Daha "...bir nəzər"

 

Səhv nəzərləri sərf-nəzər etmə vaxtı

 

Əvvəli ötən saylarımızda

 

Şeirin və şairin sosial statusu-4:

Azərbaycan, XIX əsr (davamı)

 

Mənbələr göstərir ki, XIX əsrdə Azərbaycan şairləri ictimai sifarişlərlə bərabər, şeir-sənət xiridarı olan müəyyən imkanlı adamların fərdi xahişlərini də yerinə yetirmişlər. Seyid Əzim  "Lənkəranlı Şirəli bəyə" qəsidəsində  belə azsaylı faktlardan birini açıqlayır. Mənzumənin əvvəlində Şirəli bəyin şairdən onun üçün beş qəzəl yazmağı "təmənna etdiyi" məlum olur. Özü də bəy şairdən adi, basmaqəlib şeirlər yox, elə qəzəllər yazmasını istəyib "Kim, nəziri olmasın aləmdə bir divandə". Altı ay keçməsinə baxmayaraq, müəyyən səbəblər ucbatından bəyin xahişinə əməl eləyə bilməyən şair üzüqara qaldığını, qarşılaşmamaq üçün onu hər görəndə yan qaçdığını, keçirdiyi həyəcanları səmimi bir şəkildə təsvir edir:

 

...Hər zaman kim, şəhrdə gördüm

                        uzaqdan mən səni

Şərmdən qaçdım ki, ta punhan olum hər yandə.

Eylə bil, bir seyd səyyadə olur qafil düçar

Nagəhan bir gün düçar oldum sənə meydandə.

Gərçi həqqin var idi, etdin məzəmmət bəs mənə

Var məzəmmətlər yeri bu Seyyidi-nalandə.

Sən buyurdun ki, mənə, ey Seyyidi-bietibar

Bu necə ətvardır sən tək ülüvvi-şandə?

Beş qəzəl etdim təmənna, səndən ayid olmadı

Altı ay qoyduz məni avarə bu dövrandə...

 

Xüsusi maraq doğuran məsələ budur ki, söhbət əsnasında Şirəli bəy Seyid Əzimə rişxənd edərək, bir mühüm mətləbi də dilə gətirir:

 

Özgə vəqti şerüvə filfil bükər əttarlər

Köhnə dəftərlər kimi hər parə bir dükkandə.

 

