Kilidsiz
açarlar
Hekayə
Atamı ölməyi
üçün evə gətirəndə sübh
çağı idi. Külək sünnət toyumdan
qalmış lentləri qapının üstündə yelləyirdi.
İlkgünkü kimi deyildi, nar
qırmızısı rəngini çoxdan itirmişdi.
Cavidan anamın yanındaydı. Həmişəki məzlum və kədərli
görünüşündəydi və bu əhvalını
daha da şişirtmiş, boynunu bükmüşdü. Hər ikisi qapının kandarında
dayanmış, köhnə ambulansdan atamı
çıxardıqları xəstə xərəyinin
tutacaqlarına əllərini sürtərək kömək
etməyə çalışırdılar. Çarəsizdilər. Külək
soyuq idi, sərt idi və atamın ölmək
üçün evə gətirildiyini beynimin hansısa
qırışına möhkəmcə pərçimləmək
istəyirdi. Şaxtalıydı,
ağlayırdım. Göz yaşlarımın
axmasına soyuğun səbəb olduğuna əminəm... Bir də başımın üzərində
farağat dayanmış sükut var idi. Məni
ən çox o qorxudurdu.
Atam şəhər kitabxanasında
işləyən dövlət məmuruydu, çeşməyi
var idi. Qara
çərçivəli… Onu xeyli yaşlanmış
olmağına, mədəsindəki xərçəngin bir səhər
xəstəxanadan evə qayıdarkən "müjdə"
verirmişcəsinə muştuluqladığı gündən
bu yana böyüyən yarasına baxmayaraq, 1988-ci il Topxana
meşəsindəki ağacların kəsilməsinə
qarşı göstərmiş olduğu etirazdan çəkindirə
bilmədik. Həmin gün zamanla çərçivələri
aşınmış çeşməyini, qonaq
otağındakı, üzərində xüsusi oyma təsvirləri
olan və anamın cehiz gətirdiyi paltar şkafındakı
kostyum-şalvarını geyinmiş, Bakıya qədər gedəcəyi
yol uzunu oxumaq üçün yanında Ziya Gökalpın
içində "Türk" sözü keçən bir
kitabını da götürmüşdü.
-Bəlkə onu götürməyəsən?!
- deyə anam nigaran bir tərzdə dillənmişdi.
-Qorxma,-
demişdi, ayaqqabısının qaytanını
qapının kandarında ilgələyəndə.
Bəlkə də çox
sonralar yaşadığımız o günlərin bir daha
geri gəlməyəcəyini başa düşəcəkdik. Sovet
ittifaqı artıq darmadağın olmuşdu. "Mixail Qorbaçov bir Nobel üçün
bütün ölkəni dağıtdı" deyə
sonralar bir dostum demişdi. Ancaq mən
başının nəzərə çarpan bir yerindəki ləkələri
olan bu adamı heç bir zaman başa düşə bilmədim.
"Hamı azadlıq acıdır" - deyirdi
atam. Və mübarizəsində haqlı
olduğuna bütün varlığıyla əmin idi. Artıq, böyük Sovet İttifaqına
qarşı vuruşmağın vaxtı yetişmişdi.
Daha xəlvəti azadlıq şeirləri
oxunmayacaq, "Amerikanın səsi" radiosu gizlincə dinlənməyəcəkdi.
Çox sonralar qarşılaşdığım
"Azadlıq bir az da qeyri-müəyyənlikdir" ifadəsi
atamın səliqəli geyimdə, əlindəki kitabı,
gözündəki aşınmış qara çərçivəli
eynəyi ilə "azadlıq" axtarışına getdiyi
günü xatırlatmışdı. Eyni ilə, "bir qəfəsin
quş axtarmağa" gedişiydi...
Atam 65 yaşındaydı. Saçları
ağarmışdı və bu qəfil bozumtul, ağaranvari
cod saçlar məni həmişə qorxudurdu. O, KGB
agentlərinin gecənin qəfil qaranlığından qara dəri
paltoları ilə qapıya dayanaraq sonsuz bir ümidsizliyə
apardıqları sürgün imtahanlarından biraz
özünü, bir az da bizi qorumaq
üçün "Azadlıq və xalqların
haqqı" adlı fəryadını qəlbinə
basdırmışdı. Nə küçənin
ortasında Lelin heykəlinə, nə də qəfil qapı
döymə ehtimalı olan qara paltolu adamlara qarşı
bağırmamışdı. O sa,
atam xəlvəti, lap xırıltı dərəcəsinə
qədər enən səs tonuyla "it sən mənim
xalqımı məhv etdin" deyə Lelin heykəlinə
tüpürən şairin aqibətini çox nağıl
edirdi. Fısıltılı bir səs tonuyla… Astaca… Lap səssizcə...
