Ağcaqanad
Hekayə
O, iti addımlarla dayanacağa yaxınlaşdı. Adam az idi, demək
avtobuslar təzəcə
keçib getmişdilər.
Hava sərin idi. İsti keçən yaydan sonra bu sərinlik
adama ləzzət verirdi. Gecə yağış yağdığından
küçənin və
səkinin kələ-kötür
yerlərində gölməçələr
əmələ gəlmişdi.
Şütüyən maşınlar
palcığı üstünə
sıçratmasınlar deyə
o, bir az
arxaya cəkilib, ağacların altında dayandı. Boylanıb küçənin o başına baxdı.
"Yenə gecikəcəyəm,
- deyə fikirləşdi,
- beşcə dəqiqə
tez çıxa bilsəydim…" İş
yerində nizam-intizama
nəzarət edən
qadının narazı
və acıqlı sifəti yadına düşən kimi qanı bir az da qaraldı.
Neçə vaxt idi ki, iş gününün
əvvəlində və
sonunda bütün işçilər nizam-intizam
cədvəlinə qol
çəkirdilər. Son günlər isə saat doqquz olan
kimi nəzarətçi
qadın qapını
bağlayır və gecikənləri içəri
qoymurdu. Maaş vaxtı
isə tabeldə
"qayıb" olan
günlərə görə
pul tutulurdu. "Özləri hər oyundan çıxırlar, bizi isə bu azacıq
maaşımızı da
rahat almağa qoymurlar. Belə də vicdansızlıq
olar?"
Qulağının dibindən qopan vızıltıdan diksindi. Xırda bir
ağcaqanad zəhlətökən
vızıltı ilə
onun həndəvərində
hərlənməyə başladı.
"Bu haradan çıxdı? Yay
qurtarıb, bunlar yenə bizdən əl çəkmirlər",
- əsəbi halda əlini yellədərək
onu qovdu. Yola tərəf boylandı, avtobus görünmürdü.
"Dünən də gecikmişdim, qol çəkə bilmədim. Suyu bir az tez
versəydilər…".
Hər səhər, saat səkkizdən onadək binaya su verilirdi.
O, hamamda qoydurduğu
çəni su ilə doldurub sonra evdən çıxırdı ki,
gün ərzində susuz qalmasın.
Gecikənlərin içərisində bəzi
işçilərə güzəştlər
edildiyini görüb təəccüblənirdi. Onu başa saldılar: "Əfəl olma! Nəzarətçi qadına
bəhanə ilə hədiyyə
al, sənə də güzəştlər olacaq".
Əvvəl bir xeyli "bəhanə"
fikirləşdi: "Deyim ad günümdür.
Yox, deyər ki, onda mənə niyə hədiyyə alırsan? Hə, iyunun otuzu bayramdır-
sevgililər günüdür...
Yox, onda da olmaz.
Yaxşısı budur, gözləyim,
məzuniyyətdən qayıdanda
bir şey alıb bağışlayaram".
Məzuniyyətə çıxan kimi hədiyyə axtarıb tapmaq qərarına gəldi ki, sonra tələsik olmasın. Magazaya girib, çox
götür-qoy etdikdən
və satıcı qızla məsləhətləşdikdən
sonra çox da baha olmayan
qapaqlı büllur qənddan seçdi və aldı. Onu əvvəlcə mətbəxə qoydu:
"Qəşəngdir, məncə,
xoşuna gələr".
Sonra: "Əlim dəyər, düşüb
sınar",- deyə oradan götürüb, mənzilin
yeganə otağının
ortasında dayanaraq fikirləşdi: "Açıq
yerə qoysam, toz basacaq, elə
bu dəsmala büküb, şkafın
içinə qoyum".
Hədiyyəni yerləşdirib,
rahat nəfəs aldı: "Məzuniyyətin
sonuna kimi bu barədə fikirləşməyəcəyəm".
İşə çıxmağa bir gün qalmış, ev-eşiyi sahmana salıb, şkafın qapısını açdı. Paltarları qatlayıb
orada da səliqə yaratdı.
Küncdə yumrulanmış dəsmalı götürüb
çırpdı. Ayağının altında qopan cingiltidən özü də diksindi. Büllur qənddan döşəməyə çırpılıb
çilik-çilik olmuş,
xırda şüşələr
hər tərəfə
səpələnmişdi… Yarımamış
qənddanın qapağını
mətbəxdə rəfə
qoymuşdu, hərdən
baxırdı..
Ağcaqanad yenə vızıldadı. "Çox həyasız məxluqdur!" Deşik-deşik olmuş asfalt yolda ləngər vuran avtobusu görüb sevindi, amma sevinci uzun
sürmədi. Şüşənin
altına iri hərflərlə "20 qəp."
yazıldığını görəndə şaşırdı:
"Nə vaxtdan gediş haqqı 20 qəpik olub? Hələ maaşlar artmayıb axı…".
Avtobus yarı boş idi. Adamlardan bəziləri "20 qəp." yazıldığını
görəndə geri
çəkilib maşına
minmədilər. O keçib
arxadakı boş oturacaqda oturdu. Sürücünün zəhmli
səsi eşidildi:
"Tələsin! Arxaya
keçin, gecikirik!". Maşını çox saymazyana
idarə edən sürücü gah sürəti artırır,
gah qəflətən
əyləci basıb
yavaşıdır, əyri
yollarda sükanı sağa-sola hərləyirdi.
