Sonuncu yayın
sonatası
Hekayə
Atam ikiqat olmuş halda anamın
üzünə baxıb soruşdu:
"Hansı otağa
aparaq?"
Mətbəxin qarşısında
dayanan anam şəhadət barmağı ilə evin ən
dalda uşaq otağını göstərib dedi:
"Ora!"
İlahi, ora sözü elə
bil yekə bir daş olub başıma düşdü. Bu qadın
özünəməxsus istedadı ilə həmişə
arzularımın önünə keçməyi
bacarırdı.
Axı mən neçə
vaxtdır yolunu səbirsizliklə gözlədiyim pianinomun pəncərələri
küçəyə açılan qonaq otağına
qoyulmasını arzulayırdım. Bəs indi bu zəhləmgetmiş,
yatandan-yatana girdiyim, qaranlıq uşaq otağı ideyası
bu qadının ağlına hardan gəldi?
Atam elə bil mənim ürəyimdən
keçənləri duydu.
"Bəlkə qonaq
otağına aparaq?"
"Yox, yox. Nə
danışırsan?! Qonşulara zəhmət olacaq."
Qadın baxışları
ilə pianinodan yapışmış qonşu kişiləri
və qonaq otağına gedən yolda ağır, zirehli tank
kimi dayanmş stolu göstərib him-cim etdi. Yəni ki,
üç addımlıq uşaq otağı ola-ola bu stolu
ortalıqdan götürmək, qonaq otağına yol
açmaq həngamədir. Özündən hoqqa
çıxartma!
Anam həmin anda mənə
müharibə filmlərindəki əsir düşərgələrindən
hoppanıb evimizə düşmüş alman SS-çi qadınlarını
xatırlatdı. Həmişəki kimi onun qəfləti
"ideyalarına" qoşulmaqda gecikməyən atamın
anlayışlı görünmək xülyası da
çox qısa çəkdi. O və yığma
komandası əmrə müntəzir anamın ardınca
düşüb uşaq otağına getdilər.
Hər şey yerbəyer
olandan sonra atam məni səslədi. Mənsə qonaq
otağında pianinom üçün bələdlədiyim
boş yerdə dayanıb fikrə getmişdim. Musiqiyə olan cüzi həvəsim, gələcəklə
bağlı romantik arzularıma qarışmış
ümidlərim, sevgi dolu hisslərim puça çıxaraq
bu boşluqda fır-fır fırlanırdılar.
Uşaq otağına gələndə
divarın dibinə qoyulmuş qara pianinoya ötəri nəzər
saldım. Xeyli işlənmişdi. Üstündə
şamdanları da vardı. Atam həvəslə
pianinonun alınma prosesini anama izah edirdi. Guya
zindan qədər ağır olan bu musiqi aləti bir rus
qadının alman nənəsindən yadigar qalıb. Qadın da yadigar olan pianinonu satmaq istəmirmiş,
amma Bakıdakı qohumlarımız birtəhər onu razı
salıblar. Bir az da keçsəydi,
atam pianinonun rəhmətlik İohan Sebastyan Baxa məxsus
olduğunu deyəcəkdi. Ən cüzi əhvalatı
belə boyayıb, bəzəyib nəql etmək atamın
xasiyyəti idi. Deyəsən anam da onun məlum
xasiyyətinin boy verəcəyindən ehtiyat edərək məni
dartıb pianinonun qarşısına əyləşdirdi.
Dərs tapşırıqlarını da
qarşıma töküb atamla birgə otaqdan
çıxdılar.
Təklikdə qalan kimi
ağlıma gələn ilk sual bu oldu. "Sevinirəmmi?"
"Əsla! Bu qaranlıq, işıq
yanandan-yanana aydınlanan otaqda mənim pianino
çalmağımı kim eşidəcəkdi?!
Heç kim!
Pianino qonaq otağına
qoyulmalıydı! Bu, mütləq belə
olmalı idi. Anamın "prostoy"
karandaş qədər hissiyyatsız, boz rəngə
çalan şəhadət barmağı hardan, necə, nə
cür oldu ki, bu otağa tuşlandı? İndi
mən burda qırx gün, qırx gecə özümü
öldürsəm də, nə küçədən
keçən adamlar, nə hər axşam küçəyə
yığışan oğlanlar, nə də ki, o, mənim
dınqıltılarımı eşidə bilməzdi.
