Yeddicildliyin həqiqətləri

 

Qabil. Əsərləri. VII cilddə. "Adiloğlu Çap evi". 2017

 

Mən bir qranitəm - adım həqiqət,

Qafil, külüngünü hara çalırsan?!

Yudu qan-tər səni, bu nə sir-sifət!

Özünü bihudə zora salırsan.

 

Dırnaqca qopara bilməyəcəksən

Məndən yalan tərif, məndən yalan söz,

Kimi istəyirsən get üzə sal sən,

Yeri get, köhnənin köhnəsiyik biz.

 

Xalq şairi Qabilin "Həqiqət" adlı şeirindən misralardı… 1975-ci ildə qələmə alınan bu sətirlərdə şairin bütün Qabilsevərlərə yaxşı tanış olan, bənzərsiz, qibtə ediləcək qədər prinsipial obrazı əkslənib. Heç bir artırıb-əskiltmə olmadan.

Tanrı onu belə yaratmışdı. Qabilin həyatdakı və sənətdəki obrazı məhz qranitdən yonulmuş heykəl kimiydi. Və öz bənzərsiz xarakteri ilə bir növ o, özü-özünü yaratmışdı. Qabil bir şair, şəxsiyyət və vətəndaş olaraq cəmiyyətə təqdim etdiyi bu obraz üzərində illərcə, özü də mükəmməl şəkildə işləmişdi. Və onun kamil, bitkin obrazı Mahir Qabiloğlunun tərtibçiliyi ilə işıq üzü görən yeddicildlik "Əsərləri"nə daxil edilən hər bir əsərinin ovqatından aydınca görünməkdədir.

Külliyyat şairin fundamental "Nəsimi" poema-epopeyası ilə başlayır.

Əlbəəl hiss edirsən ki, bir söz adamı olaraq şairi Nəsimi mövzusuna çəkən ruh və xarakter doğmalığı, mənəvi varislik duyğusudur. Bu duyğu poema boyunca hədsiz heyranlıq, heyrət və ehtiram çalarları ilə işlənib, etiraf məqamları ilə ifadə edilib. Əslində Qabil bu poemanı kökdən gəlib, kökə gedən qos-qoca, məğrur bir millətin adından yazdığının fərqindədi:

 

Mənim şair babam, sənə qiyməti

Bir nəfər verməyir, bir millət verir.

Zaman təsdiq edir bu həqiqəti,

Səndən danışmağa zəmanət verir.

 

Qabil "Nəsimi" poeması boyunca bütövlükdə poeziyamıza məxsus bütün janr gəlişmələrindən yaradıcı şəkildə istifadə edib, eyni zamanda Şərq fəlsəfəsinin qüdrətini özündə ehtiva edən bütün fikir, irfan sahiblərinin xəyalən də olsa bir araya gəlmələrinin təməlini qoyub. Bu poema bütövlükdə dastan-epos gəlişmələrinin XX əsr poeziyamıza yetərincə yansımasının, çağdaş şeirin "köynəyindən keçməsi" faktı kimi oxunur; estetik və poetik  gəlişmələrinin cazibədarlığı ilə bir arada…

"Əsərlər"in 2-ci cildi xalq şairinin hələ 13 yaşında olarkən qələmə aldığı "Elanın ölümü" şeirilə açılır. Sonra gəlir ədəbiyyat aləminə qədəm basmasına vəsilə olan "Gəl, baharım" şeiri. Bu şeir 4 aprel 1944-cü ildə yazılıb və ilk dəfə "Ədəbiyyat qəzeti"ndə işıq üzü görüb. Bu da taleyin qəribə yazısıdır ki, Qabil ciddi ədəbiyyata 1944-cü ildə qədəm basıb, başqa bir zaman kəsiyində isə məhz aprelin 4-də dünyasını dəyişib. Bu cildə daxil edilən şeirlər təkcə poetik ovqatına görə yox, həm də ötən əsrin 40-cı illərində yaşanan həyatın, gün-güzəranın nostalji xatirələrini yenidən göz önünə gətirdiyinə görə maraqlı, yaddaqalan, oxunaqlıdır.

