Azərbaycan Cümhuriyyəti: tarixi, siyasi və ədəbi-fəlsəfi aspektləri ilə  

 

Ədəbiyyat qəzetinin müzakirə saatı

 

İstiqlaldan keçib gəldik...

Müstəqilliyimizi zərrə-zərrə, canımız və qanımız bahasına qazandıq. Ona sarı addım-addım, zaman-zaman yol aldıq. Bu cür addımlardan başladı azadlığın müqəddəs yolu. Onun bütün dövlət və xalq miqyasında əldə edilməsinə çaba göstərmək seçilmişlərin, yüksək zəka və intellekt sahiblərinin əməl göstəricisi oldu həm də. XX əsrin əvvəllərində, 1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyəti əqidə və məslək birliyinin təzahürü kimi ərsəyə gəldi.

Bu il Cümhuriyyətin 100  illiyidir.

Cəmi bir il on bir ay ömür sürən Azərbaycan Cümhuriyyət dövrü xalqa nə verdi, yaxud milli yaddaş tarixində hansı xidməti, tarixi haqqı ilə iz qoydu, hansı əhəmiyətli addımları ilə seçildi? Bu sualları cavablandırmaq üçün redaksiyamıza Cümhuriyyət dövrünün tədqiqatçı alimlərini dəvət etdik. Beləliklə, "Ədəbiyyat qəzeti"nin müzakirə saatına qoşulurlar:

f.e.d.prof. Vaqif Sultanlı, f.e.d.prof. Alxan Bayramoğlu, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə,  f.ü.f.d. "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan və f.e.doktoru Elnarə Akimova.

Elnarə Akimova: -  İstərdim, digər məsələlərə də toxunaq. Ədalət müəllim, Azərbaycan Cümhuriyyətinin diplomatiyasının çıxış nöqtələrini hansı məqamlar təşkil edirdi?

Ədalət Tahirzadə: - Mən istəyirəm əvvəlki sualla da bağlı münasibətimi bildirim. Azər Turan bu məsələni daha ətraflı araşdırıb: o ideoloji məsələlər, bayrağımızın üçrəngli olması Əli bəy Hüseynzadənin fikri idi. Müasirləşmək, türkləşmək, islamlaşmaq.  Bu fikirlər ədəbiyyata Əli bəy Hüseynzadə ilə gəldi, "Füyuzat"la gəldi. Düzdürmü? Ondan sonra bayrağımızın üç rəngi Hüseyn Cavidin bütün yaradıcılığında əks olunub. Türkçülük istəyirsən, "Əmir Teymur", "Səyavuş", ondan sonra çağdaşlıq istəyirsən, "Azər", "Şeyda", islam istəyirsən, "Peyğəmbər". Hətta fikir var ki, Sibirdə olanda "Allah" da yazıb. Ümumiyyətlə, Cavidin bütün yaradıcılığında onun spektrini görmək mümkündür. Başqa əsərlərdə də bu məsələlərə yer verilib. Mən türk-tatar məsələsinə də fikir bildirmək istəyirəm. Bir məsələ var ki, bu dönəmdə bütün islam aləmində ümmətçilik və millətçilik məsələləri aktual idi. İslam dünyasının başında kim dururdu - Osmanlı imperiyası. Osmanlının başında kim dururdu - Sultan. Sultan həm də xəlifə idi. O bütün islamın başçısıdı. Osmanlı nə qədər mövcuddursa, ümmətçilik davam edəcək. Amma Əhməd Ağaoğlu  digərləri Avropada təhsil almaqla millətçilik ideyalarını gətirdilər. 1905-ci ildə "Həyat" qəzeti artıq millətçi qəzet kimi çıxış edirdi. Türklərin qəzeti kimi çıxış edirdi. Əli bəyin genlərində babasından gələn ümmətçilik də var idi, ona görə də o, ümmətçiliyi də müdafiə edirdi.

Azər Turan: - Ədalət müəllimin sözlərinə  qüvvət, məhz Şeyxülislam, yəni Qafqaz şeyxülislamı - Əli bəy Hüseynzadənin babası Axund Əhməd Hüseynzadə "Tarixi ədəbiyyati-türki" əsərinin müəllifi idi. Əslində, ümmətçilikdən millətçiliyə keçid həm də bu əsərlə başlamışdı.

Ədalət Tahirzadə: - Türk-tatar məsələsinə aid bir şeyi də qeyd edim ki, bayaq Vaqif bəy də bu məsələyə toxundu. Rusca kitabların hamısında tatar gedir. Bizim dilə türk  kimi tərcümə olunur. Məsələn, S.M.Qənizadənin "Rusca-türkcə lüğət"i var. Onun türkcə ərəb əlifbasında olan hissəsində yazılıb ki, "Rusca-türkcə lüğət". Tərtibçi S.M.Qənizadə. Rusca hissəsində yazıblar ki, "Russkiy-tatarskiy slovar".   S.M.Qaniyev.  Deməli, hətta soyadları da dəyişidirib yazırdılar. Ona görə də tatarı bizim öz dilimizdə işlədəndə tatar kimi işlətmək düzgün deyil. Onu türk kimi tərcümə etmək lazımdır.

Elnarə Akimova: - Bu məqsədli şəkildə baş verirdi?

Ədalət Tahirzadə: - Təbii ki, məqsədli idi. Məqsəd bu idi ki, biz də özümüzü Türkiyədəki türklər kimi türk adlandırmayaq. Bizi 36-cı ildə Stalin necə ki azərbaycanlı adlandırmadı? Həmin məsələnin davamı idi də...

Azər Turan: - Amma İsmayıl bəy Qaspıralı "Tatar milləti" məqaləsində bildirirdi ki,  "Tatar milləti yoxdur. Sözün doğrusu budur. Belə ki, türklərin tatar ismi ilə yad olunması təsadüfi bir xətadır... Ruslar bizə altı yüz ildən bəri Tatar ismini vermişlər. Bununla bərabər, bizlər  tatar deyilik. Tarixlərin təkrarı, coğrafiyanın dəlaləti, lisanımızın həqiqəti, antropologiyanın ölçüləri ilə türklüyümüz müsbət bulunuyor". İndi isə suala qayıdaq.

Elnarə Akimova: - Bəli, Cümhuriyyətin diplomatiyasının çıxış nöqtələri. Hansı missiyanı yerinə yetirə bildilər?

