Məti Osmanoğlunun

Zaman və Yaddaş mətnləri

 

Taleyin böyük lütfləri var və bu lütflərdən biri də budur ki, sənə öz müəllimin olmuş bir insan haqqında yazmaq şansı qazandırır. Müəllimim Məti Osmanoğlunun kitabı haqda yazmağı düşünəndə nədənsə, bir anlıq məhz bu məqama kökləndim. Xəyal məni tələbəlik illərimə apardı. O illərdən qazancımız nə oldu? Uğurlu təhsil, yaxşı dostlar, bir də sevimli müəllimlərimiz. Aradan nə qədər il keçib, amma irisindən xırdasına o zamanı xatırladan çox dəyişməzliklər var. O dəyişməzliklərdən biri də Məti müəllimin üzündən heç vaxt əksik olmayan təbəssümüdür. İndi bu sətirləri yaza-yaza öz üzümə də təbəssüm yayılır, özümü dəyərli alimimiz Rüstəm Kamalın "ərazisinə" girmiş kimi hiss edirəm. Belə nüansları tutub ədəbiyyatlaşdırmaq Rüstəm müəllimin monopoliyasındadır axı. Amma elə bilirəm, Rüstəm müəllim məni bağışlayar, ən azı ona görə ki, Məti Osmanoğlunun kitabına yazdığı gözəl bir ön sözlə bu mövzuda rahat və sərbəst danışmağın haqqını halal edib bizlərə.  Bu iki alimin çağdaş ədəbiyyatşünaslığımız üçün nadir şünaslığı ayrı bir söhbətin mövzusudur, təbii. Ən azı buna şahidlik edən böyük ömür var meydanda. Meydana gec qoşulanlar üçün isə "Ədəbiyyat qəzeti"nin səhifələrində dörd ilə yaxın sərgilənən alim, tədqiqatçı yazılarının nümunələri. Mirzə Cəlil demiş, inanmırsınız, tökün qəzeti qabağınıza baxın.

Bu yaxınlarda Məti Osmanoğlunun iki kitabı işıq üzü gördü: "Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı" və "Sözün o üzündə". Nəhayət gündəlik qayğılardan, iş gərginliyindən, yazı həyatının sizif əzabından imkan tapıb yazılarını iki kitabda sistemləşdirməyə müvəffəq oldu. Müəllim obrazını tamamlayan tədqiqatçı alim statusunu bütün səviyyə-səciyyələrində meydana çıxardı.

Məti Osmanoğlunun maarifçilik fəaliyyəti müəllimliyi ilə başlayır və bu gün də gəncliyin dünyagörüşünün biçimlənməsində müstəsna rola malik ziyalı olaraq tərəqqipərvər missiyasını davam etdirir. Bu adın zərafətinə xələl gətirmədən yaşamaq mənəvi vicdanın və həqiqət duyğusunun ifadəsi kimi Məti müəllimin bütün yaradıcılığını uğurla ehtiva edir. Yazılarında müəllim-araşdırmaçı mövqeyi qabarıqdır və bu mövqe araşdırmaçı dərinliyi ilə müəllim əxlaqının eyni qütbdə birləşən mahiyyətindən soraq verir. Mən əxlaq amilini nahaqdan vurğulamıram, Məti Osmanoğlu ədəbiyyata baxışından tutmuş insanlara yanaşmasına qədər əxlaqı meyar edən ziyalıdır və araşdırdığı bütün məsələlərə də məhz, əxlaqi bütövlüyün mərtəbəsindən nəzər yetirir.

"Sözün o üzündə" kitabındakı məqalələr bir neçə bölümlərə ayrılır və problem tərkibi etibarilə bir neçə axtarış, mətləb və mahiyyət ətrafında sistemləşdirilir.

