"Xocalı Simfoniyası"

 

N.Günün "Xocalı simfoniyası" poeması haqlı davamızın aynasıdır

 

Vətən, torpaq, insan, Cənub mövzusu, müharibələr xüsusilə Qarabağ savaşı Nurəngiz Günün yaradıcılığından qırmızı bir xətlə keçir. Nurəngiz xanım əsərlərində vətənpərvərlik, məğrurluq, əyilməzlik ehtiva edən kişi qeyrətli bədii obrazlar yaratmaqla bərabər, 90-cı illər poeziyasına həm yalnız özünəməxsus, orijinal, heç kimi təkrarlamayan bir üslubla, fikrin bənzərsiz ifadə tərzi ilə kövrəklik, zəriflik, duyğusallıq gətirmişdir. Müharibə poeziyasında şairəni bir ana, bir qadın kimi ən cox narahat edən cəhət körpələrimizin, uşaqlarımızın göz yaşları, məhrumiyyətləri, valideynlərini vaxtsız itirmələri, ac, kimsəsiz qalaraq qurbana çevrilmələri olub. Şairə  "Kərəm ol sən, o gözəlin Allahı" şeirində ana bətnində körpələrimizin ermənilər tərəfindən vəhşicəsinə öldürülməsindən bəhs edir. Bir-birini görüb tanımayan ana balanı bir-biri ilə şairə tanış edir. N.Gün bu şeirilə dünyada mənfur erməni qaniçənlərinin xislətini əks etdirir.

Qan içində olan körpə barmaqların ana döşü aramağa macal tapmaması, ana sinəsində gəzə bilməməsi dünyada ən ağır mənzərə, sətirlərə sığmayan, sözlə ifadəsi mümkün olmayan müsibətdir.

Barmaqların qan içində.

Cuqqanacıq o barmaqlar

Ana döşü aramadı,

Titrəmədi sinəsində

Ana qoxusu dadmadın,qızınmadın istisinə.

Bu kədərli duyğular silsiləsi şairənin "Xocali simfoniyası" adlı poemasında da davam etdirilir. "Xocalı simfonyası" əsəri Xocalıda şəhid olmuş insanların xatirəsinə həsr edilən ən dəyərli, ən sanballı poeziya çələngidir. Dünyaya ucalan haqq səsidir, Xocalı soyqırımının qurbanlarına ucaldılan möhtəşəm sənət abidəsidir.

Əsər, "İlahi! Sən onlara rahatlıq ver!.." nidası ilə başlayır. Tənqidçi Vaqif Yusifli çox haqlı olaraq N.Günün şeirlərini oxunmuş bir duaya bənzədir.

Əsərdə güclü bir obraz diqqəti özünə cəkir. Törədilən qətliamı, yaşanan faciəni dünyaya çatdırmaq ücün haqq səsini ucaldan Qadın-Ana-Şairə obrazı. Əsərdə müəllif hər mənada rüzgardan güclüdür onun görmədiyi, görə bilmədiyi hadisələri təhlil edir, erməni vəhşiliyini dünyaya çatdırır:

Yox, rüzgar!

O cürə əsmə sən!

Torpaqda-

Torpağın altında

Dipdiri ölülər var!

Diksinə bilər onlar-

Alt-üst etmə torpağı,

Onlar onsuz da yazıq!

Tələf olubdur, onlar!

Əsərin fərqli xüsusiyyətlərindən biri müəllifin hadisələri torpağın üstündə deyil altında, dünyanın bu üzündə deyil o biri üzündə baş verməsini əks etdirməsidir. Torpağın altında ölə bilməyən insanlar, xüsusilə körpələr, onların torpaq altında havasız, anasız zarıltıları, inqaları, ən əsas isə əmmək istədikləri ana döşü...

Çocuqlar birtəhər ovunar

Havasız... nəşəsiz...

Torpağın altında...

...Ancaq ki, ana məməsi istəyir körpələr,

Torpağın altında!

Heç bir şey anlamır inqalar!...

İnqalar ana döşü əvəzinə

İndicə torpağı əməcəklər!..

Torpağın altında ah, nalə var. Şairə o ahın şəklini çəkmək istəyir. Belə baxış, fərqli yanaşma Azərbaycan poeziyasında tamamilə yenidir. Əslində faciələrdən, soyqrımlarından, qətliamlardan çox yazılıb. Amma faciənin, ahın, nalənin şəklini çəkmək, dipdiri ölülərin səsini eşitmək, onların həyatlarını yaşamadan torpağa gömülməsinin faciəsini duymaq yaşamaq poeziyada yalnız Nurəngiz Günə məxsusdur.

Nurəngiz xanım az işlənən, şeirə gətirilməsi çətin olan sözləri şeirin nərmə-nazik sapına düzməkdə ustadır, səliqəli cəsarətlidir. Əgər 80-ci illər yaradıcılığında itirilmiş itirilməkdə olan zəngin arxaizmlərdən məharətlə istifadə  edirdisə, 90-cı illərdə yaratdığı bədii nümunələrdə həmin illərdə az-az izlənən, şeirdə nadir işlədilən ifadələrdən daha çox istifadə edirdi. Məsələn, şair, poemada qospodi, əndişə, moto-atıcı s. ifadələrdən çox məharətlə istifadə edərək, şeirdə eşitməyə alışmadığımız bu ifadələrlə şeirin ahəngdarlığını heç pozmamış, əksinə, ideyanın bədii şəklini daha da güçləndirmişdir. Nurəngiz Günün poeziyasının dili barədə Səlim Babullaoğlu məqalələrinin birində yazır: "Nurəngiz Günün lüğət ehtiyatında çoxlu itirilmiş itirilməkdə olan arxaizmlər, keçmə sözlər var ki, bu məndə müəllifin həmin sözlərdən daha çox, o sözləri öyrəndiyi, oxuduğu, eşitdiyi itirilmiş gözəl (!) zamana olan xiffəti kimi göründü. İnsan ömrü yalnız keçmiş zamandadır. Bunu anlayırsa, anladığını üslub halına gətirirsə,  o daha çox insan (şair,yazıçı) olaraq qala bilir".

N.Günün "Xocalı simfonyası" - zamanın həyəcan simfoniyası, tarixin poetik abidəsidir. Erməni qəddarlığını, vəhşiliyini, qaniçənliyini, rəhmsizliyini, nanəcibliyini, hiyləgərliyini, xəyanətini, cinayətini... unutmağa qoymayan abidə!

 

Mərziyyə NƏCƏFOVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Ədəbiyyat qəzeti.- 2018.- 24 fevral.- S.13.