Səni soruşmaq istəyirəm...
Görüş yerləri
bağçamızdakı rəngbərəng çiçəklərin ləçəkləri olan
arılardan soruşmaq istəyirəm səni.
Bağçanızdakı güllərin ləçəklərindən öpəndə
bizim çiçəklərin ətri çökürmü onlara?
Sizin həyətin tozunu bizə gətirən
bizim həyətin tozunu sizə aparan küləklərdən
soruşmaq istəyirəm səni -
ətrini o tozlara qarışdırıb
gətirə bilərlərmi mənə?
Məni sevdiyini söylə külək əsəndə,
əzizim,
necə ki mən pıçıldayıram küləklərə səni sevdiyimi.
Bilirəm ki, o pıçıltım
qarışacaq tozlara
bələnəcək
adamların külək əsdikcə
ovxaladıqları gözlərinin yaşına
son ünvanı sən olacaqsan
ürəyin olacaq
gözlərin olacaq
sevgilim...
Səni
yaxıb-yandırsa da,
tale kimi
qaraltsa da
bax günəşə,
doyunca bax,
qorxma...
Səni
öpüb yorulanda
mənə qonaq gələcək
üzünü, gözlərini
öpdüyü zər
telləriylə
öpəcək mənim
üzümü,
gözlərimi,
isidəcək ürəyimi.
Dadacaq
sevgini
sevgi dolu olacaq günəş
əvvəl sənin
sonra mənim ürəyimə dolacaq
günəş.
Gözəl günəş,
sevgili günəş
işıq saçanda
ağıllı
yaxıb-yandıranda dəli
günəş...
Dənizə
vurğun qağayılardan
qışın qarında,
şaxtasında vətənini
tərk etməyən
sərçələrdən
sahibini qoruyan itlərdən
soruşmaq istəyirəm
səni.
Öyrətdilərmi sənə etibarlı olmağı
sevdiyinə xəyanət
etməməyi...
Səni
yalnız səni
soruşmaq istəyirəm
gördüklərimdən
yaxşılardan yaxşı
nə varsa öyrənməyini
istəyirəm
sevməyini
istəyirəm
sevməyini...
Sevmək üçün yaranmaq...
Elə getdin...
Ürəkli olduğum vaxt ruhumdan çıxan qorxu kimi,
Evdəki
səs-küyə dözə
bilməyib
gözlərimdən qaçan
yuxu kimi
çəkilib getdin...
Niyə getdin?
Hara getdin?
Tənhalığamı pənah aparım?
Tənhalıqlamı edim sənə xəyanət?
Yox! Bunu
bacarmaram.
Mən səni sevmək üçün yaranmışam, əzizim,
itirmək üçün
yox...
Uçurum
Yay gəlib
Qılınclı-qalxanlı, toplu-tüfəngli
ordu kimi
küləklər kəssə
də yolunu
bağçamızda çiçəklər
açıb
bağımızda meyvələr
yetişib.
Nə xəzri
nə də gilavar kəsə bilmədi
bu yay
yenilməz qəhrəmana
bənzəyən
günəşin
yolunu
sevgim də bu cür dolub sənin
ürəyinə
xəyanətə gedən
yolun
uçurumundasan
yıxılsan da sağ qalacaqsan...
Səni
sevgim qoruyacaq
Bu yayın günəşinə
bənzəyən sevgim...
Uzaqları görmək
üçün...
Ağladım
çəkildi gözlərimin
suyu
qışda axşam
düşüncə
çöllərdən əl-ayaq
çəkilən kimi...
Uzaqları
görmək üçün
açdım pəncərəni,
Otağıma doldu, sarıldı
ruhuma
sərin hava...
Əvvəl
gülümsəməyi öyrəndim,
Sonra
qəhqəhə çəkməyi
Təzələdim
üst-başımı,
hündürdaban
ayaqqabılar aldım -
boyum bir az da uzandı,
həqiqətdən
bir az da uzaqlaşdım
və
beləcə
çıxdım depressiyadan...
Ayrılığı tərk etmək
Gözlərimdən
gülüş,
sevinc ayrılan kimi
ayrılıb getsəm
uzaqlara
yaralı ürəyimin
qaysağını qoparan
kimi
qoparıb baxışlarımı
gözlərindən
gedərdim
mümkün olsaydı
getmək...
gedərdim yeni sevgilər olan yerə
gedərdim
məsələn
dənizlə göy üzünün öpüşdüyü
üfüq xəttinə
tərəf.
Amma, sevgilim,
ordan da
ayrılıq qoxusu gəlir,
orda da
sevgi var,
saflıq var,
ölüm var...
Mümkün olsaydı getmək
ayrılığı tərk
edərdim...
Qara kağız
Yenə
qapıda
bir üzündə
işıqpulu yazılmış
kağız
kasıblığa təslimiyyət
bayrağı kimi yellənir...
o biri üzünə gözlərimi siləcəm -
qaranlıqda qalanda
görməsinlər göz yaşlarımı...
Mən zəif deyiləm,
qaranlıqdan yox,
qaranlığı aydınlatmaq
üçün
gələn ağ kağızlardan qorxuram.
Qaranlıq rəngində
zülmət rəngində
ölən ümid
rəngindəki ağ
kağızlardan...
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2018.-
7 iyul.- S.11.