"Sizə kimdən deyim"... Kitabdakı ilk tədqiqat yönlü məqalə bu adla başlayır və sərlövhəyə çıxarılmış ad bölümdəki məqalələrin ümumi məntiqindən doğur. "Koroğlu" dastanı ilə bağlı izahlara, elmi qənaətlərə həsr olunan bu məqalə elə Məti Osmanoğlunun özünün də dastançılıq ruhunu üzə çıxarır. Yazıların hər birinin struktural altyapısında dastan ruhu, epos təfəkkürü boy verir və elə bu, alimin özünün də obrazını təyin edən başlıca amilə çevrilir. Məti Osmanoğlu haqlı olaraq, hər bir yaradıcı şəxsiyyətin həyata baxış özəlliyini  onun uşaqlıqdan canına hopdurduğu ədəbi və mənəvi qaynaqlarda axtarır, daxili-məzmun bağlarını milli təfəkkürə bələdliklə əlaqələndirir, "epos ilk növbədə milli yaddaşın və milli idealların daşıyıcısıdır",  - deyir.  Zaman keçir, ədəbiyyatın keçdiyi təşəkkül yolunda bu qaynaqlar milli yaddaşın qorunma məxəzinə çevrilir. Çünki dastan ruhunun payladığı enerji heç vaxt itmir, bir şəkildən o birinə, bir insandan digərinə keçərək yaşanır, qorunub saxlanır: "dastanın mətni, sadəcə, kitabdan gələn "kənar hadisə" kimi deyil, əcdadların nə vaxtsa yaşadıqları və sonrakı nəsillərin şüurunun altına həkk olunmuş real həyatın ayrılmaz bir parçası kimi qavranılır.... Oxucu da, dinləyici də bir vaxtlar əcdadların yaşadıqlarını yenidən yaşayır".

"Sizə kimdən deyim", "Rövşənmi, Uruşanmı" məqaləsində Məti Osmanoğlu "Koroğlu" dastanını problematik müstəvidə araşdırır,  artıq başlığa çıxartdığı sualla mübahisəyə giriş edir, məsələyə aydınlıq gətirmək üçün dərin bələdlikdən soraq verən konstruktiv yanaşma sərgiləyir. Söhbət milli yaddaşın cismləşməsindən, eynik dəyərin maddi çalar kəsb etməsindən gedir. Məti Osmanoğlu milli varlıq amilini ön plana çəkir, "Koroğlu" dastanında predmetləşən mənəvi mədəniyyəti qeyri-türk mənşəli yanaşmalardan arındırmağa çalışır. Dastanın əsas qəhrəmanının adının Rövşən deyil, Uruşan olduğunu əsaslandırır: "Uruşan" türk, "Rövşən" isə fars mənşəli sözdür. Əslində, türk eposunun baş qəhrəmanının adının türk mənşəli olması tam qanunauyğun və təbii hadisədir"; eləcə də eyni kontekstdə Koroğlunun Dərbənddə doğulmuş oğlunun adının Kürdoğlu qoyulmasına olan etirazları təbii qəbul edərək qeyd edir ki, "türk epik abidəsinin baş qəhrəmanının başqa etnosu təmsil etməsi həm elmi baxımdan, həm də dastançılıq təcrübəsi nöqteyi-nəzərindən ciddi yanaşma sayıla bilməz".

Məti Osmanoğlunun həm epos qaynaqlarına bələdliyi, həm də dünya elmi-nəzəri fikrini bilməsi uğurlu sintezini müasir ədəbiyyata münasibətdə tapır. Kitab boyu ən müxtəlif məqam və situasiyalarda dastan ruhuna həssaslığı əldən vermir tədqiqatçı. Məsələn,  "Məmməd İsmayılın gətirdiyi poetik sistem Ağ atlı oğlan misalı epos təfəkkürü üstündədir. Şairin bədii düşüncəsinin rişələri altında dərin və geniş bir nağıl-dastan dünyası yaşayır", yaxud "Ramizin (R.Rövşən - E.A.) ilk hekayələrinin və şeirlərinin əksəriyyəti yaddaşın içindən gəlir, ədəbiyyata eposun, nağılın dilini, intonasiyasını, havasını gətirirdi". Kitabın poetik strukturundakı epos qatı milli ədəbiyyatda rezonans verən imzaların yaddaşa, kökə bağlılıq nüanslarını yanaşı verməyə zəmin yaradır. Tənqidçi bu qatı rast gəldiyi hər məqamda gözdən qoymur, əksinə periferiyadan mərkəzə itələyir. Və bu kontekstdə bəhs etdiyi predmeti tarixin dərinlərindən çağdaşlığa çıxarıb sınayır. Etiraf edim ki, kitabdakı digər - modern düşüncə, dünya elmi-nəzəri fikrinə ciddi əsaslanmalarla müvazi verilən bu xətt oxucuya ayrı bir  estetik ləzzət aşılayır, ona mətni tarixi və müasir məzmunu ilə görməsinə imkan yaradır.

