Kitabın missiyası
Tale elə gətirib ki, son illərdə tez-tez yaşadığım yeri
dəyişmək məcburiyyətində
qalmışam və hər dəfə bir yerdən başqa yerə köçəndə mənim
üçün ən
ağır iş kitabları özümlə
daşımaq olub. Bilənlər bilir, olduqca
əziyyətli bir işdir, qarışıqlıq
düşməmək üçün
son dərəcə diqqətli
olmaq lazım gəlir, kitabların yerdəyişməsi nəticəsində
bütün sistem, düzüm pozulur və sonra sənə
lazım olan kitabı heç cür axtarıb tapa bilmirsən. Bu proses insana əsəblərinin
pozulması bahasına
başa gəlir.
Neçə gündür yeni evə köçməkdən
ötrü kitabxanamdakı
kitabları qutulara yığmaqla məşğulam. Darısqal, işıqsız
otaqda qutular çoxaldıqca sərbəst
hərəkət etmək
də mümkünsüzləşir.
Təxminən beş minə qədər kitabın tozunu almaq, müəlliflərə,
kateqoriyaya uyğun formada qutulara yığmaq həm də fiziki güc tələb edir. Səhhətimsə heç qaydasında
deyil, amma canımı dişimə
sıxıb dözürəm.
Çünki mənim üçün
dünyada kitablardan qiymətli xəzinə yoxdur. Hardasa 4-5 il bundan
əvvəl növbəti
dəfə belə əziyyətə qatlaşmalı
olanda bir yazı yazmışdım,
həmin yazıdan bir hissəni olduğu kimi bura köçürürəm:
"İş
belə gətirdi ki, uzun müddətdən
bəri yaşadığım
evdən başqa bir yerə daşınası
oldum. Min-bir əziyyətlə özümə
kitabxana yaratmışdım,
hər kitabın üstündə əsirdim,
məndən icazəsiz
o kitablara heç kəs toxuna bilməzdi... Amma evdən çıxanda
həmişə əzizlədiyim
kitabları fəhlələrin
kobud əllərinə
etibar edəsi oldum. Dərzi hara köçürsə,
iynəsini yaxasına
sancıb gedir. Amma biz dərzi qədər qayğısız
və xoşbəxt adam deyilik...
Yükümüz özümüzdən
dəfələrlə ağırdı...
Kitabdan başqa heç nəyimiz yoxdu, o da bütün
yüklərdən ağır
gəlir...
"Qazel"
maşını arxasını
dəmir darvazaya dirəyən kimi fəhlələr rəflərdə
səliqəylə düzülmüş
dünya klassiklərinə
hücuma keçdilər. Yarım
saat ərzində rəflər boşaldı,
içi boş qəbir kimi kədərli görkəmə
büründü, mənasızlaşdı,
yazıqlaşdı... Təxminən iki minə yaxın
kitab səliqəsiz şəkildə "Qazel"in
kuzovuna səpələnmişdi.
Ürəyimin başı
göynədi... Qapıda
dayanan bir-iki kəmfürsət adam girəvəyə
salıb xeyli kitab çırpışdıra
bilmişdi.
Təzəcə köçdüyüm evə
çatanda yorulub əldən düşmüş
fəhlələr bütün
yorğunluqlarının acığını
kitablardan çıxmağa
başladılar. Sanki kitab
yox, Türkan daşı boşaldırdılar;
kitabları qucaq dolusu götürüb həyətə tullayırdılar.
Uzun illərdən bəri boğazımdan kəsib aldığım qiymətli
kitablar toz-torpağa bulaşıb əzik-üzük
olmuşdu. Fəhlələrdən
biri bezgin tövrlə "zalım
oğlu, bu qədər kitabı neynirsən, tulla getsin dəə" - dedi. O fəhlə hardan biləydi ki, mən o kitablara həyatımı
həsr etmişəm?!.."
Neçə gündür kitablarla uğraşdığımı görən qonşular sözü bir yerə qoyubmuş kimi başlarını bulayıb "niyə özünə bu qədər əziyyət
verirsən, bu qədər kitab nəyinə lazımdır,
at getsin" deyə mənə "məsləhət"
verirlər. 12-13 kvadrat metrlik bir otağa
bu qədər kitabı necə sığışdırdığıma heyrətlənirlər və
lap açığı, bir
az da
mənə başdanxarab
kimi baxırlar. İnsanların kitaba qarşı
bu qədər biganəliyi məni çox qorxudur, bir dəfə görmədim ki, məndən oxumaq üçün hansısa
kitabı istəsinlər.
Bir neçə dəfə məhəllədəki uşaqları
çağırıb özüm
kitab bağışlamışam
ki, küçədə
boş vaxt keçirməkdənsə gedin
bir kitab oxuyun. Sonra həmin uşaqlar
əlimdə kitab görəndə özləri
yaxınlaşıb soruşurdular
ki, müəllim, oxumağa təzə kitab var? Valideynləri onları kitabsız
qoymaqla bağışlanmaz
cinayətə yol verdiklərinin fərqində
deyillər. Onların evində
kitab yoxdur, bu zavallılar zehni formalaşma dövrünü məhəllədə
pis vərdişlərə
yiyələnməklə keçirirlər.
Bu haqda "Kitabsız
uşaq" adlı bir yazı da
yazmışam. Lütfən, uşaqlarınızı kitabsız
qoymayın, əziz valideynlər. Kiminsə evində
kitab görəndə
"atın getsin"
- deyə cahil münasibət göstərməyin.
