Ceyhun Hacıbəylinin nəvəsindən iki məktub
2018-ci ilin dövlətimizin və
xalqımızın tarixində, taleyində əlamətdar hadisəyə təsadüf
etməsi, Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 illik yubileyinin dövlət səviyyəsində
və müxtəlif qurumlar tərəfindən silsilə tədbirlərlə
müşayiət olunması Cümhuriyyət
yaradıcılarının həyat və
yaradıcılığının daha dərindən tədqiq
olunmasını gündəmə gətirir.
1919-cu il yanvar ayının 18-də
Parisdə Versal Sülh Konfransının başlanması ilə
əlaqədar Azərbaycan Parlamentinin nümayəndə heyəti
ailəsi ilə Parisə yola düşmüş və məlum
səbəblərdən bir daha Vətənə dönə
bilməyən, bütün həyatını Azərbaycanın
müstəqilliyi uğrunda ideoloji mücadiləyə həsr
etmiş ən fəal mühacirlərdən biri Ceyhun Hacıbəylinin həyat
və fəaliyyəti barədə hələ də bəzi
mövzular ətrafında fikir müxtəlifliyi mövcuddur və
daha dərin araşdırmalara ehtiyac duyulmaqdadır.
AMEA - nın Nizami adına Ədəbiyyat İnstitutunda bu ilin fevral ayının 7-də Ceyhun Hacıbəylinin mühacirət dövründə qələmə aldığı seçilmiş əsərlərindən ibarət kitabın ( Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası. Kitablar seriyası. Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri. Bakı, "Elm" nəşriyyatı, 2017, 368 səh. Baş redaktor akademik İsa Həbibbəyli, cildin məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı, tərtib edəni, ön sözün və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli) möhtəşəm təqdimat mərasimi keçirildi. Kitab və müəllifin həyat və fəaliyyəti barədə xeyli çıxışlar və çox faydalı fikir mübadiləsi baş tutdu. Tədbir iştirakçıları bir daha əmin oldular ki, bəzi məqamların daha da dəqiqləşdirilməsinə lüzum vardır. Bu baxımdan, Ceyhun Hacıbəylinin bir sıra əsərlərinin tərcüməçisi kimi, onun nəvəsi Jan Kleman Hacıbəyli ilə (hazırda Vyetnamda bir fransız kollecində musiqi dərsi tədris edir- M.Ə.) son yazışmalarımdan ikisini dəyərli oxucuların nəzərinə çatdırmağı özümə borc bildim. Hər hansı bir şərhdən yan keçərək, elektron məktubun tərcüməsini olduğu kimi diqqətinizə təqdim edir və sizlərdə ola biləcək mümkün fərqli məlumatlarla müqayisə edib, hansı qənaətə gəlməyinizi, təbii ki, öz ixtiyarınıza buraxırıq.
Klemanın da qeyd etdiyi kimi, onun özünün də, ailənin həyatının bəzi mərhələləri barədə məlumatları səthi xarakter daşıyır. Onun yazdıqlarına bir əlavə də etmək, bəlkə də, yerinə düşər. Yəqin ki, bilməmiş deyilsiniz ki, Ceyhun bəyin oğlu Timuçin ikinci dəfə Paskal Buşe (Pascale Buchet) adlı qadınla 1988-ci ildə nikah bağlamış və bu izdivacdan 1990-cı ildə Benjamin adlı digər övladı da dünyaya gəlmişdir.
Beləliklə, Jan Kleman
Hacıbəylinin məktubları.
Mirzəbala
Əmrahov
"Əziz dostum, verdiyim sözə
əməl edərək, ailəmizin həyatına aid əlimdə
olan sənədləri sizə göndərirəm, sənədlərin
böyük əksəriyyəti Bakıda arxivdədir, məndə
bir neçə əlavə sənəd aşkarlanıb,
onları da Azərbaycana növbəti səfərimdə həmin
arxivə təhvil verəcəyəm.
İlk öncə, babamın həyat
yoldaşı barədə bəzi təfərrüatı
diqqətinizə çatdırmaq istəyirəm, onun barəsində
çox az danışılır. Atam ötən əsrin 70-ci illərində
Bakıda olan zaman bəzi araşdırmalar etməyə
çalışsa da, bir şey əldə edə bilməyib.