Məti Osmanoğlu araşdırmaçı kimi ciddi alimdir. O, elmi-nəzəri inkişafın hər mərhələsində milli ədəbi keçmişi nəzərdən keçirməyi vacib hesab edir. Ədəbiyyat tariximizin, onun müxtəlif dövrləri və məsələlərinin ciddi elmi əsaslarla öyrənilməsi alimin araşdırmalarının nəzəri, xronoloji hüdudlarını şərtləndirir. İctimai-ədəbi fikrimizin müəyyən inkişaf prosesindəki yerini və rolunu müəyyənləşdirən bu yazılarla Məti Osmanoğlu fərqli bir yol qət edir. Bu məqalələrdə sağlam nəzəri baxış, irsə məhəbbət və bələdlik var, ədəbi hadisələrə həssas və incə yanaşma hakimdir. Ədəbi-fəlsəfi fikri, milli-mənəvi vətəndaşlıq tarixini təmsil edən əksər imzalar kitabdakı məqalələrdən keçir. Milli ədəbi-bədii fikrin tarixi inkişafına xas ümumi qanunauyğunluqlar Məti Osmanoğlunun nəzəri yanaşmasında şərhini daha da dərinləşdirir. Alimin "Aldanmış kəvakibdə ironiya", "Əvvəlinci qəzetimiz", "Əkinçi"də şeir davası", "Faciə əsrimizin müqəddiməsi", "Əhməd Həmdi bəy və Mirzə Feyzulla" və s. bu kimi yazıları bir çox nəzəri problemlərin öyrənilməsi istiqamətində müəyyən mərhələyə metodoloji yekunlar vuran və yeni mərhələ üçün nəzəri prespektiv açan məqalələr kimi dəyərlidir.

Məti Osmanoğlu "Naməlum millət vəkilinin millət haqqında düşüncələri"ndə millət sözünün etimologiyasını araşdırır və belə bir maraqlı nəticəyə gəlir ki "XX əsrin əvvəllərində mətbuatın və ictimai düşüncənin "əzəl mübtədasına" çevrilən  "millət" sözü ilk dəfə Mirzə Fətəli Axundzadənin yaradıcılığında daha sıx işlənir (məsələn, "Kəmalüddövlə məktubları"nın mətnində bu söz təxminən 100 dəfə işlədilib) və təsadüfi olmayan dolğun məna (və ya mənalar) daşıyır".

"Hacı Nurunun şeir dəftəri"ndə Axundzadənin bu məşhur ədəbi qəhrəmanının "oxunmadan qapanmağa məhkum etdikləri yazısını (əlyazmasını)" yaddaş faktı kimi qəbul edir, "Mirzə Fətəli Hacı Nurunun dəftəri ilə ədəbiyyatımıza yaddaşdan məhrum olmağın tragik komediyasını gətirmişdir və bu motiv sonrakı dövrlərdə dəfələrlə ədəbiyyatımıza yeni formada qayıtmışdır", - yazır. Mübahisəli və maraqlıdır. Oxunmayan, məlum olmayan, varmı, yoxmu bilinməyən şeir dəftərinin sorağını almağa bu qədər ciddi yanaşmağa dəyərmi?! Amma postmodernist oyun deyilən bir anlayış var,  "Hacı Nurunun şeir dəftəri" məqaləsi də özündə postmodern həzzi ehtiva edir, müəllif  mətn içində mətn quraraq şeir dəftərinin izini faktlar içində - çağdaş dövrümüzün ədəbiyyatı - əlyazmaları arasında arayır. Məti Osmanoğlu yaddaş mifi yaradır! Niyə də olmasın? Müstəqillik qazandığımız illərin nəsri daha çox bu qata - əlyazma, onun tapılması, oxunması məqamına israrlı deyildimi? Ard-arda əsərlər yazılırdı, deşifrəsi min yerə yozulan. Bədii mətnlər elə hey yarımçıq (K.Abdulla), itirilmiş (C.Cavanşir), ölü mətn (O.Fikrətoğlu), yaddaş kartı (K.Hacı) adı ilə dekonstruktiv yanaşmalar meydana qoyublar, hər birinin də əsasında yaddaşla təmas təlimi dayanır. Bu dəfə "oyunu" ədəbiyyatşünas qurur! Bəlkə elə M.F.Axundzadənin Hacı Nurusunun oxunmayan, üzə çıxılması əngəllənən şeir dəftəridir axtarılan? Məti Osmanoğlu oxunmamış əlyazma arxetipini qabardır mətndə. Reseptiv ölçülərlə yanaşanda nə qədər itmiş-itirilmiş əlyazma varsa, o qədər də axtarış taktikası var. M.Osmanoğlu təxəyyülün sərbəst və dinamik gedişatı sayəsində fərqli zaman qatlarına daxil olur, "mətn yaddaşı" deyilən kontekstdən çıxış edərək  vahid estetik məhvərdə görüşdürür əsərləri, C.Məmmədquluzadənin "Anamın kitabı"ndan tutmuş B.Vahabzadənin, İ.Hüseynovun, Y.Səmədoğlunun və başqa sənətkarlarımızın əsərlərini özündə həmin kodu, şifrəni nişan verən yaddaş faktı kimi alır. Xalq ruhunun və mənəvi müəyyənliyinin kodlaşdığı etnik-ontoloji yaddaşın bir şeir dəftərindən başlayaraq günümüzə qədər keçdiyi yolun hərəkət trayektoriyasına prozaik mətn, məna yükü qazandırır. 