Elə ardıycan da, "Amanın bir
günüdür, bu barədə heç kimə heç nə
demə" deyə yalvarıcı nəzərlərini
gözlərimə zilləyir, gələcəyindən, gələcəyimizdən
qorxaraq dediklərinin intəhasız
peşmançılığını çəkirdi.
Ancaq sürgün imtahanları, Sibir
şaxtası onun səsini kəsməmişdi. Sadəcə üsyanını qeyri-müəyyən
bir fısıltıya çevirmişdi. Bəlkə
də ona görə sonralar qarşılaşdığım
bir cümlə atamın bu xəlvəti, gizli mübarizəsinin
əsl mahiyyətini anlamağıma kömək olmuşdu.
"Qağayı" adlı hekayə
quşların vərdişkar olduqları həyata
qarşı çıxan bir ətcəbala quş
haqqındadır. Belə ki, Jonathan
Livingstone adlı qağayı azadlığın ləzzətini
dadmaq və daha da yüksəklərə uçmaq
üçün öz ailəsinin ənənələrinə
qarşı etiraz edir. Onun məqsədi,
bu hərəkətlərində nə qədər haqlı
olduğunu, həqiqi xoşbəxtliyin səmanın ənginliyinə
qanad çarpmaqda olduğunu digər qağayılara isbat etməkdir.
Mənim atam da eyni Johathan Livingstone kimiydi.
Bəlkə də, uzun müddət mədəsindəki yara
ona qarşı Don Kixot sayağı bir duello elan edənə
qədər, yaşlılıq bir soyuq qış səhəri
qapısını döyənə qədər, Qorbaçov
"SSRİ" adlı tamaşadan bezdiyini elan edərək
"Hər kəs öz başının əlacını
qılsın" adlı hekayənin ilk cümləsini elan edənə
qədər səmanın dərinliyinə uçmaq arzusunu qəlbində
saxlamışdı. Həmin düşüncələri dilinə gətirmək
cəsarətini göstərə bilməmişdi.
Atamın azadlıq
mübarizəsi eyni ilə bir həbsxana küncünə
çəkilib qaçış planları qurmağa
çalışan məhbusunku kimiydi. Səssizcə, intəhasız
bir zamana yayılan və tünelin hər gün bir ovuc
torpağını qarışqa sayağı əzmlə, səbirlə
daşıyaraq… O, kitabxanasına gələnlərə
gizlincə tariximiz haqqında danışardı. Mənə
və sinif yoldaşlarıma uzun-uzadı
"türkçülük", "milli kimlik", "adət-ənənələrimiz"
kimi sözlərlə başlayan və "Azıx
mağarası"nda tapılan ilk insanın ulu-ulu nənəmiz
olduğunu vurğulayırdı. Və dediyinə
görə həmin Azıxantop qadının 1.2 milyon
yaşı var idi. Elə ardınca da
"Biz böyük bir imeratorluğun varisləriyik" deyə
vurğulayırdı. Xətainin bir iki
misrasını əzbərlədir, kitablarını oxumaq
üçün verirdi. Atam sanki tariximizdə
ikicə şeyin həqiqiliyinə inanırdı. Onun üçün bir Şah İsmayıl Xətai
var idi, 12 yaşında taxta keçmişdi. Bir də Azıx mağarasındakı həmin
qadının alt çənə sümüyü…Və
hamımız bu iki önəmli məqamı
unutmamalıydıq. Xatırlamalıydıq.
Gecənin qoxunc
qaranlığında KGB məmurunun ərkyana döyəclədiyi
qapının ardında şeir yazan şairin tələm-tələsik
aparılmasının qorxusunu atam da yaşayırdı. Onun
üçün Hüsyin Cavidi yaxşı
tanımalıydıq. Ona görə
Müşfiq unudulmamalıydı. Gah
"İblis" mırıldanır, gah da "yenə o
bağ olaydı" təəssüfünü
yaşayırdı. Bir az kədərli,
ürkək, çəkingən pıçıltıyla…
Anam da atamla yaşadıqca onun vərdişlərini mənimsəmişdi.
Bəzən yemək bişirərkən, balkonu süpürərkən
dodağının altında həzin bir mahnı kimi oxuyardı. Sonra "Ana və paçtalyon" şeirini də
həmin "yenə o bağ olaydı" təəssüfünə
qatıb işlərini görürdü. "Dörd ay
vardı, ananın gözləri yol çəkirdi…"
***
Atam - 65 yaşlı, çərçivəsi
aşınımış eynəkli, ağ saçlı -
Sovet KGB-sinin soyuqla imtahanından bir az bizi, bəlkə də
özünü qorumaq üçün azadlıq arzusunu dilinə
gətirməmiş, səslə ifadə etməmişdi. Həmişə daxilən, qəlbən istəmişdi.
