbaycanda keçən hər
günüm ömrümün
unudulmaz, dəyərli
anlarına dönmüşdü.
Azərbaycan necə idi deyə soruşanlara nə desəm, necə izah etsəm?!
Mələklərə həsr
olunmuş şeir kimidir Azərbaycan... Göz yaşlarında boğularkən
başqasının gözlərindən axan
yaşları silən əl kimidir Azərbaycan...
Sevdiyi üzülməsin deyə titrəyən
dodaqlarıyla gülümsəyən yar kimidir Azərbaycan... Bakı küləkləri
ilə yanan qəlbləri sərinlədən,
Gəncəsiylə elm incilərini saçan, Şəkisiylə insanların həyatını
dadlandıran, Qarabağıyla milyonları
gözyaşlarına boğan, sevgisiylə
özünü özlədəndir Azərbaycan..
Şahista Kamranlı (Ortiqova)
Ədəbiyyat qəzeti.-
2018.- 17 fevral.- S.29