Şah İsmayıl - əzəli rəqib, mənəvi ustad

 

Kiçik memuar

 

Məni uşaq vaxtı heç ilə qorxuzmazdılar. Yəni,  yemək yeməyəndə xortdan gəlib aparmazdı; dərs oxumayanda həkim iynə vurmazdı; nadinclik edəndə polis dalımca gəlməzdi. Amma bunların əvəzində tamam başqa şey var idi. Onunla qorxuzmazdılar, müqayisə edərdilər. Yuxudan gec duranda, dükana düşmək istəməyəndə o adın kölgəsi həyula kimi başımın üstündə fırlanardı. Kim idi bu adın sahibi? Uşaqlıqdan qəlbimə hakim kəsilən Şah İsmayıl Səfəvi.  Ya da, sadəcə Şah İsmayıl.

Səfəvi dövrünü uzun müddət araşdıran biri kimi Şah İsmayıl haqqında tarixi, sənədli bir araşdırma yazısı da yaza bilərdim. Hansı ki, bu haqda yazılarım, bədii əsərlərim var. Amma bu yazını tarixin kəskin ziddiyyətli məsələlərinin fövqünə çıxarıb kiçik bir memuar kimi yazmağı düşündüm. Çünki yeganə nəsnə xatirələrdi ki, onları dəyişmək olmur ona görə xatirələr hər şeydən yüksəkdə dayanır.

İlk dəfə bu adı anamdan eşitsəm , niyə görə misal çəkdiyini tam xatırlamıram. Çox güman ki, yuxarıda sadaladığım məsələlərə görə idi. Amma həmin cümlə ( nədənsə mənə həmişə elə gəlib ki, o cümlə qırmızı rəngdə idi )  bundan əlli il sonra da yadımda qalacaq. "Şah İsmayıl Xətai on dörd yaşı olanda dövlət qurmuşdu".

Daha sonra çox eşidəcəkdim bu sözü: "Xətai sənin yaşında olanda şah idi", "Xətai sənin yaşında olanda divan bağlamışdı" "Xətai sənin yaşında olanda döyüşdən-döyüşə atılırdı" s.

Anam ədəbiyyatçı olduğu üçün Şah İsmayıla həmişə Xətai deyirdi. Sanki onun üçün şairlik həmişə şahlıqdan öndə olub. Qardaşım üçünsə o dünyanın ən qüdrətli şahı, ən böyük fatehi idi.

Hər axşam narıncı rəngli divanda oturar, mənə Şah İsmayıldan,  Səfəvi dövlətindən, qızılbaşlıqdan danışardı.

Getdikcə içimdə Şah İsmayıla qarşı həm paxıllıq həm qibtə hissi yaranırdı. Niyə görə, o, uşaq vaxtı bu qədər böyük işlər görmüşdü axı?! Fikirləşirdim ki, o olmasaydı, mən yuxudan bir az daha gec durar, dərslərimi bir az gec oxuyar, daha çox televizora baxardım. Amma onunla müqayisə olunmaqdan ehtiyyat etdiyimə görə sübh obaşdan oyanardım,  bütün dərslərimi oxuyar, evə nəsə lazımdırsa alardım ki, təki yenə üzünü görmədiyim uşaqla məni müqayisə etməsinlər.

Sonra başa düşdüm ki, mən özüm getdikcə bu müqayisələr üçün darıxmağa başlamışam. Qardaşıma hər dəfə mənə Şah İsmayıldan danışmasını xahiş edərdim. Yəqin ki, yaşım az olduğu üçün mənə ən maraqlı gələn onun uşaq vaxtı İstəxr qalasından qaçırılıb Lahicanda gizlədilməsi, döyüşlərə atılması, qələbələr qazanması idi.

Hər dəfə belə söhbətlərdən nə qədər sevinsəm də, onun başına gələnlərin eyforiyası məni bürüsə də, bir müddət sonra içimdə qəribə bir kədər yaranırdı. Başa düşürdüm ki, mən heç vaxt Şah İsmayıl ola bilməyəcəm. O, hər zaman öz həyat yoluna görə, etdiklərinə görə daima məndən bir addım öndə olacaqdı...

Yaş artıqca  Şah İsmayılı və ümumilikdə Səvəfivi-qızılbaş xəttini  ciddi şəkildə araşdırmağa başladım. Getdikcə hiss edirdim ki,  uşaqlıqdan özümə rəqib gördüyüm insan mənim üçün az qala ideala çevrilir.

Universitetə daxil olandan sonra da, şahın kölgəsi daima məni izləyirdi.  Sanki mən illər uzunu onunla müqayisə olunduğum üçün öz üzərimdə daha çox çalışırdım. Bəlkə uşaqlıqdan ədəbiyyata marağım da məhz ona görə yaranmışdı. Qılınc tutmağa imkanım yox idi amma əlimə qələm götürə bilərdim.  Ədəbiyyatla, kinodramaturgiya ilə ciddi şəkildə məşğul olmağa başlayanda bir şeyi aydın başa düşdüm. Şah İsmayılın həyatı dramaturgiyanın bütün incəliklərinə qədər işlənib hazırlanmışdı. Elə bil onun həyatı böyük bədii filmin ssenarisi idi. Bu ssenarini Allah özü yazmışdı. Zamanla səfəvi əqidəsinin lap dərinliyinə düşmək qərarına gəldim. "Şeyx Səfi təzkirəsi"ni, Şeyx Səfiəddinin özünün yazdığı "Qara məcmuə" əsərini oxudum.  Hiss edirdim ki, Şah İsmayıl nəinki mənim öz üzərimdə işləməyimə, inkişaf etməyimə təkan verib, həm   mənim daxili fəlsəfəmin formalaşmasına zəmin yaradıb.

İndinin özündə , mənim uşaqlıq rəqibim olan on dörd yaşlı Şah İsmayıl Xətai mənim mənəvi ustadıma çevrilib.

Karl Qustav Yunqun bir sözü var. Deyir ki, insan elə bilir ki, onlar ideyaları seçirlər, lakin xəbərləri yoxdur ki, ideyalar insanları tapır.

Şah İsmayıl mənim üçün sanki real şəxsiyyət deyil, bütün ziddiyyətlərdən, danışılan söz-söhbətlərdən yüksəkdə dayanıb məni o yüksəkliyə səsləyən bir varlıqdır. Möhtəşəm bir varlıq...

 

Pərviz Seyidli

 

Ədəbiyyat qəzeti.- 2018.- 24 fevral.- S.30.