Unudulmayanlar
V yazı
Milli peşəkar teatrımızın inkişafında qüdrətli sənətkarlarla yanaşı, adları geniş oxucu kütləsinə az məlum olan fədailərin də xidmətləri çoxdur. Professor İlham Rəhimlinin bu sənətkarların yaradıcılığından qısaca bəhs edən silsiləsindən beşinci yazını təqdim edirik.
Göyərçin Qazıyeva-Əliyeva
(1887-1960)
Milli səhnəmizin ilk
aktrisalarından biridir. Əsl adı Gövhərdir. Göyərçin onun səhnə təxəllüsüdür.
Müxtəlif şəhərlərdə oynanılan
tamaşa proqramlarında adı belə verilib: "Göyərçin",
"Göyərçin xanım", "Göyərçin
Qazızadə", "Göyərçin Gövhər",
"Gövhər Göyərçin", "Göyərçin
Əliyeva".
Gövhər (Göyərçin)
Əhməd qızı Qazızadə 1887-ci ildə Tiflisdə
ziyalı ailəsində anadan olub. İti yaddaşı, həssas
qavrama qabiliyyəti olan Gövhər beş
yaşına çatanda atası ona təcrübəli rus dayəsi
tutmuşdur. Məktəb yaşı
çatanda o, Tiflisdəki rus-türk (rus-tatar) məktəbində
təhsil alıb. Azərbaycan, rus və
gürcü dillərini mükəmməl bilib. Fars və fransız dillərində də
danışıb. Ailəsi Tiflisin
kübar təbəqəsində hörmətli və şərəfli
olub. Göyərçin xanım on altı
yaşında ali təhsilli yol mühəndisi
M.İsmayılzadəyə ərə gedib. Ərinin
xidməti işi ilə əlaqədar olaraq 1904 - 1907-ci illərdə
Rusiyanın Moskva, Məkərə (Nijni Novqorod), Voronej, Uralsk
şəhərlərində yaşayıb. 1906-cı ildə Voronejdə İsmayıl adında
bir oğlu anadan olub. Bu yerlərdə
yaşayan müsəlmanların və əsasən, azərbaycanlılarla
tatarların oynadıqları həvəskar teatr
tamaşalarına maraq göstərib.
1907-ci ildə Tiflisə
qayıdıb.
Tezliklə Tiflisdə fəaliyyət göstərən
Azərbaycan teatr truppasının üzvləri ilə
yaxınlıq edib. İlk dəfə səhnəyə
"Səadət" truppasının
hazırladıığı Nəcəf bəy Vəzirovun
"Müsibəti-Fəxrəddin" faciəsinin
tamaşasında Səadət xanım rolunda
çıxıb. Tamaşa 1910-cu il
oktyabr ayının 9-da Gürcü Zadəgan Teatrında
göstərilib. Gürcü dilində
çıxan "Saxalko" qəzeti bunu Azərbaycan
türklərinin mədəni həyatında və ilk
növbədə, səhnə sənətində
böyük hadisə adlandırıb. Oktyabr
ayının 30-da isə yenə "Səadət"
truppasının hazırladığı osmanlı
ədibi Şəmsəddin Saminin "Dəmirçi Gavə"
qəhrəmanlıq dramında əsas obrazlardan biri olan
Xubçöhr rolunda səhnəyə çıxıb. Bu tamaşa da Gürcü Zadəgan Teatrında
göstərilib.
Bundan sonra Göyərçin
xanım həm Tiflis, həm də bu şəhərə
qastrola gələn Bakı artistlərinin tamaşalarında
müxtəlif xarakterli rollar oynayıb. Dahi bəstəkar
Üzeyir bəy Hacıbəylinin rəhbərlik etdiyi opera və
operetta truppası 1911-ci ildə Tiflisə qastrola gələndə
Göyərçin xanım repertuardakı tamaşalarda əsas
rolları ifa edib. Görkəmli səhnə
ustası Mirzağa Əliyevlə ailə həyatı qurub.
Lakin bu izdivac uzun çəkməyib. 1910-cu illərin ikinci yarısında Göyərçin
xanım Polşanın paytaxtı Varşava şəhərinə
gəlmiş və burada "Müqəddəs Sofiya"
mamalıq məktəbində tibb təhsili
almışdır. 1919-cu ildə Bakıya
gələrək Ostrovski və Maksim Qorki küçələrinin
tinində ilk qadın məsləhətxanası
açmışdır. Bir xeyli burada həkimlik
etmişdir. Bir müddət sonra
üçüncü dəfə ərə getmişdir.
Ərinin xidməti işi ilə əlaqədar
olaraq yaşamaq üçün İrana
köçmüşdür.