Ədalət Tahirzadə: - 16 iyulda Cümhuriyyət hökuməti Tiflisdən Gəncəyə köçdü. 17 iyulda nazirlər kabinetinin iclası oldu. Həmin iclas qərara aldı ki, ölkənin vəziyyəti çox ağırdı. Pul yoxdu. Ümumiyyətlə, heç nəyi yoxdu. Bu vəziyyətdən  çıxmaq üçün bizə kim kömək edə bilər? Təbii ki, Türkiyə. Milli şuranın sədri kimi M.Ə Rəsulzadə başda olmaqla, Xəlil bəy Xasməmmədov, bir də Aslan bəy Səfikürdski də daxil olmaqla İstanbula, Osmanlı dövlətinə özəl xüsusi səlahiyyətli heyət göndərdilər. Bir azdan iyul ayında buraya 2 nəfəri də qoşdular. Səlim bəy Behbudov və Əsəd bəy Rüstəmbəyov. Bunları da Türkiyə ilə danışıqlar aparmaq üçün göndərdilər. Cümhuriyyətin ilk diplomatik missiyası bu oldu. Səlim bəylə Əsəd bəy Cümhuriyyətin Azərbaycan pullarının nəşrini Türkiyədə həyata keçirmək və Azərbaycana borc almaq məsələsi ilə məşğul idi.  Rəsulzadənin missiyası isə daha geniş idi, Türkiyə-Azərbaycan arasında müqavilələr imzalamaq. Düzdür, 4 iyunda Batumda bu müqavilə imzalanmışdı. Amma indi isə oktyabr ayında, çünki bu ayda Muqros müqaviləsi imzalandı, Türkiyə qoşunlarını bütün Qafqazdan çəkməli oldu. Və vəziyyət tamamilə dəyişdi. İlk Azərbaycan Cümhuriyyəti dioplomatiyası Rəsulzadənin başçılığı ilə göndərilmiş heyəti-mürəxxəsə idi.  Onlar bütün  işləri yerinə yetirdilər, müqavilələri imzaladılar. Çox təəssüf ki, Bolqarıstanda üsyanlar başladı, ara qarışdı və nəticə olmadı. Azərbaycan öz pulunu burda kəsməli oldu. İkinci diplomatik missiya Ə.Topçubaşovun başçılığı ilə Parisə sülh konfransına göndərilən nümayəndə heyəti ilə oldu. O dönəmdə ayrı-ayrı ölkələrlə də diplomatik münasibətlər qurulmuşdu. Bakıda səfirliklər açılmışdı, Azərbaycanın özünün bəzi ökələrdə elçiləri var idi və diplomatik əlaqələr inkişaf edirdi. Təbii ki, bütün bu işlərin nəticəsi olaraq 20-ci il yanvarın 11-də Azərbaycan istiqlalı Paris Sülh konfransında təsdiq olundu.

Elnarə Akimova: - Vaqif müəllim, qısa zaman kəsiyində Azərbaycan Cümhuriyyəti hansı mədəni-ədəbi islahatlar həyata keçirə bildi?

Vaqif Sultanlı: - Cümhuriyyət dövrü ədəbiyyatı haqqında xeyli əsər yazılıb, Alxan müəllimin də bir kitabı var. Mənim fikrimcə, Cümhuriyyət ədəbiyyatının yalnız konkret zaman kəsiyində yaranmış əsərlər fonunda, sadəcə filoloji müstəvidə dəyərləndirilməsi doğru deyil. Bu baxımdan yanaşılarsa, iyirmi üç aylıq bir dönəm çərçivəsində yaranmış şeir, nəsr, dram əsərlərindən, habelə ədəbiyyatşünaslıq araşdırmalarından bəhs olunacaqdır. Əlbəttə, qısa bir dövr ərzində böyük ədəbiyyatın yaranması mümkün deyildir. Bu mənada Cümhuriyyət ədəbiyyatı dövrün özü ilə əlaqə və münasibətdə təhlil olunmalı, bu ədəbiyyatın sosial-siyasi yükü, məfkurəvi təməli qabardılmalıdır. Nəyə görə? Çünki cümhuriyyətçilik bir məfkurədir. Buna qədər gələn bir yol, ədəbi proses var. Xatırlayırsınızsa, sovet dövründə yazılan ədəbiyyat tarixləri 1917-ci ilə qədərki dövrü əhatə edir, 1920-ci ildən isə sovet ədəbiyyatı mərhələsi başlayırdı. Aradakı dövr - Cümhuriyyət illəri haqqında bəhs olunmurdu. Dövrün üzərindən məharətlə keçirdilər. Oxumağa, öyrənməyə də bir qaynaq yox idi. Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin adını tənqid etmək üçün çəkirdilər, Amma Məhəmməd Əmin Rəsulzadənin adı büsbütün yasaq olunmuşdu.

Müstəqilliyin ilk dövrlərində ədəbiyyat tarixinə yenidən baxılması zərurəti yarandı. Xüsusilə də, ədəbiyyatın dövrləşdirilməsi prosesi bərbad vəziyyətdə idi. Ədəbiyyat tarixinin əvvəlki mərhələləri xronoloji, sovet dövrü isə siyasi-ideoloji prinsiplə dövrləşdirilirdi. Bu isə təbii olaraq Güney Azərbaycan və mühacirət ədəbi irsini milli ədəbiyyat tarixi içərisində öyrənməyə imkan vermirdi. Ona görə də universitet üçün dərsliyi yenidən işlədik. Düzdür, bir qədər tələsik oldu...

Elnarə Akimova: - Neçənci ildə dəyişdiniz bu dərsikləri?

Vaqif Sultanlı: - 2007-ci ildə.

Alxan Bayramoğlu: - Vaqif müəllimin sözünə qüvvət, Cümhuriyyət dövrü ədəbiyyatının mənim tərəfimdən araşdırılmasında o zaman Ədəbiyyat İnstitutunun direktoru olan Yaşar Qarayevin rolu böyükdür. 1989-cu ilin sentyabrında bir gün o, institutun gənc alimlərini öz kabinetinə yığdı. Yaşar müəllim mövzular tərtib etmişdi ki, bunları kim yazsa, onlara maaşdan əlavə müqavilə ilə pul verəcəyik. Gördüm Cümhuriyyətə heç kim yaxın düşmur. Həmin mövzunu mən götürdüm. 1990-cı ilin may nömrəsində "Ulduz" jurnalında "Azərbaycan Demokratik Respublikası dövründə  ədəbiyyat" adlı  10 səhifəlik bir yazım getdi. Türkiyədə 2 jurnal o yazını təkrar çap elədi.  Bir gün dəhlizdə dayanmışdım. Liftdən Əziz Mirəhmədov çıxdı, o da çox ciddi, həqiqətpərəst, hər kəsi bəyənməyən bir alim idi. Mənə dedi ki, Alxan, sənin o məqaləni dünən oxudum. Çox sağ ol. Demə, bizim belə bir ədəbiyyatımız varmış, xəbərimiz olmayıb.

Azər Turan: - Siz belə deyirsiz, amma Əziz müəllimin özü o dövrün ədəbi hadisələrini, dövrün proseslərini dərindən bilən nadir alim olsa da, bildiyinə rəğmən, sovet dönəmində o həqiqətləri yetərincə təkzib edib.

Ədalət Tahirzadə: - Bəli, Mərkəzi Komitənin şöbə müdiri idi. Amma sovet dövründə  Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu ən gözəl bilən alim o idi.

Azər Turan: - Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu barədə sistemli və yazılı müsbət fikir söyləmək tendensiyası ilk dəfə "Fikrin karvanı" kitabında aktuallaşıb və məncə, bu da həmin kitabın tərtibçisi və redaktoru Elçin müəlimin - Elçin Əfəndiyevin  xidməti kimi dəyərləndirilməlidir.

Alxan Bayramoğlu: - Əziz müəllim vaxtı ilə MK-nın ideoloji şöbəsində rəhbər vəzifə tutub. Hər bir fikir, söz sovet ideologiyasının diktəsinə tabe idi. Əziz müəllim də fikri, "əl-qolu bağlananlardan" biri kimi həmin ideologiyaya xidmət etməyə məcbur idi. Hətta onun M.Hadidən yazdığı dissertasiya da, aldığı alimlik diplomu da ideoloji səbəblərə, güya pantürkist bir şairdən - Hadidən əsər yazdığına görə ləğv edilmiş, özü işdən çıxarılmışdı. Başı çox bəlalar çəkmişdi.

