Dümanın tarix
qarşısında yalanı
Fransa yazıçısı
Aleksandr Dümanın muşketyorlar barədəki məşhur
triologiyası XVII əsrin Fransası, o cümlədən,
dövləti idarə edənlər barədəki təəssüratı
dəyişdi. Bəlkə də "dəyişdi"
sözü yumşaq çıxır. Düma dövlətin ictimai-siyasi
xadimlərini dünya
oxucularının gözündən
saldı. Yazıçının istər XIII Lüdoviq, istər Anna Avstriyskaya haqqında yazdıqları
ətrafında hələ
də müzakirələr
davam edir. Bəziləri belə hesab
edir ki, yazıçı o dövrün
rəsmi şəxslərini
ləkələmək tapşırığı
alıb. Bəziləri düşünür ki, Düma tarixçilərin
yazdıqlarının əksinə
olaraq, hadisələri
düzgün araşdırıb.
Ola bilər. Ancaq əksəriyyət məhz
kardinal Rişelye məsələsində Düma
ilə razılaşmır.
Fransanın tarixində böyük
rol oynamış kardinalın muşketyorlar
trilogiyasında fitnəkar
kimi göstərilməsi
tamamilə cəfəngiyatdır.
Hər halda əksər tənqidçilərin gəldiyi
qənaət bundan ibarətdir.
Dümanın təsvirində kardinal Rişelyenin işi-gücü
yalnız muşketyorları
həbsxanaya salmaq istəyi olub. Bir də
Anna Avstriyskayanın sevgisinə
maneçilik cəhdi.
Sağlam məntiqlə düşünəndə
Dümanı qamçılamaq
lazım gəlir.
Təsəvvür edin ki, kralın həyat yoldaşı müharibə
apardığı ölkənin
kişisi ilə sevişir. Rişelye isə kralın
həyat yoldaşının
sevgisini ölkəyə
xəyanət kimi qiymətləndirir və bu əsaslı məsələdir. Belə olan
surətdə Dümanın
kraliçanı müdafiəsi
anlaşılmaz sayılardı.
Kardinal Rişelye fitnəkar obrazından çox fərqlənib. Arman Jan dyü Plessi,
hersoq de Rişelye.
O, 1585-ci ildə Parisdə
dünyaya göz açıb. Atası Fransua Rişelye
dövrünün ictimai
xadimi kimi çox tanınıb, III
Henrixə, daha sonra IV Henrixə xidmət göstərib.
Əgər atası kral
saraylarında xidmət
göstəribsə, anası
vəkil qızı olub. Belə nikah yuxarı
dairələrdə yaxşı
qarşılanmayıb. Kralın ona yaxşı münasibəti söz-söhbətləri
yarıda kəsib.
Evin kiçiyi Arman Rişelye xəstəhal uşaq olub. Valideynləri sağlamlığını daim nəzarət altında saxlayıblar.
Körpəni yalnız altı
aydan sonra xaç suyuna salıblar. Hər an gözləyiblər ki, o, tələf olacaq. 1590-cı ildə
Armanın atası 42 yaşında vəfat edib. Ailənin vəziyyəti pisləşib,
adamlar borcun ödənilməsi məqsədilə
evlərinin qapısından
çəkilməyiblər. Vəziyyətin gərginliyi barədə
xəbər IV Henrixə
çatanda, o, sadiq qulluqçusunun borclarını
bağlayıb.
Balaca Arman böyüyüb. Dini məktəbdə
təhsil alıb.
Yepiskop tituluna qədər yüksəlib. Onun siyasət
yolunda ilk uğuru
General Ştatlara seçkidə
deputat seçilməsi
olub. Adıçəkilən ştatın mühüm
məsələlərin qaldırılmasında
böyük hörməti
varmış. 1614-cü
ildəki General Ştat
böyük Fransa inqilabının başlanğıcında
son toplantısını keçirərək
dağılıb. Rişelye belə
bir ümumdünya hadisəsinin şahidinə
çevrilib. O, özünü
bir deputat kimi doğrulda bilməməsindən xəcalət
çəkib. Çünki adıçəkilən qurumda
ölkənin qarşısında
duran mühüm hadisələrə konkret
yanaşma nümayiş
etdirilməyib. Hamı
boş-boşuna danışıb,
ortada isə iş yoxdur. Rişelye kral hakimiyyətinin tərəfində idi.
