Əlifba sırası
Dostluq
sırasında ən başda gələn
qardaşlarımdan biri Ağacəfər Həsənliyə.
Yaddaşım
dəftərdi, düzülüb orda
adamlar əlifba
sırası ilə,
düzülüb müdriklər, karlar və korlar,
yatanlar...
əlifba
sırası ilə.
Adamın
ağacdan başqa var kimi?-
boy verir
huşumda adamlar kimi
ərik,
sərv ağacı, gilənar, kivi,
badamlar...
əlifba
sırası ilə.
Məkruh
şamamalar tağa bükülür,
Şəhvət
bələyinə çağa bükülür,
yorğana bükülür, ağa bükülür
"madam" lar...
əlifba
sırası ilə.
O kimdi, sərvəti
yığır cibinə?-
Unamır
zər düzür əcəl ipinə...
Gedir cəhənnəmin
dərin dibinə
nadanlar...
əlifba
sırası ilə.
Yoxsul var
unudub ağzın yerini-
olanı
bir sümük, bir də dəridi...
Böyründə
dünyanın nemətlərini
udan var
əlifba
sırası ilə.
Qalxıb
baş budağı ötür yan şaxlar,
yanları vəsf edir törə yanşaqlar...
Tarix girdabına gömülür şahlar,
sultanlar...
əlifba
sırası ilə.
Üz
cırıb, diz döyür arzusuz ana,
Nədir
qır qazanı - haram su, vanna...
Görüm
yerə girsin şərlə suvanan
o damlar
əlifba
sırası ilə.
Orda haqq
sayılır burdakı dəli-
Kələkbaz
əllərin sonu gülməli;
biləkdən kəsilir, dərgaha əli
çatanlar əlifba sırası ilə.
İmza
Məni təsdiq
edir;
imzama
əhsən!-
Nəyin
hökmü var ki, bu qara qədər?
Çəkdiyim
qolları uc-uca düysəm,
Uzanar Bakıdan Ucara qədər.
İmza
atmasam da şübhəli yerə,
Yenə də
çox oldu, saya
bilmədim.
İmza
qoymadığım xəyanətlərə
Nöqtə
qoymalıydım...
qoya
bilmədim!
Bir canda iki can
Qəddim
gər ağacdı - iki haçalı;
yanaşı tərpəşir bəmim və zilim...
Birdən
şümallaşır, birdən qocalır,
gah
yanır, gah da ki, buz olur əlim!
Cüt
qanad kəpənək...
gül
arasıyam;
kəpənək zərini qıymıram silim...
Bəzən
bal qarpızın tən parasıyam,
bəzən də yemişəm; ikicə dilim.
Şəkərlə
zəhərin yurdudu içim,
İlan
dili kimi haçadı dilim...
Bir
anım iki an olduğu üçün
ikiyə
vururam hər ötən ili.
Dəst
tutub uçanda Təbrizə, Qarsa,
itəndə qatardan ilimbəilim,
Çarpan
cüt qanadım, göy üzü varsa
yenə
də siz məni çoxluqda bilin!
Ruhum var,
cismim var-
ikisi
birdə;
biri
ağıllıdı, o biri dəli;
Onlardan
bezəndə günün birində
həmkarım olacaq torpaq mənzilim.
İlmələr
cüt-cütdü, cismimə bax ki-
qan dolu
damarla toxunmuş kilim.
Qəribə
adamsan, Allahın
haqqı,
Ay Vaqif
müəllim, Vaqif müəllim!
Düzəliş
Açıb
kələfi sonra hördüyümü yazıram,
Nahaq mənim adıma, bu, şairdi, deyirlər.
Şair
deyil, mirzəyəm, gördüyümü yazıram;
Bir
anım getmir hədər,
yazıram axşam-səhər -
Füzuli
dəftərinə
Sabiranə
şeirlər...
Konsert
Muğamat
gecəsidi -
üçlik
qalxmış yuxarı,
Salon
tutmur adamı,
muğama
təzim üçün.
Xanəndənin
başında tavan deşən buxara -
Ayrı səbəb nə gərək yüksələn
təzyiq üçün?
Həlli
çətin tənlikdi,
təbaşir
əldə gərək;
Müğamat
ölçü-biçi,
təbabət,
həndəsə, cəbr...
Uçrumlardan
aşmağa qəlb azdı,
kəllə
gərək -
Dərddən
qəsr tikməyə
hər
kəsdə çatmaz səbir!