Elnarə Akimova: - Eyni mövqedən çıxış edən Kamal Talıbzadənin də sonralar "Azərbaycan" jurnalında bir  yazısı çıxmışdı. Səhv etdiyini etiraf edirdi. Təbii ki, dövrün özünün mürəkkəbliyindən doğan səhvlər idi bunlar.

Alxan Bayramoğlu: - Vaqif müəllim deyirdi ki, bəzilərinin adları çəkilmirdi. Adlar əvvəl pisliyə çəkilirdi. M.Ə.Rəsulzadəni, digərlərini "vətən xaini", "mənfur müsavatçı" epitetiləri ilə gözdən salmağa çalışırdılar. Sonra gördülər bununla da yadda qalırlar. İstər-istəməz Rəsulzadənin kimliyi ilə maraqlanırlar. Sovet ideoloqları sonradan 7 nəfərin adını senzuraya vermişdilər ki, o adlar nə yaxşılığa çəkilsin, nə də pisliyə. Onlar yaddaşdan silinməliydi.

Azər Turan: - Cümhuriyyətə qayıdaq. 1918-ci ilə qədər məncə, bu proseslərə kompleks şəkildə yanaşmaq lazımdır. Türkiyə amili qıraqda qalmamalıdır. 1915-ci ilin yanvarında İstanbulda Rusiya müsəlmanlarının haqlarını müdafiə edən heyət yaradılıb -  Turan Heyəti. Və Turan Heyəti Şərqi Avropaya səfərlər edib. Bu Turan heyətinin rəhbərləri Əli bəy Hüseynzadə, Yusuf Akçura   Mukiməddin Beycandır. Onlar 1915-1916-cı illərdə Şərqi Avropa ölkələrinin prezidentləri, baş nazirləri, məclis sədrləri ilə görüşüblər. Hər biri ilə ayrı-ayrılıqda. Bu görüşlər hələ inqilab etməmiş ölkənin başçısı Leninlə görüşə qədər davam edib. Bu haqda alman şərqşünası, professor Gothard Jaske hələ  1937-ci ildə yazdığı bir məqalədə Hüseynzadə və Akçuranın bu əməlini "Rusiya məhkumu türklərin beynəlmiləl ölçüdə və həm də geniş bir Avropa cəmiyyəti önündə ilk güclü istiqlal həmləsi" olaraq dəyərləndirir. Və bu hərəkatı "Rusiya türklərinin beynəlxalq miqyasda bağımsızlığa doğru atılan ilk addımı" kimi səciyyələndirir.

Alxan Bayramoğlu: - Onlar ictimai təşkilat idi. Rəsmi dövlət qurumu deyildilər. Fəaliyyətləri təqdirəlayiq olsa da, elə bir kəsərə malik deyildi.

Ədalət Tahirzadə: - Yox, əlbəttə ki, bu çox ciddi bir mövzudur.

Azər Turan: - Aydınlaşdırılmalıdır, tədqiq edilməlidir ki, "Təşkilati-məxsusə"nin fəaliyyəti Azərbaycanda hara qədər davam edib. Bizim alimlər, xüsusən də, sovet dövründə deyirdilər, təəssüf ki, bəzən indi də deyirlər ki, Əli bəy Hüseynzdə 1918-ci ildə Azərbaycana jurnalist qismində gəlib. Amma onun öz əlyazmasında "Müxtəsər bioqrafik məlumat"ı "Ədəbiyyat qəzeti"ndə dərc etdik.  Məlum oldu ki, o, xüsusi tapşırıqla gəlmiş bir adamdır. Bu günə qədər Azərbaycan elminə tam məlum olmayan ciddi bir fakt var. 1918-ci il mayın 23-də Ə.Hüseynzadə  Əhməd Ağaoğlu ilə birlikdə Tiflisdən, seymin iclasından  birbaşa Ənvər paşaya məktub yazırlar. Burdakı qafqaz deputatların İrəvan məsələsi ilə bağlı fikirlərini bildirirlər və Ermənistan dövlətini yaradılmasının verə biləcəyi  fəsadları Ənvər Paşanın diqqətinə çatdırırlar. Məktub mayın 23-də Tiflisdən yazılıb. Mayın 27-də isə Ənvər Paşanın Vehib Paşaya göndərdiyi teleqramda belə məqamlar var: "Anlaşıldığına görə, ermənilər bizə qaytardıqları ərazilərə müqabil Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna muvafakat edəcəklərmiş. Məncə, bu, tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır. Və bizim üçün şərqdə bir Bolqarıstan daha yaranar ki, bu bizim üçün Rusiyadan daha müzir bir düşmən olar". Doğrudur, bu teleqram Vehib Paşaya ünvanlanıb. Amma mayın 23-də yazılmış məktubu Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə imzalayıb.

Ədalət Tahirzadə: - Onlar Cümhuriyyət yaranana qədər, Trabzon və Batum konfransları zamanı Ənvər paşa ilə də gizli görüşlər keçirib. Türkiyədə bu haqda Ediz Şahin "Trabzon və Batum konfransları" adlı kitabda yazır. Orada açıq yazılıb ki, seymin heyətində olan azərbaycanlılar istər Rauf bəylə, istər də Ənvər paşa ilə gizli görüşlər keçirmişlər və bu məsələləri müzakirə eləmişlər. Ta ki Cümhuriyyət qurulana qədər.

Alxan Bayramoğlu: - Amma bir məqam var. Qeyd etdiyim kimi onların bütün bu görüşləri rəsmi deyildi ki. Onlar ictimai təşkilat nümayəndəsi kimi görüşüblər, xüsusi diplomatik missiyaları yox idi. Əlbəttə, bunların hamısı dövlətə hazırlıq idi, missiya yox. Elnarə xanımın sualı başqadır. O, Cümhuriyyət qurucularının diplomatik missiyasının nə olduğunu soruşmuşdu. Bu qurucular Azərbaycanın dövlət müstəqilliyini elan etdilər. Lakin əsas məsələ Paris Sülh konfransında həll edilir, dünyanın yeni xəritəsi orada cızılırdı. Orada da qəbul edilmək üçün avropalı kimi düşünmək əsas götürülürdü. Əli bəy Hüseynzadə vaxtı ilə yazırdı: "Bizə türk imanlı, Avropa qiyafəli, islam əqidəli fədailər gərəkdi… Biz əgər avropalının mədəsində ərimək istəmiriksə, onların beynini mənimsəməliyik. Yəni "oyunu" onların qaydası ilə oynamağı bacarmalıyıq." Orada müəyyən şərtlər vardı: Avropa tipli məhkəmən varmı, universitetin varmı? Ona görə M.Şahtaxtlı yazırdı: "Biz Avopa masştablı darülfünun açmalıyıq ki, Avropanın əlindən siz inkişaf etməmisiz, universitetiniz yoxdu, sizə müstəqillik verə bilmərik bəhanəsini alaq". Görün universitet açmağın necə böyük əhəmiyyəti vardı. Daha sonra - 1920-ci ildə Məhəmməd ağa "İstiqlalımızın beynəlmiləlcə təsdiqi" məqaləsində əsaslandırırdı ki, bizim operamız, alimlərimiz, teatrımız var, qadınlarımız ictimai həyatda çalışırlar. Bunların hamısını oraya - Parisə çatdırmalıyıq. Ü.Hacıbəyov da "Mühüm məsələlər"də yazırdı: "Vaxtı ilə xanlıqlar dövründə dövlətimizin, olmağını, mədəniyyətimizin, musiqimizin yüksək səviyyəsini, dilimizin Qafqazda hər kəs tərəfindən anlaşılmasını onlara çatdırmalıyıq".

