Xanım taksi
Novella
Kembric
Universitetini bitirən məzun biznes idarəçiliyini vətənində
"Xanım taksi" şirkətini açmaqla
başlamışdı. Qapını döyən ədəb-ərkanlı
qız "gəlin" eşidib şirkət rəhbərinin
kabinetinə keçdi. Sürücülərin ötən
gün ərzindəki rejimini avtomobillərə
quraşdırılan kameralar vasitəsilə izləyən
qıvrımsaçlı oğlanı gördü.
-
Bağışlayın, mən işə düzəlmək
istəyirəm.
Şirkətin
rəhbəri hansısa sürücünün müştəri
ilə kobud danışığına qulaq asa-asa qadına
oturmağa yer göstərdi. Ancaq hey deyinib arada kürəyini
hirslə kresloya sıxırdı: "Əlli dəfə
deyirəm ki, müştərilərlə mehriban davranın,
bütün şıltaqlıqlarına dözün, elə
bil daşa-divara deyirsən".
Hərdən
digər sürücülərin də görüntülərinə
baxıb xoşluqla nırçıldayır, "afərin"
pıçıldayıb qarşısındakı dəftərdə
qeydlərini aparırdı. Arada da daxili telefonla kiməsə
özlərini yaxşı aparmayan sürücülərin
adlarını deyib işlədiyi müddətin pulunu
hesablamağı, yola salmağı tapşırırdı.
"Yola salmaq" "işdən
çıxarılsın" anlamına gəlirdi. Ədəb-ərkanlı
qız bunu anladı.
- Deməli,
siz şirkətimizdə işləmək istəyirsiz? - deyə
monitoru söndürüb kreslosunu qabağa çəkdi.
- Bəli.
Bu qız
şirkətdə işə düzələn xanımlardan
yanağının tez-tez qızarmasına görə fərqlənirdi.
Əvvəl çoxları ilk dəfə qapını
açanda utancaq uşaq kimi başlarını
aşağı salırlar, xəfif-xəfif gülümsəyirlər.
İlk psixoloji testdən utancaqlıqla keçib
adlı-sanlı universitetin diplomunu alan şəxsi
aldatmağı bacarmışdılar. Müştəri ilə
davranışlarında məhəllə dilində
danışmış, hətta bəziləri tavana da
oturtmuşdu. Başı daşa dəyən şirkət rəhbəri
hərdən anlayırdı ki, insan qəliz məxluqdur,
yüz il də qanqal otlasa, başlardan başı
çıxmayacaq. Qızın sürücülük vəsiqəsini
o üz bu üzə çevirib özünə qaytardı.
Ədəb-ərkanlı sürücüyə ehtiyac
olduğunu dedi: "Bazar iqtisadiyyatı şəraitində hərə
özünə taksi şirkəti açdığından rəqabət
meydanında fərqli sistem qurduq. Xanım taksi şirkətini
yaratmaqla rəqiblərimizi üstələməyə
çalışırıq". Hər halda
qıvrımsaçlı oğlan belə
hesablamışdı. Şirkətin rəhbəri
başını əyən, arada gözlərini
qaldırıb gülümsəyən qıza deyirdi ki,
qloballaşan dünyada əsas müştəri məmnunluğudur.
Qızın səbrli olub-olmamasını soruşdu. O da qəbir
kimi dinməz olmasından danışdı.
Yezda
müəllimi qızın maşın sürməsindən
razı qaldı. Sürəcəyi maşını da
göstərdi.
Artıq
ilk müştəri metrostansiyanın yanında gözləyirdi.
Şirkət rəhbəri həmin müştərinin
psixoloji test aparan əməkdaşı olduğunu qızdan
gizlətdi. İlk müştəri siqaretindən
aldığı hər qullabı üzə üfürənlərdən
idi. Əyilmiş ağız forması olan gənc
oğlanın danışığı qadın ovundan
savayı bu həyatda heç bir amalı olmayan şorgöz
görüntüsü yaradırdı. Sürücüyə
ünvanı deyib siqaretin tüstüsünü salona
üfürüb nırçıldadı. Qız nəzakətlə
siqareti çölə atmağı məsləhət
gördü. Oğlan deyinəndə isə gülümsəyərək
"no smoking" işarəsini göstərdi. İlk
ünvanın yolu uzun idi. Oğlan arxada yayxanıb
ayağını qabaqdakı oturacağa qoyanda
sürücü qız yenə nəzakətlə belə etməməyi
məsləhət gördü. Monitorla bu prosesi izləyən
şirkətin rəhbəri oğlana telefonla növbəti
tapşırığını verdi:
-
Sürücü qız sənin axmaq hərəkətlərinə
səbrlə yanaşır, başqa
qıcıqlandırıcı şeylər tap. Unutma ki, bizə
səbrli və tərbiyəli sürücü xanımlar
lazımdır.
