Xalq yazıçısı Anarın Polşaya səfəri

 

19 fevral 2018-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-jurnalist Günel Anarqızının Polşaya səfəri baş tutmuşdur.

Səfər çərçivəsində Polşa Yazıçılar Birliyinin Varşava gərargahında görüş keçirilmişdir. Görüşdə Polşa Yazıçılar Birliyinin sədri və üzvləri, səfir Həsən Həsənov iştirak etmişdir.

Görüşü giriş sözü ilə açan Polşa Yazıçılar Birliyinin sədri Marek Vavjkeviç tanınmış yazıçı Anarı və yazıçı, jurnalist Günel Anarqızını Polşada görməkdən məmnunluq duyduğunu bildirərək, Polşa Yazıçılar Birliyinin fəaliyyəti, üzvləri və nəşrləri haqqında məlumat vermişdir. Daha sonra çıxış edən Polşa Yazıçılar Birliyinin sədr müavini Qjeqoj Vişnevski yazıçı Anarın Polşada tanındığını və bir neçə kitabının artıq polşalı oxuculara təqdim edildiyini vurğulamışdır. Gjeqoj Vişnevski səfirliyin təşəbbüsü ilə nəşr edilən hekayələr toplusunun da tez bir zamanda oxucuların rəğbətini qazanacağına inandığını bildirmişdir. Daha sonra çıxış edən səfir Həsən Həsənov Anarın XX-XXI əsr Azərbaycan ədəbiyyatında yeri, müəllifi olduğu əsərlərin aktuallığını itirmədiyini, Azərbaycan xalqının milli düşüncəsinin formalaşmasına təsiri, eyni zamanda rejissorssenarist kimi fəaliyyətindən geniş söhbət açmışdır.

Daha sonra söz alan yazıçı Anar görüş təşkilatçılarına dərin təşəkkürünü bildirərək, Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti, keçdiyi çətin yol və müstəqillik dövründə fəaliyyəti haqqında məlumat vermişdir. Polşa oxucuları ilə əlaqələrin sıx olduğunu və artıq dördüncü kitabının polyak dilində işıq üzü görməsindən məmnunluq duyduğunu bildirən yazıçı Anar, həmçinin, səfir Həsən Həsənova da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir.

Görüşdə, həmçinin, Polşa Yazıçılar Birliyinin rəyasət heyətinin katibi Yan Çixotski çıxış edərək Anarın "Əlaqə" əsərinə xüsusi diqqət ayırmışdır. Əsəri oxuduqdan sonra çox təsirləndiyini, hətta Tomas Mannın "Sehrli dağ" romanı ilə paralellər apardığını vurğulayan Yan Çixotski yazıçı Anarın əsərlərinin yüksək səviyyəli dəyəri olduğunu qeyd etmişdir. Anarın əsərlərinə, ədəbi zövqünə valeh olduğunu bildirən Yan Çixotski belə dahi yazıçının əsərlərinin tərcüməsi ilə məşğul olmaqdan şərəf duyacağını demişdir.

Görüşdə iştirak edən Günel Anarqızı da söz alaraq, tədbir iştirakçılarını salamlamış, tədbirdə iştirakından məmnunluq duyduğunu bildirmişdir. Belə görüşlərin təcrübə bölgüsünə müsbət təsirini qeyd edən Günel xanım, həmçinin bu yaxınlarda Praqa şəhərində prezentasiyası olan və dünyanın 10 dilinə tərcümə edilən "Qarabağ nəğmələri" adlı kitabı haqqında məlumat vermişdir. Azərbaycanın ən ağrılı tarixi olan Qarabağa həsr olunan və altı hekayədən ibarət olan kitabın gələcəkdə Polşada da təqdimatının keçirilməsi ilə bağlı Polşa Yazıçılar Birliyinin rəhbəri tərəfindən təklif irəli sürülmüşdür. Cənab Marek Vavjkeviç həmçinin 2018-ci ilin oktyabr ayında Varşavada keçiriləcək "Varşava poetik payızı" adlı festivala da Azərbaycan Yazıçılar Birliyindən nümayəndələrin dəvət ediləcəyini qeyd etmişdir.

Görüşün sonunda yazıçı Anar, yazıçı, jurnalist Günel Anarqızı və şair Marek Vavjkeviç Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyi münasibətilə səfirlik tərəfindən təsis edilmiş xatirə nişanları ilə təltif edilmişdilər.

19 fevral tarixində həmçinin Varşava Universitetində Azərbaycan dili və mədəniyyəti fənni üzrə təhsil alan polşalı tələbələrlə də görüş keçirilmişdi. Görüşdə Yunus İmrə İnstitutunun direktoru, prof. Öztürk Əmiroğlu, "Azərbaycan Mədəniyyət Mərkəzi" Cəmiyyətinin sədri, Varşava Universitetinin dr.u Şəhla Kazımova, səfir Həsən Həsənov və universitet tələbələri iştirak etmişdir. Görüşü giriş sözü ilə açan Şəhla Kazımova qonaqları salamlayaraq, 60-cı illər ədəbiyyatının əfsanəsi, yazıçı Anar haqqında tələbələrinə məlumat vermişdir. Anarın Azərbaycan ədəbiyyatına damğasını vurmuş ədibləridən biri olduğunu qeyd edən Şəhla xanım həmçinin Anarın ssenarist olmasını da xüsusi vurğulayaraq, onun ssenarisi əsasında çəkilmiş "Dədə Qorqud" filminin yaranma tarixi haqqında tələbələrə məlumat verilməsini xahiş etmişdir.

Öz növbəsində, yazıçı Anar tələbələri salamlamış, onların Azərbaycan dili və mədəniyyətinə göstərdikləri marağa sevindiyini bildirmişdir. "Dədə Qorqud" eposu ilə hələ 14-15 yaşlarında tanış olduğunu, eposu bir neçə dəfə oxuduğunu və hər dəfə də özü üçün yeniliklər əldə etdiyini bildirən Anar, eposu çox yüksək dəyərləndirdiyini demişdir. "Dədə Qorqud"un 1300 yubileyi ərəfəsində filmin ssenarisinin hazırlandığını bildirən Anar, o dövrdə həmçinin Dədə Qorquda həsr edilmiş digər çoxsaylı nəşrlərin işıq üzü gördüyünü vurğulamışdır. Anar qeyd etmişdir ki, türk milli düşüncəsini əks edən "Dədə Qorqud" eposu Azərbaycanın qədim tarixini öyrənmək istəyənlər üçün çox dəyərli bir əsərdir.

Həmçinin 60-cı illər yaradıcılığından danışan xalq yazıçısı o vaxt hakimiyyətin tələblərinə əks gedərək adi insanların həyatı, problemləri haqqında yazdığını, insanların gündəlik həyatını öz əsərlərində təsvir etməyə çalışdığını vurğulamışdır.

Eyni zamanda Polşa ədəbiyyatı və filmləri ilə də yaxından tanış olduğunu qeyd edən yazıçı Anar Tadeuş Rujeviç, Çeslav Miloşun, Adam Mitskeviçin əsərlərinin azərbaycan dilinə tərcümə olunduğunu bildirmişdir.

Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkilmişdir.

 

Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi

 

Ədəbiyyat qəzeti.- 2018.- 24 fevral.- S.2.