M.Hadi qeyd edir ki, yer üzü insanların yarış və vuruş meydanıdır. Həqiqətən də, 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Cümhuriyyəti üçün gərgin yarış və vuruş dövrü oldu. Fikrimcə, Azərbaycan Cümhuriyyətinin ən böyük missiyası həmin yarış-vuruş meydanında özünü təsdiq etdirməsi idi. Onlar əsl dövlət olduğumuzu avropalının beyninə,  qulağına yeridə bildilər. Çəmənzəminlinin "Xarici siyasətimiz" adlı silsilə məqalələri var. 11 məqalədir. Biri "İstanbul səfirliyi" adlanır. O, yazır: "İstanbulda səfirliyimiz olmalıdır ki, dünyanın bütün xalqlarının, dövlətlərinin orada informasiya agentlikləri, nümayəndəliyi yerləşir. Biz varlığımızı avropalının qulağına bağırmaq istəyiriksə İstanbulda səfirlik açmalıyıq və ondan istifadə etməliyik. Qoy onlar  bizi etiraf eləsin. Tomson da gəldi, gördü ki, doğrudan da, burada - Azərbaycanda dövlət var. Ondan sonra müstəqilliyimizi tanıdı, İngiltərə də arxamızda durdu. Təxminən yanvarın 12-13 arası iclasda Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması təklifini verdi. Mənə belə gəlir ki, bu işdə  Tomsonun rəyi, mövqeyi də mühüm rol oynadı.

Elnarə Akimova: - Başqa bir məsələ də məni maraqlandırır: Cümhuriyyətlə bağlı bu gün aparılan tədqiqatlarda  hansı metodoloji yanlışlar var? Sovet dövründə bu yanaşma məlum idi. Bəs bu günün dəyərləndirməsində hakim yanlışlar nədə özünü göstərir?

Vaqif Sultanlı: - Cümhuriyyət dövrü tariximiz kimi, ədəbiyyatımızın da çox mühüm bir mərhələsidir. Amma deyək ki, konkret ədəbi-bədii örnəklərin yaranması baxımından bu dövr zəngin görünməyə bilər. Bayaq qeyd etdiyim kimi, cümhuriyyətçilik məfkurəsi ilə baxılarsa, bu dövrün mahiyyəti üzə çıxar. Cümhuriyyət ədəbiyyatının zəngin ərəfəsi olduğu kimi, davamı da var. Mühacirətin ədəbi-kulturoloji irsi bu ədəbiyyatın davamı və ayrılmaz bir parçasıdır. Çünki Cümhuriyyət süqut etməsəydi, mühacirət olmayacaqdı. Cümhuriyyəti quranlar sonralar mühacirətin qurucusuna çevrildilər. Ona görə də cümhuriyyətçilik məfkurəsi Azərbaycan mühacirətinin əsas ideoloji xəttini təşkil etməkdədir. Mühacirətin təşkilatlanmasında, istiqlal hərəkatının yürüdülməsində, ictimai-siyasi və ədəbi-kulturoloji fəaliyyət sferasında bu amil mühüm rol oynamışdır. Azərbaycan mühacirəti dövrün ağır siyasi şərtlərinə baxmayaraq bir an olsun belə Cümhuriyyətçilik məfkurəsindən vaz keçməmişdir.

Elnarə Akimova: - Cümhuriyyət qalsaydı yəqin ki, repressiya da olmayacaqdı.

Vaqif Sultanlı: - Təbii ki, Cümhuriyyət yaşasaydı, repressiya da olmayacaqdı, mühacirət də. Təsadüfi deyildir ki, bütün sovet siyasi rejimi dövründə cümhuriyyətçilik bir məfkurə kimi təqib olundu. Həmin dövrün ədəbiyyatına baxılarsa, orada istisnasız olaraq Cümhuriyyətin qara rəngdə, qara boyalarda təsviri görünəcək. Ancaq Cümhuriyyət dövrü, bu dövrün ədəbi-kulturoloji irsi bütün sonrakı dövrlərin ədəbiyyatına, mədəniyyətinə təsirsiz qalmadı. Sovet siyasi rejimi dönəmində bədii ədəbiyyatda Cümhuriyyətin qara boyalarla təqdiminə baxmayaraq, cümhuriyyətçilik məfkurəsi ölmədi.

Elnarə Akimova: - Ya toxunmayıblar, ya da neqativ yöndən toxunublar.

Vaqif Sultanlı: - Toxunmamağın da təhlükəsi vardı, münasibət birmənalı olmalı idi. Mühacirət ədəbiyyatı isə Cümhuriyyət məfkurəsindən doğmuşdu. Ona görə də mühacirətin fəaliyyətinə baxsanız, görəcəksiniz ki, onu yaradanlar elə Cümhuriyyəti quran insanlardır. Cümhuriyyət kimi, mühacirət də sağlam təfəkkürlə formalaşmışdır. Həm təşkilatlanma, həm ideoloji istiqamət, həm nəşr fəaliyyəti baxımından. Məsələn, M.Ə.Rəsulzadənin fəaliyyətini əvvəldən sonadək izləsəniz, hər hansı bir sarpmaya rast gəlməyəcəksiniz. İstər ədəbi-nəzəri əsərlərində, istər siyasi düşüncəsində, istərsə də şəxsi həyatında. O bir örnək idi. Bir daha təkrar edirəm ki, Cümhuriyyətçilik mühacirətin ədəbi məfkurəsində, ideoloji xəttində əsas  rol oynayıb.

Alxan Bayramoğlu: - Doğrudan da, Paris Sülh konfransında müstəqilliyimiz tanındıqdan sonra da Rusiya bizi tanımadı. Rusiya xarici işlər nazirinin Azərbaycan Cümhuriyyətinə bir neçə, daha dəqiq desək, 3 notası var. Həmin notada bizi təhrik edirdilər ki, Denikinə qarşı vuruşun, bizə kömək edin. Azərbaycan Cümhuriyyəti isə bu oyuna getmədi.

Elnarə Akimova: - Bəli, bildirir ki, biz Rusiyanın işinə qarışmırıq.

Alxan Bayramoğlu: - Rusiya da axıra qədər bizi tanımadı. Sülh konfransının qərarında Rusiyanın imzası yoxdur. Çünki tanısaydı, apreldə bizi işğal edə bilməzdi. Tanımadı və işğal etdi. Lakin nədənsə, SSRİ-nin tərkibində müstəqil respublika kimi saxladı. Formal da olsa, saxladı. Bu isə, söz yox ki, Cümhuriyyətin beynəlxalq miqyasda tanınması ilə bağlı idi. Əlimərdan bəyin, diplomatik missiyanın xidməti idi. Bəlkə də SSRİ-nin tərkibində formal müstəqil respublika kimi qalmasaydıq, bugünkü müstəqil respublika da olmayacaqdıq. Sovet imperiyası bizi öz içində əridəcəkdi. Leninin yazılarında, ayrı-ayrı əsərlərində Bakı Rusiyanın sənaye və proletariat, inqilab  mərkəzlərindən biri kimi vurğulanır. Burada Azərbaycan söhbəti yox idi, Bakı vardı.

