"Azərbaycan-Türkmənistan ədəbi əlaqələri" yeni tədqiqatın predmeti kimi

 

Respublikamız müstəqillik qazandıqdan sonra bütün türkdilli xalqlarla hərtərəfli əlaqələr çox sürətlə inkişaf etməyə başlamışdır. Bu əlaqələrin bariz nümunəsi kimi Azərbaycan-Türkmənistan ədəbi əlaqələrini göstərmək olar. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu günlərdə Müdafiə Şurasına təqdim olunan "Müstəqillik dövrü Azərbaycan-Türkmənistan ədəbi əlaqələri" mövzusunda dissertasiya işi onun müəllifi, gənc tədqiqatçı Töhfə Talıbovaya sözün həqiqi mənasında başucalığı gətirdi. Mövzunun aktuallığı barədə söz açan akademik İsa Həbibbəyli institutun Türk xalqları ədəbiyyatı şöbəsində yerinə yetirilmiş bu tədqiqat işinin təkcə dissertantın deyil, həm də Ədəbiyyat İnstitutunun uğurlu addımlarından biri hesab etdi. İsa müəllim qeyd etdi ki, "dissertant Töhfə Talıbova Azərbaycan və Türkmənistan xalqları arasındakı ədəbi əlaqələrin yaranma və inkişaf mərhələlərini, Azərbaycan ədəbiyyatı ilə onun qarşılıqlı əlaqəsini çox əhatəli şəkildə araşdırmış və Azərbaycan ədəbiyyatşünaslığında türkmən ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığına həsr edilmiş tədqiqat işlərini, eyni zamanda dilimizə tərcümə olunaraq nəşr edilmiş türkmən ədəbiyyatı nümunələrini, türkmən ədəbiyyatı ilə bağlı ölkəmizdə keçirilmiş ədəbi-bədii tədbirləri, Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin yaranması və inkişaf etdirilməsi obyekti kimi tədqiqata cəlb etməyi bacarmışdır.

Töhfə Talıbovanın tədqiqat işini müstəqillik dövründə Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinə həsr olunmuş ilk və həm də sistemli şəkildə əhatə olunmuş dəyərli bir əsər hesab etmək olar. Çünki müasir dövrdə Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin inkişafında yeni yaranmış beynəlxalq təşkilatların - Beynəlxalq İpək yolu, TÜRKSOY, Türk Dövlət başçılarının zirvə toplantılarının, Azərbaycanda görkəmli türkmən yazıçı və şairlərinin, türkmən ədəbiyyatından dilimizə tərcümə edilərək yeni nəşr olunmuş kitabların təqdimat mərasimlərinin keçirilməsi barədə məlumatlar ilk dəfə bu dissertasiya işində tədqiqata cəlb edilmiş və ədəbi əlaqələrin inkişafında onların rolu və əhəmiyyəti hərtərəfli əsaslandırılmışdır".

2018-ci il yanvarın 30-da Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun akt zalında keçirilən müzakirədə Dissertasiya Şurasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı dissertantın tərcümeyi-halı və tədqiqat işi haqqında qısa məlumat verdikdən sonra T.Talıbovanın elmi rəhbəri, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev dedi: "Bu gün müzakirəsinə toplaşdığımız dissertasiya işi Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinə aid dissertasiya səviyyəsində yazılmış ilk elmi-tədqiqat işidir. Çünki burada Azərbaycan-Türkmənistan ədəbi əlaqələri Salman Mümtazdan başlayaraq, müasir dövrə qədər geniş şəkildə araşdırılıbdır.

Dissertantın rəsmi opponenti akademik Muxtar İmanov söylədi ki, "uzun müddət Türkmənistanda yaşayan, "Molla Nəsrəddin" jurnalının Orta Asiya, o cümlədən Türkmənistan üzrə müxbiri olan Salman Mümtaz türkmən ədəbiyyatı üzrə araşdırmalarını sovet dövründə də davam etdirib və həmin dövrdə onun türkmən ədəbiyyatı ilə bağlı silsilə məqalələri çap olunub. S.Mümtazdan sonra Ə.Abid, H.Araslı, P.Xəlilov, Q.Əliyev, A.Dadaşzadə, R.Qurbanov, Ə.Ruhi Əliyev, akademik İ.Həbibbəyli, İ.Osmanlı, R.Əskər və başqa alimlər də araşdırmalar aparıb məqalələr çap etdiriblər.

Töhfə Talıbovanın bu gün müzakirə olunan dissertasiya işini bu sahədə ilk sistemli elmi əsər hesab edirəm. Çünki o, hansı mərhələdən bəhs etməsindən asılı olmayaraq, vahid yanaşma prinsipinə sadiq qalır: ədəbi faktları ictimai-siyasi və mədəni hadisələr fonunda öyrənir, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsini ədəbi əlaqələrə təkan verən amillər sırasına daxil edir. Ədəbi əlaqələrlə bağlı nəzəriyyə yox, ədəbiyyat tarixi yönündə tədqiqat əsəri yazmalı olduğunu unutmayan dissertant türkmən ədəbiyyatı sahəsində ortaya çıxan tərcümə nümunələrini elmi təhlildən keçirməyi dissertasiyada özünün əsas vəzifələri sırasına daxil edir".