Di gəl ki, insanın bəzi duyğuları gizləməsi,
heçə sayması mümün deyil… Eyni azadlıq kimi… Azadlığı sonradan başa düşdüm.
Çox sonralar idi…
***
Əslində onun hər
şeydən xəbərdar olduğunu bilirdim. Yanılmamışdım. Sanki həyatın
başımıza gətirəcəyi fəlakətləri
bir öncəgörən kimi hiss edə bilirdim. O
tüstülü kürəciyin üzərinə əllərimi
qoyan kimi səmada şimşək çaxır, göy
guruldayırdı. Sonra həmin kürəciyin içərisində bizim
iki mərtəbəli evimiz, anam, mən, nənəm və əmim
görünürdü. Atam isə- əlindən
heç nə gəlməyən saf ürəkli adam isə bizi pıçıltı ilə
oxuduğu şeirləri ilə ovudurdu. Və mən
onun uzaqlara zillənən baxışlarının
arxasında eşitdiyim "yenə o bağ olaydı,
toplaşaraq siz, o bağa gələydiniz" misraları
üçün darıxıram. Hələ
də qulaqlarımda onun siqaret çəkməkdən
boğulmuş səsi ilə xırıltılı
öskürtüsü əks-səda verir.
Həmin gün taleyimə
ilişib qalmış bir dalan kimi qəfildən, gözləmədiyim
bir anda qarşımda dayanır. Soyuq və küləkli... Bir az da kədər və hüzn var. Arxadan silah səsləri
eşidilir. Sanki nənəmin toxuduğu yun
jaketi geyinmiş, bığ yeri tərləməmiş
uşaqlığım gözlərimin içinə
baxır. Sonra o körpə, həyatın
saflığını itirməmiş balaca uşaq "Atam gəldi"
deyir.
-Evdədir?- deyə
dillənirəm.
-Bəli,- deyir.
-Nə edir?- deyirəm.
-Ölməyi gözləyir.
Susuram. Heç bir
cavab vermirəm.
Sonra uşaqlığım mənim
yerimə keçir və həyatın ən çətin
sınaqlarını çiyninə yüklənib "Sən
get" deyir.
***
Onun atasından qalma ikimərtəbəli
evinin ikinci mərtəbəsindəki kiçik
otağındakı yatağının üzərində
yatmaq arzusuna heç kim maneə ola bilməzdi.
Çünki bu ölümü gözləyənin
son arzusuydu və həyata keçməliydi. Əmim, "Hər şeyi istədiyi kimi edək.
Bir neçə gün ömrü qalıb"
demişdi. Onun göz yaşlarını
ilk dəfə həmin gün görmüşdüm. Narahat olmuşdum. Anam isə, həmişəki
sakit və təmkinli görünüşünü həyatının
ən böyük faciəsi qarşısında belə bir kənara
qoymadı. O, anlayışlı və həyatın verə
biləcəyi bütün əzablara sinə gərə biləcəyini
əminliklə nümayiş etdirən təmkinini qətiyyən
itirmədi. Bəs, harda itdi mənim anam?
***
Anam sanki atamın
üçgünlük ömründə istədiyi hər
şeyi edəcəyinə dair söz vermişdi. İlk günü öləcək
olana qayğı göstərmək, halallaşmaq
üçün gələn qonum-qonşuların hər biri
ilə ayrı-ayrılıqda məşğul olmaq... Onlarla atamın ölümü gözləmək
üçün evə necə gəldiyindən, kiçik
otaqda qalma səbəbindən, Xocalının hər tərəfini
mühasirəyə almış düşmənin hücuma
keçəcəyi gün haqqında danışdı.
Qadınlar isə, sərhəddəki vəziyyətdən,
evlərdə çörəyin bitməsindən, qonşu
Güləndam xalanın erməni qızı olan gəlininin
neçə gündür uşaqlarını buraxıb
qaçmasından, Sovet ittifaqının niyə
dağılmasına dair yayılan şaiyələrdən
danışırdılar. Sonda isə gələnlər
atamın gözlədiyi ölümün özünü
tezliklə yetirməsini eyham vuran "Allah köməyiniz
olsun" cümləsini deyib gedirdilər. Anam isə,
qonşularla olan söhbətinin hər detalına kimi əjdaha
döyməli dəmir başlığı olan
yatağında uzanmış atama danışır,
özü də şərh edirdi. Atam
tükənmiş bir vəziyyətdə boşluğa
gözlərini zilləyib, susurdu. Ardınca
da çox dərin bir inilti eşidilirdi. Bu
inilti evin divarlarında əks səda verdikcə
hamımız "Əzraili" evin hər küncündə
axtarmağa, harda gizlənibsə, tezcə tapıb atamın
qarşısına gətirməyi düşünürdük.