Lap gətirib bu alman pianinosunun içərisinə bir toy
mikrofonu qoşsaq da Elşad mənim pianinomun səsini
eşitməzdi. Vəssalam!"
Məndən bir sinif
yuxarı oxuyan Aqildən sonra Elşad ikinci məhəbbətim
idi. Bəlkə də ilk məhəbbətim. Hər halda Aqil mənə Elşad qədər diqqət
göstərməmişdi. Onun elə ilk
gündən gözü icra başçısının
bacısı qızı Afaqa düşmüşdü.
Afaq gələn kimi mənim ulduzum
sönmüşdü. Ax, kişilər, kişilər! Həmişə ən parlaq aydan belə ulduz düzəltməyi
bacarırlar. Sözün düzünə
qalsa, heç mən özüm də Aqilə çox bənd
olmamışdım. Qara, üzü
çilli, kök oğlan idi. Bir
üstünlüyü vardı ki, sinif rəhbərim Nailə
müəllimənin oğlu idi. Həm də
həmişə zövqlə geyinməyi bacarırdı.
Müharibənin səsi biz tərəflərdə
də eşidiləndən, oxuduğumuz məktəb hərbi
hissəyə çevriləndən sonra məcbur qalıb Cəmil
Əhmədov adına məktəbə
getməli olduq. Həmin məktəbin direktoru
İslam müəllim anamın bibisinin oğulluğu idi.
Amma bunun mənim hekayəmə heç bir dəxli
yoxdur. Sadəcə olaraq vurğulamaq istəyirəm
ki, anamın qohumları vəzifəli adamlar olublar. Əsas məsələ o idi ki, Cəmil Əhmədov
məktəbində tam azadlıq hökm sürürdü.
Xüsusən də məhəbbət məsələlərində.
Oğlanlar qızları sevir, onlara məktub
yollayır, öz sevgiləri uğrunda başqa oğlanlarla
dalaşıb əlbəyaxa olurdular. Sevgililər
bir-birlərinə xoşladıqları filmlərin baş qəhrəmanlarının
adlarını ləqəb qoyurdular. Fəridə, Kamran,
Komissar Kattani, Nəsimi, Şəms, Ryabina və b.
Yeddinci sinfi qutarhaqutarda
Elşad mənə bənd oldu. Anası bizim məktəbdə
müəllimə işləyirdi. Özü
isə avaranın biriydi. Amma mərd
oğlandı. Məndən üç
yaş böyük idi.
Hara gedirdim Elşad kölgə
kimi arxamca gəlirdi. Əsasən bizdən böyük sinfin
uşaqları Elşadın mənə olan sevgisinin fərqinə
varmışdılar. Mənə olan
münasibət birdən-birə dəyişmişdi. Sevgilisi olan qızlar siyahısındaydım. Belə məsələlər isə zarafat deyildi.
Elşad hər gün mənim
arxamca düşüb evə yola salırdı. Amma heç
vaxt yaxına gəlmirdi. Adətən
oğlanlar sevdikləri qızlara və ətrafdakılara
sevgilərinin təmizliyini sübut etmək üçün
yaxınlaşmırdılar. Bir müddət
uzaqdan-uzağa izləyib, sevirdilər.
Elşadın məni izləməsi
yağış, qar, şaxta demədən hər gün təkrar
olunurdu. Mən dərsə getmədiyim günlərdə isə
o, atasının narıncı moskviçi ilə məhləmizə
qədər gələrdi. Bizimlə
üz-üzə maşın ustası Hacıbala
dayının oğlu ilə Elşad bir sinifdə oxuyurdular.
O, da onlara gəlmək adı ilə gəlib-gedirdi. Onu həmişə iyirmi, otuz addımlıq məsafədən
görürdüm. Üzünün cizgilərini
də elə bu uzaqlıqdan yadımda saxlamışdım.
İki dəfə Elşadla yaxın təmasda
onun "Son zəng" tədbirində oldum. Həmin gün sinif qızlarını mənim
arxamca "elçiliyə" yollamışdı ki, məclisə
təşrif aparım. Sinfə girəndə
hamı mahnı sədaları altında rəqs edirdi. Mən içəri girən kimi musiqi dəyişib
həzinləşdi. Elşad əlimdən
tutub məni sinif otağının ortasına çəkdi.