Qeyd edək ki, S.Ə.Şirvaninin şeirlərinin dükanlarda satılması görkəmli yazıçı və alim Əzizə xanım Cəfərzadənin "Aləmdə səsim var mənim" romanında da əksini tapıb. Amma burada söhbət, əttar dükanından yox, kitabfüruşdan gedir. Ə.Cəfərzadə həmin dükanı və onun sahibi Məşədi Qulamı belə təqdim edir: "Şərqin ən mötəbər şəhərlərindəki xəttatlar, əlyazma divanları, zəngin ornamentli, zərrin və qiymətli Quranlar tərtib edən və satan şəxslər Qulam kişini, qiyabi də olsa, tanıyır, sarvanlar vasitəsilə ona satmaq üçün müntəxab məcmuələr, risalələr, "Şahnamə" və "Xəmsə"lər, təfsirlər, "Qisasül-ənbiya", "Qisasül-övliya", incə ornamentli divanlar göndərir və Şamaxı, Gəncə, Şuşa qalası və başqa şəhərlərdə çalışan xəttat və nəqqaşların əsərlərini də onun köməkliyi ilə əldə edirlər... Məşədi Qulamın bir azarı var: yaman həcviyyatpərəst, həcv aludəsidir. Kimə həcv qoşilsa, gizlicə "xəttat və azurğu şair" adlandırdığı Nəcəfquluya üzünü köçürtdürüb saxlayacaq, alıcı düşəndə yüz and-aman eləyib, satacaq". Romanda Sarvan Kərbəlayi Vəli haqqında deyilənlər də bizim üçün istinad nöqtəsi ola bilər: "Qayıdanda (yəni Şamaxıya karvan gətirib geri qayıdanda - N.M.) da Seyyidin çox sevdiyi əşarından bir neçəsini alıb uzaq ellərə, şeir-qəzəl həvəskarlarına aparırdı. Radionu, qəzeti əvəz elərdi kişi". Aydın olur ki, müasir oxucu üçün qəribəliklərlə dolu olan XIX əsrdə şeir maraqlısı olan bəylərin xahişi, iltiması ilə orijinal və nəzirə şeirlərinin yazılması, məşhur nəzm əsərlərinin satın alınıb sarvanlar vasitəsilə karvan yolları boyunca yayılması (xiridarlara satılması), eləcə də yerli dükanlarda başqa mallarla birlikdə sat(dır)ılması nonsens deyil, adi hal sayılmış, bir növ, o zamanın poliqrafiya və efirini əvəz etmiş, hər bir halda poeziyanın təbliği kimi mütərəqqi rol oynamışdır. Bu əsnada Hüseyn Cavidin bir xatirəsini də yada salmamaq olmur. Şairin yazdığına görə,  Məhəmməd Hadi XX əsrin əvvəllərində Bakıda öz şeirlərini küçədən keçənlərə satırmış, bir gün Cavidi tanımayıb ona da təklif etmiş,  tanıyanda isə utandığından  vərəqləri atıb qaçmışdır. İstənilən halda sözügedən dövrdə başqa fəaliyyət növü ilə məşğul olmaq istəməyən, yaxud buna imkanı olmayan şairlərimizin öz (intellektual) zəhmətləri hesabına yaşamaları ehtimalına  inanmamaq üçün əlimizdə ciddi əsas yoxdur. Amma burda bir incə məqam da var. Biz Azərbaycan şairlərinin o pleyadasından danışırıq ki, (Seyid Əzim həmin pleyadaya mənsub idi) imkanlı şəxsləri mədh etməyi, onlardan yardım gözləməyi normal hesab edirdilər. Çünki əsrlər boyu bunun belə olduğunu eşitmiş, özləri də belə görmüş, buna öyrəşmişdilər (son vaxtlar keçmişin şairlərinə və poetik ənənələrinə indinin arşını və meyarları ilə yanaşan "təzə xunveybin"lərə dediklərimizi öz bildikləri kimi yozmamalarını tövsiyə edirik). Seyyidin Mahmud ağaya  yazdığı qəsidələrdən birinə əsaslanaraq deyə bilərik ki, hətta məmduhun istəmədiyi hallarda belə şair bir vəsilə tapıb, onun yüksək keyfiyyətlərini öyməyi özü üçün fəxr bilir:

 

Hər il ondan səxalər görmüşəm mən,

                                   lütfü ehsanlar

İlahi, dövləti payəndə, bəxti payidar olsun!

Fələk qədra, bu sözlərdən qərəz

                        mədhin deyil, amma

Budur fikrim ki, mədhindən

                        mənimçün iftixar olsun.

Mübarəkbadiyi-novruzdur bu fəsli-zibadə

Yazıb bu şeri göndərdim ki,

                        məndən yadigar olsun.

Deyildir eyb şair mədh qılsa sən tək ağanı

Böyüklər mədhi şairçin gərəkdir hər bahar olsun.

 

Eyni zamanda bu pleyada şairləri edilən ehsanın dəyərinin də öz istedad və ustalıqlarına adekvat olmasını vacib şərt sayır, bunu əsas götürür və məmduhları qarşısında da irəli sürürdülər. Meyar isə birdir və hələ pozulmayıb: mədhiyyənin, yaxud ithaf şeirlərinin ənam ekvivalentində qiymətləndirilməsi, yuxarıda da qeyd edildiyi kimi, sırf poetexniki kriteriyalar əsasında aparılmalıdır. Seyid Əzim deyəndə ki:

 

Yazıb bir şer göndərsin dəxi Mahmud ağayə

Nəsibin gövhəri-qəltan, dürri-şəhvar olsun.(...)

Əgər bilsə səni feyzinə layiq çox edər ehsan

Bu xasiyyət gərəkdir onda gün tək aşikar olsun.