Atılıb-düşməkdən, yanında oturanın üstünə yıxılmaqdan
bezmiş bir qadın deyindi: "Ay bala, bir az
yavaş sür də! Bu camaat yazıqdır axı..." Sürücünün
acıqlı səsi onun sözünü ağzında qoydu: "Kimin xoşuna gəlmir, düşsün
aşağı, taksiyə
minsin. Mən belə sürürəm!". Qadın başını bulayıb cavab vermədi. Araya sakitlik çökdü.
Sürücü özünü
bir qədər yığışdırıb deyindi: "Neyləyək,
nə yollarımız
bir yoldur, nə piyadamız piyada,
nə də ki, sürücümüz
bir sürücüdür.
Bir yandan da tıxaclar.
Gəl indi qrafiklə işlə!". Avtobusda bir uğultu qopdu: kimi sürücünün
dediklərini təsdiqlədi,
kimi başını buladı. Sürücü
lap ürəkləndi: "Bizim işimiz müsibətdir! Bütün günü quyruğu
yanmış pişik
kimi o başa gedirik, bu başa
gedirik. Biriniz məni əvəz edə bilərsinizsə, gəlin!". Bir kişi
əsəbiləşdi: "Sən nə bilirsən ki, mən kiməm? Elə mənim də işim ağırdır,
heç sən də məni əvəz edə bilməzsən!" Bu zaman
növbəti dayanacağa
çatdılar. Qapılar açıldı.
Kişiyə cavab verməyə hazırlaşan
sürücünün səsi
birdən-birə dəyişdi:
- Ay bacı, görmürsən, "20 qəp."
yazılıb?
"Bacı"
deyilən cavan qadın heç halını da pozmadı.
- Səninləyəm,
ey! Yol getmisən,
pulunu ver!
- Əvvəla, "ey" özünsən! İkincisi, orada çox şey yazılıb. Heç yerdə rəsmi olaraq deyilməyib ki, gediş haqqı artıb. Elə qanun yoxdur, kefiniz istəyəni eləyə bilməzsiniz!
Sürücü qadının qoyduğu 10 qəpikliyi götürüb onun arxasınca tulladı:
- Pah atonnan, belə şey olar?! Mən plan verim, maşını təmir etdirim, yoxsa uşaqlarımı yedizdirim…
Avtobusun salonunda yenə aləm bir-birinə qarışdı. Sürücü xeyli vaxt acıqlı-acıqlı deyindi.
O qədər danışdı
ki, hələ sərnişinlərin içərisində
özünə tərəfdarlar
da qazandı. Nəhayət, hamı yorulub səsini kəsdi, salona sakitlik çökdü...
O, saatına baxdı: doqquza on beş dəqiqə
qalırdı. "Belə getsə,
çatmayacağam", - deyə
başını buladı. Birdən-birə
qulağının dibindən qopan
vızıltıdan diksindi: "Bu nədir? Bu ağcaqanad elə mənimlə birlikdə avtobusa minib?" Əlini
qulağının dibində yellətdi. Ancaq
ağcaqanad əl çəkmir, elə hey həyasızcasına
vızıldayırdı. "Onu
öldürmək lazımdır!", - qəflətən
ağlına gələn bu fikir onu ruhlandırdı.
Hər iki əlini qaldırıb gözlədi;
ağcaqanad peyda olan kimi onu
vurmağa hazır vəziyyətdə durdu. Budur, həşərat vızıldaya-vızıldaya düz burnunun ucunda göründü. O,
cəld iki əlini bir-birinə vurdu: "şapp!".
Şappıltıya adamların çoxu dönüb arxaya
baxdı. Yox, hədəf aradan
çıxdı. Heç nə
olmamış kimi, yenə
arxayın-arxayın uçmağa davam etdi.
Vızıltı bu dəfə yan tərəfdən eşidildi.
"Şapp!" Ağcaqanadın yenə
bəxti gətirdi. Adamlardan bəzisi təəccüblə,
bəzisi acıqla yenə dönüb arxaya - ona baxdı. Bu dəfə o pərt oldu: "İşə bir
bax, bir ağcaqanada da gücümüz çatmır. Yoox! O, mütləq məhv
olmalıdır!". Ağcaqanad vızıldaya-vızıldaya düz
qarşısına gəldi, sanki onun gözünün
içinə baxaraq acıq verir, daha bərkdən
vızıldayırdı. O, heykəl kimi
dayanıb, bu murdar həşəratın
hara qonacağını gözləməyə
başladı. Ağcaqanad arxayın halda onun
yanağına qonub səsini kəsdi. O, əlini
ehmalca üzünün
bərabərinə qaldırıb birdən yanağına bərk
bir şillə vurdu.
Sərnişinlərin çoxu daha arxaya çevrilmədi.
Çevrilib baxanlar
içərisində bir nəfər:
"Allah ağıl versin",
- deyə başını buladı. O isə buna
əhəmiyyət vermədən sevinclə üzünü
silir, agcaqanadın qalıqlarını əlindən
və üzündən təmizləyirdi. Saat
doqquza beş dəqiqə
qalırdı…
Reyhan Yusifqızı
Ədəbiyyat qəzeti.-
2018.- 24 fevral.- S.8.