Klassik irsimizə
yeni töhfə
Yaşı minilliklərlə ölçülən
şeirimiz XX əsrin
başlanğıcında uzun
yollar yorğunu kimi dərindən bir köks ötürdü. Axı klassiklərimizin
göz dolusu görüb könül xoşluğu ilə təsvir etdiyi yurd əvvəlki yurd deyildi. O yurd ot-ələfi, gül-çiçəyi, adam-insanı
və gün-güzəranı
ilə birlikdə çoxdan dəyişmişdi.
Axı
XIX əsrin sonlarından
başlayaraq Bakıdan
gül iyindən çox neft qoxusu gəlirdi və dünyanın bütün mal-mülk hərisləri milçək
şirəyə gələn
kimi Bakıya - Xəzərin sahillərinə
daraşmışdı. Belədə
qələmini təntənəli
və təmtəraqlı
şeir şəkillərində
sınamağa öyrəşmiş
şair də bu dəyişikliyə biganə qala bilməzdi.
Adını ali məktəb dərsliklərindən
eşitdiyimiz Ağadadaş
Münirinin yenicə işıq üzü görmüş "Baharın
ağlayışı" kitabını vərəqlədikcə
üzüyoxuşa çıxan
köhnə bir kişinin zəmanəyə
necə ayaq uydurduğunu, dövranın
min bir fitnə-feili qarşısında nə
cür duruş gətirdiyini, dostla düşmənin bir-birinə
qarışdığı mühitin keşməkeşləri
və qarmaqarışıqları
içərisində nə
kimi səbat göstərdiyini açıq-aşkar
görürsən.
Kitab AMEA-nın
Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunda çapa hazırlanmışdır. Bu qocaman
elmi-tədqiqat ocağının
elmi şurasının
12 saylı (29 dekabr
2014-cü il) qərarı ilə işıq üzü görən kitabı artıq imzası oxuculara yaxşı bəlli olan Sona Xəyal araya-ərsəyə gətirmişdir.
Kitabdakı şeirlərin çoxu
Əlabbas Müznibin arxivində yer aldığından tədqiqatçı
onun da adını
tərtibçilərdən biri kimi göstərməyi
lazım bilmişdir.
Müniri irsinin özündən öncəki
araşdırıcılarının zəhmətini də unutmayan Sona xanım bu dəfə
də ənənəsinə
sadiq qalaraq müəllifin ömür
yoluna yığcam nəzər salmış,
həyat və fəaliyyətinin başlıca
mərhələlərini göstərmiş,
qoyub getdiyi irsin bədii keyfiyyətlərindən, ədəbi
dəyərindən, ictimai-fəlsəfi
çəkisindən konkret
örnəklər əsasında
söz açmışdır.
Tərtibçinin də vurğuladığı
kimi, A.Müniri yaradıcılığında orta yüzilliklər müsəlman mədəniyyətindən
gələn ənənəvi
deyim tərzi, üslub möhkəmliyi və fəlsəfi-idraki siqlət diqqəti çəkir. Bu baxımdan
Müniri yaradıcılığının
Füzuli irsi ilə qırılmaz bağlılığı ayrıca
önəm qazanır.
Ancaq nədənsə tərtibçi
bu cəhətin üzərindən sükutla
keçmişdir. Halbuki, indiyəqədərki
araşdırmalar bu yöndə axtarış
aparmaq üçün
tədqiqatçının qarşısında geniş
üfüqlər açmaqdadır.
Məsələn, F.Seyidovun
"Füzuli qəzəllərinə
yazılan təxmis və nəzirələr"
məqaləsində Münirinin
Füzulinin
Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox,
həmdərd yox, düşmən qəvi,
tale zəbun.
- misralı
qəzəlini təxmis
etdiyi bildirilir və şeirdən bir bənd verilir:
Dil pərişan, bəxt rugərdan, fərəh əyyamı
dun,
Aşina biganəməslək,
məslək əhli pürfünun,
Rəy bitədbir,
əql aciz, sirişki-didə xun,
Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.
(M.Füzuli, Elmi-tədqiqi məqalələr,
Bakı-1958, səh.344)
Yeri gəlmişkən, deyilməmiş
qalmasın ki, bu təxmis mərhum f.e.d. Cənnət Nağıyevanın
da diqqətindən yayınmışdır (Füzuliyə
təxmislər, Bakı-1993, 192 s).