Test aparan
oğlan başqa mövzuya keçdi.
- Masulya,
indi məni ünvanda düşürüb gedəcəksən,
vəssalam?
Sürücü
qız gülümsəyib dedi ki, onların əsas işi
müştərini sağ-salamat, həm də razılıqla
ünvana çatdırmaqdır. Oğlan
nırçıldadı:
- Bəlkə,
mənim evimə qalxaq. Heç kim yoxdur. Çay içib gedərsən.
Hava da soyuqdur, sükanı isti əllə tutarsan.
- Biz
işimizdə müştəri ilə hər hansı kontakta
girmirik. Vəzifəmiz müştərini ünvana kifayət
qədər tez çatdırmaqdır.
- Gedək
bizə, naz eləmə, razı qalarsan. Həm də
yorğunluğun çıxar. Əziyyətinin əvəzini
çıxaram. Müştəri məmnunluğu deyirsən.
Et də məni məmnun. Ürəyini sındırma gənc
oğlanın. Bizdən çıxanda tez başqa
müştərini götürərsən, heç kim də
bilməz. Ağlın olsun. Zövq al həyatdan.
Qız
yenə gülümsəyib müştəri ilə təmasın
şirkətin konsepsiyasına uyğun gəlmədiyini
söylədi. Oğlan susdu. Müvəqqəti susdu. Şirkətin
rəhbəri telefonla qışqırdı ki, ağzına
su alıb dayanmasın, qızı
qıcıqlandırsın. Ünvana çatana qədər
psixoloji test sona çatacaq. Oğlan yenidən əyri
ağzını marçıldatdı:
- Belə
havada xanım sürücünü aparasan evə.
Sorğu-sualsız sıxasan divara. O da deyə ki, "bəs
noldu isti çay?" Sən də deyəsən ki,
"ağıllı quş dimdiyindən tələyə
düşər". O da ağlaya ki, "başqa
müştəri gözləyir. Onu ünvanına
çatdırmalıyam". Elə bu vaxt qapını
bağlayıb açarı gizlədəsən. Bir-iki sillə
çəkib mürdəşir sifətini qızardasan.
Əlinə əski verib evi sildirəsən. Təmiz silməyəndə,
dili ilə sildirəsən.
Şirkət
rəhbəri bu anlarda kamera görüntüsünü
qızın gözlərinə qədər
böyütdü. Gözləri adi qaydada
qırpılırdı. Əllərini də
böyütdü. Nə tərpədir, nə də
yumruqlarını düyünləyirdi. Əvvəlki test
zamanı bəzi sürücülərdə
yumruqlarının düyünləndiyini
görmüşdü. Gözləri də tez-tez
qırpılırdı. Yanındakı əməkdaşlara
baxıb qızda fil səbrinin olduğunu
pıçıldadı. Əməkdaşlar da
başlarını razılıqla yellədilər.
Görüntülərə baxa-baxa psixoloji test aparan
oğlana xanım sürücünü daha da
qıcıqlandırmağı tapşırdı.
Oğlan
"qıcıqlandırmağı artırmaq"
tapşırığını alıb söhbətinin
ardını gətirdi.
- Onu
deyirdim axı... Döşəməni silib qurtarmamış əlinə
verəsən ülgücü ki, unitazı
qaşısın. İşini təmiz görməyəndə
də ata-anasından xəbərsizin başını soxasan
murdar suya. Ağlayanda da başına bir-iki təpik vurasan.
Dizindən tutub yalvaranda ki, o biri müştərini ünvana
çatdırmalıdır, onda çay
qaşığını ağzına-ağzına vurasan.