Deyil divanə kim, versin pulun hər bisərü payə

Bu rəmzi bilməyənlər indi bilsin, huşyar olsun-

 

məhz bu məqamı vurğulayırdı. Yəni Mahmud ağa şeir-söz xiridarıdır, pulunun dəlisi deyil və hər yoldan ötənin vulqar tərifi onun feyzinə layiq ola bilməz.  "Əhməd bəyə" qəsidəsində isə salam-kalamdan sonra yazırdı:

...Dün eşitdim ki, sənə şer yazıbdır Müşfiq

Etmisən sən də ona lütfü əta, Əhməd bəy.

Elə bildim ki, mənə lütfü əta eyləmisən

Olmusan nasiri-qövmi-füqəra, Əhməd bəy...

 

Sonra hacətini söyləyib, şeirini belə yekunlaşdırırdı:

 

...İki Müşfiq qədəri etməyəsən lütf mənə

Xatirim olmayacaq hiç riza, Əhməd bəy.

 

Bəli, Seyid Əzim şeirin nə demək olduğunu, hansı zəhmət bahasına başa gəldiyini yaxşı bilirdi və zəmanəsindən də ilk növbədə ona görə gileyli idi ki, sənətin qiyməti əvvəlki kimi bilinmir. Şairin bu gileyi müxtəlif mənzumələrində öz əksini tapıb, Hacı Əbdüləhəd Mütəllibzadəyə yazdığı iki qəsidədən birində isə fikrini lap açıq bildirir:

 

Tutaq Hacı Əhəd qıldı bu il də on manat ehsan

Get özgə kar tap, bundan sənə hasil nə kar olsun?

Bu gunə şair olmaqdan sənə culablıq xoşdur

Nə şer olsun cahanda, həm nə şairlik şüar olsun.

Nəsici-ənkəbut əfzəldir indi şeri-şairdən

Mətai-fəzlə müşgüldür ki, minbəd etibar olsun.

Şəhi-Səlcuqlərdən sonra getdi rövnəqi şerin

Baxan yoxdur dəxi gər şer düri-şahvar olsun.

 

Şeirin Səlcuqilər dövründəki büsatını xatrıladan şair əslində, sözünü öz dövrünün bəy-xanlarına söyləyir, onları qədim sələflərindən ibrət götürməyə dəvət edir. "Şamaxının təzə bəylərini həcv"ində ağır ifadələrlə "daşladığı", Əli Əsgər bəyə yazdığı "Şamaxı bəylərindən şikayət" qəsidəsində "Bunlar eylər özünü hər biri bir şəxs xəyal", "Hanı ol arşın ilə Ay işığın ölçənlər Hanı ol özlərini eyləyən əyanə misal?" - deyə rişxənd etdiyi bəylər şeirə-sənətə gəc baxdıqları üçün Seyid Əzim taziyanələrinin daimi sarkazm obyektləridir. Şair Uğurlu bəy Şıxəlibəyova xitabən bəylərdən birinin eyş-işrət məclisində verdiyi sözü xatırladıb yazır:

 

Varmı yadında ki, ol məclisi-işrətdə mənə

Keçən il mülki-Qəşətdə nə bərat eylədi bəg?

Bir tağar buğda idi şəfqəti alişanın

Bir də yazda aparam yanı buzovlu bir inək.

Evə gəlcək elədim nəql inək söhbətini

Nəhrəsin çalxamağı başladılar öyrənmək.(...)

Bir neçə vəqt keçib olmadı buğda hasil

Fikr qıldım ki, hələ yaxşı deyildir dinmək...

 

Amma şairin abrına qısılması vədəxilaf bəyləri ağıllandırmayanda insanların heysiyyəti ilə oynayan bu  üzdəniraqlar buğda və yanı balalı inəkdən əlini üzən şairin "cəngi və qəhhar" (N.Nərimanov) təbindən kəskin həcv payını qazanırlar. Seyid Əzim belələrinə elə  zərbələr vurur ki, günü bu gün də kəsərli söz abidəsi kimi dillərdən düşmür:

 

Üstümü unnu görüb sanma dəyirmançı məni

Aç bəsirət gözüvü, ləli xəzəfdən tani!

Gərçi zahirdə fəqirəmsə, qənidir təbim

Bu gədalıqda pəsənd eyləmənəm sultani!