Filologiya üzrə elmlər doktoru, professor Ş.Alışanlı qeyd etdi ki, Töhfə Talıbovanın dissertasiyasının üstünlüyü ondadır ki, ilk dəfə olaraq mövzu sistemli şəkildə tədqiqata cəlb edilmişdir".

Professorlar Vüqar Əhməd və Əsgər Rəsulov vurğuladılar ki, "iddiaçı öz tədqiqat işində belə bir elmi konsepsiyadan çıxış edir ki, Orta əsrlər və sovet dövrü Azərbaycan-Türkmənistan ədəbi əlaqələri müstəqillik dövrü əlaqələrinin ilkin mərhələləridir və sözügedən zaman dilimləri tədqiq edilmədən, müstəqillik dövrü ədəbi əlaqələrimizin bütöv mənzərəsini yaratmaq mümkün deyil. Belə ki, bu əlaqələr həm çoxşaxəli ümumtürk əlaqələrinin bir qolunu təşkil edir, həm də indiki halda Azərbaycan-Türkmənistan xalqlarına məxsus zəngin milli və müştərək ədəbi-mədəni dəyərləri ehtiva edir".

"Müstəqillik dövrü Azərbaycan-Türkmənistan ədəbi əlaqələri" mövzusuna həsr etdiyi dissertasiya işi barədə Şura üzvləri qarşısında hesabat verən Töhfə Talıbova dissertasiya işi haqqında tam təsəvvür yaratmağa çalışdı: "Hamıya yaxşı məlumdur ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, türk respublikaları, o cümlədən Türkmənistanla bütün sahələrdə əlaqələrin yaradılması üçün mühüm addımlar atıldı. Bu baxımdan xalqlarımız arasındakı qarşılıqlı ədəbi əlaqələrin yaranması və möhkəmləndirilməsini müasir qloballaşma şəraitində hər iki xalqın irəliyə doğru birgə addımı kimi qiymətləndirmək olar. Bu məsələlərin araşdırılmasını çox vacib hesab etdiyim üçün mən də tədqiqatlarımı həmin istiqamətə yönəltməyi qərarlaşdırdım.

Doğrudur, bu vaxtadək Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin ayrı-ayrı sahələrinə həsr olunmuş məqalələr yazılmış və bir sıra tədqiqatlarda bu mövzuya yığcam şəkildə toxunulmuşdur. Belə ki, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının sabiq baş biblioqrafı M.Nəcəfova 1964-cü ildə yazdığı "Türkmən ədəbiyyatı Azərbaycan dilində" adlı məqaləsində bu barədə qısa məlumat vermişdir. Şərəf Cəlilovanın "Azərbaycan-Türkmənistan ədəbi əlaqələri" (2006), Təranə Həşimovanın "XX əsr Azərbaycan poeziyasının Orta Asiya türk xalqlarının poeziyasına təsiri" (2006) adlı filologiya üzrə fəlsəfə doktoru dissertasiya işlərində və Firuzə Əhmədovanın "XVIII əsr türkmən şeiri (Məhtimqulu Fəraqinin yaradıcılığı əsasında)" doktorluq dissertasiyasında Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinə toxunulsa da, bu mövzu xüsusi tədqiqat obyektinə çevrilməmişdir.

Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, xalqlarımızın dilinin, dininin, adət və ənənələrinin ümumiliyi göstərir ki, biz əsrlərlə bir yerdə olmuş, bir yerdə yaşamış, öz həyatımızı birlikdə qurmuş, torpaqlarımızı yadelli işğalçılardan birlikdə qorumuş, azadlıq haqqında birlikdə düşünmüş və onun uğrunda birlikdə mübarizə aparmışıq. Bunlar hamısı bizim tariximizdir...

Müstəqilliyimizin ilk illərində Azərbaycanla bütün türk dünyası, o cümlədən Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin yaranması, türkmən ədiblərinin əsərlərinin nəşri və təbliği sahəsində görkəmli Azərbaycan yazıçısı Anarın tərtib və nəşr etdirdiyi "Min beş yüz ilin oğuz şeiri" antologiyasının da xüsusi əhəmiyyəti olmuşdur. Antologiyanın II cildi 2000-ci ildə işıq üzü görmüşdür. Filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı da məqalələrindən birini türkmən şairi Kəminənin satira yaradıcılığına həsr etmiş, onun həyat və yaradıcılığı, eyni zamanda şeirlərinin satira hədəfi haqqında geniş söhbət açmışdır.