Özün də kresloda yayxanıb qışqırasan ki,
"işini gör". Gec işləyəndə uzun
çubuğu zollayasan belinə. Arada da bərkdən güləsən.
Yaxınına gedib qulağına da güləsən.
Birçəyindən dartıb sarımsaq qoxuyan nəfəsini
ailə tərbiyəsi görməyənin üzünə
hoylayasan.
Qız
güzgüdən ona baxıb yenidən gülümsədi.
Eləcə dedi ki, "yağış gözlənilir".
Xşşşşşş....xşşşşşşş...
Sürücü
qız güzgüdən baxanda oğlanın siqaretin
cığarasını
xışıldatdığını gördü. Başqa səs
də eşitdi. Bu dəfə siqaret qutusunun ucunu
şüşəyə sürtürdü. Eyni anda iki
müxtəlif səs çıxırdı:
Dzzzzz....dzzzzz....xşşşşşş....xşşşşşş...
Müştəri
arada öz-özünə danışırdı:
- Səsi
necə də qəşəng çıxır. Oxayyy.
Dzzzzzzz.... ləzzət edir.... bu səs də həzz verir:
xşşşşşşşşşşş....ürəyim
gedir də bu səsdən ötəri, - deyə cibindən
sıxılmaqla cüyüldəyən plastmas ördək
oyuncağını da bayaqkı səslərin sırasına
qatdı. - cüüüüü...cüüü...
xşşşşşş...dzzzzzz...Hərdən də bu səsləri
başını oturacağa söykəyib
çıxarırdı.
-Bir bilsən
necə ləzzətdir...dzzz.....xşş....içimi
rahatlayır....dzzzz....elə bil cənnətdəyəm.....xşşşşşşş....
Qız
güzgüdən baxıb gülümsədi. Oğlanın
ağzını nırçıldatması ilə yeni səs
salona yayıldı.
Nırçççççç.....nırçççççç.....
O,
dişinin arasındakı tikələri kürdanla
çıxarıb pəncərədən bayıra atmağa
başladı. Təzədən
nırçıldadı....nırçççççç.....nırççççç....
Arada
öskürüb xəfənəyini cibindən
çıxardığı salfetə tüpürdü.
-Tfuuuuuu.....öhööööö....öhööö...öhööö....oxayyy....yüngülləşdim.
Yağış
damcıları get-gedə maşının kapotunu, pəncərələrini
döyəcləyirdi. Taksi şirkətinin rəhbəri
psixoloji testi aparan əməkdaşının vəzifəsinin
öhdəsindən yaxşı gəldiyini deməsi ilə
görüntüləri izləyənlər
razılaşırdılar. Belə işçinin əsəb
yaratmasının qarşısında bu qız tab gətirməyəcək:
"İnanıram ki, yaxın üç kilometrdə
başını sükana çırpacaq, ya da yaxşı
halda mühərriki söndürüb aşağı enəcək,
dərindən nəfəs alıb yenidən salona keçəcək.
Amma siqaret qutusunun ucunu pəncərəyə sürtməsi əla
tapıntıdır". Gözlərini kamera
görüntülərinə dikənlər gülümsədilər.
Yağış
sürətləndi. Sürücü qız şotkanı
işə saldı. Cırıltı səsi salona
yayıldı. Oğlanın ördək oyuncağının
cüyültüsü kəsildi, çünki
şotkanın səsi daha qıcıqlandırıcı idi.
- Kəs
o cüyültünü.
- Əgər
şotkanı saxlasam, yol görünməyəcək.
Qız
müştərinin narahatlığını duyub
maşını saxlayıb endi, yağış
üz-gözünə çırpılsa da, şotkanı
düzəltməyə çalışdı. Yenidən əyləşdi.
Şotkanı işə salanda təzədən cüyüldədi.
- Bu
maşını birinci dəfədir ki, sürürəm.
Şirkətə qayıdanda ustaya baxdıraram.
Oğlan
dillənmədi. Ancaq cüyültü getdikcə beynini
oynadırdı. Sürücü qız gülümsədi:
-
Darıxmayın, ünvana az qalıb.
Narahatlığınız keçər.
Oğlan
qışqırdı.
