Alparslan Kotan:
“Türkiyə-Azərbaycan əlaqələri arasında
Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti ayrıca bir
tarixdir ki, sona qədər araşdırılmalı, öyrənilməli
və əbədiləşdirilməlidir.”
-Sayın Alparslan
Kotan, əvvəlcə həyat hekayənizlə başlayaq.
-Olar, əlbəttə... 1976-cı
ildə Ərzurumda doğulmuşam. Atam dövlət
məmuru olduğuna görə ailəm əvvəlcə
Eskişehirə, daha sonra 1979-cu ildə Eskişehirdən
İstanbula köçüblər. 1979-cu
ildən etibarən İstanbulda yaşayıram. Orta məktəbi Haydarpaşa liseyində
oxumuşam. Ali təhsilimi Balıkesir
Universiteti mühəndislik və memarlıq fakültəsində
tamamlayaraq inşaat mühəndisi kimi məzun olmuşam.
Daha sonra Marmara Universitetində İdarəetmə
fakültəsində magistr təhsili almışam. Hal-hazırda özəl sektorda fəaliyyət
göstərən mənə və xanımıma aid olan
şirkətimiz daxilində öz sahəm üzrə
çalışıram.
-Siz mühəndissiniz.
Amma sizi eyni zamanda tarixi mövzularda
apardığınız araşdırmalarla da
tanıyırıq. Həm mühəndislik, həm də
yazarlıq bir arada çətin deyil ki, sizin
üçün?
-Bəli, bu sualı mənə
çoxları verir. Mühəndislik tərəfimi bilənlər
digər tərəfimi öyrənəndə çox heyrətlənirlər…
Məni araşdırmaçı, arxivçi,
kolleksioner, tarixçi və ya yazar kimi tanıyanlar da mühəndis
olduğumu öyrənəndə heyrətlənirlər.
Əslində mən burda qeyri-adi heç nə
görmürəm. Türk millətinin
böyük oğullarından Ordinator prof.dr. Süheyl Ünverin hamımızın həyat
düsturu kimi qəbul etməli olduğumuz çox gözəl
bir vəsiyyəti var. Ünver deyir ki; "Hamının bir
peşəsi, bir də məşğuliyyəti
olmalıdır. O məşğuliyyətimizdir." Bizim də Türk tarixinə, Türk mədəniyyətinə
olan məhəbbətimiz də mərhum Süheyl Ünver
ustadımızın bu vəsiyyətində müəyyən
etdiyi əsasa söykənməkdədir. Peşə və
məşğuliyyət…
-Bəs bu məhəbbətin
mənbəyi nədir, sizcə?
-Şübhəsiz ki, bu məhəbbətin
yeganə mənbəyi eşqdir. Türk millətinə duyduğumuz
eşq…
-Necə oldu ki,
araşdırmalarınıza Azərbaycan da daxil oldu?
-Uşaqlığımdan kitablar həyatımın
çox önəmli bir parçası olub. Mənim Azərbaycanla
tanış olmağım da əvvəlcə
kitablar sayəsində olub. Azərbaycanla
bağlı ilk önəmli məlumatları İstanbul
Universiteti ədəbiyyat fakültəsi müəllimi dr.
Əhməd Cəfəroğlunun 1932-ci ildə nəşr
etdirdiyi "Azərbaycan Yurd Bilgisi" adlı dərgidən
öyrəndim. Fuad Köprülü, Zeki Velidi Togan,
Abdülkadir İnan, Mahmut Ragıp Kösemihal kimi
dövrün önəmli alimləri bu dərginin yazarları
içində idilər. Yeniyetməlik illərində isə
Bəxtiyar Vahabzadənin şeirləri ilə tanış
oldum. Universitet illərimdə Vahabzadənin şeirlərindən
hissələri məktəbimizin yazı taxtasına
yazdığımı xatırlayıram:
Məcnunluq gözəldir!
Bu nədir?! - deyə
Hər cahil anlamaz bu ülviyyəti
Yazıq o kəsə ki, yoxdur bir
şeyə
Nə sonsuz nifrəti, nə məhəbbəti!
Daha sonradan isə Şəhriyar, Mirzə
Ələkbər Sabir, Əhməd Cavad, Səməd
Vurğun, Almaz İldırım, Hüseyn Cavid, Mikayıl
Müşfiq, Xəlil Rza, Məmməd Aslan kimi böyük şairlərin şeirləri
ilə ürəyimizdəki Azərbaycan sevgisini
böyütdük deyə bilərəm.