Azər Turan: - 1918-ci ildə Əli bəy Hüseynzadə Azərbaycanı tərk edib İstanbula döndükdən sonra yazırdı ki, "Daha iki həftə olmadı ki, bu gənc dövlətin müvəqqəti paytaxtı olan Gəncə şəhərini tərk etdim. Müvəqqəti paytaxt diyorum, çünki Azərbaycanın təbii paytaxtı petrol mənbəi olan Bakıdır. Bakını Azərbaycana çox görən kim olursa-olsun Azərbaycan xalqının ən mənfur düşmənidir! Gəncəyə gəlincə bu şəhər ancaq irəlidə Azərbaycanın maarif mərkəzi ola bilir..."

Alxan Bayramoğlu: - Sözünüzün qüvvəti, Rəsulzadə yazır ki, Lenin "Bakı sovet Rusiyasına lazımdır", - deyə Bakını Azərbaycandan qoparmaq istəyirdi. Mən belə düşünürəm ki, Leninlə Atatürkün arasındakı gizli razılaşmada XI ordunun Bakını zəbt etməsi qarşılığında Naxçıvanın Türkiyənin qarantına razılıq verilmişdi. Bəzən deyirlər ki, Atatürk Bakını təhvil verdi. Ancaq məncə, Atatürk "siyasi şahmat taxtasında" müvəqqəti olaraq "Bakı füqurunu" qurban verməklə əsas oyunu udmağı nəzərdə tutmuşdu. Tarix göstərdi ki, 70 ildən sonra Mustafa Kamal Paşa bu uzaqgörənlikdə yanılmamışdı; o, əsas oyunu uddu. Bu gün Azərbaycan müstəqildir. Türk dünyası dünyaya meydan oxuyur.

Ədalət Tahirzadə: - Mühacirət mövzusu çox ciddi bir məsələdir, çünki o Cümhuriyyətin davamıdır. İstiqlal ideyasının davamıdır. 20-ci ilin 28 aprelində faktiki olaraq Cümhuriyyətin fəaliyyəti dayandı, amma onun fəaliyyəti, istiqlal düşüncəsi mühacirətdə yaşadı. Rəsulzadə və digərlərində. Düzdür, bizim bir çox görkəmli xadimimizi Tiflisdə öldürdülər - F.Xoyskini öldürdülər, Həsən bəy Ağayevi, Nəsib bəy Yusifbəylini - 2 baş nazirimizi və parlament sədrini. Bunu sovetlər erməninin əliylə həyata keçirdi. Amma yerdə qalan digər şəxsiyyətlərimiz əsasən Türkiyə  Fransada  toplaşdılar. Parisdə Əlimərdan bəy və komandası, İstanbulda da Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Əbdüləli bəy Əmircanov, Xosrov bəy Sultanov, Mirzəbala Məmmədzadə, Kərim Odər. Bunlar çox böyük şəxsiyyətlər və çox böyük ideoloqlar idi. Sonradan "Prometey" təşkilatı Polşanın köməyi ilə bu ideyanı yaşatdı. Bir şeyi də hökmən qeyd etmək istəyirəm ki, Azərbaycan mühacirət tarixi haqqında yazılmış ən gözəl əsərlərdən biri Georgi Mamulia və Ramiz Abutalıbovun "Odlar yurdu Azərbaycanın siyasi mühaciət tarixi" kitabıdır. Bu həm  həm rusca, həm Azərbaycan türkcəsində, həm də Türkiyə türkcəsində nəşr olunub. İstərdim ki, oxucuların bundan xəbəri olsun və Azərbaycanın siyasi mühacirət tarixi həmin kitabda Ə.Topçubaşovun Parisdə saxlanan arxivi əsasında yazılmış  olduqca dəyərli bir əsərdir.

Elnarə Akimova: - Ədalət müəllim, bəs sizcə bugünkü metodoloji yanaşmada hansı yanlışlıqlar özünü göstərir?

Ədalət Tahirzadə: - Bu gün daha çox subyektivlik özünü göstərir. Məsələn, 93-cü ildə biz orta məktəblər üçün ədəbiyyat dərslikləri yaratdıq və 9-cu sinfin ədəbiyyat dərsliyi rəhmətlik Ə.Səfərlinin idi. Ə.Səfərlinin həmin kitabında M.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağayevin hər biri haqqında ayrıca oçerklər var idi. Onların tərcümeyi-halı verilir, yaradıcılığı təhlil olunurdu... Azərbaycan Cümhuriyyəti bizim müqəddəs evimizdir, ocağımızdır, onu yaradanlar da bizim valideynlərimizdir. Onların içərisində Şəfiqə xanım Əfəndizadə kimi ləyaqətli bir xanımımız var. Ondan başqa Xədicə xanım Ağayeva - parlamentin sədri Həsən bəy Ağayevin yoldaşı, bunlar hamısı ziyalı insanlar idi. Qadınlar necə böyük rol oynayırdılar. Nəsib bəy Yusifbəylinin iki həyat yoldaşı (bir qədər gülməli səslənsə də) bu işlərdə fəal iştirak ediblər.

Elnarə Akimova: - Bir də Cümhuriyyət tələbələri var. 100 nəfər seçilib müxtəlif ölkələrə göndərilir. Onların sonrakı fəaliyyəti, taleyi haqqında nə deyə bilərsiz?

Alxan Bayramoğlu: - Bu da Cümhuriyyətin daxili tədbirlərindən biri idi.

Ədalət Tahirzadə:  - Bu, Cümhuriyyətin təhsil sahəsində, həm də təkcə təhsil deyil, dövlətçilk sahəsində atdığı mühüm addımlardan idi. Çünki Cümhuriyyəti idarə edənlərin əksəriyyəti ana dilini bilmirdi. Kadr çatışmazlığı var idi. Nazirliklərin 70 faizi qeyri-millətlər idi. Onların işçilərinin də əksəriyyəti özləri kimi. Məhz bu kadr yoxluğunu aradan qaldırmaq üçün Cümhuriyyət 100 nəfəri seçib öz pulu ilə, 2 nəfəri isə şəxsi hesabı ilə xaricə göndərdi. Amma onların bütün sənədlərini, pasportlarını, vizalarını, inzibati məsələləri həll edib 102 nəfəri göndərdi. Onların qayıdıb gələnlərinin içərisində Azərbaycana böyük töhfələr verən alimlər oldu. Məsələn, İsgəndər Rzazadə - həm Almaniyada, həm də Fransada oxumuşdu. Energetik idi. Azərbaycanın ilk elektrik stansiyalarının energetiki idi. Təxminən 12 layihə həyata keçirmişdi. Sonra Cəfər Kazımov. Onu iki il NKVD-nin zindanında saxladılar. Boynuna yıxmaq istədilər ki,  Sovet hökumətini yıxmaq istəyib, boynuna heç nə qoya bilməyib Sibirə sürgün elədilər. Almaniyada oxumuşdu, ən yüksək səviyyəli geoloq idi. SSRİ-də qarşısına çıxa bilən adam yox idi. Sibirdə sürgündə olarkən uran tapdı. Əhməd Rəcəbli - İtaliyada kənd təsərrüfatı üzrə oxumuşdu. İki dəfə həbs elədilər, ən gözəl bioloqlardan, kənd təsərrüfatı üzrə mütəxəssislərdən  biri idi. Yaxud əmisi oğlu Mürsəl bəy Şahsuvarlı - ən böyük cərrahlardan biri idi. Sibirə sürgün elədilər. İsmayıl Axundov- Almaniyada, Münhendə həkimlik oxumuşdu. Qayıdıb gələndə -Mustafa bəy Topçubaşovun xahişi ilə 1927-ci ildə qayıdıb gəldi - Azərbaycanda qızdırma xəstəliyi yayılmışdı. Xüsusən də, Cənub bölgəsində. Kütləvi şəkildə epidemiyalar yayılırdı. Məhz bu xəstəliklərin aradan qaldırılmasında professor İsmayıl Axundovun böyük rolu oldu. Daha sonra İsmayıl Vəliyev- Gəncədə, kənd təsərrüfatı üzrə akademik idi. Yeni pambıq növlərinin yetişdirilməsində rolu oldu. Bütün bunlar Cümhuriyyətin xidməti idi.