3-cü cildə daxil edilən şeirlərin yazılma tarixi ilə öncəki topluda yer alan poetik nümunələrin "doğum tarixi" arasında qırx ildən də çox zaman məsafəsi dayanır. Ancaq keçən bu uzun illər ərzində də biz Qabil qələminin "şəhdi-ləbini", özünəməxsusluğunu, gözlənilməz və orijinal ifadə tərzini öz cazibədar mərtəbəsində görürük. Eyni zamanda görürük ki, bu şeirlərdə Qabilin lirik-emosional yazı tərzinin, üslubunun üstünə müdrik, dünyanın gedişatını yetərincə fəhm edən, çıxış yolu göstərmək səlahiyyətinə sahiblənə bilən bir könül adamının oyadıcı, səfərbəredici nəfəsi də əlavə olunub. Bu cildə daxil edilən şeirlərdə Qabil artıq həyatın qaçılmaz həqiqətlərini, gərək olanı yazır, məsələn, 1997-ci ilin 22 mart günü üçün Qabilin daha vacib bildikləri şeirin dilində öz ifadəsini belə tapır:

 

Cəbhəyə açılsın

Neft kəməri.

Bütün üzükləri,

Bilərzikləri

Satıb topa verək,

Tüfəngə verək.

Bəsdi də, nə qədər

Biz əngə verək...

 

Bu cild boyunca oxucu qarşısında lirik düşüncələr, kövrək tablolar aləmindən ayrılıb, zamanın tələbilə tribuna dönən şairi - böyük vətəndaşı (və sənətkarı) görür. Bu məqamda oxucu şairin öz sənət dostlarına səslənişinin tərəfindədi, onu qəlbən dəstəkləyir:

 

Çaxmağı çək,

Çırağı yandırmamışam.

Qaranlıq vicdanları,

Zülmətsevər insanları

Nura boyandırmamışam.

Çaxmağı çək,

Yansın ürəklərin qurdu,

Qaradan-quradan təmizləyək

Ana yurdu.

 

Bu tipli şeirlərində Qabili cəmiyyət (və vətəndaş) üzünə bağlı olan hər cür qapılara asi, üsyankar görürük. O, bağlı qapıların xəyanət torunu cırmaq, dağıtmaq təşnəsidir. Heç bir hədər güman, hədər zaman istəmir. Artıq onun üçün qaçılmazdı ki:

 

Fələyin saydığı

Başqa iş, başqa şey.

Yazıdan,

Qismətdən,

Taledən nə giley?!

 

Fərqindədi ki, hər saçı ağaran pir ola bilməz. Belə məqamda Qabil düşüncəsi, Qabil fitrəti paklıq aləminin dövrəsindəki sərhəddə qurbandı, səddə əsirdi…

3-cü cildə şairin müxtəlif illərdə qələmə aldığı poemaları da daxil edilib.

"Əsərlər"in 4-cü cildi rübailərlə açılır. Bu rübailərdə ömrün hər anı şeirə çevrilir bir aləm kimi. Eyni zamanda təqdim edilən rübailəri qos-qoca bir müdriklik, Hafizhəngi, Sədihəngi deyim tərzi izləməkdədir:

 

El gücü həmişə sel gücü olmur,

Sel gücü həmişə el gücü olmur.

Selə cilov gərək, elə başbilən,

Yoxsa eldə, seldə fil gücü olmur.

 

Dördüncü cildə daxil edilən qoşayarpaqlar, dördlüklər vergili bir şairin könül pıçıltıları kimi yadda qalır.

"Əsərlər"in 5-ci cildinə xalq şairinin müxtəlif illərdə qələmə aldığı şeirlərlə bərabər efir, ekran və mətbuat müstəvisindən yayımlanan, ancaq haqlı olaraq onu qane etməyən mətnlərə qarşı "Adsız-ünvansız iradlar"ı yer alıb.