"Fəqr fəxrimdü" o gündən ki deyib Peyğəmbər

Bilmənəm zərrəcə dünyanı və mafihani.

Mən ki ənqa kimi bir qafi-qənaətdi yerim

Neynirəm cifeyi-rəmz ilə belə dünyani?

Kişi namərd ətəyin tutmayıb ölmək xoşdur

Çünki namərddə yox bəzlü əta imkani.

Mən səni mərd bilib xidmətüvə gəlmiş idim

Fərz bildim ki, Həsən bəydə olur bəy qani...

 

Yaxud:

 

Atası sadiq, özü bəs nə üçün kazibdir,

Bilir anası ki, hardandı munun nöqsanı...

 

Hələ biz şairin qan donduran ittihamnamələrini yada salmırıq. Şair ürək ağrısı ilə belə namərdlərin hökm sahibi olmasından həzər edir, təəssüflənir ki:

 

Qalmayıb hiç sahibi-ehsan

Nə əmirü, nə xanü bazərgan.

Diş çıxardıb olubdu bəylər səg

Orda-burda qalıbdı xan tək-tək...

Bir belə əsrdə bəs ey mövla

Kimi mədh eyləsin dəxi şüəra?

 

"Mirsadıq xan Lənkəraniyə"

 

Yaxud müasirlərindən Mirzə İsmayıl Qasirə gileylənir ki:

 

Bundan artıq nə olur həcv ki, şair olduq

Xassə bu əsrdə kim, qəhtdir ehsan, Qasir.

Fələki-nəzmdə sən mahi-təmam olsan əgər

Verəcək çərxi-cəfacu sənə nöqsan, Qasir...

 

Yuxarıda xatırlatdığımız "Nəsrəddin şahın həcvində" adlı tarixnaməsində isə böyük sənətkar  guya özü də şair olan İran şahına türkcə (onun ana dilində) qəsidə yazmasından, ənam gözlədiyi halda etinasızlığa tuş gəlməsindən qəzəbini belə ifadə edir:

 

Şüəra, həm füqəra cümləsi göz dikdi yola

Filhəqiqət ki, rahi-şahə dikildi bəbəyim. (...)

Mən də bir türki qəsidə yazıb inşa elədim

Duzlu, şirin söz idi, nə özümü nəzmə çəkim.

Həqqi, zənnim budu kim,

                        söz tanıyan kimsədi şah

Sayeyi-qadiri-sübhan olacaqdır köməyim...

Tutdular xəlq çörək, kəsmədi çün bir löqmə,

Görüb ol surəti bildim ki, kəsildi çörəyim.

Nə mənim şerimə baxdı, o nə dərvişlərə

Dedi: bu xəlqdən əfzəldi mənə bir qəpəyim.

Dedilər kim, mənə bu qissəyə yaz bir tarix

Mən dedim kim, demənəm,

                        zaye olubdur əməyim...

 

"Əhibbanın ricası" şeirində artıq qəzəlin, şeirin əhəmiyyətini itirdiyini yazır, istedadlı ədiblərə bu işdən əl götürməyi nəsihət verir:

 

Demə əşar, rəsmi-şeri unut,

İndi sən bir təriqi-digər tut. (...)

Nə olur, ey ədibi-əhli-cahan

Edəsən pəndimi qəbul əlan.

Çəkəsən şiveyi-qəzəldən əl

Qəzələ qoymayır qəzal məhəl.

 

Lakin bütün bunlara baxmayaraq, S.Ə.Şirvaninin mənzum məktublarına bir küll halında nəzər saldıqda onun müxtəlif vəsilələrlə təxminən 40 şəxsə (onların da çoxu şeirin-sənətin qiymətini bilənlər idi) 60-a yaxın təmənna ifadəli mənzumə həsr etdiyi aydın olur. Bu mənzumələr daha çox klassik mədh, təbrik-eydiyyə, gözaydınlığı, hacət, giley-güzar, üzrxahlıq və təvəqqe, ümidvarlıq, təşəkkür və s. mündəricəsi daşıyır. Hər birinə misal göstərməklə fikrimizi aydınlaşdırmağa çalışaq.

 

Davamı gələn sayımızda

 

Nizaməddin Mustafa

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.27.