- Nə
gülürsən? Buynuz çıxarmışam?
Maşın
tıxaca düşdü. Sükanı döndərməyə
imkan tapanlar alternativ yola şütüdülər.
Sürücü qız sakitcə gözlədi.
Şotkanın cüyültüsü, bir tərəfdən də
tıxacdakı maşınların siqnalları oğlanı
təbdən çıxarırdı. Şirkətin rəhbəri
ismarıc yazdı ki, niyə qızı qıcıqlandırmır.
O da cavabında yazdı ki, "mən burda hirsimdən əsirəm".
Müştəri qıza qışqırdı:
- Biz niyə
alternativ yolla getmədik? Niyə mal kimi durub baxırıq?
-
Çünki alternativ yol benzini çox yandıracaq. Az
keçməz tıxac qurtarar, darıxmayın.
Şirkətin
rəhbəri oğlana yanacaq məsələsində
qızın haqlı olduğunu yazdı. Və bir də nədən
hirslənməsini soruşdu. Oğlan cavab yazmayıb hirslə
telefonu oturacağa tulladı. Cüyültülər,
siqnallar, sürücülərin
qışqırığı oğlanı əsəbindən
partladırdı.
- İndi
düşüb o şotkanı sındıracam e...
-
Sındırsaz yolu görməyəcəyik,
yağışın kəsməsinə məcbur
qalacağıq. Axı, siz ünvana vaxtında
çatmalısız, - deyə gülümsədi.
Sürücünün
növbəti dəfə gülümsəməsinə
oğlan yenə qışqırdı:
- Gülməəəəə.....
Tıxac
daha da uzanırdı. Oğlan aşağı enib tıxacda
hansı maşın sahibinin günahkar olmasını bilməyə
çalışdı, bir də uzandığı məsafəyə
baxdı. Çətin ki belə tıxac yaxın dəqiqələrdə
açılaydı. Müştəri hirslə
maşından endi. Hələ yol polisinin əraziyə gəlmədiyini
görüb özü yolu açmağa
çalışdı. Gah hansısa maşının soldan
girməsinin qarşısını aldı, sağdan yolu
açdı. Nəzərə almamışdı ki,
yağışın altına bir köynəklə
çıxıb. Damcılar köynəyini bədəninə
yapışdırmışdı.
Tıxac
açıldı. Oğlan qaça-qaça salona təpildi.
Bayaqdan mühərrikin sönməsi ilə susan şotka yenidən
işə düşəndə, oğlan
qışqırıb yumruğunu qarşı oturacağa
çırpdı. Qız astaca dilləndi:
-
Hirsinizin keçməsi üçün istəyirsiz
bayaqkı cüyültüləri səsləndirin.
- Məzələnirsən?
Məni məsxərəyə qoyursan?
- Xeyr.
Bayaq dediniz ki, ləzzət edir, ona görə dedim.
Şirkət
rəhbəri oğlana zəng edib ona nə olduğunu
soruşdu. O isə telefonu qapayıb maşını
saxlatdırdı. Enərək hirslə maşının
şotkasını dartıb sındırdı. Yenidən əyləşəndə
qız belə vəziyyətdə maşını idarə
etməyəcəyini bildirdi. Oğlan isə
qışqırıb sürməyi tələb edəndə
şirkət rəhbəri susaraq əməkdaşlarına
baxdı. Baxışlarından oğlanın niyə belə
hirsləndiyi oxundu. Bu dəfə zəng edib qətiyyətlə
qışqırdı:
-Şirkətə
qayıtmaya bilərsən. İşdən azad olunursan.
Oğlan
özünə haqq qazandırmağa çalışdı
ki, şotkanın cüyültüsü əsəblərini
pozdu. İstənilən halda şirkət rəhbərinin qərarı
dəyişmədi.
Qız
maşından endi ki, birtəhər şotkanı yerinə
calasın. Ətrafa nəzər saldı. Heç harada kamera
qoyulmadığını görüb oğlana baxa-baxa məşhur
mahnını fitlə ifa etməyə başladı. Oğlan
"hamınız cəhənnəm olun"
qışqırdı.
Azər Qismət
Ədəbiyyat qəzeti.- 2018.- 7
iyul.- S.30.