Tar
dırmaşır sinəyə,
kaman
dizə alçalır,
xanəndə iç artdayır, sığal çəkir qavala-
hələ nə zil, nə bəm var...
tamaşaçı
əl çalır,
könüllü gedir hamı gözlənilən zavala.
Mizrab simə
toxunur;
əsir
ruhun telləri,
Biçarə
vurğunların içində biri, mənəm;
nədən qumbara kimi yumrulanıb əllərim,
nədən hamı ölüdü, azacıq diri mənəm?
Nə
itim azıb axı "Şikəstə"də,
"Qatar"da-
Xilqətin
səsi batıb, əlləşirsə can ilə?
Söz
yox, üsyandı muğam-
Amma,
nə zaman, harda?
Bəzən
yatırtmaq gərək üsyanı üsyan ilə!
Cilovlaya
bilmirəm içimdəki dəstgahı,
Müxalifəm
"Rast" ilə,
"Çahargah"a
sözüm var.
Xanəndədə
görürəm, sözün düzü, günahı -
O, səs
zərbinə dözür,
məndə
dərdə dözüm var!
Gen
qavalı dirəyib diricə... dar qulağa
zülm
çəkir xanəndə,
guya
bizdə səs yoxdu?!
Səsi
çoxdan azdırıb salmışıq qarquluğa,
Məndə
səs "N" qədərdi,
çəkməyə
nəfəs yoxdu!
Bağırtı
xaric xaldı qəmin zümzüməsində,
"Heyratı" tox oyunu, "Segah" yetim
ahıdı.
Xanəndə,
çəkilmisən qavalın kölgəsinə,
Gün
çartladıb sinəmi,
sınıq
könlüm axıdır!
Sən
zildəsən,
bəm
qəmi dartıram pillə-pillə-
şappıldadıb qavalı tarçıya göz
basırsan.
Mənim
qoğal üzümün
naharı,
şamı şillə,
qardaş,
bir yandan da sən
yarama
duz basırsan.
Yumursan
gözlərini...
gözüyumulu
tanı,
ayır
dinləyənlərin namərdini, mərdini.
Dərdliyə
xanəndətək,
millət
qayğısı hanı?-
Xanəndə
dərdlərimiz ölür qayğı dərdindən!
Kamandarın
əlində kaman baş çapan düsər,
Baş qoyaram altına, olmasa el qınağı.
Qıy
çəkərəm, xanəndə, qaval əlindən
düşər,
Tarçıya
tabut olar tarın oyuq çanağı!
...Bu
muğamat gecəsi...
fikir
dolu başımtək,
Boğazım kamançanın qolu kimi incəlib.
Bürüyüb
tamaşaçı dörd bir yanı qoşuntək -
Xanəndə,
sən səsi kəs,
mən
də sözü, dincələk!
Ana yoxluğunun təsəllisi
Məni
necə də
güclü doğmusan, ana,
gündüz də, gecə də
dərdi
çırt-çırt çırtlayıb
qatbaqat əzaba
dözürəm -
ilmüdam bel bükük,
ilmüdam gözü nəm...
Nə
yaxşı ölmüsən, ana,
nə
yaxşı yoxsan;
çırta-çırt yanan
qatbaqat
yumulan oğluna baxıb
çatbaçat olardın yoxsa...
Qəfil ölüm
Mənə
başsağlığı verin, a dostlar,
Cismim
külə döndü, bu gecə....öldüm
İçimi
buz tutdu, ayağımı qar -
necə
lazım idi; eləcə öldüm!
Qəfil
çilikləndi çinim içimdə;
Tüstü
kimi uçdu cinim içimdən...
Terror
törətdilər mənim içimdə-
O yalan
sözdü ki, gizlicə öldüm.
Bu həyat nə imiş? -
Uşaq oyunu...
Tez getdim,
görmədim, həyat, vayını!
Qucdum xəyalımda
kölgə boyunu
Bir qara həsrətlə iç-içə
öldüm.
Nələr
çəkdiyimi o ahum bilir;
ölürəm, bunu da günahın bilir...
necə
doğulmuşam, Allahım bilir-
amma
heç bilmir ki,
mən
necə öldüm!