***
İkimərtəbəliydi
evimiz. İki
taylıydı pəncərələri, böyükdü… Yay aylarının sübh günəşi təpənin
arxasından çıxıb gedərkən sanki bizim evimizin
içindən keçirdi. Axşamları
qəmər səmanın qaranlığına asılıb
dayananda, sanki evimizin gözətçisiymiş kimi görünürdü.
Atam qaradinməz, sakit və öz
dünyası olan bir adam idi. Ondan Promotey kimi insanların xilası
üçün alov gətirməyini gözləməyin məntiqsiz
olduğunu başa düşmüşdüm. Bu
çox sonralar idi, üzümü ilk dəfa təraş edəndə
güzgüyə diqqətli baxmalı olduğum anda… O əmim
kimi deyildi. Zevs deyildi. Oysa, əmim mənim
üçün Zevs idi, Promotey idi. Atam isə Sizif idi.
Əsl Sizif! Həyatın ona verdiklərini
yaxşı və pisə ayırmadan iki qollarını
açıb qəbullanan bir varlıq idi. Halbuki mən həmişə
gözləyirdim ki, atam Sizif əzabının əksinə
gedəcək və belindəki qaya parçasını təpənin
ortasında buraxaraq etiraz edəcək, üsyana qalxacaq… Buna həmişə inanırdım. Atam isə əsla etiraz etmədi, gün keçdikcə
bir adamlıq yatağına daha çox girdi və qalın
kitablardakı qəhrəmanlardan özünə yorğan
düzlətdi. Otağın alatoranında
başqalarının üsyanını
pıçıltılı səs tonuyla oxudu. Qorxaraq!
***
Boydan boya divarlarında kitab rəfləri vardı,
kiçik otağın… Pəncərəsi tək
taylıydı. Eyniylə hücrəni
xatırladırdı. Pəncərə
köhnə bir kilsənin tavana dayalı, öndən əyri
pəncərəsini xatırladırdı. Kitab rəflərinə
nəzər yetirdikdə ilk diqqəti çəkən
Vladimir Leninin "Haradan başlamalı?", "Sosializm və
din", "Marksizimin Tarixi İnkişafının Bəzi
Xüsusiyyətləri" və başqa bu kimi qalın
cildli kitabları düzülmüşdü. Bir
də Sovetlərin cansıxıcı "məhəbbət
romanları" var idi. Bu romanların
içində traktorlara, torpağa olan sevgidən,
pambıqyığma qəhrəmanlığından, kanal
çəkmə cəsarətindən bəhsedən əməkçi
qəhrəmanlar var idi. Atamın xəzinəsi
arxadaydı. Kitab rəflərinin ən alt qismindəki
ensklopediyaların arasında… Xəzinənin
adı "gizli kitabxana" idi. Onu tapana
mükafat verilirdi, bir zamanlar. Kitabların
sahibinin həyatı gecənin qəfil qaranlığında
döyülən qapının açılması ilə dəyişir
və Sibir soyuğunda donduqdan sonra ölümlə
mükafatlandırılırdı. Qəribədir, heç kim
tapmadı, qəfil
döymədilər küçə
qapımızı… atam içindən oxudu üsyan şeirlərini,
səssizcə… ta ki mədə xərçəngi tapana qədər,
pıçıltıyla üsyan etdi… O qədər
pıçıltı ilə oxumuşdu ki, Qorbaçovun
"Bütün Proletarlar Müqəddaratini həll etsin"
dediyi gündən sonra da səsini ucaltmağa çəkinirdi.
Pıçıltısını pozmadan, əvvəlkindən
daha da sakit bir tərzdə oxumağa davam edirdi.
***
Həmişə qaranlıq
olurdu kiçik otaq. Atam, əgər öz qınına
çəkilib kitablarına sarılaraq o azadlıq
savaşının içində Kafkavari bədgümanlıqla
davam etmək niyyətindədirsə, mütləq anam
köhnə lampanı yandırıb otağı
işıqlandırardı. Atam
kitablarındakı uzaq diyarlara səfərə
çıxanda, anam onun üçün kəklikotu ilə
çay dəmləyərdi. Bu
çayı içdikcə atam qadağan olunmuş romanlara,
səsli oxunmasına icazə verilməyən şeirlərə
daha çox bağlanır, onları daha da eşidilməz bir
pıçıltı ilə oxuyurdu.