Yaxud N.Nərimanovun "Nadanlıq" pyesinin janr aydınlığı məsələsi, onun faciə janrlı ilk əsər olması haqda mülahizələri. Müəllif faciə janrının hansı əsərlə meydana çıxması məsələsini qoyub janr xüsusiyyətlərinin dəqiqləşdirilməsi üçün "Nadanlıq"la Ə.Haqverdiyevin "Bəxtsiz cavan"ı arasında müqayisələrə varır və "Bəxtsiz cavan"ın janr etibarilə faciə olmasını şərtləndirən bütün amillərin "Nadanlıq"da da olduğunu görürük", - qənaətinə gəlir. XX əsr  milli-mənəvi intibahın yaradılışında rolu olan Ə.Haqverdiyevin "Ağrı" məqaləsindəki əzabı yazıçının öz tərcümeyi-halından gələn ağrı olması fikri ilə əlaqələndirir. Hekayələrindəki atasızlıq, əmi himayəsində qalmaq, daha sonra yad ata obrazı ədibin öz həyatından alınan nüanslar kimi xarakterizə olunur.

"Sözün o üzündə" kitabındakı əksər məqalələrin tədqiq predmeti XX əsrin növ və janr müxtəlifliyi, problem və idrak məqamı üzərindədir. Bu dövr Azərbaycan ədəbiyyatında Yeni dövr prosesləri ilə xarakterizə olunur. Bütün növ və janrlarda ədəbiyyatın milliləşməsi - milli xarakter, milli dil, milli müəyyənlik məsələlərinin faktlaşma dalğası gerçəkləşir. Məti Osmanoğlu da köhnədən-yeniyə, Qərbdən-Şərqə, "yad"dan-doğmaya tarixi keçidin təzahürlərini verir, milli şeir ölçülərinin təşəkkülündə  milli düşüncənin iştirakını izləyir.

Milli ədəbiyyat çərçivəsində XX əsrin uşaq ədəbiyyatının təşəkkülü və inkişafı konsepsiyasını işləməyin nəzəri təcrübəsi öz prioritetini Məti Osmanoğlunun bu məqalələrində tapır: "Uşaqların baharı və ya klassik üslubun payızı", "Vətən dili"nə gələn yol, "Rodnoye slovo" - dilimizin doğma kitabı, "Vətən dili"ndən başlayan yol: bir şeirin beş əks-sədası", "Yad et" - Azərbaycan şeirində fransız modası". Bu məqalələr XX əsrin birinci yarısı ədəbiyyat tarixinin düzgün oxu işığında dərki üçün əvəzsiz mənbələrdir. XX əsrdə yaranan uşaq ədəbiyyatının tarixi inkişafı haqqında bütöv konsepsiyanı bu silsilə məqalələrin vahid ideya əsasında müşahidə edirik. 