Məndə onun qardaşının
"Pravda"dan götürülmüş iki şəkli
var, bəlkə bu sizi maraqlandıra bilər
Zəhra Hacıqasım, 30
aprel 1893-cü ildə Qubada anadan olmuşdur. Həmdulla bəylə,
Kazan mənşəli Volqa tatarlarından olan Aişə
xanımın qızıdır. Bakıda
rus məktəbində orta təhsil almışdır. Bakı Pedaqoji Məktəbini bitirmişdir. Bir
il Sankt-Petrburqda tibbi təhsil
almışdır.
Zeynalabdin Tağıyevin Müsəlman
Qızlar məktəbində 7 il müəllim
işləmişdir. 12 noyabr 1912-ci il
tarixində babamla - Ceyhun bəylə evlənmiş, ailə həyatı
qurmuşdur.
Əmim Ceyhun bəy Puatye
şəhərində 19 iyun 1940-cı ildə günorta saat
iki radələrində bomba partlayışı nəticəsində
başından aldığı yaradan həlak olmuşdur. Alman təyyarələri
şimal tərəfdən hücum edərək,
qardaşımın olduğu vağzalı və tunelə qədər
dəmir yolunu bombardman etmişdi. Tunelin
yaxınlığında atılan sonuncu bomba əmimin həlak
olmasına səbəb olmuşdu, o, General Dö Latr dö
Tasinyinin 14-cü piyada diviziyasında hərbi zabit məktəbinin
kursantı idi. Atam kimi, o da Fransa vətəndaşı
idi. Babamla nənəm isə Nansen pasportlarını
saxlamışdılar və mühacir hesab olunurdular (Nansen
pasportu - 1922-ci ildə Millətlər Liqasının
komissarı, Norveç diplomatı Fridyof Nansenin təşəbbüsü
ilə tərtib olunmuş və vətənsizləşmiş
mühacirlərə verilən şəxsiyyəti təsdiq edən beynəlxalq
statuslu sənəd - M.Ə.). Demək olar ki, əmim Azərbaycanda
doğulub, Fransa Müqavimət hərəkatının
iştirakçısı, Fransa uğrunda canını
vermiş ilk əsgər idi, bundan hamı xəbərsizdir.
Sizin nəzərinizə yeni bir sənəd
- babamın bu dəhşətli 1940-cı ildə baş verənləri
qələmə aldığı təqvim-gündəliyi
çatdırıram, mən onun üzünü hələ
aydın köçürüb qurtarmamışam, çox
xırda yazılıb, həddən ziyadə yorucu işdir.
Əmim 1918-ci ilin dekabr
ayında Batumidə anadan olub. Bildiyimiz kimi, Parlament
Ə.Topubaşovun rəhbərliyi ilə nümayəndə
heyətini Parisə 1918-ci il dekabr
ayının 28-də göndərmək qərarına gəlmişdi.
Deyə bilmərəm, nənəm onu
dünyaya gətirəndə artıq Batumidə idi, yoxsa, bu
hadisə yolda baş vermişdi. Nümayəndə heyəti
İstanbula 1919-cu il yanvarın 20-də gəlib
çıxmışdı, onlar Parisə viza almaq
üçün xeyli əziyyət çəkməli
olmuşdular. Konfrans 1919-cu il yanvar
ayının 18-də başlayır, Azərbaycan təmsilçiləri
isə vizanı Fransaya yalnız aprelin 22-də ala bildilər.
Ardını özünüz yaxşı
bilirsiniz. 1920-ci ilin aprelində sovetlər
Azərbaycanı işğal edirlər. Babam
və nümayəndə heyətinin üzvləri Fransada
qalacaq və bir daha Azərbaycana dönməyəcəklər.
Atam 1920-ci ilin mart ayının
9-da Nitsada doğulub. Babam 1925-ci ildə Parisə
qayıdır. O, 1822-ci ildə yaradılmış
nüfuzlu "Journal Asiatique" təsisatında işləyir.
Babam şövqlə Şərq
xalqlarının tarixi, fəlsəfəsi, dilləri və ədəbiyyatına
aid xatirələr toplusu, məqalə və
araşdırmalar yazır və onları "Societe
Asiatique" (Asiya Cəmiyyəti) tərəfindən nəşr
etdirir. Onun tarixi tədqiqat sahəsi
500-cü ildən indiyədək olan dövrü əhatə
edir.