Həyatın izahı
Nədir ki, bu həyat? -
Bu həyat;
biri-birini
gəzən
iki qəribdən,
biri-birini
gəzən
iki qəribin
biri-birinə rast gəlmədiyi
nəhayətsiz qürbətdən
ibarətdi.
Nədir ki, bu həyat? -
hamının can atdığı
amma bir
kimsənin
əli
yetmədiyi sərvətdən
ibarətdi.
Nədir ki, bu həyat? -
ilğım görsənişi,
çılğın
təbəssüm,
Sonda
möhtəşəm firqətdən
ibarətdi.
Nədir
ki, bu həyat -
qafa
çatlamasa əgər;
"səni... sevirəm..."
zikriylə düşünməkdən
və
qaibdən üç dəfə:
Yox! Yox!
Yox! -
qiyamını eşitməkdən
ibarətdi.
... üç
"yox"dan sonra
daha
durmamaq həyatda,
cəhənnəmin
orta
göbəyinə getməkdən
ibarətdi... bu həyat!
Ömür testi
- Atan kim
olub, oğlan,
- Heç kim...
otuz
yeddi qollu
yarımçıq dastan!
- Anan kim olub, oğlan,
- Heç kim...
açılmadan solan gülüstan,
Mən
olanda olmayan,
mən
olmayanda olan!
- Ürəyin varmı, oğlan?
- Söz
qaynayırsa, bəli,
ürəyim var, deməli!
-
Çörəyin varmı, oğlan?
-
Korluğum yoxdu ondan;
Əllərimi
yeyirəm,
Buna
şükür deyirəm!
-
Vardırmı suyun, oğlan?-
Buna da bir
cavab düz!
-
Gözümün işığını
İçirəm
gecə, gündüz!
-
Oğlan, varmı məzarın,
- Ondan
asan nə var ki...
Öz əlimlə
qazaram!
Biyaban
Gəldim...
güldüm
dünyaya,
dünya
güldü gələnə,
Bərəni
sutək aşdım, qan bələnə-bələnə...
Necə
qıydı Yaradan, beşikdəykən hələ mən
qəmi
qədəmlərimə sərdi biyaban-biyaban?
Gördüm
dörd bir tərəfim şərdi biyaban-biyaban!
Mən həyata
hücumda, həyat mənə hücumda,
Qismətim
iştah dələn sivri şişin ucunda...
Baxıb
suçsuz içimə, suç utandı suçumdan;
Atıb
belimə, datdım dərdi biyaban-biyaban,
Tanrı
dizimə taqət verdi biyaban-biyaban.
Anladım
ayrı döləm qarışıq döllər içrə,
Vaxtımı
puç etmədim solağan güllər içrə,
Azdırdım
dənə-dənə bihudə çöllər içrə;
namərdlər xirtdəyəcən kirdi biyaban-biyaban,
seçib ayırdım qumdan mərdi biyaban-biyaban.
Fələyin
buynuzunda Şəngül, Şüngül, Keçi, Ot,
Allah
yelpik çalmasa qızdırarmı peçi od?
Həcdən
dönən qafilin ayağı su, içi od
-
gen
dünya boş başına dardı biyaban-biyaban,
Aqilin haqqa yolu qardı biyaban biyaban.
Tər
töküb lək göyərtdim; gözü bağlı,
dili lal,
Tikanı
mənə batdı, güldən çəkdi arı bal.
Can
çıxardım satmağa, baxan olmadı, dəllal
özünə
sarayları qurdu biyaban-biyaban,
xəlvət bazara qoydu yurdu biyaban-biyaban.
O yol
hansı yoldu ki, sona qədər çən ola?
Qanlı
can vuruşunda bircə tas... bitən ola!
Düz
oyunçu axtardım Əzrayıla tən ola
-
gəzdirdim qoltuğumda nərdi biyaban-biyaban,
Qandım
dünya çoxüzlü zərdi biyaban-biyaban!
Zaman cəhrə
zamandı, ip uzanar əyirsən,
Sonu kəfəndi
ipin; nə başına döyürsən?-
Özünü
yorma, Vaqif, sən cadügər deyilsən -
Dörd cəhət
qarış-qarış sirdi biyaban-biyaban,
Qovub namərd
eləyir dərdi biyaban-biyaban!
Fərziyyə
Barəndə nə yazım? Yaza bilmirəm
fatihə
hökmündə, mərsiyə sayaq...
Yenə,
amma yenə, nəsə bilmirəm!