Məlumdur ki, XX əsrin əvvələrində yaranmış milli ədəbiyatımızın keyfiyyət müəyyənliyi XIX əsrin sonlarından başlayaraq Qərb ədəbiyyatının milli düşüncəmizə təsiri ilə şərtlənir. Məti Osmanoğlu da bu təsir başlanğıclarının ehtiva olunduğu mənbələrin elmi dövriyyəyə gətirilməsinə həssaslıq göstərir: "Əgər desəm ki, lap körpəliyimizdən hər birimizin yaddaşında əvəzsiz yer tutan "Ay pipiyi qan xoruz", "Ala-bula boz keçi", "Göyərin, göy çəmənlərim, göyərin..."  kimi uşaq ədəbiyyatı şedevrləri, "Əlifba" kitabımızı xatırlayanda gözümüzün önündə canlanan "Siçan Məstandan, Məstan Toplandan, Toplan nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan tutdu, dartdılar, dartdılar..." tablosu rus pedaqoqu Konstantin Dmitriyeviç Uşinskinin 1864-cü ildə nəşr etdirdiyi "Rodnoye slovo" kitabından gəlir  - məni sensasiya yaratmaq həvəsinə düşməkdə qınamağa tələsməyin.  XIX əsrin sonlarına doğru Azərbaycan ictimai məfkurəsində, eləcə də bədii düşüncəsində və ədəbi dilində gedən proseslərdə "Rodnoye slovo" - "Ana dili" kitabının ayrıca rolu olmuşdur".

Məti Osmanoğlu incə və həssaslıqla seçdiyi nümunələri, poetik faktları səliqə ilə sistemləşdirir. Bu məqalələrdə heç bir nihilist dalğa hiss edilmir. Əvvəla, həmin dövrdə yaranan ədəbiyyat məfkurə və məslək adına yaradılan ədəbiyyat olub. Bu mənada Məti Osmanoğlu şərəfli bir tarixi mərhələnin araşdırıcısı olduğunun fərqindədir. Ona görə həqiqətin uca vurğu ilə deyilişinin kimlərinsə istedadı üzərinə kölgə salacağından ehtiyat eləmir. Digər tərəfdən, Məti Osmanoğlu çoxəsrlik bədii inkişafın tarixini bütöv sistem, estetik vəhdət kimi əhatə edir, Azərbaycan uşaq ədəbiyyatının tarixi təşəkkülünün vahid konsepsiyasını yaratmaq üçün bir neçə mərhələnin axtarışlarını ədəbi bazaya çevirir. Belə əhatəli kontekst və tarixi fon vahid bədii inkişafın mənzərəsində uşaq ədəbiyyatının rolunu və mövqeyini dəqiq təyin etməyə imkan verir. Ədəbi dilimizin tarixinin araşdırılması baxımından isə belə bir müqayisələrin olması ədəbiyyatşünaslığımız üçün ayrıca əhəmiyyətli işdir. "Qasım bəy Zakirin təmsillərinin, mənzum hekayələrinin, demək olar ki, hamısında hadisələr "əyyami-sabiqədə" - keçmiş zamanda baş verir. "Rodnoye slovo" isə bədii düşüncəyə "Vokruq da okolo" -  "Böyür-başda olanlar" yanaşması gətirirdi. Azərbaycan ədəbiyyatının ənənəvi yanaşması ilə yeni yanaşmanın ən mühüm fərqini də bunda axtarmaq lazım gəlir. Uşaqlara, son nəticədə isə Azərbaycan dilinə elə mətnlər təklif edilməli idi ki, həmin mətnlər uşaqların ətrafında baş verənləri, onların özlərinin hər gün gördüklərini, yaşadıqlarını, real düşüncələrini əks etdirsin. Bu artıq yalnız uşaq ədəbiyyatı məsələsi deyildi, bədii sözün məzmununda, janrında və üslubunda köklü dəyişiklik tələb edən ciddi hadisə idi". Əsas məsələ məhz, bu məqamın nüvəsinə varmaqdır. Bir daha əmin oluruq ki, bütün sahələrdə olduğu kimi, uşaq şeirinin  təkamülünü milli həyatın inkişaf dialektikası yetirir.