Hamı elə bil onunla sözləşmişdi,
meydandakı məsafə də xeyli genişləndi. O rəqs
edir, mən isə bacarmadığımdan ona baxırdım. Qız olmağın nə olduğunu ilk dəfə
məhz həmin gün dərk etdim. Qızarıb,
pörtmüşdüm. Elə bilirdim nəsə
pis iş tutmuşam və bunu otaqda olan hər kəs
görüb. Mənimlə birgə gələn rəfiqəmə
yaxınlaşıb dedim ki, gedək. Sinifdən
çıxıb evə yollandım. Qəzənfərin
dikini qalxanda onun yenə arxamca gəldiyini hiss etdim. Amma bu dəfə daha yaxınımda idi. Hənirini
bir anlıq boynumun arxasında hiss etdim.
"Niyə getdin?"
"Otaq istiydi."
Üz-üzə
dayanmışdıq. Yəqin ki, öpmək istəmişdi... Amma cəsarəti çatmamışdı. Bəlkə də qıymamışdı.
Tətilə
çıxandan sonra elə bildim ki, hər şey bitdi. Amma bitməmişdi.
Ara-sıra qonşuluğumuza gəlib-gedirdi.
Bir gözü həmişə bizim qapıda
olardı. Artıq bicləşmişdim.
O gələn kimi qaçıb yola çıxmırdım. Əvəlcə qapının açar yerindən
onu müşahidə edirdim, bizə tərəf çox
baxırdısa zibil atmaq, su gətirmək bəhanəsi ilə
gözünə görsənib qayıdardım.
Qonşumuz Qərib həkimin
evi ikimərtəbəli idi. Qızı Əminənin
pianinosu da ikinci mərtəbənin küçəyə
açılan otağına qoyulmuşdu. Əminənin
piano ifası məşhur idi. Hansı film çıxırdısa,
Əminə həmin günü o filmin mahnısını
pianinoda məşq edib çalmağa başlayardı. Çox vaxtı qaranlıq düşəndə
oğlanlar onların qapısına yaxın
yığışıb siqaret çəkib, astadan söhbət
edər həm də Əminənin çalğısına
qulaq asardılar.
Əlbəttə, ata-ana elə
olardı də. Yoxsa bizimkilər kimi? Mənim
qonşu qızından nəyim əskik idi ki, pianinomu
aparıb dərin quyu qədər qaranlıq, mübhəm
uşaq otağına atdılar?!
Bir dəfə kəndə nənəmgilə
qonaq getmişdik. Nənəmin qardaşı oğlunun toyu
idi. Kənddən gələndə
Elşadı qonşumuzun oğlu ilə bizim darvazaya yaxın
dayanan gördüm. Qapımızın
üstündəki qıfıl onu xeyli pərişan
etmişdi ki, məni görən kimi gözlərinə
işıq gəldi.
Qaça-qaça evə
girib bütün qapı və pəncərələri
taybatay açdım, pianinonun arxasına əyləşdim. Bir saata
yaxın bildiyim bütün film mahnılarını, dərs
tapşırıqlarını çaldım. Həmin gün həyatımın ən ağır
tapşırığını yerinə yetirmişdim. Pianinoda çala-çala əmin idim ki, Elşad mənim
bu musiqilərimin hamısını eşidir və o da mənim
qədər fərəhlənir. Özümü
böyük konsert zallarında təsəvvür edirdim: O, isə
əlində iri gül dəstəsi ilə irəli
oturacaqların birində əyləşmişdi.
Musiqi saatı bitəndən
sonra qonaq otağına keçib küçəyə
boylananda orda heç kimin olmadığını
gördüm.
Elşad getmişdi.
Həyətimizdəki fındıq
ağacının dibində gəlinciklə oynayan bacımdan
soruşdum
"Aysel, pianinomun səsini
eşidirdin?"
"Yox. Heç nə
eşitmədim."
Gözlərim doldu. Elə bil sinəmdən
daş asıldı.
"Yəni heç nə
eşitmədin?!"
Bacım key-key üzümə
baxıb çiyinlərini çəkdi:
"Heç nə!"
Uşaq otağına gəlib
pianinomu nifrətlə süzüb, qapağını
şaqqıltı ilə çırpdım.