Tərtibçi çox
doğru olaraq qeyd edir ki,
Müniri lirikasında
irfani qat hiss edilə biləcək qədər genişdir:
Təbiət ruhlənməz
növi-insan olmayan yerdə,
Gülüstan ətrlənməz ətri-reyhan
olmayan yerdə.
Məarif rüşd
tapmaz olmasa təşviqi-ürfani,
Məkatib qədrlənməz elmü
ürfan olmayan yerdə.
Məhəbbət töxmin
əkməz mehrü ülfət
bilməyən dehqan,
Əmanətpərvər olmaz nəfs,
vicdan olmayan yerdə.
Əmanət tərk
olunmaz açmasa üz şahidi-məqsəd,
Mürüvvət cilvələnməz
ədlü mizan
olmayan yerdə.
Məarif şəklə
düşməz etməsə
gər ciddü cəhd arif,
Nəmüvv asarı
olmaz mehri-taban
olmayan yerdə.
Dili-fulad üçün
həddadi-xoşkirdar lazımdır
Ki, ahən seyqəl almaz fikri-suhən
olmayan yerdə.
Müniri, murlər
seyr eyləyür əflaki, qafilsən,
Süleymani büsat içrə, Süleyman olmayan yerdə.
Əlbəttə, XX yüzilliyin başlanğıcında
yazıb-yaratmış bir
şairdən Orta əsrlərin tutqun və dumanlı təsəvvüf ab-havasını
ummaq nə ədəbi qanunauyğunluqlar
baxımından, nə
də ictimai-mədəni
mühitin diktə etdiyi sosial-mənəvi şərtlər yönündə
qətiyyən özünü
doğrultmazdı. Lakin belə
bir cəhəti də görməmək olmaz ki, Müniri
lirikasında irfani motivlər Abbas Səhhət və Cəfər Cabbarlı reallığı ilə Hüseyn Cavid və Abdulla Şaiq romantikliyinin üzvi uyarlığından doğan
orijinal bir ədəbi məziyyətdir. Göründüyü
kimi, bu örnəkdə "ədalət",
"məhəbbət", "nəfs", "vicdan",
"ariflik", "Süleymanı
büsat", "əflak"
kimi mücərrəd
məfhumlar "təbiət",
"məktəb-maarif", "əkinçilik", "günəş",
"qarışqa", "Süleyman" kimi real, gerçək həyat həqiqətləri üzərinə
köçürülərək ən müxtəlif yönlərdən mənalandırılmaqla
aydın bir lirizmlə müşayiət
olunmuşdur.
Kitabı çağdaş
günlərimizlə bağlayan
ağrılı cəhətlərdən
biri də orada 1918-ci il
mart qırğınına həsr olunmuş şeirin əksini tapmasıdır:
Milləti-islamə atəş
açdı qarətgər
miləl,
Etdilər bildiklərin müslimlərə
çatdıqca əl.
Qıldılar bəs feli-naşayəstəyə onlar
əməl,
Etməyə tiyhu şikarın şahbaz oldu əcəl
Etdilər amaci-tir ətfalı bihəd, bişümar.
Xırdaca məsum
uşaqlar tömeyi-şəmşir
olub,
Düxtərü duşizələr həm
müstəhəqqi-şir olub.
Möhtərəm, nazlı
hərəmlər layiqi-təhqir
olub,
Zülmi-əda, bir deyil Baküdə, aləmgir olub,
Bəski etmiş kəc rəviş aləmdə çərxi-kəcmədar.
***
Oldu Qafqasya sərasər dəhr ara dəryayi-qan,
Oldu ol dəryayi-qanə qərq minlərcə cəvan.
Külli-müslim qarə
geydi, kuhü səhra ərğəvan,
El Müniri, bombəvü topü tüfəng, ayroplalan,
Odlu bir tarixdir, yaz
ani qalsın yadigar.