Yeni ədəbiyyat əslində, kənar və doğma "dil"lərin qovuşduğu yerdə və millilik çalarının  ədəbiyyatda önə çıxdığı, milli üslub təzahürləri ilə büllürlaşdığı məqamdan başlanır. Uşinskinin "Rodnoye slovo" kitabındakı "Priqlaşenie v şkolu"  şeirinin H.Qaradağinin, Rəşid bəy Əfəndiyev, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir və Abbas Səhhət tərəfindən işlənən variantları üzərində qurulan "Vətən dili"ndən başlayan yol: bir şeirin beş əks-sədası" məqaləsi də bu mənada milli dilin inkişaf yolunu izləmək kimi çətin prosesi təqib qılır. "Yad et" - Azərbaycan şeirində fransız modası" məqaləsi isə ümumən XX əsrin birinci yarısını çevrələyən milli poeziyanın kələnəklərini müəyyən etməyə yönəlmiş sanballı bir tədqiqat başlanğıcıdır. Bu dövrdə Azərbaycan poeziyasının təsirləndiyi estetik sistem hansı ünvanlar olmuşdur? Dövr daha çox romantizm ədəbi cərəyanının meydana çıxdığı zaman kəsimi kimi səciyyələnirsə, bu cərəyanın qaynaqlarını kənarlaşdırıb dürüst elmi nəticələrə gələ bilmərik. "XX əsrin əvvəllərində Azərbaycan romantizmi birbaşa türk ədəbiyyatı ilə bağlı olduğuna görə onun qaynaqlarından danışarkən türk ədəbiyyatında romantizmin təşəkkül yoluna nəzər salmaq zərurəti yaranır" , - deyən M.Osmanoğlu bu nəzərin izi ilə türk alimi Ə.H.Tanpınarın fikrini meyar edərək "XIX əsrdə türk ədəbiyyatında yaranmış ədəbi cərəyanların fransız ədəbiyyatı ilə birbaşa əlaqəli olması" qənaətinə gəlir. Və elə buradan da yola çıxaraq XX əsrin əvvəllərində yaranan şeirdə fransız modunu üzə çıxarır. Abdulla Şaiqin "Yad et" şeirində türk klassiki Mahmud Əkrəm Rəcaizadənin "Yad et" şeirinin təsirini bəlirləyir ki, hər iki şeirin də başlanğıcı fransız şair Alfred de Müssenin "Xatırla"/ "Yad et" şeirinə bağlanır. Yaxud Abbas Səhhətin " Şair, Seir pərisi və Şəhərli" poemasının yenə də A.Müssenin "Mayıs gecəsi" şeirinin əsasında yazıldığını tutarlı poetik nümunələrlə əsaslandırır. Və onlarla belə nümunələr... Bu məqalələr problematikanın  tarixi fundamentallığını göstərmək baxımından böyük əhəmiyyətə malikdir.  Məti Osmanoğluna görə XX əsrin əvvəllərində şeirdə köhnə stereotiplər öz yaşarılıq gücünü itirəndə milli və ictimai fikir öz zehniyyətini türk və fransız şeirinə yönəldir. Bu artıq poetik gedişatın öz tarixi durumu və hərəkəti ilə, poetika və struktur stimulu ilə bağlı olan elmi-tipoloji təsnifatdır.