Göyərçin xanım (Gövhər)
Əhməd qızının Tiflisin və Bakının
müxtəlif teatr truppalarında hazırlanmış
tamaşalarda oynadığı əsas rollar: Şərəfnisə
xanım, Sona ("Müsyö Jordan və dərviş Məstəli
şah" və "Hacı Qara", Mirzə Fətəli
Axundzadə), Səadət xanım və Gülbahar, Cəvahir
xanım ("Müsibəti-Fəxrəddin" və
"Yağışdan çıxdıq, yağmura
düşdük", Nəcəf
bəy Vəzirov), Mehri xanım, Hafizə ("Bəxtsiz
cavan" və "Pəri cadu", Əbdürrəhim bəy
Haqverdiyev), Gülcahan, Gülpəri ("Nadir şah" və
"Nadanlıq", Nəriman Nərimanov), Lətifə
xanım ("Köhnə Türkiyə", Rza Zaki Lətifbəyov).
Üzeyir bəy Hacıbəylinin opera və operettalarında
Leyli ("Leyli və Məcnun"), Minnət xanım
("Ər və arvad"), Gülnaz ("Məşədi
İbad"), Zülfüqar bəy Hacıbəylinin
musiqili komediyalarında Bəyim xanım, Kələk xanım
və Sona xanım ("Əlli yaşında cavan"), Pərizad
("Evliykən subay"), Çiçək xanım
("On bir yaşlı arvad") rollarını bir neçə
quruluşda oynayıb.
Tərcümə pyeslərinin səhnə
təcəssümündə oyünadığı rollar:
Xubçöhr ("Dəmirçi Gavə", Şəmsəddin
Sami), Bəhrəvərbanu ("Qara bəla", Namiq Kamal),
Züleyxa ("Əl Mənsur", Henrix Heyne), Kübar
qadın ("Napoleonun ölümü", Nadejda Loxmanova).
Göyərçin xanım
1960-cı ildə İranda vəfat edib.
Məhəmmədhəsən
Atamalıbəyov
(1890-12.3.1943)
Nəzakətli
davranışı, həssaslığı, mülayim rəftarı,
təvazökarlığı, ürək genişliyi, alicənablığı,
ağayana ziyalılığı ilə teatr aləmində
hörmət və izzət sahibi olub, ehtiramı həmişə
uca tutulub. Savadsız və ya azsavadlı həmkarlarına təmənnasız
təşkil etdiyi dərnəkdə xüsusi məşğələlər
keçirdi. Məhəmmədhəsən
Qəzənfər oğlu Atamalıbəyov 1890-cı ildə
Şamaxıda doğulub. Orada rus-türk (rus-tatar) məktəbində
mükəmməl təhsil almış, hər iki dili,
üstəlik farsı və ərəbi də
dərindən öyrənib sərbəst
danışığa yiyələnmişdi.
1908 - 1913-cü illərdə Xarkov
Universitetinin tarix-filologiya fakültəsində təhsil alan Məhəmmədhəsən Atamalıbəyov
ali ixtisas diplomu ilə doğma Şamaxıya
qayıtmışdır. Şəhərin yeni
mütərəqqi üsullu məktəblərindən birində
rus dilindən və tarixdən dərs deməyə
başlamışdır. Heç bir il
keçməmiş o, məktəbdə dram dərnəyi
yaratmışdır. Müəllim həmkarları
ilə burada tamaşalar hazırlayır, toplanan vəsaiti
kasıb şagirdlərin dərs ləvazimatına və
geyimlərinə məsrəf edirdi. Həmin
illərdə Şamaxıda 1906-cı ildə Bakıda
yaradılmış "Nicat" mədəni-maarif cəmiyyətinin
filialı səmərəli fəaliyyət göstərirdi.
Məhəmmədhəsən müəllim cəmiyyətin
qiraətxanasının işinin yenidən qurulmasında, məktəb
təhsil sisteminin təkmilləşdirilməsində və həvəskar
dram truppasının təşkilində əsl fədakarlıq
göstərirdi.
Məhəmmədhəsən
Atamalıbəyov 1919-cu ildə Bakıya
köçmüşdür. Paytaxtın qabaqcıl
məktəblərində tarixdən və əsasən rus
dilindən dərs deməyə başlayan ziyalı canlı
teatr prosesi və onun qabaqcıl sənətkarları ilə
sıx əlaqə yaratmışdır. Azərbaycanda
ilk dövlət teatr truppası yaradılanda (bugünkü
Akademik Milli Dram Teatrı) onun aktyorlarının
sırasında ixtisasca ali savadlı müəllim
olan Atamalıbəyov da vardı. O, təxminən iyirmi
dörd il peşəkar teatrda aktyorluq
etmiş və eyni zamanda müəllimlik peşəsindən
ayrılmamışdır.