Müxəmməs biçimində
yazılmış həmin
şeirdə şair vəhid Qafqaz evini qana çalxalayan
mənfur erməni faşizminin eybəcərliklərinə
toxunur, bunun alt qatında duran və ədavət toxumu səpən araqarışdırıcı düşmən
qüvvələrinə işarə
vurur, ən nəhayət, saysız-hesabsız
itkilərin doğurduğu
acı təəssüf
hisslərini və boğucu peşmançılıq
duyğularını ustalıqla
qələmə alır və beləliklə də
"Beynəlmiləl", "Qanlı sənələr"
və "1905-ci ildə"
müəlliflərinin - M.Ə.Sabir,
M.S.Ordubadi və C.Cabbarlının səviyyəsinə
yüksəlir. O, bütün
bunların ekspressiv və emosional bədii ifadəsi üçün müxəmməs
şeir şəklinə
zahirən uyuşmayan
"tüfəng", "top", "bomba", "ayropalan"
kimi söz və deyimləri belə, ustalıqla ipə-sapa yatırtmış,
şeir-sənət sapına
düzmüşdür.
A.Müniri irsinin qədimliyini, əski ədəbi ənənələrlə
birbaşa əlaqəsini
sübuta yetirən cəhətlərdən biri
də kitabda yer alan
poetik tərcümeyi-haldır.
Bu, ilk baxışda maddeyi-tarix və vücudnamə kimi qədim şeir növlərini xatırladır.
Ötəri deyildir ki, tərtibçi müəllifin həyatı
ilə bağlı bilgilərinin çoxunu məhz həmin poetik tərcümeyi-haldan
götürmüşdür:
Əslimiz olmuş
əhli-Hövsandan,
Gəmi zəhmətkeşi olubdur
atam.
***
Qərqi-həhri-Xəzər olub atamız,
İxtisarən, məni oxutdu anam.
***
Anam oldu məhəlləyə dərzi,
Özüm oldum çocuqlara rəssam.
Kitabda diqqəti çəkən
cəhətlərdən biri
də şairin müasirlərinə (məsələn,
Əbdülhəmid Minaya,
Seyid Zərgərə
və başqalarına)
göndərdiyi mənzum
məktublardır. Tərtibçi çox doğru hərəkət edərək
onları da topluya salmışdır ki, bu da
nəinki A.Müniri irsini, hətta bütövlükdə XX yüzillik
ədəbi mühitini
köklü biçimdə
öyrənməkdən ötrü
münbit mənbədir.
Kitabın dəyərini yüksəldən
cəhətlərdən biri
də tərtibçinin
Müniri lirikasının
hələlik yeganə
sırf dini-mənbəvi
nümunəsi olan
"Ənar" (nar)
qəsidəsini də
topluya daxil etməsidir. Bu isə
şairin söz-sənət
çələnginin əlvanlığını
bir daha əyani surətdə nümayiş etdirir.
Ən nəhayət, bir cəhətə də toxunaq. Tərtibçi ön sözdə
Münirinin farsca şeirlərinin olduğunu,
ancaq onların müəyyən səbəbə
görə kitaba salınmadığını qeyd
edir. Əlbəttə, biz bunun obyektiv
faktorlardan irəli gəldiyini başa düşürük. Amma tərtibçidən
Münirinin farsdilli irsinə dair daha dəqiq və daha geniş
məlumat ummaq da, elə bilirik
ki, ədəbi ictimaiyyətin təbii haqqıdır. Əgər biz həmin əsərləri
əldə edə bilsək, böyük məmuniyyətlə onların
tərcümə və
nəşr işini elə Sona xanımın
öz iştirakı ilə həyata keçirə bilərik.
Sona xanımın, eləcə
də Əlyazmalar İnstitutunun göstərdiyi
bu təşəbbüs
bütövlükdə təqdirəlayiqdir. Odur ki, biz belə dəyərli ədəbi
fəaliyyəti ürəkdən
alqışlayır, tərtibçiyə
də, onun böyük elmi işçisi olduğu qocaman tədqiqat ocağına da yeni-yeni yaradıcılıq
uğurları diləyirik!
Vərağa Almasov
filologiya üzrə fəlsəfə
doktoru
Elnur Kazımov
AMEA Nəsimi adına
Dilçilik İnstitutunun
dissertantı
Ədəbiyyat qəzeti.- 2018.- 24 fevral.- S.25.