Rüstəm Kamal yazır ki, "Məti Osmanoğlunun yazacağı məqaləni bir yazıçı ehtirası və şövqü ilə, bir hekayə kimi söylədiyinin canlı şahidiyəm". Bu ehtiras və şövq Məti Osmanoğlu onları yazıya çevirirkən də diriliyini itirmir, üstəlik kompozisiya və forma parlaqlığı fərdi üslubun ən yaxşı təzahürü kimi qorunur. Alimin çağdaş ədəbi mətnlərin analizinə həsr edilmiş məqalələrində tənqidi fikrin yeni meyar və ölçülərlə daha da dərinləşən məzmun və vüsəti görünür. Bir də "Mətnləri yavaş oxuma" istedadı (R.Kamal) və işgüzar operativlik! M.Osmanoğlunun M.Müşfiq, Ə.Kərim, İ.Hüseynov, V.Səmədoğlu, Anar, N.Həsənzadə, M.Yaqub, M.İsmayıl, Elçin, R.Rövşən, Z.Sarıtorpaq, yeni nəsil yazarlar Qanturalı, M.Örən, M.Cəfərli, M.Ağaoğlu, H.Şəfaqət, C.Zeynallı və b. yazarlarla bağlı məqalələri tənqidçi sənətkarlığı baxımından ciddi maraq doğurur. Çağdaş ədəbi tənqidin yeni konsepsiyasını obrazın, üslubun və zamanın struktur modelindən çıxış edərək təhlilə cəlb etməyin əlamətlərini əks etdirir bu məqalələr. Onların yazılış forması, yanaşma və ifadə tərzi maraqlı və yenidir. Mətnlə bağlı daha çox bədii-fəlsəfi düşüncə təsiri bağışlayan bu yazılarda nəinki ənənəvi tənqid sərhədləri aşılır, həmçinin ənənənin yeni interpretasiyada təqdimi baş tutur.  Bir tərəfdə milli tənqidi düşüncənin ənənələri, tarixi təcrübəsi, digər tərəfdə dünya elmi-nəzəri təfəkkürünə təsir edən yeni tipli tənqid qurucularının estetik düşüncə modelləri. Bu müvazilik Məti Osmanoğlu obrazının özünü də klassik və modern düşüncənin mərkəzinə gətirir. Tənqidçi alim analoji müqayisələr əsasında mətn qurur: Anar - X.O.Qasset, Y.Səmədoğlu - M.Baxtin, V.Səmədoğlu - U.Eko, M.Yaqub - A.Kamyu, N.Həsənzadə - T.S.Eliot və b.

"Vaqif yaradıcılığına oxucu-mətn pəncərəsindən baxanda Umberto Ekonun "Oxucunu yaratmaq" essesindən bir mülahizə burada yerinə düşür: "Biz gələcək nəsillərin ideal oxucusunu təsəvvürümüzə gətirə bilmərik. Biz yalnız öz müasirlərimizi tanıyırıq. Azlıq üçün yazan yazıçı varmı? Var. Onlar dərk edirlər ki, ideal oxucunun çoxlarına nəsib olmayan keyfiyyətləri var. Lakin bu cür hallarda yazanlar ümid edirlər ki, yeni ideal oxucu tipinin (özü də çoxlu sayda) üzə çıxarılması məhz onların kitablarının qismətidir  bunu heç də gizlətmirlər".  Zamana  dayanıqlı, yüksək estetik meyarlara cavab verən Vaqif Səmədoğlu poeziyasını M.Osmanoğlu bu prizmadan təhlilə cəlb edir. Məqalədə "ideal oxucu yaratmaq" məsələsi əsas problem kimi götürülür və bu, V.Səmədoğlunun poeziyasının keyfiyyət müəyyənliyini təyin edən başlıca amilə çevrilir. Yəni söhbət ondan gedir ki, poetik fikrimizin dönüş nöqtəsi sayılan, poetika və problematikasının yeniliyi ilə fərqlənən Səmədoğlu şeiri həm də öz ideal oxucusunu yaratmaq-yetişdirməklə məşğuldur. Niyə? Çünki əsl sənətdir! Əsl sənət isə kütləviliyə deyil, fərdə - ideal oxucusuna, yəni, azlığa hesablanır. Bu anda Xuan Ramon Ximenesin fikrini xatırlayıram. İspan şairi Ximenes "kimin üçün yazırsınız?" sualına belə cavab vermişdi: "Ucsuz-bucaqsız azlığa."

Yaxud "Daş" essesində belə bir maraqlı nüans: "Musa Yaqubun "İlahi, mən bu daşı götürüm, götürməyim?" şeiri ilə Alber Kamyunun "Sizif əsatiri" arasında müqayisədən danışarkən söhbət birbaşa bəhrələnmədən (bu cür bəhrələnmə olduğuna heç inanmıram) deyil, bəşəri düşüncənin yaddaşında əbədiləşmiş ilkin obraza münasibətdən gedir. Görünür, daş və daşı qaldırmağa tərəddüd edən insan obrazının yaradılışında bu gün izahı "operativ yaddaşlardan" silinmiş, bütün insanları eyni mənəvi dayağa bağlayan hansısa bir ibtidai inanc dayanır". M.Osmanoğlunu ümumbəşəri yaddaşa Musa Yaqubun əlavə etdiyi "yaddaş" maraqlandırır əslində, çünki məhz bu halda həm şairin yeni poetik üslubunun fərdiliyini görmək mümkün olur, həm də yaddaşda "daşlaşan" ahəngi - dünyanın əbədi bağlarının pozulmayan nizamını: "Kamyu Sizifi öz daşı ilə birlikdə dağın ətəyində təkbaşına buraxır və onu xoşbəxt eləyir... Musa Yaqubun yaradıcılığı da daşa dönüklük eləmir. Şairin sonrakı şeirlərində biz daşın və daş önündəki tərəddüdün müxtəlif variasiyalarını, formalarını görürük. Qədər kimi qaçılmaz olan bu yükün insana xoşbəxtlik gətirib-gətirmədiyini söyləmək isə çox çətindir".