Kitab oxumayan insan cəmiyyətə heç
bir fayda verə bilməz, çünki onun mənəvi dünyası
qaranlıqlar içindədir.
Kitablar otağın hər tərəfinə səpələnib,
bir-bir onların tozunu alıb səliqə ilə qutulara yığıram. Bir kitabı
ayırıb kənara
qoymuşam, yorulanda oturub beş-on səhifə oxuyuram.
Bu, unudulmaz xalq
yazıçımız Yusif
Səmədoğlunun "Deyilənlər
gəldi başa" kitabıdır. Yarımçıq
qalmış bu romanı ikinci dəfə mütaliə edirəm və bu yad adamların
əhatəsində özümü
Uçqunlu kəndində romanın
mistik qəhrəmanı
lal-kar Səməndər
kimi hiss edirəm. Ömrümün 10 ilini keçirdiyim
bu dar-düdək otaqla vidalaşmaq ərəfəsində Yusif
Səmədoğlunun romanının
əlimə keçməsində
də nəsə mistik bir əlamət
axtarıram. Kitabları yığanda
bu kitab gözümə sataşdı
və götürüb
bir kənara qoydum, bir də
baxdım ki, Sarı hamam məni də ovsunlayıb. Sarı hamamın
xofu içimə dolmuşdu və qəlbimin dərinliyində
mənə elə gəlirdi ki, bu sirli məkan
hardasa lap yaxınlıqdadır,
nə qədər ki, hal arvadı
məni yanına çağırmayıb, buralardan
biryolluq çıxıb
getməliyəm.
"Mən öləndə dünyanın
ən xoşbəxt adamı kimi öləcəyəm... İnanan
inansın, inanmayan inanmasın...". Səməndər günlərin bir
günü bu iki cümləni qeydlər apardığı
sarıcildli dəftərinə
yazmışdı.
Bir də bir qəzet
parçası qarşıma
çıxdı, həmin
parçada Herman Hessenin
kitab haqqında essesi çap olunmuşdu. Hesse bu yazıda kitabxanasını necə
qaydaya salmağından
bəhs edir və üstəlik yazıdakı ovqat mənim indiki halımla üst-üstə
düşürdü! Bu, doğrudanmı təsadüf
idi?! Görək
Hesse kitablarını
qutulara necə yığırmış:
"İndisə
bu kitablar lal-dinməz, bir-birindən
fərqlənmədən, qarışıq
şəkildə kağıza
bükülüb dəstə-dəstə
rəflərə yığılıb,
qutulara qablaşdırılıb
başqa bir evə, başqa bir otağa köçürülməklərini gözləyir. Qutuları açanda onlardan
bəzilərini kitabxanamdan
kənarlaşdıracağam.
Bu kitab işinə mən demək olar ki, bir həftəmi
sərf etdim. Bu cür kitabxana artıq yükdür.
Müasir insanlar kitablarla
özünü yükləyib
zəhmətə salmağın,
ömür boyu onları özünlə
daşımağın gülməli
və lazımsız olduğunu hesab edirlər. Onlara nə Vergili
(qədim Roma şairi)
lazımdır, nə
də Ludoviko Ariosto (italyan şairi, dramaturq). On il
bundan qabaq "Tarzan"ı alıblar və indinin özündə də bu cür kitablar
almağa davam edirlər. Onların mütaliə barəsindəki
devizi: kitabdakı fikirlər bəzəkli və çox dərin olmamalıdır ki, bir dəfə
oxuyub başından ata biləsən! Bizdə isə tamamilə başqa prinsipdir: kitabxanaya heç bir cəfəngiyyatı daxil
etməmək və heç vaxt qiymətli kitablardan ayrılmamaq! Və nəhayət, o gün gəlib çatıb ki, artıq yaşlanmış kitab həvəskarı "Avropanın
qürubu"nun (alman
tarixçisi və filosofu Osvald Şpenqlerin "Avropanın
qürubu" əsəri
nəzərdə tutulur
- K.H.) tozunu çırparaq
dərindən fikirləşəndə
bu kitabın artıq çoxdan öz "xidmətini"
bitirdiyini və əslində lazımsız
olduğunu düşünür.
Lakin o, öz dövrünün simasını formalaşdıranlardandır.
Və buna görə də xüsusi hörmətə,
ehtirama ehtiyacı var...
Yaxşı ki, cavanlar bizi zir-zibilimizi,
dəyərsiz şeylərimizin
tozunu siləndə, təmizləyəndə görmürlər!
Və nə yaxşı ki, onların özlərinə də bir zaman saçları
seyrəlmiş, dişləri
tökülmüş halda,
ömür boyu sadiq qaldıqları şeylərə necə baxış keçirəcəklərini
görmək imkanı
verilməmişdir".
Herman Hessenin
bu essesini oxuyandan sonra dərin sarsıntı hissi keçirdim. Kitabxanama yenidən
nəzər saldım,
düşündüm ki,
görəsən bu rəflərdə missiyasını
başa vurmuş nə qədər kitab var? Stefan Sveyqin Avropanın böhranı ərəfəsində
yazdığı "Dünənin
dünyası. Bir avropalının
xatirələri" kitabını
xatırladım. Bu kitab zamanında Avropanı və müəllifini xilas edə bilməsə də, Avropanın keçdiyi tarixi yolu öyrənmək baxımından bu gün də əvəzsiz mənbə
kimi oxunur. Demək, missiya davam edir.
Mən kitabxanamdan
heç bir kitabı atmayacağam!
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2018.-17 fevral.- S.31.