Bəlkə ötən ömrü tərsinə sayaq?
Əzəldən
qəlizdi sevgidə mətləb -
hərflər dəftəridi; cızıqları çəp!
Zəng
çoxdan vurulub,
sovuşub
məktəb,
bir
uşaq gecikib dərsinə...
sayaq!
Tökdüyün
gözyaşı sudu aşında-
Bərə itimişəm ovçu yaşında.
Bu həyat
cəngində,
can savaşında
gülləyə gəlibdi tər sinə; sayaq!
Yolum yoldan çıxıb yoluna
baxmış,
yolun yol
deyilmiş,
yolsuza
bəxtmiş...
Yoluma
çıxmağın, tutalım, haqmış,
gen yolda
azmağın tərsi nə sayaq?
Başıma
od tökür bu su ayrılıq,
Susub
görüşmüşdük,
susub
ayrılıq!
Nə o
sevda olub, nə bu ayrılıq;
nə
olub... olanı fərziyyə sayaq?
Qocalıqda yorğalıq
Bir vaxt
cin deyirdi rəhmətlik nənəm -
mən
şair deyiləm, küpəgirənəm...
At kimi
kişnəyir altımda qələm
yolun
ayağımdan çəkilən vaxtı.
Məndə "dayan" hanı, "dur" hanı, qağa?
Tər
töküb dartıram aranı dağa...
Əllərim
uzanır ən dik budağa -
nar gəzir
dişimin tökülən vaxtı.
And olsun
Allaha, saymıram yükü,
Yenilməz
öküzəm, Heraklam ki...
Dünyanı
çiynimdə saxlayım bəlkə
qoca dizlərimin
bükülən vaxtı?..
Axirət
Düzdü,
bir zamanlar səni sevirdim
indi sən
ayrısan,
indi
yar ayrı.
Ömrümün
altını üstə çevirdim,
eşq
ayrıdı gördüm, iqtidar ayrı...
Yağdır
qarğışını, istəsən söy də;
Zəncirli bir qulam başqa niyyətə.
Deyəsən,
ixtişaş
baş verib göydə,
ayrı
Allah gəlib hakimiyyətə!
Nidalı qoşma
Doğmalar
ortadan çatbaçat olar,
yadın
nə vecinə... qıraqdan ölər.
Sanma ki,
şeytanın kisəsi dolar-
o da bu səhnəyə
maraqdan ölər!
Tamah ov
dalınca Günəşə gedər
ovçu
namərddisə, hər işə gedər...
Ürəyi
partlayar atəşə qədər -
ovun mindəbiri
yaraqdan ölər!
Varmı
çarə görən?.. Can gora görə,
aşiq
yara görə, xan vara görə,
ordu bada
gedər sərdara görə,
başı keyidənlər araqdan ölər!
Yağı
darışıbsa yurdun canına
Dağ, dərə
bürünər matəm donuna!
Analar
yalayar şəhid qanını,
Atalar beqəfil
soraqdan ölər!
Saplaqdan
üzülən gül olar Vaqif,
Dibindən
kəsilən dil olar Vaqif,
Baxıb
el dərdinə, kül olar Vaqif
Qələmdən
qoruyar, varaqdan ölər!
Ən yaxındakı Tanrı
Darıgöz
bildirçinlər, əlbət
bəyliyi biçində görür!...
Bilir;
qürbətdi dörd cəhət,
amma
bununla belə
durnalar
uçur yenə də;
mənanı köçündə görür.
Kor olsun o
bulaşıq göz ki,
eşqi...
qadın cildində görür!
Çürüsün
o dolaşıq diz ki
çöküb göy üzünə bükülür,
son əlacı
dində görür!...
Biz ifrat dərəcədə
azıq,
Çoxluq
- varı cibində görür!
Onçun
da xəyalən azıb
şeytanları qovur yazıq,
günahları cində görür.
Nə təhər
göyərsin eşq;
gül
solğundu, bülbül asi
Doğum
sıçrayış,
ölüm
son məşq-
azca
yüksələn... xilası
intihar
ipində görür!
Dörd
yan dərvişdi; cənnəti
Çində,
Maçində görür...
Xoş
halına o ümmətin
lağım atır dərin qata;
Tanrını içində görür.
Vaqif BƏHMƏNLİ
Ədəbiyyat qəzet.- 2018.- 7 iyul.- S.24-25.