Məti Osmanoğlunun araşdırmaları üçün xarakterik olan digər özəllik onun şəxsiyyət və yaradıcılıq amilinin birlikdə tədqiqata cəlb etmək səriştəsidir. Bizim ədəbiyyatşünaslıq üçün o qədər də yayğın olmayan bu cəhət Məti Osmanoğlunun məqalələrində uğurlu həllini tapır. Nəticədə Məti Osmanoğlunun tədqiqatçı alim olaraq özünün obrazı açılır, öz tərcümeyi-halı ilə dövrün inkişaf yolunun bir hissəsinə çevrilir. Bu tərcümeyi-halda bir də "Xatiratım" var. Yaşanan ömür yolunda ona yoldaşlıq edən doğma insanlar: Y.Səmədoğlu, A.Sadiq, A.Zamanov, Y.Seyidov, Hacı Bəxtiyar Məmmədzadə, H.Arif, A.Məmmədov, atası Osman kişi. Müəllif bu xatirələri də kiçik hekayə kimi qurur, onlar maraqlı, koloritli təfərrüatlarla nəql edilir, insan dramları ilə yüklənir. Burada Məti Osmanoğlu daha çox müşahidəçidir, haqqında danışdığı şəxsin mənəvi dünyasını yalnız dialoqlarla açmır, təsvirlərin dərinliklərinə enir, zaman və məkan faktorunu ön plana çıxarır,  dramaturji çeviklik yaradır. Bu xatirələrdə yer alan zaman amilinə ("Biz gəldi gedərik, sən yaşa, Yusif Səmədoğlu), dağa ("Haray, dağlar"), gülüşə ("Lətifə adam"), işığa ("Dünyanın ağ tərəfində") M.Osmanoğlu bədii obraz,  faktura kimi yanaşır, onlar söylənən hekayətlərin vizuallaşmasında rol oynayırlar. Məsələn, Y.Səmədoğlu ilə ilk iş təcrübəsini, onun rəhbərlik etdiyi redaksiyada işlədiyi vaxtların xatirələrini bölüşən, yazıçının "Qətl günü" romanının ilk oxucularından biri olduğunu vurğulayan Məti Osmanoğlu məqaləsini belə başlayır: "Mixail Baxtin böyük zamanın və böyük yazıçının "böyük zamanın" içindən keçdiyini iddia edirdi: yaşamağa qadir olan əsər yalnız yazıldığı dövrə mənsub olmur, ədəbiyyatın yığdığı təcrübədən, yaşadığı keçmişdən, yaddaşdan gəlir, qələmə aldığı zamanda öz işini görüb gələcəyə enerji ötürür... Mənim mənsub olduğum nəslin yaddaşında Yusif Səmədoğlu şəxsiyyətinin cizgiləri də məhz "böyük zaman" fonunda formalaşıb". Yenə də yaddaş, yenə də özünü sənətdə dərk edən zaman əbədiyyəti...

Məti Osmanoğlunun bütün mətnləri Zamana və Yaddaşa xidmət edən estetik özünüdərkin faktlarıdır.

 

***

 

Məti Osmanoğlunun mətnlərinin hər biri haqqında ayrıca danışmaq olar. Yaxşı ki, yeni elmi meyilləri, metodoloji başlanğıcları, filoloji istiqamətləri şərtləndirən nəzəri qənaətləri ilə tarixi əhəmiyyət kəsb edən bu məqalələrin toplandığı kitablar artıq meydandadırlar. Onların hər ikisi ciddi əhəmiyyətə malik nümunələrdir və şübhəsiz ki, çağdaş ədəbiyyatşünaslığımız bu kitablardakı konseptual nəzəri fikrin və elmi-filoloji strukturun təməli üzərində yüksəlişində daha inamlı görünəcək.

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.8-9.