Anar, əziz qardaşım
Anar, əziz qardaşım,
Dağ gövdəli
Beyrəyim.
Vaxtı
saxlamaq olmur
Zaman ötür,
neyləyim?!
Hərdən cavan olursan
Yeni sevda başında.
Hərdən müdrik olursan
Dədə Qorqud yaşında.
Ucalan sərt qayasan
Dəryaların içində.
Allah səni saxlasın
Bu nəmdə, bu
biçimdə.
Sən Habilin kamanı,
Ədalətin sazısan.
Hər yeni əsərinlə
Nəsrimizin yazısan.
Hərdən çıxır qarşına
Vicdanını satanlar.
Çamurda böyüyübdü
Sənə çamur atanlar.
Bulaq kimi təmizsən,
Sözün çiçəkləyən yaz.
Üzdən Kür kimi sakit,
İçdən kükrəyən Araz.
Sən yaşadığın yerin
Sehrdi hər guşəsi.
"Beşmərtəbəli evin
Altıncı mərtəbəsi".
O ev yaman
hündürdü
Eyfel qülləsi
kimi.
Sözün dəyib hədəfə
Ovçu gülləsi kimi.
Hər əsərin bir nəğmə,
Hər cümlən
bir şeirdi.
Bizi tilsimləmisən
Hər sözün
bir sehrdi.
Əbədiyyət bağının
Damarında qanısan
Ədəbiyyat mülkünün
Tərtəmiz vicdanısan.
Bir şair dostum vardı
Bir şair dostum vardı,
Tofiq Mahmud adında.
Sevgisi oxunardı.
Gözlərinin odunda.
Sadəydi Tofiq Mahmud,
Şagird imlası kimi.
Təmizdi Tofiq Mahmud,
Bulaq damlası
kimi.
Görüşlərdə sözləri
Şam kimi yandırardı.
O, şeir oxuyanda
Bülbülü andırardı.
Sözləri muncuq kimi
Sırayla düzülərdi.
Elə bil ki, kəlmələr
Qayadan süzülərdi.
Gah çiçəkdən yazardı,
Gah yağışdan
yazardı.
Çiçək kimi bitərdi,
Yağış kimi yağardı.
Yağışlı şeirləri
Gəzərdi göy çəməni.
Düzərdi hər tərəfə
Topa-topa səməni.
Sözləri böcək kimi
Çəmənlikdə uçardı.
Zərif
qanadlarından
Qığılcımlar saçardı.
Bir şair dostum vardı,
Tofiq Mahmud adında.
Sevgisi oxunardı
Gözlərinin odunda.
Teymur Elçin müəllimə
Dinlə,
Teymur müəllim,
Mənim
böyük qardaşım!
Səni
xatırlayanda
Göyə ucalır başım.
Sən bizim şairlərin
Əlasıydın, xasıydın.
Sanki bahar fəslinin
Açılmış yaxasıydın.
Sözlərin quş qanadı
Ağ, qırmızı,
gümüşü.
Şeirində çiçək açır
Körpələrin gülüşü.
Sən Şuşa dağlarının
Sərin nəfəsi idin.
O çağlayan Qarqarın
Şirin nəğməsi idin.
Yekəydin, cüssəliydin
Elə bil ki, dağ idin.
O qədər təmiz idin -
Bir yekə
uşaq idin.
Görüşəndə üzümə
Günəş kimi baxardın.
İsa bulağı kimi
Çağlayardın, axardın.
Dinlə,
Teymur müəllim,
Mənim
böyük qardaşım!
Səni
xatırlayanda
Göyə ucalır başım.
Zahid Xəlil
Ədəbiyyat qəzeti.- 2018.-
7 iyul.- S.7.