Alxan Bayramoğlu: - Onların içində kimin ki ideoloji mövqeyi yox idi, onlardan kadr kimi istifadə etdilər, lakin kim ki məfkurə daşıyıcısı idi, onları ya sürgün etdilər, ya da həbsə saldılar.

M.Şahtaxtlının "Azərbaycanda darülfünun" məqaləsində bir məqam var; müzakirə olunur ki, Darülfünunu hansı dildə açaq? Çünki o zaman Azərbaycan dilini təmiz bilən müəllim, alim, kadr yox dərəcəsində idi. Ona görə Məhəmməd ağa yazır ki, bu saat bizdə türk professorları yoxdur. Ancaq hazırda Rusiyada qarışıqlıq olduğundan oradakı professorların əksəriyyəti işsiz qalıb. Biz o professorların intellektindən istifadə etmək üçün ilk olaraq darülfünunu rusca açaq, rus kadrlarından istifadə edək, tələbələrimiz də rus dilini yaxşı bilirlər. Ancaq get-gedə darülfünunu milliləşdirmək istiqamətində dayanmadan iş görmək lazımdır.

Doğrudan da, elə oldu. Həmin o tələbələr də elə o məqsədlə xaricə göndərilmişdi. O dövrdə qabaqcıl ictimaiyyəti düşündürən aktual məsələlərdən biri də milli kadr çatışmazlığı problemi idi. Abdulla Şaiqin dramları içərisində 1919-cu ildə qələmə alınmış "Tələbə həyatı" adlı bir pərdəli bir pyesi də var. Həmin pyesin qəhrəmanı universitetdə Türk-Azərbaycan dilində dərs deyən professor statusu qazanmaq üçün xüsusi komissiya qarşısında imtahan verməyə hazırlaşır...

Bir şeyi də əlavə edim. Sovetlər dövründə Cümhuriyyətə münasibət də birmənalı olmayıb. İllərlə onları anmağa bizə qadağa qoyulmuşdu. İndi sanki onların könlünü alır, yarasına məlhəm çəkirik. Ona görə belə sahiblənirik. Bir az eyofariyaya qapılıb onları daha çox vəsf etməyə çalışırıq. Çoxumuz heç o mətnləri oxumamışıq, ərəb əlifbasında olduğundan məlumatsızıq. Mən o vaxt Yaşar müəllimin təşəbbüsü ilə həmin dövrün ədəbiyyatını işləyərkən ərəb əlifbasından ədəbi-bədii materialların da üzünü köçürdüm, kitabda, məqalədə çap elətdirdim, mətbuatda verdim. Cümhuriyyəti anlamaq üçün gərək həmin məqalələri oxuyasan, sonra ayıq başla təhlil edəsən.

Bizim Ədəbiyyat İnstitutunda çoxcildlik ədəbiyyat tarixi hazırlanır. Onun 5-ci cildinə 20-ci əsrin əvvəlləri və Cümhuriyyət dövrü ədəbiyyatı daxildir. Həmin cilddə Cümhuriyyət dövrü ədəbiyyatını mən yazıram. Çalışırıq ki, mətndən çıxış edək. “Bu dedi, onun fikrincə belədir” deyib kənara çəkilmirik. Konkret mətnlərdən, ədəbi-tarixi faktlardan çıxış edirik.

Birinci Dünya müharibəsinin əvvəllərindən Türkiyə ərazisindən Batuma, Acarıstana çoxlu qaçqın gəlmişdi. Bakı Xeyriyyə Cəmiyyəti həmin türk qaçqınlarına -  müharibə zərərçəkənlərinə yardım göstərmək üçün xüsusi komissiya ayırarkən onun tərkibində savadlı, cavan və zirək bir adamın olması ehtiyacı yarananda Nəsib bəy Yusifbəyli Gəncədən keçmiş şagirdlərindən Ə.Cavadın namizədliyini irəli sürmüşdü. Əhməd Cavad Acarıstana (Acariyaya) gələn türk qaçqınlarının uçotunu aparır, onların ehtiyaclarının miqyası və xarakteri (ərzaq, dərman, paltar, sığınacaq, pul və s.) haqda Bakı Xeyriyyə Cəmiyyətinə informasiya verir və göndərilən yardımların ünvanına çatdırılmasında fəal iştirak edir, yeri gəldikdə oradakı, sosial-psixoloji, mədəni-mənəvi atmosfer haqda Bakı mətbuat orqanlarına, əsasən "Açıq söz" qəzetinə məqalələr göndərirdi... Şükriyyə xanımla da həmin vaxtlar tanış olub evlənmişdi.

Cümhuriyyət qurulanda elə neçə vaxtdan göz qabağında olub özünü təsdiqlədən Əhməd Cavad Parlamentdə rəsmi işlə - kargüzar, stenoqrafist vəzifəsi ilə təmin edildi. Onun yaradıcılığında tərənnüm, istiqlalın vəsfi üstünlük təşkil edir.

Məhəmməd Hadinin şeiriyyəti fəlsəfi dərinliyi, sosial-siyasi ayıqlığı və nikbinliyi ilə seçilir. Ümgülsümdə çağırış hayqırtıları, düşmənə qarşı kəskin barışmazlıq aparıcıdır. Abdulla Şaiqdə ulu babalarımızın qəhrəmanlıq əzminə, genetik qüdrətinə layiq olmağa çağırış, təlqin və s. var.

Elnarə Akimova: - Alxan müəllim, tədqiqatlarınızla tanış olanda bir şairin adını çəkirsiz - Əli Yusif Rai.  Çox faciəli taleyi olub.  Məsələn, biz Ə.Cavadı müsavat şairi kimi tanıyırıq. Halbuki, o dövrdə digərlərinin yaradıcılığı da büsbütün hürr duyğular üstündədir.

Alxan Bayramoğlu: - Bəli, onlardan biri - gənc şair və publisist Əli Yusif  haqqında mənin məqaləm də var. 2005-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap edilib. Bir də sonralar professor Nazif Qəhrəmanlı Əli Yusiflə bağlı kitab yazıb. Bir az elmi-kütləvi şəkildədir. Əliyusif  xaricə təhsil almaq üçün göndərilən gənclərdəndir. 1923-cü ildə vətənə qayıtdı. Gələn kimi həbs olundu....

Ədalət Tahirzadə: - Müsavatın gizli təşkilatının rəhbərlərindən biri idi.

Alxan Bayramoğlu: - Əli Yusifin oxumağa gedərkən yazdığı "Əlvida" adlı bir şeiri var. Həmin şeirdə lirik qəhrəman öz vətəni ilə belə halallaşır:

Ey müqəddəs, şanlı, sevimli ölkəm,

Haqqını halal et, biz gedər olduq.

Kim bilir qəzayı dönmədik bəlkə,    

Haqqını halal et, dönmədik bəlkə.