Ancaq həmin gün atam
otağına oxunması qadağan edilmiş kitablar
üçün yox, ölmək üçün gəlmişdi. Anam isə adəti
üzrə bəlkə də sonuncu dəfə kəklik otu
çayını səliqəli bir şəkildə dəmləyib,
qapının arxasındakı divara asılmış neft
lampasını yandırmış və otağı sonuncu dəfə
işıqlandırmışdı. Atam
uzun müddət mədəsindəki xərçəngin
daha da güclənməsi nəticəsində, ölümlə
həyat arasındakı bu ikili oyunda ölümü
seçmiş və otağına çəkilmişdi. Bütün bədəni
çökmüş, göz bəbəkləri
varlığının bütünün müəyyən
edirmiş kimi yekəlmişdi. O yorğun, zəif adam alaqaranlıq otağında, təkadamlıq
yatağında gözlərini divarı işğal edən
kitablara zilləyib baxırdı. Bəzən
atamın o otaqda, kitabların arasında olduğunu unudurduq.
Onun müəyyən fasilələrlə
eşidilən iniltisinin əks-sədası zamanla bəsit və
sıradan bir səsə çevrilmişdi. İndi fikirləşirəm ki, bəlkə də
atamın səsini eşitməyək deyə kitablar onun
iniltisini udurmuş.
-Neçə aydır ki, düşmən
hər tərəfi mühasirəyə alıb,-
deyə anam ölümünü gözləyən atama
düşdüyümüz bu vəziyyəti şikayət
edirmiş kimi bir səs tonuyla xəbər vermişdi. Bəlkə də ondan kömək istəyirdi.
Kim bilir? O hadisədən sonra anamı bir
də heç vaxt görmədim ki… İndi
haradadır?
Atam heç nə demədi. Gözlərini
düz qarşısındakı divar boyu ucalan kitab rəfinə
zillədi və baxdı. Yəqin, onu
aparmağa gələcək olan Əzarilin Lenin
kitablarının birinin arasından
çıxacağını düşünürdü.
Anam isə ölümün hər saniyə
qapısını döyəcəyini gözləyən bu
adama küçədə qonşulardan eşitdiyi
qarışıq xəbərləri
çatdırırdı…
"Bizimkilərin əlində
heç bir silah yoxdur. Sadəcə evlərdən
topladıqları ov silahları ilə müdafiə edilirlər.
Ov silahı ilə tankın qarşısına
necə çıxmaq olar?"
"Cəlal əminin
qızı itib."
"Deyilənə görə, hər
an hücuma keçə bilərlər…"
Atam isə bu xəbərlərin
sonunda vərdişkar olduğumuz iniltisini həmişəkindən
daha kədərli və ucadan çıxarır, o yorğun
gözlərini anama zilləyərək sanki daha
danışmaması üçün yalvarırdı.
Anamın eşitdiyi hər xəbəri
atama çatdırması məni də incidirdi. Çünki eşitdiyi hər
xəbərin ardınca iki böyük çuxurda oynayan top
kimi bərəlmiş gözlərindən yaş
axırdı. Sanki anam danışdıqca atam
daha da çarəsizlik boşluğunun içinə
yuvarlanırdı və sərhəd xəttində
düşmənin gözlənilməz həmləsinə
qarşı çıxmaq əvəzinə, burada, kiçik
otağın alaqaranlığında oturub ölümü
gözlədiyi üçün daha da utanırdı. Və bu utanç onu zamanla kiçildir, sanki
yorğanın altında gözə görülməyəcək
qədər kiçik bir zərrəyə çevirirdi.
Ya da əksinə, səbəbsiz yara kimi düz
insanın alnının ortasında peyda olur və zaman
keçdikcə daha da böyüyərək içindən
irinlər axan ət parçasına çevrilirdi.
Anam payızda bəzi
ağaçların üzərindəki qurumuş
budaqları qırmağı unutmuş, yaz əkinindən həyətdə
çox alət ədavat qalmışdı. Hər halda
atamın xəstəliyi onu evdən soyutmuş, hər gün
şəhərdəki xəstəxanaya getmək məcburiyyətində
qaldığı üçün boş zamanı
olmamışdı. Ancaq ömrünün
sonuna kimi heç bir yerə getməyəcəyinə, həmişə
orada, o ikimərtəbəli ər evində qalacağına,
elə orada da yaşlanacağına o qədər əmin idi
ki, qışın soyuğuna baxmadan ağaçların
budaqlarını təmizləyir, həyəti sahmana
salırdı. Atam ölmədən əvvəl
yas yerinə gələcək olan qonşu və qohumların
dilinə düşməmək üçün hər tərəfi
səliqəyə salırdı. Bacımla pəncərələri
silirdilər. Və mən onun bu ikimərtəbəli
ər evini necə çox sevdiyini gözlərindən
görə bilirdim. Hər saniyə
başımızın üstündə eşidilən atəş
səsləri, yayılan basqın xəbərləri ona
günlük, əhəmiyyətsiz hadisələr kimi gəlirdi.