1919-1943-cü illərdə Milli Dram
Teatrında ifa etdiyi əsas rollar: Əbdürrəhim bəy
Haqverdiyevin əsərlərində Rəhim lələ və
Dərviş ("Pəri Cadu"), Dərviş və
Ovçu ("Dağılan tifaq"), Hacı İbrahim və
Tavad Maçabeli ("Ağa Məhəmməd şah
Qacar"), Mirzə və Musa ("Bəxtsiz cavan"),
Hüseyn Cavidin faciələrində İxtiyar və General
("İblis"), Şeyx Hadi və Platon ("Şeyx Sənan"),
İkinci işçi ("Knyaz"), Divanbəyi ("Topal
Teymur"), Ulus bəy ("Uçurum"), Xandəmir
("Afət"), Cəfər Cabbarlının dramlarında
Yıldırım və Yanardağ ("Od gəlini"),
Aftil ("Almaz"), Babakişi ("Sevil"), Qoca
Baxşı ("1905-ci ildə"), Birinci nazir
("Ədirnə fəthi"), Səlim bəy ("Oqtay
Eloğlu"), Uilyam Şekspirin faciələrində Nökər
("Maqbet"), Abram ("Romeo və Cülyetta"), Baptist
("Şıltaq qızın yumşalması"), Bəhram-Horatsio
("Hamlet"), Qoca ("Kral Lir"), Mkrtıç və
Karapet, Ağa Zaman ("Hacı Qara" və
"Müsyö Jordan və dərviş Məstəli
şah", Mirzə Fətəli Axundzadə), Aslan bəy
("Pəhləvanani-zəmanə", Nəcəf bəy Vəzirov),
həmçinin Hacı Həsən ağa və Müəllim
("Ölülər", Cəlil Məmmədquluzadə),
Mirzə Mehdi xan ("Nadir şah Əfşar", Nəriman
Nərimanov), Piri baba ("Eşq və intiqam", Süleyman
Sani Axundov), Qasım ("Vaqif", Səməd Vurğun),
Manuel ("Madrid", Mirzə İbrahimov), Baş möbid
("Dəmirçi Gavə", Şəmsəddin Sami),
Amus Fyodoroviç, Luka Lukiç və Abdulin ("Müfəttiş",
Nikolay Qoqol), Lay Mirkad ("Tariq ibn Ziyad", Əbdülhəqq
Hamid), Meti və Fəlsəfə müəllimi, Fransisk
("Bağa qınını bəyənməz" və
"Don Juan", Jan Batist Molyer), Mister Selbi ("Tom
dayının koması", Biçer Stou), Kostilyev
("Yurdsuz insanlar", Maksim Qorki), Kamerdiner, İost Veyler
("Məkr və məhəbbət" və "Vilhelm
Tell", Fridrix Şiller), Anton ("Dubrovski", Aleksandr
Puşkin).
Məhəmmədhəsən
Atamalıbəyov 53 yaşında, 15 iyun 1943-cü ildə vəfat
etmişdir.
Xəlil
Hüseynov
(1890-təqribən
1943)
Azərbaycan peşəkar
teatr tarixində ilk bacarıqlı truppa müdiri kimi
tanınıb.
Bu peşəni işlədiyi bütün teatr
dəstələrində bacarıqla icra edib. Əbülfət Vəlidən sonra ən
bacarıqlı qastrol təşkilatçısı kimi
tanınıb, inzibatçı kimi milli səhnə sənətimizin
ilkin təşkilatçısı və təbliğatçılarından
sayılır. 1908-ci ildən 1920-ci ilə qədər
"Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin
teatr truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman
(Azərbaycan - İ.R.) opera artistləri" dəstəsində,
"Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli
qardaşlarının müdiriyyəti"ndə, Hökumət
Türk Teatrosunda fasiləsiz olaraq ikinci rejissorluq və
müavinlik vəzifəsini şərəf və ləyaqətlə,
bacarıq və istedadla icra edib.
Xəlil Hacı Mahmud
oğlu Hüseynov (Hüseynzadə) 1890-cı ildə
Bakıda doğulub. Məktəbə on yaşında gedib və
əski üsulla fəaliyyət göstərən məktəbdə
oxuyub. Daxilən enerjili olan, yorulmaq bilməyən
Xəlil Hüseynov "Nəşri-maarif"in nəzdində
Mirzağa Əliyevin yaratdığı "Həmiyyət"
truppasına üzv olmuşdur. Hüseyn Ərəblinskinin
bu şəhərlərə 1908-ci il səfərləri,
eləcə də sonrakı illərdə dəfələrlə
buralara, Aşqabada, Krasnovodska, Hacıtərxana, Dərbəndə,
Mahaçqalaya, Məkərəyə (Nijni Novqorod), Orenburqa səfərləri
çox uğurlu keçmişdir. Bütün
bu səfərlərdə Xəlil Hüseynov dəstənin
qastrollarına məsul müdir, hazırlanan tamaşalarda isə
ikinci rejissor və ya rejissor müavini olmuşdur.