Sanki taleyini hiss edərcəsinə yazmışdı. Qayıdanda ölkə sovetləşmişdi, o isə sürgün olundu, orada da məhv oldu. "Yeni Kafkasya" dərgisində Əliyusifin  Sibirdə vəfatıhaqqında məlumat var.

Repressiya ilə bağlı bir cəhət diqqətimi çəkir. Tutulanların içərisində kim ki yaşlı idi, onu 8-9 illik sürgünə göndərirdilər. Cavanları isə güllələyirdilər: Əli Yusif, M.Müşfiq, Ə.Cavad kimilərini güllələyib, Cavidi, Çəmənzəminlini sürgün etdilər. Çünki cavanların sürgündən qayıtmaq ehtimalları olduğu halda, belə bir ehtimal nisbətən yaşlılarda yox dərəcəsində idi. Olmadı da.

Azər Turan: - Müsavat şairi ifadəsinə münasibət bildirmək istəyirəm. Rəsulzadə yazırdı ki, bolşeviklər bu dövrə müsavat dövrü deyirlər. Xalq isə bu dövrü istiqlal dövrü kimi xatırlayır.

Elnarə Akimova: - O dövrdəki ideoloqlar və onların proseslərə yanaşma rakursları barədə danışaq.

Vaqif Sultanlı: - Ötən əsrin əvvəllərində Azərbaycan tarixində üç şəxsiyyət daha parlaq görünür - Ə.Ağaoğlu, Ə.Hüseynzadə və M.Ə.Rəsulzadə. Onların cərəyan edən hadisələrə yanaşmasında və baxışlarında müəyyən fərqlər var. Bu, yaradıcılıq yollarından da əsas xətt kimi keçir: Belə ki, Ə.Ağaoğlu daha çox Şərqin taleyini düşünürdü, araşdırmalarının əksəriyyətində konseptual şəkildə Şərqin problemi qoyulurdu. O, bir mütəfəkkir kimi mənsub olduğu millətin taleyini Şərqin azadlığından kənarda təsəvvür etmirdi. Ə.Hüseynzadənin baxışlarında Şərq  amili olsa da, daha çox türklüyə, turançılığa meyilli idi. M.Ə.Rəsulzadə isə Şərqi də düşünür, yazılarında Türk dünyası ilə bağlı məqamlar var, amma hadisələrə bir az praqmatik yanaşır, müstəqil Azərbaycan dövlətinin yaradılması ideyasını hər şeydən üstün tutur. Millətə çox şey vermək olar: ədəbiyyat, mədəniyyət, təhsil, güclü iqtisadiyyat və s. Ancaq millətə verilə biləcək ən böyük sərvət müstəqil dövlətçilikdir. Yalnız müstəqil dövlətçilik millətin varlığının, gələcəyinin qarantı ola bilər. Bu mənada M.Ə.Rəsulzadənin ən böyük xidməti müstəqil dövlət quruculuğu ilə bağlıdır. Onun 1923-cü ildə İstanbulda nəşr olunan "Azərbaycan Cümhuriyyəti" kitabına ön söz yazan Əli bəy Hüseynzadə Məhəmməd Əmin bəyə müraciətlə etiraf edir ki, biz Azərbaycanın mürəkkəb bir dövründə dözümsüzlük göstərərək vətəni tərk elədik, siz isə bütün çətinliklərə baxmayaraq, məhrumiyyətlərə  sinə gərdiniz, Azərbaycan dövlətini qurdunuz.

Elnarə Akimova: - Rəsulzadənin özünün də bu haqda maraqlı bir fikri var: deyir ki, biz misli Avropada görünməyən bir Cümhuriyyət qurduq.

Ədalət Tahirzadə: - İstərdim ki, o illərdə Seyid Hüseynin başçılığı ilə yaradılmış "Yaşıl qələmlər" haqqında da məlumat verəsiniz.

Vaqif Sultanlı: - "Yaşıl qələm" Azərbaycan Cümhuriyyəti dövründə görkəmli tənqidçi və yazıçı Seyid Hüseynin rəhbərliyi ilə qurulmuş yaradıcılıq təşkilatı idi. Bu cəmiyyətin o dövrdə yazarların təşkilatlanması, ədəbi-mədəni irsin qorunması sahəsində mühüm xidmətləri olub. Dövrün yaradıcı potensialı bu cəmiyyətdə birləşərək ədəbiyyata yön verməyə çalışmışlar. Şübhəsiz ki, "Yaşıl qələm" ədəbi cəmiyyətinin fəaliyyət göstərməsi milli ədəbi prosesinin inkişafına təsirsiz qalmamışdır. Cəmiyyətin sıralarında Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir bəy Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif kimi nüfuzlu şəxsiyyətlərin olması Cümhuriyyət illərində ədəbiyyatın inkişafına diqqətin artması kimi şərtlənməkdədir. Məramnaməsində qeyd olunduğu kimi, "Cəmiyyətin məqsədi Azərbaycan xalqının fikrən yüksəlməsinə çalışmaq və Azərbaycan ədəbiyyatında müşahidə edilməkdə olan yeniliyi qüvvətləndirmək, onu türklüyə və sadələşməyə sövq etmək" kimi xarekterizə olunmuşdur. Fəaliyyət tarixinin qısaömürlü olmasına baxmayaraq, "Yaşıl qələm"in yığıncaqlarında Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Tofiq Fikrət kimi sənətkarların yaradıcılığı müzakirə olunmuş, habelə "Hophopnamə"nin nəşri probleminə diqqət yetirilmiş, "İsmailiyyə" binası mövzusunda yazı müsabiqəsi keçirilmişdir. "Yaşıl qələm" cəmiyyəti, eyni zamanda, ədəbiyyat tarixinin öyrənilməsi və araşdırılması məsələlərinə, ədəbi tənqidin inkişafına xüsusi diqqət yetirmişdir. Lakin məlum səbəblərdən Cümhuriyyətin süqutu cəmiyyətin başladığı mühüm işləri yarımçıq qoymuşdur.

Ədalət Tahirzadə: - Məni çox təəccübləndirən nədir? Bu Rəsulzadə, Ağaoğlu, Mirzə Bala sanki yazı maşını olublar, bu səviyyədə məqalə yazmaq olarmı? İndi də jurnalistlər var ki, qəzetin hər nömrəsinə köşə yazıları verir. Lakin o sistemlilik, millətsevərlik görünmür. Bunlar elə ideoloji məsələlər qoyurdular ki, hər məqaləsi bir tarixi sənəd kimi dəyərləndirilə bilər.

Vaqif Sultanlı: - Azərbaycan Cümhuriyyətinin tarixi sovet siyasi rejimi dövründə büsbütün təhrif olunub. Bunu biz ancaq mühacirətin irsini öyrənməklə bərpa edə bilərik. Mühacirətin siyasi-kulturoloji irsi nəzərə alınmadan Cümhuriyyətin gerçək tarixini yaratmaq mümkün deyil. Düzdür, arxiv sənədləri qalır, ancaq cümhuriyyətçilik məfkurəsi daha çox mühacirətin tarixi-siyasi və ədəbi-kulturoloji irsində yaşayır. Bayaq himnin sözlərinin müəllifi ilə bağlı fikir səsləndirildi. Qeyd edim ki,  Azərbaycan mühacirətinin irsində bununla bağlı heç bir mübahisə və ya fikir ayrılığı yoxdur. Mətn çap olunub və bütün mətnlərdə Üzeyir Hacıbəyli ilə Əhməd Cavadın adı yanaşı çəkilir.