Atam demişkən, zindan qədər
ağırlığı olan bu musiqi aləti artıq
heç bir işə yaramırdı.
Eh, ay ata, ömründə bircə dəfə
də arvad sözünə qulaq asmasaydın, elə bil
dünya dağılacaqdı. Nə olardı
ki, ortalıqdakı stolu kənara çəkib pianinomu qonaq
otağına aparsaydın. Sən həmişə
ürəyi təmizliyindən bu SS-çi arvadının
toruna düşürsən.
Sonra qəfildən anamdan
qısas almağın yolları barədə
düşünməyə başladım. Pianino
şifonerə yaxın qoyulmuşdu. Şifonerin
üstündə isə anamın cehizlik çamadanı
vardı. Üstünə də başında ağ fatası, üzündə duvağı
olan gəlin şəkli
yapışdırılmışdı. Üzü
aşağı baxan uzun kirpikli, dodağı boyalı gəlinin
qəribə bir cazibəsi vardı. Neçə
dəfə istədim o şəkli qopardım anam qoymadı.
Toyda, bayramda anam çamadanı
düşürüb ordan nəsə götürəndə
həmin şəkilə baxa bilirdim.
Heç tərəddüd
etmədən pianinonun üzərinə, ordan da şifonerə
çıxıb çamadanı açdım. İlk qarşıma
çıxan ağ rəngli dirnaq
boyası oldu. Bahalı, matah mal idi ki, anam bura
qoymuşdu. Boyanı götürüb
küçəyə çıxdım. Qarşıma
çıxan hər kəsin dırnağına çəkdim.
Ta ki, dibində qalan qədər. Anam evə gələndə
məni yaxşıca çimdikləyib bir-iki də dümsük
ilişdirdi.
Həmin yayı anamdan
bütün "qisasımı" aldım. Çamdanındakı
bahalı ətriyyatın, ənlik-kirşanın
hamısnın küpünə daş atdım.
Anama baxanda atama qarşı
nisbətən humanist davranırdım. Çünki
onu anamdan bir azca çox istəyirdim. Bağçaya gedən
vaxtlarımda hardan toy səsi gəlirdisə deyirdim: "Mən
ərə gedəndə atamı da özümlə
aparacam." Böyüdükcə başa
düşdüm ki, uşaq vaxtı səydərəşin
yekəsi olmuşam. Ərə gedəndə adam özündən başqa heç kimi,
heç hara apara bilməz.
Amma atamı anamdan çox
istəməyimin mənim "qisas" tədbirlərimə
qarışacağı yox idi. Onu öz əli ilə
qazdığı quyuya salacaqdım. Anamın
çamadanı küllüyə atılandan,
çamadanın üstündəki başı fatalı gəlinlik
şəkli ortalıqda qalandan sonra hər gün şifonerin
üstünə çıxıb atamın sirli, qara
çantasının içərisindəki cavanlıq məktublarını
təftiş etməyə başladım. Əlimə
xeyli şübhəli "material" keçmişdi.
"Əziz tələbə
yoldaşım və ilk məhəbbətim Əkbər, bu
gün sənin üçün çox darıxdım. Bakıya gələn
kimi səni qucaqlayıb bağrıma basacam. Hörmətlə:
Əzizin Gülarə"
Baho, kişi
cavanlıqda nələr edirmiş, nələr.
Anam insafən belə işlərə
baş qoşmaz, heç vaxt atamın əşyayi-dəlillərini
qurdalamazdı.
Eybi yox, mən əsgərə getməmişəm
ki? Anamın yerinə bu işləri
özüm düz-qoş edərəm.
Ertəsi günü səhər
yeməyində döyülməyi gözə alsam belə,
planlı şəkildə hazırladığım nitqimə
təkan verdim.
"Ana, atamın Gülarə
adlı tələbə yoldaşı olub?"
Atam, çeçidi. Pendir
çörəyi şirinçayqarışıq
boğazında qaldı. Stəkanına
çay süzən anam əlini saxladı. Onun baxışları mənə yox, birbaşa
atamın kürəyinə zilləndi. Sanki söhbət
bir az da tündləşsə, qadın mətbəx
bıçağı ilə atamın kürəyini nişan
alıb-almayacağını götür-qoy edirdi. Anamın cavabı geciksə də, atamın tənbehi
gecikmədi.
"Bu nə sualdı? Gülarə
kimdir?"