Xəlil Hüseynovun yüksək
zövqü ilə yanaşı, həssas musiqi duyumu,
yapışıqlı və ovsunlu səsi vardı. Özü
tarda və yastı balabanda çala bilirdi. Tez-tez oynanılan əsərlərin mətninin
üzünü zərif xətlə köçürüb
öz kitabxanasında saxlayırdı. Bütün
bunlarla bərabər Xəlil Hüseynov, ilk növbədə,
aktyor idi. İfa etdiyi əsas rollar: Nəcəf bəy Vəzirovun
səhnə əsərlərində Fəxrəddin
("Müsibəti-Fəxrəddin"), Hacı Qənbər
("Hacı Qənbər"), Şahlar bəy
("Keçmişdə qaçaqlar"), Heydərqulu
ağa ("Adı var, özü yox"), Rəsul bəy
("Ev tərbiyəsinin bir şəkli"), Əbdürrəhim
bəy Haqverdiyevin dramlarında Qurban ("Pəri Cadu"), Nəcəf
bəy ("Dağılan tifaq"), Cəfərqulu xan
("Ağa Məhəmməd şah Qacar"), Fərhad
("Bəxtsiz cavan"), Cəfər Cabbarlının
dramlarında Ənvər bəy ("Trablis müharibəsi"),
Cəmil bəy ("Bakı müharibəsi"), Rüfət
("Ədirnə fəthi"), Mirzə Fətəli Axundzadənin
komediyalarında Əsgər bəy ("Hacı Qara"),
Teymur ağa ("Lənkəran xanının vəziri"),
həmçinin Şah Təhmas ("Nadir şah
Əfşar", Nəriman Nərimanov), İsgəndər
("Ölülər", Cəlil Məmmədquluzadə),
Arif ("İblis", Hüseyn Cavid), Can ("Azərbay və
Can", İsa bəy Aşurbəyli), Sadıq ("Bakı
uğrunda müharibə", Mirzəbala Məmmədzadə),
Edmund ("Kral Lir", Uilyam Şekspir), Pərviz ("Dəmirçi
Gavə", Şəmsəddin Sami), Əliəşrəf bəy
("Vətən", Namiq Kamal), Qodunov ("Qafqaz
çiçəkləri", Rudolf Botşald), Şleyme
("Yəhudilər", Yevgeni Çirkov), Don Enrikos ("
Əl Mənsur", Henrix Heyne), Cəbi ("Zorən təbib",
Jan Batist Molyer), Ərəb və Əbül Üla
("Əmir Əbül Üla", Hüseyn Bədrəddin
və Məhəmməd Rüfət), Qaçaq Kərəm
("Qaçaq Kərəm", Vano Mçedaşvili),
Xlestakov ("Müfəttiş", Nikolay Qoqol).
Xəlil Hüseynov Azərbaycanın
ilk qiraət ustalarındandır. Nizami Gəncəvidən, Məhəmməd
Füzulidən, Molla Pənah Vaqifdən, Nəbatidən
çoxlu poetik nümunələri əzbər bilən Xəlil
Hüseynov Bakıda vaxtaşırı keçirilən
"Şərq müsamirəsi"ndə, İdil (Volqa) boyu
müsəlmanların "Hürriyyət
axşamı"nda onlardan nümunələri bəlağətlə,
şövqlə söyləyirdi. "Divertisment"
adlanan yumorlu müzikl axşamlarında isə
tamaşaçılar qarşısına Mirzə Ələkbər
Sabirin, Səməd Mənsurun satirik parçaları ilə
çıxardı.
18 sentyabr 1941-ci ildən Gənc
Tamaşaçılar Teatrında inzibatçı işləyib. Eyni zamanda
Abdulla Şaiqin "Vətən" (Kəndli),
"Eloğlu" (Birinci bəy), Əliməmməd Atayevlə
Əhməd Əhmədovun "Seyran" (Şükür)
pyeslərinin və həmçinin digər əsərlərin
tamaşalarında epizod rollar oynayıb. Aktyor
və teatr təşkilatçısı Xəlil Hüseynov
təqribən 1943-cü ildə vəfat edib.
İlham
RƏHİMLİ
Ədəbiyyat qəzeti.- 2018.- 24 fevral.- S.27.