Dünyanın hər tərəfini
və bütün konfessiyaları təmsil edən filosof,
tarixçi, tədqiqatçı, etnoloq, arxeoloq və
dilçilərlə əhatə olunmuş babam öz biliklərini
daha da zənginləşdirir və Azərnaycanla bağlı
bir sıra məqalə və kitablar yazır. Böyük Kitabxanada (Fransa
Milli Kitabxanası-M.Ə.) aşağıdakı
yazılarını aşkarladım: "XIX əsrin azərbaycanlı
tarixçisi Abbasqulu Ağa Bakıxanov" (1925), "Azərbaycan
mətbuatının tarixi" (1926), "Qarabağın
Dialekti və Folkloru" (1933). Onun din, aşura,
orucluq barədə dərc olunmamış yazıları da
var. 1920-1940-cı illər arasındakı dövr barədə
bildiklərim çox azdır. Ailə
Sen-Kluda yaşamışdır. 1921-ci ildə
Kaburda məzuniyyətdə olmuşlar. 1925-ci ildə
Üzeyir bəyin "Arşın mal alan"
operası Parisdə Femina teatrında tamaşaya qoyulmuşdur,
tərcüməni babam etmişdi. Bunu özünüz
yaxşı bilisiniz, həmin mövzuda Abid Tahirlinin əla bir yazısı olmuşdur.
Bununla yanaşı, babam eyni zamanda,
Parisdə, Kai d'Orsedə ( Quai d'Orsay), Xarici İşlər
Nazirliyinin tərcümə xidmətində işləyir, o
rus mətbuatını tərcümə edir və elə
bunun sayəsində qardaşı və anasının
ölümündən xəbər tutur. 1920-ci
illərdə ailə Parisin qərb ətrafında, Sen-Kluda
yaşayır, hər iki qardaş Sen-Kluda dövlət məktəbində
oxuyurlar, onlar ayrılmaz təəssürat
bağışlayırlar (şəkilə bax). Əmim dərs əlaçısıdır,
piano və gitarada çalır, teatr pyesləri yazır,
tennislə məşğul olur. 1938-ci ildə
bakalavr imtahanı verib, hüquq fakültəsinə daxil olur.
Elə bu vaxt müharibə başlayır.
Oğlunun ölümü babamı
söndürür, nənəmi dəli olmaq dərəcəsinə
gətirib çıxarır, atamın Müqavimət hərəkatına
qoşulmasına babam mane olur. Bir şeyi də
qeyd edim ki, babam elə Birinci Dünya müharibəsindən
almanlara nifrət edirdi.
Bəzi idiotların
yazdıqlarından fərqli olaraq o, İkinci Dünya
müharibəsi zamanı, Rəsulzadə, Xasməmmədov və
bir çox başqaları kimi, almanlarla "işləmək"
zorunda olmuşdur, yəqin ki, biz bir gün bu söhbətə
qayıdacağıq. Bu insanların yeganə məqsədi
həmvətənlərini xilas etməkdən ibarət
olmuşdur".
Dostcasına, Jan Kleman Hacıbəyli
Jan Kleman Hacıbəyli bu məktubu AMEA-nın Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunda
"Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri"
kitabının təqdimat mərasiminin
iştirakçılarına çatdırmağı
xahiş etmişdir! Onu da diqqətinizə təqdim
edirəm.
"AMEA-nın Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunda
"Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri"
kitabının təqdimat mərasiminin
iştirakçılarına, sizə və Abid bəyə təşəkkür
edir və təqdimat mərasiminə aşağıdakı
sözlərimi çatdırmağınızı xahiş
edirəm. Hamınıza hörmətli salam
və ehtiramlarımı ünvanlayıram. Babamın
əsərlərindən ibarət kitabı nəşr
etdirdiyiniz üçün sizə böyük təşəkkürümü
bildirirəm. Hamımızı
düşündürən doğma Qarabağın dialekti və
folkloru, xüsusi ilə Azərbaycan tarixi üçün hədsiz
əhəmiyyət kəsb edir. Bu
yazını oxuyanda 12 yaşım vardı. Babam da hələ
sağ idi, indi mənə elə gəlir ki, bu, dünən
olmuşdu. Ceyhun bəy Hacıbəyli Azərbaycanın
müstəqilliyi uğrunda vuruşmuş, həyatını
fəda etmişdir. O, bu respublikanı yaratmış
qeyri-adi insanlardan biridir. Biz onları yüksək
ehtiramla yad etməyə borcluyuq.
Dostcasına, Jan Kleman Hacıbəyli
Ədəbiyyat qəzeti.-
2018.- 24 fevral.- S.12.