Demirəm, deyirəm...

 

Bu qış da, bu yaz da çənin günahı,

Torpağı, buludu, suyu ayıltdı.

Bu, elə bir az da sənin günahın,

Getmisən, deyirəm bəlkə qayıtdı.

 

Qor deyil, gözümə tökəm, yaşaya,

Alovdu, yandırır sümüyə qədər.

Dərd deyil, sinəmə çəkəm, yaşaya,

Tüstüdü, tütündən demiyə qədər.

 

Qalayıb getmisən soyuq sobanı,

tüstü yolu var, bacası var.

Tüstüsü çatladır uca tavanı,

Uçur kərpic-kərpic, sökülür divar.

 

Əsdi, yelpiklədi külək odu,

Sən od üstünə çır-çırpı atdın.

Deyirəm, buraxıb bəlkə inadı,

Deyirəm, deyirəm bəlkə qayıtdın.

 

Tutub kirpikləri payız qırovu,

Gözümün altından soyuq çən keçir.

Unudub qarmağı, suyu, tilovu,

Ümidlər sürüşüb əlimdən keçir.

 

Yanında qaradı yolların üzü,

Yarı sərxoş etdi, yarı ayıltdı.

Keçmir ürəyimdən, sormuram, düzü,

Demirəm, deyirəm, bəlkə qayıtdı...

 

İçimdəki səslə

 

Daşa-daşa çırpa-çırpa

Çiynimdəki qanadları.

Addım-addım yol gedirəm,

İçimdəki səsə sarı.

O ilıq səs, o həlim səs

Yuduqca öz sahilini.

Baxar, bircə lal baxışla

Duyar, anlar lal dilini.

İçim bir quş yuvasıdı,

Yağmur yuya, gün isidə.

O səs bir yaz havasıdı,

O, üşütməz heç pisi .

Çiynimdəki qanadları

Çırpa-çırpa dağa, daşa.

Addım-addım yol gedirəm

İçimdəki səslə qoşa.

 

Könlümün şəklini çək

 

Yağış ver, könlümü yuyum,

İşıq ver gözümə çəkim.

Bir kağız ver, bir qələm,

İçimin şəklini çəkim.

 

Buludu, yağışı, qarı,

Ələnsin çin-çin üstünə.

Düşsün göyün gözəlliyi,

Çəkdiyim şəklin üstünə.

 

Soyunum var üstümdə,

pencək olsun, köynək.

Dünya mənim könlümdədi,

Sən könlümün şəklini çək.

 

Səndən sonra

 

Qapını örtüb getdin,

Səndən sonra

Nələr oldu, nələr.

Ağzımda kabab oldu

Sənə deyə bilmədiyim kəlmələr.

Söndü arxanca

Təbəssümüm qonça-qonça.

Arada vardısa

Yetişmiş tut kimi

Silkələnib töküldü.

Baxışlarım qapıya çırpılıb

Quru çörək kimi

Tikələnib töküldü.

Səndən sonra oldu,

Könlümdən ağlamaq keçirdi,

Gedişin bəhanə oldu.

Bir payız yağışı başladı

İçimə yağmağa.

Gücüm yetmədi

İçimdəki qəhəri boğmağa.

Səndən sonra oldu.

Ürəyim dopdolu,

Yağmaq istəyirdi.

Gedişin bəhanə oldu.

 

Nahaq qana düşdü

 

Keçdi payızın içindən,

Yağışa, dumana düşdü.

Hər kəs ona bir dil verdi,

O da bir gümana düşdü.

 

Bir gün asıldı telindən,

 

Düşdü tilova dilindən,

Qaçıb fələyin əlindən,

Bir yalan zamana düşdü.

 

Çəkdi qılıncı çar-naçar,

Bağrı oldu qızılca nar,

Öldürdü içində var,

Heçdən nahaq qana düşdü.

 

Təbriz bayraq qaldırıb

 

Qalxıb Səhəd dağına, bütövlük sevdasıyla,

Təbriz bayraq qaldırıb "Misri" havası üstə.

Döyüş başlasın deyə sərkərdə ədasıyla,

Qılıncını sıyırıb düşmən yuvası üstə.

 

Marağa geyinibdi daha döyüş libası,

Səbrin bir həddi var, daha səbirdən keçib.

Qolundakı zənciri qırmaqdı son davası,

Bu yar-yaraqlı istək Arazdan, Kürdən keçib.

 

Xəbər çatıb Əhərə, Zəncan ayaq üstədi,

Mərəndin qapıları açıqdı dost üzünə.

Döyüş təzə qızışır, gələn təzə dəstədi,

Cənub qulaq kəsilib Təbrizin son sözünə.

 

Bu dava can davası, bu dava qan davası,

Yüz illərlə əzilən indi qalxıb haqq deyir.

Dağılır bir kəsalət, bir rəzalət yuvası,

Hər sözü indi Təbriz əlində bayraq deyir.

 

Köksü qabarıb qalxır, qalxır Urmiya gölü,

Qəmdən quruyan suyu, sevinc yaşıyla dolur.

Beş əsrdi bayılıb yatan Çaldıran çölü

Təbriz bayrağı altda indi səfərbər olur.

 

Təbriz bayraq qaldırıb

                        Cənubdan Şimaladək

Hər kəs ayağa qalxsın adına - sanınacan.

Haydı, atlanın daha, birləşək bir yumruqtək,

Təbriz döyüşəcəkdir son damla qanınacan.

 

Adsız şeir

 

Bir gün qayıtsa

İtirilmiş torpaqlar -

O torpaqların

Ən uca yerində

Yenidən yansa

Sönmüş çıraqlar.

İtmiş qürurumuz

Yenidən qayldacaq.

Sinəmiz sökülən yerdən

Yenidən tikilsə.

Çəkilən dərdlər,

Başdan çəkilsə.

Yaşıl yarpaqlar üstə

Düşmən qanı tökülsə.

Qarşımızda yağı dizi bükülsə.

İtmiş qürurumuz

Yenidən qayıdacaq.

Qürurumuz qayıdan yerdən

Bənövşələr açacaq.

Bənövşə yarpaqlarından

Üçrəngli bayraqlar asılacaq...

 

Bu gecə

 

Pəncərəm gecəyə açıq,

Soyuq qəm havası dolur.

Bu gecə mənim ürəyim

Bir qüssə yuvası olur.

 

Bu gecə ağır gecə,

Səni unutmaq çox ağır.

Qüssə qara duman kimi

Başımdan aşağı yağır.

 

Bu gecə yavan çörəyə,

Qəm-qüssə yavanlıq olur.

Gecə üyüdür ömrümü,

Ürəyim xırmanlıq olur.

 

Əlini qana batırma

 

Bu baxışlar baxışdı,

Adamı yerdən eləyir.

Gülüşlərin qapı açır,

Təbəssümün əl yelləyir.

 

Burda divarlar alçaqdı,

Baxma, qonum-qonşu görər.

Gündüzün işıqlı vaxtı,

Birdə çölün quşu görər.

 

Qatillər belə olmur heç,

Gülə-gülə öldürməzlər.

Bəlkə günahdı, adamı,

Vallah, belə öldürməzlər.

 

Tut qolların arasında,

Bir qaşıq suda batırma.

Öldür, öpə-öpə öldür,

Əlini qana batırma.

 

Məmməd TAHİR

 

Ədəbiyyat qəzeti.- 2018.-7 iyul.- S.21.