Oysa, anam bizi çevrələmiş
düşmənin varlığını, onun hər saniyə
eşidilən silah səslərinə fikir verməməyə,
unutmağa, onlar yoxmuş kimi yaşamağa
çalışırdı.
Bacım da anam kimiydi. O, evimizin balkonunda
oturmağı, təpəsinə qədər ağaclarla
örtülü dağlara baxmağı sevirdi. Atam Hüseyn Cavidin adını ilk uşağına
verəcəyini demişdi, ancaq qız doğulunca Cavid yerinə
bacımın adını Cavidan qoymuşdu. Bacımın 17 yaşı var idi. "Gündə qapıya biri gəlir. Birinə hə desən. Bax,
keçən dəfə də məktəb müdiri Həsən
bəyin arvadı Gülnaz xəbər göndərib. Səni oğlu Əliyə almaq istəyir," deyə
anam Cavidana evlənməyə razı salmaq üçün hər
gün bu tipli xəbərlərlə gəlirdi. "Yox. Mən Bakıya gedəcəyəm.
Tibb universitetini oxuyub həkim olacağam,"
deyə bacım cavab verirdi.
***
O kiçik, qaranlıq, atamın
ölümünü gözlədiyi otaq bacım
üçün də gizlənə biləcəyi, öz
qınına çəkilərək qadağan olunmuş
kitablar oxuyacağı bir yer idi. Atam Kafka
aşiqi idi. Hətta Kafkanın adı
keçən hər məqaləni, hər kitabı
sifariş verir, gətizdirərdi. Bacım
da atam kimi kitablar oxumağı çox sevirdi. Bir dəfə Kafkanın "Çevrilmə"
hekayəsini çox oxuduğu üçün (42 dəfə)
hekayəyə o qədər aludə olmuşdu ki,
qışqırmağa başlayıb. Anam
kiçik otağa girəndə bacımın yatağın
altında ağladığını görüb. "Orada nə edirsən?" - deyə
soruşunca, bacım da "Mən böcək oldum. Zamza" - deyə cavab verib. "Bu
uşaqları da özün kimi edəcəksən" deyə
anam atama əsəbləşmişdi. İlk
dəfə onun oxumağına, kitablarına qarşı əslində
qəribə bir ikrah hissi duyduğunu hiss etmişdim. Ah,
Cavidan! Cavidan! Cavidan…
***
Atam gəlib çıxmaq
bilməyən Əzrayılın yolunu gözləməkdən
bezmişdi. İniltilərinin əks-sədasını
eşitmirdik. Danışmırdı, ancaq
gülümsəyirdi. Və onun gözlənilmədən
bir anda özünə gəlməsi, qədim yunan
Tanrıları kimi yeraltı cəhənnəmindən geriyə
qayıtması məni çox sevindirmişdi. Atamın üzündəki təbəssüm
hamımıza ümid vermişdi. Onu elə
gördüyüm an, əmim kimi Promotey olduğuna və bizi
bu zülmət qaranlıqdan xilas edəcəyinə
inanmışdım... Onu salona
çıxardıq. İsti otun
peçinin yanında oturub onun bir vaxtlar mənə oxumasından
zövq aldığım romanı, indi mən onun
üçün oxuyurdum. Bu Çarliz
Dikkensin "Oliver Tvist" romanı idi. Kitabxananın
idi. Kitabın yeddinci səhifəsində
"Xocalı Şəhər Kitabxanası" yazan
möhür vurulmuşdu. Kitabın qapağının
iç tərəfində bir istifadəçilər siyahısı,
tarix var idi. Mən kitabı oxuyan on ikinci oxucu
idim.
Ona kitabı oxuduqca illərdən
bəri kiçik otaqdakı üsyanının bir gün
özünü büruzə verəcəyinə
inanırdım. Bəlkə o yatağından çölə
çıxaraq qılıncını çəkəcək
"mənim torpaqlarımı heç kim
ala bilməz" deyəcəyini düşünürdüm.
Oysa ki əlimdəki kitabın ilk səhifəsini
bitirəndə atam həmişəki dərin, ürpərdici
iniltisini çıxardı.
-Bəsdir, oxuma,-
deyə anam dilləndiyi anda atam iniltisini kəsdi və onun
üzünə tərs-tərs baxdı. Bunu görən anam
sakit bir səs tonuyla -oxu,- dedi. Mən səhifəni çevirdim və oxumağa
davam etdim.
-Bütün rabitə əlaqələri
kəsilib, vəziyyət yaxşı deyil,-
deyə əmim təlaşlı bir şəkildə içəri
girib demişdi. -Əsgərlər hər tərəfi
mühasirəyə alıb. Nə etməyi fikirləşirsiz?- deyə nəzərlərini bizə zilləmişdi.
Bir müddət heç kim dillənmədi.