-Saydığınız
adlar içində sizə ən çox təsir edən
şair hansıdır?
-Bu adların hamısı Türk
millətinin çox önəmli dəyərləridir. Hamısının şeirləri biri-birindən dəyərlidir.
Ancaq mənə ən çox təsir edən şairlər
hansılardır deyə soruşsanız, yazdıqları və
mübarizələri ilə Mikayıl Müşfiq və
Əhməd Cavad deyərəm… Təbii,
böyük Şəhriyarın "Heydərbabaya
salam"ı ilə ürəklərimizdə
qopardığı fırtına düşünürəm
ki, ömür boyu heç dinməyəcəkdir.
-Türkiyə və
Azərbaycan arasında özəlliklə Nərimanov və
Atatürk dövründəki əlaqələri necə dəyərləndirirsiniz?
-Türkiyənin Mustafa Kamal
Atatürk rəhbərliyində həyata keçirdiyi
İstiqlal savaşı əsnasında Nərimanovun
Atatürklə olan əlaqələri şübhəsiz ki,
ortaq duyğuların nəticəsidir. Bu
dövrdə Nəriman Nərimanovun verdiyi bəyanatlar olduqca
önəmlidir. "Əgər
bütün dünya ilə savaşmaq lazım gələrsə
belə Azərbaycan, Türkiyə ilə müttəfiq
olacaqdır!" - demişdir Nəriman
Nərimanov. Bu söz çox önəmli bir
meydan oxumaqdır. Və bu söz Türkiyə
və Azərbaycan gəncləri üçün vəsiyyət
formasında bir sözdür. Yenə Nəriman
Nərimanovun rəhbərliyində Azərbaycan
xalqının Türkiyəyə göndərdiyi yardımlar
heç bir zaman unudulmayacaqdır. Türkiyənin
ən qarışıq, atəşdən köynək
geyindiyi həmin günlərdə Bakıda bir cümə
günü, axşam hər yer qaranlığa qərq olanda
Türk konsulluğunun qapısı döyülür.
Konsul Əli Kamal bəy qapını açır, qarşısında
dünyadan küsmüş yaşlı bir adam
görür. "Nə lazımdır?" deyə
sorur. Yaşlı adam "Siz
kimsiniz?" deyə ondan soruşur.
Əli Kamal bəy Türk konsulu
olduğunu söylər.
Yaşlı adam "Uzat əlini mənə".
Əli Kamal bəy əlini qeyri-ixtiyari uzadır. Yaşlı adam onun ovcuna bir miqdar pul qoyur. "Mən
- deyir - külfət sahibiyəm, işləyə bilmədiyim
üçün dilənirəm. Eşitdim
ki, can Türkiyəmə pul lazımmış. Mən də bu cümə qazandığımı
gətirdim. Bu bəla sovuşana qədər
hər cümə qazandığımı gətirəcəm.
Gücüm buna çatır."
Məhz Azərbaycanımın
bu ruhunu unutmamalıyıq.
- Bu məsələdə,
özəlliklə Hacı Zeynalabdin Tağıyevin çox həssas
olduğunu bilik… Ayrıca sizin də
Tağıyev mövzusunda həssaslığınızın
şahidiyəm.
-Doğru. Tağıyev sadəcə
bu yardım məsələsində deyil, bir çox məsələdə
Azərbaycan və Türkiyə burjuaziyasına
örnək olacaq çox
böyük şəxsiyyətdir. Yəni Tağıyev
dünya bərqərar olandan bu yana ən
böyük 50 türkdən biridir.
-Ərzurum
bölgəsi Azərbaycanda ayrıcalıq təşkil
edir. Və siz ərzurumlusunuz, həm də Azərbaycan tarixi
ilə bağlı araşdırmalar edirsiniz.
-Ərzurum Türkiyə-Azərbaycan
tarixi münasibətlərindəki
ən önəmli mərkəzlərdən biridir. I Dünya
savaşında Azərbaycan Ərzurum və çevrə şəhərlərə
böyük kömək edib. "Qardaş
Köməyi" adlı yardım dəstəsi ilə Cəmiyyəti
Xeyriyyənin üzvləri gəlib və əhalini
aclığın pəncəsindən alıblar. Bu ismlərdən
öncəliklə Ərzuruma gələn Gəncəli Seyidovu zikr etməliyəm. Daha sonra Ərzincan sorumlusu
Əbdülməbud bəy… O da daha sonra Ərzuruma gəlir.