XIX əsr türkmən ədəbiyyatının görkəmli nümayəndələrindən olan Molla Nəfəsin (1810-1862) anadan olmasının 200 illik yubileyi Türkmənistanda təntənəli şəkildə qeyd edilərkən (2010-cu ildə), onun yubileyi ilə əlaqədar Azərbaycanda da bir sıra tədbirlər keçirilmişdir. Türkmən ədəbiyyatının təbliği sahəsində kifayət qədər xidmətləri olan, tanınmış tərcüməçi-alim Ramiz Əskər bu münasibətlə "Böyük türkmən şairi" adlı irihəcmli məqalə yazmış, şairin şeirlərini Azərbaycan dilinə tərcümə edərək, "Bu məkana gəlmişəm" və "Seçilmiş əsərləri" adı altında nəşr etdirmişdir.

Müstəqillik illərində Məhtimqulu Fəraqinin yaradıcılığına müraciət edən alimlərdən akademik İ.Həbibbəyli, professor E.Quliyevin, F.Əliyevin, İ.Vəliyevin, F.Əhmədovanın, Ə.Quliyevin, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlının adlarını xüsusi qeyd etmək lazımdır...

2015-ci il Məhtimqulu yaradıcılığının araşdırılması və nəşri ilə bağlı yaddaqalan illərdən biri olmuşdur. Onun Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda İsmixan Osmanlı tərəfindən tapılan "Divan"ı haqqında məlumat verən T.Talıbova qeyd etdi ki, "Divan"a daxil olan şeirləri f.ü.f.d. İsmixan Osmanlı tərcümə etmiş və həmin kitaba akademik İsa Həbibbəyli "Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı" (kitabın elmi redaktoru İsa Həbibbəylidir) adlı giriş məqaləsi yazmışdır.

Ədəbiyyat İnstitutu rəhbərliyinin təşəbbüsü ilə S.Mümtazdan başlayaraq bu günə kimi şairin yaradıcılığına həsr olunmuş məqalələr bir yerə toplanaraq böyük tirajla 2017-ci ildə nəşr olunmuşdur. Topluya Azərbaycan alimlərinin mütəfəkkir şairin ədəbi yaradıcılığının müxtəlif sahələrindən bəhs edən məqalələri daxil edilmişdir.

7 may 2014-cü ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türkmənistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə böyük şairin 290 illik yubileyinə həsr edilmiş "Dostluq və qardaşlıq carçısı Məhtimqulu Fəraqi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Beləliklə, giriş, 3 fəsil və nəticədən ibarət olan dissertasiya işi barədə ətraflı məlumat verən Töhfə Talıbovanın çıxışı Şura üzvləri tərəfindən rəğbətlə qarşılandı.

Akademik İsa Həbibbəyli fikrini belə yekunlaşdırdı: "Biz başqa qurumlarla müqayisədə, müstəqillik dövrü Azərbaycan-Türkmənistan elmi-ədəbi əlaqələrinin yaradıcısı sayıla bilərik. Ədəbiyyat İnstitutunun əməkdaşı Töhfə Talıbova da bu əlaqələrin iştirakçısı olmaqla bərabər, həm də sanballı elmi tədqiqat işini ortaya qoyub. İşin yaxşı alınmasında, iddiaçının həm də bu ədəbi əlaqələrdə şəxsən iştirakı özünəməxsus rol oynayır. Bu dissertasiya işi kitab halında çap olunsa, Azərbaycan-Türkmənistan ədəbi əlaqələrində yeni bir səhifə olacaq və yeni tədqiqat mövzusuna çevriləcək. Belə hesab edirəm ki, çap olunacaq kitab və bu dissertasiya əlaqələrimizin yeni dövrdə bir körpüsüdür. Biz də çalışaq ki, bu körpülər daha möhkəm olsun".

Sonda Müdafiə Şurasının üzvlərinə, şəxsən akademik İsa Həbibbəyliyə, elmi rəhbəri professor Məmməd Əliyevə, tədqiqat işində ona düzgün istiqamət vermiş filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlıya, rəhbərlik etdiyi şöbənin əməkdaşlarına və öz doğmalarına minnətdarlığını bildirən Töhfə Talıbovanın sevincinə qoşulanlar onu ürəkdən təbrik etdilər.

Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, hələ 5 il bundan əvvəl hörmətli akademik İsa Həbibbəyli o zaman nəşri müvəqqəti dayandırılmış "Elm və həyat" jurnalı ilə "Elm" qəzetinin sabiq kollektivini Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna toplayaraq yaratdığı yeni şöbəyə - Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinə böyük uzaqgörənliklə Töhfə Talıbovanı müdir təyin edərkən, çox uğurlu seçim etdiyini ötən illər bir daha təsdiqlədi. Görünür, dövrün tələblərini qabaqlayan akademik gənc bir xanımın sözün həqiqi mənasında onun etimadını doğruldacağını əvvəlcədən hiss etmişdi.

 

Hazırladı: Maral Poladova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

 

Ədəbiyyat qəzeti.- 2018.- 17  fevral.- S.30.