Elnarə Akimova: - İki onillikdən çoxdur ki, yenidən müstəqilik. Bu müddət ərzində Cümhuriyyətin obrazını yaradan hansısa bədii ədəbiyyat nümunəsi meydana qoyulubmu? Məsələn, Türkiyədə Müslim Oğuzun "Nisan ağlar mayısa" adlı kitabı var, bizdə qurulan Cümhuriyyət dövrü proseslərinə həsr olunub. İsmayıl Şıxlının "Ölən dünyam" əsərində də bəzi məqamlara, Cümhuriyyətin qurulması, dağılması  kimi məqamlara toxunulur.

Alxan Bayramoğlu: - Cümhuriyyət ictimai-ədəbi  düşüncə tərəfindən hələ yetərincə dərk olunmayıb ki, haqqında da bir şey yazsınlar.

Ədalət Tahirzadə: - 15 il bundan qabaq elə bilirdim  ki, Cümhuriyyətlə bağlı heç bir sənəd yoxdu, sovet hökuməti hamısını məhv edib. Amma arxivlərə gedəndən sonra gördüm ki, kifayət qədər material var. Dəqiq bilirəm ki, sovet hökuməti bütün sənədləri saxlayıb. Məqsəd xalqın tarixini yaşatmaq deyildi, əlbəttə ki, əsas məqsəd hər zaman "Qara keçmişlərini üzə vurmaq imkanını əldə saxlamaq üçün idi ki, desinlər sənin baban müsavataçı olub və ya hansısa işlər görüb. Parisdə Ə.Topçubaşovun çox zəngin arxivi var. Ramiz Abutalıbovun təşəbbüsü ilə Ə.Topçubaşovun 4 cildlik əsərləri nəşr olunub. Həm Vaqif Həsənovun yenə 4 cildlik sanballı nəşri var, sonra Ə.Topçubaşovun M.Ə.Rəsulzadə ilə yazışmaları öyrənilib. Və bu müəlliflər qeyd edir ki, bizim nəşr etdiyimiz 4 cildlik dənizdə bir damladır. O qədər zəngin arxivi olub ki, araşdırmaya ehtiyac var. Ə.Topçubaşov hüquqşünas olub, o səbəbdən bütün sənədlərə diqqətlə yanaşıb və hamısını saxlayıb. Ramiz Abutalıbov YUNESKO-da şöbə müdiri işləyən zaman mühacirlərlə əlaqə saxladı və yarım tona qədər sənədləri Parisdən gətizdirib bizim arxivlərə verdi. Dövlət arxivinə, ədəbiyyat-incəsənət arxivinə verildi, bir qismi isə ayrı-ayrı şəxsi arxivlərdə qaldı. Rəsulzadənin arxivi, təəssüf ki, üç yerə parçalanıb - Kərim Odərdə, Yavuz Akpınarda,  bir də Eldəniz Qurtulanda qalıb. Bizim gənc araşdırmaçılarından biri Dilqəm Ahməd onun fotolarını, məktublarını satın alıb. Şəxsən mən iki foto almışam, həmin arxivdən çıxan, Türkiyədən gətirtmişəm. Bizim borcumuz bu sənədləri nəşr etmək, ondan sonra Cümhuriyyət tarixini öyrənmək istəyiriksə, “Azərbaycan” qəzetinin mətnini nəşr etməliyik. Yavuz Akpınar "Yeni Kafkasya" 4 cilddə nəşr etdirir. Niyə bunu o eləməlidi, biz eləməməliyik?! Xüsusən “Azərbaycan” mütləq nəşr olunmalıdı. "Odlu yurd", "Türk yurdu" çıxıb. Ən mühüm məsələlər bunlardır. Lakin bütün bunları həyata keçirmək üçün dövlət dəstəyi lazımdır.

Vaqif Sultanlı: - Əhməd Ağaoğlunun cild-cild əsərləri, əlyazmaları, müsahibələri, məktubları və s. mövcuddur. M.Ə.Rəsulzadənin də həmçinin. Hələ mühacirət ədəbiyyatını təmsil edən digər müəllifləri demirəm. Təəssüf ki, mühacirətə mənsub bir çox imzalar hələ kifayət qədər tanıdılmayıb, əsərləri üzə çıxarılmayıb.  Mühacirətin irsi sistemli şəkildə öyrənilmədikcə bir çox həqiqətlər aşkarlanmayacaq. Təəssüf ki, bu sahədə nəzərə çarpacaq səviyyədə irəliləyiş hiss olunmur.

Ədalət Tahirzadə: - 36-cı illərdə Peterburq qəzetlərində Ağaoğlunun yazılarına təsadüf etmişəm.

Elnarə Akimova: - Nəhayət, son sualım, Cümhuriyyətin tənəzzülünü şərtləndirən məqamlar... Ölkədaxili məhəlli ziddiyyətlər, yoxsa dünya siyasətindəki çəkişmələr?

Ədalət Tahirzadə: - Azərbaycan dünya xəritəsində çox kiçik mövqeyə malikdir. O vaxt onun taleyini o özü həll eləmirdi. Azərbaycanı Qafqaz İslam Ordusu yaratdı. İndi burda Azər Turanın otağında Ənvər Paşanın şəklini görürəm. Bu gün burda oturmuşuqsa, Allah Ənvər Paşaya rəhmət eləsin, Nuru paşaya rəhmət eləsin, Osmanlı ordusuna minnətdar olmalıyıq. Dövləti bizə Qafqaz İslam Ordusu verdi.

Vaqif Sultanlı: - Bir də Cümhuriyyətin bəxtsizliyi unudulmamalıdır. Məhəmməd Əmin bəyin "Əsrimizin Səyavuşu" əsərinin bir bölümü məhz belə adlanır: "Cümhuriyyətin bəxtsizliyi". Azərbaycan Cümhuriyyətinin yarandığı dövr dünyaya əsrlərlə hökm edən Osmanlı imperiyasının süqutu dövrünə təsadüf elədi. Osmanlı imperiyasının çöküşü ilə Azərbaycan ona arxa dura biləcək böyük qüdrətdən məhrum oldu. Yoxsa Cümhuriyyət yaşayacaqdı... Və Azərbaycan dünya siyasətində fərqli bir tarix yaradacaqdı...

Alxan Bayramoğlu: - Cümhuriyyət tənəzzül etmədi, işğala məruz qaldı. Hakimiyyət devrildi. Cümhuriyyəti Qafqaz İslam Ordusu qurmadı. Cümhuriyyət qurulmuşdu, Qafqaz İslam Ordusu isə onun xarici işğalçılardan və daxili qüvvələrdən qorunmasında çox böyük rol oynadı. Cümhuriyyət süqut eləsə də, mühacirətdə yaşadı, məfkurədə yaşadı və təsadüfi deyil ki, 1991-ci ildə Dövlət müstəqilliyimizi bərpa etdikdə Cümhuriyyərtin varisi kimi yenidən ayağa qalxdıq.

Vaqif Sultanlı: - Ancaq bütün zamanların fövqündə dayanan bir həqiqət var: "Bir kərə yüksələn bayraq bir daha enməz". Bu həqiqət üçün yaşamağa, hətta Sibirin buzlu cəhənnəmində işgəncələrə dözməyə də dəyərdi...

Elnarə Akimova: - Necə ki, dəydi də... Hər birinizə təşəkkürlər.

 

Ədəbiyyat qəzeti.- 2018.-24 fevral.- S.4-7.