Ərzuruma ilk gələnlərdən İlyasov, Salman xan, Rza
Əhməd xan… o dönəmdə yayımlanan "Qardaş Köməyi"
jurnalında çap olunan bir yazısından bilirik ki, Əhməd
Cavad Qarsa qədər gəlir. Amma Ərzuruma
varması haqqında bir bilgi yoxdur.
-Ərzurumda Seyidov xüsusi bir məhəbbətlə
sevilir. Onunla
bağlı hansı məlumatlar əldə edə bilmisiniz?
- Gəncəli Seyidov haqqında
apardığımız araşdırmalarda heç bir dəqiq
məlumat əldə edə bilmədik nə yazıq ki… Kimdir? Haralıdır? Gəncəli adıdır, yoxsa doğulduğu
yerdir? Neçə yaşındadır? Toplaya
bildiklərimiz Ərzurumda yaşanan erməni qətliamlarını
əks etdirən xatirələrdə qısa, lakin çox önəmli bilgilərdən ibarətdir… Bu qətliamda bütün Xeyriyyə Cəmiyyətinin
digər üzvləri kimi qətl edilən Seyidovun fəaliyyəti,
öldürüldüyü ərazi haqqında məlumatlar
var, amma nə yazıq ki, məzar yeri unudulub.
Qısaca deyim ki, hər
cür yardım edir Xeyriyyə Cəmiyyəti. Ərzaq,
geyim. Xəstəxana açmağa
çalışırlar və təbii ki, ruslar və ermənilərin
etirazına görə mümkün olmur. Yetim
uşaqlara sahib çıxırlar. Yüzlərlə
uşaq və qadın Bakı və Tiflisdəki
sığınma evlərinə götürülür.
Amma bu dəstə üzvlərinin
də aqibəti Seyidovun aqibəti kimi olur.
-Ərzurum qətliamı zamanı daha nələr
yaşandı?
- Andranik Ərzuruma gəlir və o zaman
Osmanlı ordu komandiri Vehip Paşaya təhdidedici,
aşağılayıcı və meydan oxuyan bir məktub
göndərir. Vehip Paşanın deyil, onun göndərdiyi
minbaşının qarşısına belə
çıxmağa cəsarət etmədən də Ərzurumdan qaçır. Ərzurumda 10 gün qalan Andranik… o 10 gün
içində 13.273 türkü qətl etdirir. Və Zeynalabdin Tağıyevin maliyyə dəstəyi
ilə fəaliyyət göstərən Xeyriyyə Cəmiyyətinin
Ərzurumdakı bütün üzvləri
öldürülür. Bu, Türkiyə-Azərbaycan
əlaqələri arasında ayrıca bir tarixdir ki, sona qədər
araşdırılmalı, öyrənilməli və əbədiləşdirilməlidir.
10 gün sürən qətliamın
şiddətini təsəvvür etmək üçün təkcə
onu deyim ki, Türk ordusu Ərzuruma daxil olduqdan sonra günlərlə
küçələrdən meyitləri toplayıb dəfn
etməklə məşğul olmuşlar.
- Kolleksiyalarınız
içərisində Azərbaycanla bağlı və
mübahisə mövzusuna çevrilən nadir bir şal var.
- Öncə deyim ki, Türk mədəniyyətinə
aid hər kiçik əşya mənim maraq dairəmə
daxildir. Babalarım uzun illər ən məşhur
kolleksionerlər olub. Mən bugün özəlliklə
Ərzurum tarixi üzərində çalışıram.
Yəni uzun zamandır Ərzurumla bağlı
ağlınıza gələ biləcək ən kiçik
tarixi yadigarları
toplayıram. Kitab, şəkil, sənəd, dərgi,
qəbzlər, pul, kartpostal və s… Nə olursa…
-Azərbaycanla
bağlı nələr var kolleksiyanızda?
-Azərbaycanla bağlı anamın
atasından yadigar qalan və üzərində Rəvan
xanlığının aslanlı gerbi işlənmiş 200
yaşı olan bir
şal var… Özəlliklə Rəvan
xanlığını təmsil etdiyi üçün mənəvi və tarixi dəyərləri
ölçüyəgəlməzdir. Və
ötən əsrə aid çox sayda köhnə pullar,
kitablar var.
-Alparslan bəy, çox təşəkkür
edirəm.
-Bütün Azərbaycan xalqına
sevgilərimi çatdırın lütfən...
Söhbətləşdi: Kəbutər Haqverdi
Ədəbiyyat qəzeti.- 2018.- 24 fevral.- S.23.