Onun fikrincə, yalnız bu hakimiyyət Fransada iqtisadiyyatın inkişafında, güclü
ordunun yaradılmasında
və dünyada hörmətinin artırılmasında
mühüm rol oynaya bilər. Lakin siyasi gərginlik uğurların əldə
edilməsinə imkan vermirdi. XIII Lüdoviq
hakimiyyəti idarə
etməkdən demək
olar ki, kənarlaşdırılmış, ölkəni anası Mariya Mediçi və sevgilisi Konçino Konçini idarə edirdi. İqtisadiyyat böhran halına
gəlib çatıb,
dövlətin idarəçiliyində
nizamsızlıq hökm
sürüb. Mariya
Mediçi İspaniya
ilə ittifaqa nail olmaq məqsədilə 2
toy barədə düşünüb.
İspaniya krallığının vəliəhdi ilə fransız şahzadəsi Yelizavetanın, o cümlədən
XIII Lüdoviq ilə ispan şahzadəsi Annanın toyu. Belə ittifaq Fransa üçün sərfəli
deyildi. Rişelye məsləhəti nəzərə alınmadı.
Ancaq onun siyasi üfüqlərdəki
ulduzu sönmədi, əksinə parladı.
Marina Mediçi onun natiqlik qabiliyyətini
yüksək qiymətləndirib
yaxına çəkdi
və Anna Avstriyskayanın
keşişi təyin
etdi.
Yazıçı Aleksandr Düma muşketyorlarla bağlı yazdığı trilogiyada guya Rişelyenin Annaya sevgisinə dair söz atıb. Lakin tarixi araşdırmalar bunun əksini söyləyir. Birincisi, kardinal dost olmayan ölkənin nümayəndəsini qəbul etməzdi. İkincisi, kardinalın 30, Annanın 15 yaşı vardı. Böyük yaş fərqli insanlarda qarşılıqlı maraq doğuran heç bir nəsnə yox idi. Dümanın bu fikri də dumanlı olaraq qalır.
Həmin illərdə ölkədə hakimiyyət uğrunda çevrilişlər adi hal alıbmış. 1617-ci ildə daha bir çevriliş aktı həyata keçirildi. Bunu XIII Lüdoviq etdi. Anasının kölgəsindən azad olmaq üçün törədilən çevriliş nəticəsində sevgili oğlan Konçino Konçini öldürüldü, Mariya Mediçi sürgün edildi. Onunla bərabər Rişelye də ölkənin ucqarına göndərildi. Saray daxilində belə hesab edilirdi ki, Rişelye Marina Mediçinin adamıdır. Lakin o, daxili qruplaşmalara qoşulmurdu. Məqsədi ölkənin gücləndirilməsi olub. Sürgün həyatı yaşayarkən Rişelye dövlətin necə, hansı qaydalarla idarə edilməsinə aid kitab yazıb. Həmin kitab indi də aktualdır. Nəhayət, o, yenidən Parisə çağırılıb. Lüdoviqin ona mühüm işi düşmüşdü. Krala çatdırmışdılar ki, anası tərəfdarlarını toplayıb çevrilişə hazırlaşır. Rişelyeyə tapşırıldı ki, Mariyanın yanına gedib növbəti çevriliş aktından əl çəkdirsin, həm də barışıq yaratsın. Kardinal bunun öhdəsindən gəldi. Həmin vaxtdan etibarən Rişelye kralın etibarlı adamına çevrildi. Hakimiyyətə yiyələnən gənc kral ölkənin sosial-iqtisadi vəziyyətinin düzəldilməsində çətinlik çəkirdi. Ona ağıllı, qətiyyətli, bütün yükləri üzərinə götürə bilən şəxs lazım idi. Kral belə mühüm məqamda Rişelyenin üzərində dayandı. 