-Mən onsuz da sonuna qədər burada vuruşacağam,
heç olmasa siz getsəniz,- demişdi. Anam isə gözünü atama zilləyib sakitcə
dayanmışdı. Otağa çökən sükutu sobada
yanan odunun çıqqıltı səsi pozurdu. Bir də kar silah səsləri. Boğuq və
qəfil eşidilib , qeybə çəkilirdi.
Atamın isti sobanın yanında
uzanıb oxuduğum romanı diqqətlə dinlədiyi ərəfədə
əmimin gətirdiyi bu xəbər, verdiyi sual çöldə
eşidilən silah və top səsləri qədər müəmmalı,
anlaşılmaz, formasız idi. Əmimin o hövlnak,
narahat suallarının cavabını sanki sadəcə atam
bilirmiş kimi anam gözlərini ona zilləmişdi.
Bir küncə əyləşib sinidəki ağ
düyüləri arıtladığı ərəfədə
gələn bu xəbər onu yerindəcə pərçimləmişdi.
Sanki, anam əlindəki sini evin ortasına tolazlayıb əmimin
üzərinə şığıyacaq "Qardaşın hələ
ölməyib ki…" ya da "Bu vəziyyətdə nə
edilər?" ya da "Evimizi öz əllərimizlə
düşmənə təslim edək?" kimi ifadə
edildiyi an dərin bir girdabın sonsuz
qaranlığına yuvarlanmaq təhlükəsi olan, sual
işarəli cümlələrin üzərindən sakitcə
ötüb keçirdi.
Mən isə lənətə
gəlmiş Oliverin bütün sərgüzəştlərinin
bir anda öz mahiyyətini itirərək axmaq bir çərənləməyə
dönüşdüyünü anlayıb kitabı
bağladım. Atam kitabı belə əsəbi və
çarəsiz şəkildə bağladığımı
görüb çuxura düşmüş gözlərini mənə
çevirdi və zorla gülümsədi. - Hər halda
yola çıxmaq üçün hazırlıqlı olun… -
deyə əmim anama baxdı. Ardınca isə atama
üzünü çevirib -gözləyək,-
dedi. Anam sinidəki düyüləri
arıtlamağa davam etdi. Ağ, uzun
düyülərə diqqətlə baxırdı. Sanki
indi dünyadakı yeganə problemi məhz bu düyülərin
arasındakı çınqıl, qum dənələrini
toplamaq idi. Xeyli sonra, əmim gedəndən, evə dərin
sükut çökəndən sonra -yaxşı,- deyə dodağının altında dilləndiyini
eşitdim.
"Hər halda
çıxmaq üçün hazırlıqlı olun"
cümləsi o zaman da indiki kimi beynimdə qeyri-müəyyən
bir acını ifadə edirdi. Mən də
kitabımı götürüb kiçik otağa
qaçmış, eyni ilə bacımın Kafkanın
Zamzasına çevrildiyi zaman girdiyi yatağın altına
girmişdim. Bir müddət orada səssizcə
gözlədim. "Görəsən, getməsəm,
hamı çıxıb getdikdən sonra- anamgil, əmimgil-
çıxsam." Ancaq o qaranlıq otaqda
bir müddət tək qalınca qorxdum. Sanki
atamın gözlədiyi Əzrayıl gəlib məni
özü ilə aparacaqdı. Kiçik otaqdan
hövlnak aynabəndə çıxarkən arxamda uzun qara
paltar geyinmiş, uzun burunlu bir qulyabaninin gəldiyini hiss
etmişdim...
***
Anamın dayısı
oğlu, həkim idi. Hər gün atama baş çəkir xərçəngin
öz qələbəsini nə zaman elan edəcəyini
öyrənməyə çalışırdı. Bu yekə qarın, qara çatma qaşları olan həkim
hər dəfə anama təsəlli vermək
üçün "az qaldı. Bir az daha
səbr edin" - deyirdi.
***
Axşam saatları. 22 fevral 1992-ci il. Atamın ağrıları, otağı
bürüyən iniltilər daha da artdığı
üçün həkimi gətirmək məcburiyyətində
qalmışdılar. O isə
həmişəki soyuqqanlı baxışları ilə
"Allah verdiyi canı istədiyi vaxt alar… Bilmirəm.
Belə qusduğuna görə mədəsi
artıq tamamilə sıradan çıxıb. Bir neçə gündən sonra…" demişdi və
cümləsini tamamlamamış anam gözlənilməz bir
şəkildə ağlamağa başlamışdı.
Sanki bu göz yaşını tökmədən
öncə, özünə söz vermişdi ki, atamın mədəsi
tamamilə yararsız bir ət parçasına dönənə
qədər ağlamayacaq. Ancaq indi, məhz
bu sözü tutmadığı üçün
ağlamağa başlamışdı.