İlahi, bu kişidə də
saflıq qalmayıb. Sevmisən, qucaqlamısan, etiraf et də.
İllər sonra bir SS-çi qadına görə
bu nə saxtakarlıqdı edirsən?!
Eybi yoxdur. Mən indi səndən bəlkə
də səni sevdiyi üçün nakam qalıb heç kimə ərə
getməyən, bu günə qədər qız qarıyan
Gülarə xalanın da, öz Elşadımın da
qisasını alaram!
"Dünən yataq
otağında pianinomun yanında yerdən bir kağız
tapdım. Atamın Gülarə adlı tələbə
yoldaşından gəlmişdi."
Atam dik atıldı. Anam
çaydanı zərblə sobaya çırpdı.
Aman Allah, evimizdə
yaradacağım "zəlzələnin" bu qədər
şiddətli olacağını mən də təxmin etməmişdim.
Atam: "Nə səfehləyirsən?
Dur, rədd ol. Dərsə
gecikirsən."
Özümü suyu süzülmüş
kimi göstərərək mətbəxi tərk etsəm də,
sevincimin hüdudu yox idi. Qisas planımı müvəffəqiyyətlə
yerinə yetirmişdim. Bəli, Əkbər
bəy. Sən götür, mənim
pianinomu apar, quyunun dibinə tulla. Bütün
arzularımın önünə üç otaqdan hasar
çək, mən də bunun acığını səndə
qoyum? Olmaz! Hər kəs layiq olduğu cəzanı
almalıdır!
Amma dərsdə atam
üçün etdiyim bədxahlığa görə xeyli
peşman olub, vicdan əzabı çəkdim. Kişiyə
qarşı həqiqətən də çox amansız
davranmışdım. Anam bu məsələnin
dibinə çatana qədər azı on gün atamla
düşmənçilik edib, yediyini-içdiyini zəhərə
döndərəcəkdi.
Evə gələndə atam
qulağımın dibindən bir qapaz ilişdirib dedi: "Bir
də o şifonerin üstünə çıxsan, sənin
ayaqlarını qıracam." Amma qəribə
olan o idi ki, qəzaya düşən təyyarələrdəki
qara qutular kimi atamın qara çantası da şifonerin
üstündən yoxa çıxmışdı.
Gecədən başlayan atışma səhərə yaxın daha da gücləndi. Anam tez-tələsik əlinə keçən paltarları kuloka yığır, atam evimizin və bizim sənədlərimizi götürürdü.
Mən... Son dəfə
pianinom olan otağa keçdim. Etibarasızlıq
göstərdiyim uşaqlıq dostumun qapağını
qaldırdım. Barmaqlarımı pianinonun
dilləri üzərində ehmalca gəzdirib, onları
sığalladım. Əmin idim ki, titrəyən
əllərimin həniri mənim
etibarsızlığımı bağışladacaqdı.
Gələcək arzularımı, ümidlərimi,
bir də ilk sevgimin xatirələrini pianinonun dilləri üzərində
gizlədib qapağı örtdüm. Bizi gözləyən
taksi son dəfə uzun-uzadı siqnal verdi.
Elə bil hardasa nəsə qırıldı,
yarımçıq qaldı...
...Həmin yay mənim
qayğısız uşaqlıq illərimin, dəcəlliklərimin,
ürəyimdə döyünən ilk məhəbbət
çırpınışlarının sonuncusu oldu. Rayonumuz məktəbin açılmasına səkkiz
gün qalmış işğal olundu. Elşad
müharibəyə yola düşdü. Qohumlar,
qonşular hamısı baş götürüb evlərindən
qaçdılar. Məhləmizdəki həyətlər
bomboş və viranə qaldı.
Rayon işğal olunandan bir il sonra yataqxanada məskunlaşan qonşumuz
Hacıbala dayıgilə qonaq getdik. Elşadı
son dəfə dolabın üstünə qoyulmuş, üzərinə
"Məzun" yazılmış albomun
üçüncü sırasından boylanan gördüm.
Xəfifdən gülümsünürdü.
Elşad bir də heç zaman gülümsəyə
bilmədi. Bu mənim onunla son
görüşüm oldu.
Fevral-2018
Samirə
Əşrəf
Ədəbiyyat qəzeti.- 2018.-24 fevral.- S.22-23.