1624-cü ildə Aram de Rişelye kralın 1-ci naziri postuna yiyələndi, demək olar ki, bu, ölkənin baş naziri demək idi. O, ölkənin gücləndirilməsində mühüm rol oynadı, separatizm meyillərinin qarşısını aldı, iqtisadi yeniliklərə imza atdı. Dümanın muşketyorlar trilogiyasında yazdığı kimi dueli qadağan etdi. Onin tam qənaətinə əsasən duel dvoryan ailələrini başsız qoyub, ordunu ən yaxşı döyüşçülərdən məhrum edib. Rişelyenin vaxtında Fransa donanması Aralıq dənizində qabaqcıl yer tutub. O, müxtəlif ölkələrlə 74 ticarət müqaviləsi imzalayıb. Məhz o, 1635-ci ildə Fransa Akademiyasını təsis edib, istedadlı rəssamlara, yazıçılara, memarlara təqaüd verdirib, dövlətin apardığı siyasət daim işıqlandırılıb. O, qəzetdə məqalələri ilə çıxış edir, sadə adamlarda dövlətə inamı gücləndirib. Fransa kübarları onun kralın yanındakı nüfuzuna daim qısqanclıqla yanaşıblar. Məhz sui-qəsd cəhdləri də qısqanclıqdan yaranıb. Kralın məsləhəti ilə kardinal üçün qvardiya yaradıldı. Aleksandr Dümanın trilogiyasında da kardinalın qvardiyası tənqid edilib. Muşketyorların məvaciblərinin gecikməsi fonunda qvardiyaçıların maaşları nəinki gecikdirilib, əksinə, əlavə mükafatlar da nəzərdə tutulub.
Fransanın gücləndrilməsi üçün böyük işlər görən bir insanın tənqid edilməsi, guya hansısa Dartanyana görə xırda işlərlə məşğul olması barədəki gülünc sətirlər indiyə qədər də anlaşılmazdır. Amma hələ də bəziləri düşünür ki, həmin trilogiyanı ona kardinalın dövründə zərər çəkmiş məmurlardan biri yazdırıb. Özü də iri qonorar müqabilində.
Dünyanın mütaliə
ordusu kimi, "Üç muşketyor"
əsərini oxuyan Azərbaycan oxucusu da kardinal
və muşketyorların arasındakı çəkişməni
acgözlüklə oxuyublar. Kimsəyə
sirr deyil ki, əksəriyyətimiz muşketyorların
qalibiyyətinə sevinmişik. Elə I Pyotrun sözləri də bu
dövlət xadimi barədə təəssüratı
daha da zənginləşdirir:
"Əlacım olsaydı, Rusiyanın yarısını onun idarəçiliyinə verərdim ki, mənə kömək olsun".
Rişelye dövlətin idarə edilməsi
prinsiplərinə dair yazdığı
kitabında demokratiya ilə
avtokratiyanın arasında qalan ölkələrin
hansı məqama üstünlük verməsinin
dərinliyinə varır. Onun fikrincə,
ideal dövlət o
dövlətdir ki, hər kəs
bacardığı işlərlə məşğul olur. Aleksandr Dümanın
belə bir yalanı məhz romanın
maraqlı çıxmasına görə olub.
Bəlkə də hardasa kimdənsə iri qonorar alıb. Lakin bir məsələ də
var ki, o,
romanın oxunması üçün xeyir və şər yaradıb. Xeyir muşketyorlar, şər
isə kardinal Rişelyedir.
Kardinal ölkəsinin qorunması naminə
casus şəbəkəsini
formalaşdırıb. Belə bir fəaliyyət
Dümanın da nəzərindən
qaçmayıb. Elə kardinalla
Dartanyanın dialoqunda da
muşketyorun əyalətdən gələrkən
başına nə iş gəlməsi casus şəbəkəsinin fəaliyyətinin
nəticəsidir. Dövlətin ictimai-siyasi
xadiminin təmiz siyasəti
romançı üçün sərfəli
deyilmiş. Əgər muşketyorlardan
yazırdısa, deməli onlara əks
qüvvə də əsərdə yer
almalı idi. Belə bir
qüvvə Rişelyeni seçmişdi.
Tarix isə tarixliyində qalır. Rişelye Solyari kimi ədəbiyyatın qurbanı oldu. Əsərin oxunması və
satılması üçün.
Azər Qismət
Ədəbiyyat
qəzeti.- 2018.- 24 fevral.- S.31.