Həmin axşam silah səsləri az eşidildi. "Yəqin cəhənnəm
olub getdilər" deyə anam atamı heç olmasa bir qurtum
da olsun su içməsi üçün razı salmağa
çalışırdı. Atam olmayan mədəsinin
qəbul etmədiyi suyu zorla da olsa içdi və
hamısını geriyə qusdu. - Bakıdan heç bir
kömək gəlməyib…- deyə anam atamın dəmir
başlıqlı yatağının yanındakı stula stəkanı
qoyanda demişdi. -Bizə nə oldu? Sən belə şeyləri
yaxşı bilərsən, birdən köməyə gələn
olmasa… Yazıq, danışa bilmirsən ki… Eh!.. Allahım sənə bir az da
ömür versəydi, bu uşaqları evləndirsəydik...-
Sonra stulun üzərindəki stəkanı götürüb
çıxanda -Eldar, yatmayacaqsan?- deyə
soruşmuşdu. -Atamla söhbət etmək istəyirəm,- demişdim. Anam dillənmədi.
Bu son günlərdə hər birimizin onunla daha
çox vaxt keçirtmək istədiyini bilirdi. Bir də
heç vaxt görməyəcəkdik…
Əmimin hövlnak gəlişi
və gətirdiyi xəbərlərdən sonra eyni şəkildə
çıxıb getməsi evdə var olan
tıncıxdırıcı havanı daha da dözülməz
hala salmışdı. Bundan sonra arabir varlığını xəbər
verən silah səsləri ölümü unutdurmuş necə
xilas olacağımızın qayğısına
düşmüşdük. Atamın
baxışlarında belə -Bəs, necə edəcəyik?- sualını görmək mümkün idi.
"…sonra həyatı başa
düşürsən. İnsan itirdiklərini
gözünün önünə gətirdikcə, həqiqəti
bütün çılpaqlığı ilə görə
bilir. Orta məktəbdə itirdiyin bir
sinif yoldaşın, evə qayıdarkən yoxa çıxan
bir karandaşın, bir gün özünü atanın
ölümünə hazırlamağın, qəfildən çıxıb
gələn düşmənə qarşı hiss etdiyin
çarəsizlik və vətənini qoruya bilməməyin,
sənə verilmiş qəpikləri itirməyin, bunlar
hamısı eynidirmi? İnsanın vətənini və
atasını itiməyi, o itkilərin hər birini gözlərinin
qarşısında, əllərinin arasından qum dənələri kimi küləklə
qeyri-müəyyənliyə sovrulmağını görmək,
ancaq sonra o sovrulanların harada itdiyini, yoxa
çıxdığını görməmək. Və
ömrünün sonuna qədər o itkinin içində
açdığı sağalmaz yaranın
sızıltısı ilə yaşamaq…"
Həmin axşam atamın çaprayısının
başında saat birə qədər gözlədim. Anam getdikdən sonra atam dərin çuxura
düşmüş gözlərini mənə tərəf
çevirdi və zorla gülümsədi. Əslində o gülümsəyəndə
qızıl dişləri, göz kənarlarındakı
qırışlar diqqətimi çəkmişdi. Mənim atam çox yaşlı idi? Əlimi əjdaha təsvirli dəmir
başlıqlı yatağın bir kənarından uzadıb
onun əlini tutdum. Sanki bu əjdahalar
yatmış Əzrayıl idi və gözlənilmədən
oyanıb atamı öldürəcəkdi. Eyni ilə
bizi dörd bir tərəfdən mühasirəyə
almış düşmənin səbəbsiz varoluşu kimi….
Atam zorla eşidiləcək bir səs
tonuyla, ölmək üçün evə gəldiyi gündən
bu yana ilk dəfə danışdı.
"Anan… sən…" dedi və susdu. Deyəsən,
danışmaq üçün daha heç bir
gücünün qalmadığını anladı.
Sonra bir də heç vaxt danışmadı… Gözlərimi
onun gözlərinə dikdim, baxdım, baxdım, baxdım… Hər
ikimiz uzun müddət bir-birimizə baxdıqdan sonra
dodağında xəfif təbəssümü hiss etdim. Sonra əli ilə gedib yatmağımı işarə
etdi.
Kiçik otaqdan aynabəndə
çıxdım. Pəncərələrdə fevral şaxtası hiss
edilirdi. Tərləmiş şüşələr
buz bağlamışdı. Bu
şaxtalı fevralın dondurucu səssizliyini aramla eşidilən
silah səsləri pozurdu. Mən tezcə
yatağıma girdim və bu səsləri eşitməmək
üçün yorğanı başıma çəkdim,
qulaqlarımı tıxadım və yatdım.
Ziyad QULUZADƏ
Ədəbiyyat qəzeti.-
2018.- 24 fevral.- S.14-15.