"Bu
ayrılıq yük olurmu
sənə də?.."
Uçuq daxma kimisən,
Tökülürsən başıma.
Nə gəlmisən,
ay adam,
Bu itən
yaddaşıma?!
Hələ qış
ürəyimdə
Tükənməyib qar payı.
Sənə yer yox evimdə,
Təkadamlıq çarpayı.
Nə birlikdə
həyat var,
Nə qaçmağa yerimiz.
Çoxdan intihar edib,
Qoşa şəkillərimiz.
Gedəcəksən, indi
get,
Get! aldatma
özünü.
Mən səni
unutmuşam,
Xatırlatma özünü...
***
Adını bilmədiyi
fəsillərdə yaşayırdı,
Yaddaşını muharibədə itirən qoca.
Qış çoxdan
haqlamışdı ömrünü,
Günəş də təsir etmirdi
kipriyin qırovuna.
Qəribə düşüncələri
vardı;
Göylər-dəniz
Ulduzlar-balıq idi,
Və hər gecə göylərə tilov atardı,
Bircə "balıq"
düşməzdi tilovuna
***
Yenə soyuqluğun
cəllada dönüb,
Hələ almadığın
neçə can durur?
Sənin buz ürəyin, qış nəfəsinmi
Mənim ürəyimi belə dondurur?
Ürəyim o qədər
üşüyür, hətta
İsti göz yaşımı hiss edə
bilmir.
Gözümdə bir soba dərd qalasam da,
Soyuq ürəyimi isidə bilmir.
Elə uzaqlaşır
getdiyim qatar,
Arxamca ha səslən, ha yüyür
indi.
Soyuyub arzum da, xəyallarım da,
Bütün xatirələr üşüyür
indi.
***
Bu ayrılıq yük olurmu sənə də,
Əzablarım sol çiynini əyirmi?
Görən məni
bitirən bu suallar,
Sənin bircə cavabina dəyirmi?!
Nə demədim
sənə "unut",
"ayrılaq",
Nə demədim,
"dəli kimi sev məni"
Görən yenə
tövbə edib gecələr,
Gündüzləri pozursanmı tövbəni?!
Fikirlərin qarışırmı
arabir,
Xəyalların yenə duyuq düşürmü?
Mənim burda itirdiyim yuxular,
Sənin orda yastığını
deşirmi?
Qaçmaq üçün
gecələri kabusdan,
Verirsənmi yuxularda nəzir sən?
Baxışların soyunurmu
əksimi,
Yoxsa yenə hamıda mən gəzirsən?
Ceyhunə Mehman
Ədəbiyyat qəzeti.-
2018.- 24 fevral.- S.8.