Xalq şairinin "Ömür həbləri" kimi aktual və irihəcmli romanı, eyni zamanda müxtəlif illərdə qələmə aldığı məqalələr isə 6-cı cilddə yer alıb. Bu məqalələrdə unudulmaz yazıçı və şairlərimizin bir çoxu öz fərdi, bənzərsiz xarakterlərilə təqdim ediliblər.

7-ci cild isə "Publisistik söhbətlər"lə açılır. Bu söhbətlərin hər birində Qabil öz bənzərsiz xarakterinə, istedadının və şair-vətəndaş cəsarətinin dönməz çırpıntılarına sadiqdir. Onun 1990-cı ilin 19 oktyabrında ölkənin birinci şəxsinə ünvanladığı məktubundandı bu sətirlər: "Moskva bir gözü hər şeyimizdə ola-ola deyir ki, get başını saxla, biz isə deyirik: "Yox! Amanın bir günüdür, əlimizi ətəyinizdən üzsək, acından ölərik". Yaxud: "Siz prezident kimi, rəsmən Dövlət dili elan edilmiş Azərbaycan dilinin - ana dilimizin təbliğində praktik, canlı nümunə göstərməlisiniz... Yenə də MK və Nazirlər Soveti, Ali Sovet və üzü aşağı nazirlik və baş idarələrin telefonları rus dilində səslənir. Nə üçün?".

Bu cür mətləblər 7-ci cildin səhifələrindən sıx-sıx keçir. Görkəmli şairin 1993-cü ildə "Ulduz" jurnalına verdiyi "Səhv düşməsə yerimiz, yaşamağa nə var ki" adlı müsahibəsi, mavi ekranda aparıcının suallarına cavab şəklində hazırladığı "Sizin istəyinizcə" yazısı, müxtəlif məqamlarda etdiyi çıxışların mətnləri və s. yer alıb. Bu yazılanların hər birinin öz tarixi dəyəri olduğu şəksizdir. Ancaq Qabil müəllimin Milli Məclisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesinə aid məsələnin müzakirəsinə həsr edilmiş iclasında etdiyi və 7-ci cildə daxil edilən bir çıxışının ayrıca, əlahiddə məqamı da var ki, yenidən xatırlamalı olursan: "Möhtərəm Prezidentimiz Heydər müəllim! Sizin bütün çıxışlarınızda konkretlik vardır. Sizin dünənki çıxışınızda mən Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi ruhunu gördüm… Cənab Prezident, dünənki çıxışınız məni çox həyəcanlandırdı və bu çıxışın təsirindən "Ümid sənədir ancaq Azərbaycan əsgəri" şeirini oxumaq istəyirəm...

İllər boyu uzanıb gedən və həll olunmamış qalan problemin çıxış yolunun Azərbaycan ordusunun cəsarətindən, qeyrətindən asılı olduğunu bütün çılpaqlığı ilə bəyan edə bilmək gücü yalnız Qabil kimi şairlərə xas olan bir məziyyətdir.

Xalq şairinin "Dənizin cazibəsi" adlı dramatik povesti, məşhur rus ədibi A.İ.Kuprindən tərcümə etdiyi "Qiyamət doktor" hekayəsi, eyni zamanda yumoristik novella və hekayələri də 7-ci cilddə yer alıb.

Qabilin yeddicildlik "Əsərləri"nin bütöv ovqatı belə bir təəssüratı bir daha isbatlayır ki, "bir şair, sənətkar ömrünü yaşatmaq üçün bir insan ömrünü girov qoymağa" dəyərmiş. Eyni zamanda bu, mənsub olduğun millətin, doğma vətənin taleyüklü problemlərinə cavabdehlik duyğusu qarşısında göstərilən təmənnasız şücaət, qəhrəmanlıq, məsuliyyət əməlidir. Qabil sənətinin başlıca gücü, qüdrəti və əbədiyaşarlığı da bu əməl işi qarşısında söz sahibi olmasındadı. Bir də lap ilkdən, əzəldən bilməsindədi ki, bu sənət deyilən ilahi məkan gültək incə duyğu və ürək istər…

 

Atababa İsmayıloğlu

 

Ədəbiyyat qəzeti. - 2018.-24 fevral.- S.28.