Üçüncü günün
adamı
Hekayə
Şüşəli
eyvanında dayanıb siqaret çəkən kişi zavod
borularından buludlara doğru qalxan qara tüstüyə
baxdıqca özü də boru kimi tüstülənir.
Tüstü şıdırğı yağan
yağışın altından burum-burum göyə
qalxır. Eyvandan yağışlı küçələrdə
harasa tələsən çətirli adamlar da
görünür. Kişi əllərində rəngbərəng
çətirlər tutmuş adamlara bir müddət nəzər
saldıqdan sonra içəri keçir.
Mənzilin
içi zülmət qaranlıqdır. Hardansa "inilti"
eşidilir.
Kişi
siqaretini ovcuna basıb söndürür.
Siqaret
kötüyünü cibinə qoyub uzun dəhlizi keçdikdən
sonra yataq otağına girir.
Döşəmədə
qan içində orta yaşlı qadın çapalayır.
İnildəyən də odur. Kişi sakitcə qadına
yaxınlaşıb aşağı çöməlir. Can
verən qadının çiyinlərindən tutub
üzünü işığa doğru çevirir. Qəribə
bir maraqla, dinməzcə qadının gözlərinin
içinə baxır.
Sonra
əlindəki bıçaqla qadının qarnına zərbələr
endirir.
Nəhayət,
qadın son dəfə dərindən nəfəs alıb
gözlərini yumur.
Kişi
onun öldüyünü anlayıb sakitcə ayağa qalxanda
qolu yataq otağındakı köhnə paltar dolabının
qapısına toxunur.
Qapı
cırıltıyla açılır.
Kişi
səsdən üşənib qorxa-qorxa ətrafına
boylanır.
Dolabın
içində indicə öldürdüyü qadının
səliqə ilə ütüləyib dolabın rəflərinə
düzdüyü ağ mələfələr, süfrələr
görünür.
Kişi
ütülü, ağ mələfələrə qəribə
bir heyranlıqla baxır.
Kişi
ayağa qalxıb dolabdakı mələfələrdən
birini rəfdən götürür.
Kişi
mələfəni öldürdüyü qadının
üstünə örtür.
O
biri mələfələrlə isə divar şəkillərinin,
televizorun və güzgülərin üzünü
bağlayır. Evi yas komasına çevirir.
Kişi
mənzildən eşiyə çıxanda mələfəni
qaldırıb bir dəfə də indicə
öldürdüyü qadının gözlərinə
baxır...
Qadının
gözlərində gülüş ifadəsi donub qalıb...
Kişi
qadını öldürdüyü qanlı
bıçağı qatlayıb cibinə qoyur. Qara çətirini
açıb mənzildən eşiyə çıxır...
Kişi
yolu keçib onu gözləyən maşına əyləşir.
Maşının
içində daha iki nəfər var. Onlardan biri sükan
arxasında oturmuş gənc və olduqca gözəl
qadındır. O, birisi isə qabaq oturacaqda oturmuş orta
yaşlı kişi. Qabaq oturacaqda oturmuş orta yaşlı
kişi çox sinirlidir. Bir müddət araya sükut çökür.
Nəhayət, sükutu sükan arxasında oturmuş
qadın pozur: - Rəqs edirdiz?
Kişi
maşının yağış damcıları süzülən
şüşəsindən çölə baxa-baxa: - Ölmək
istəmirdi. Az qalmışdı siftəmi korlasın - deyir.
Qabaq
oturacaqda oturmuş orta yaşlı kişinin üzündə
əsəbi gülüş əmələ gəlir. O, cibindən
kiçik pul bağlamasını çıxarıb arxa
oturacağın üstünə atır.
Orta
yaşlı kişi: - Pulunu götür, düş
aşağı!
İndicə
qətl törətmiş kişi pulları cibinə qoyub
maşının qapısını açır.
O,
maşından düşən zaman sükan arxasında
oturmuş qadın: - Arif, axşam evə tez gəl, sənin
üçün xəngəl bişirmişəm! - deyir.
Kişi
maşından düşüb bozumtul göy üzünə
baxır. Heç nə dəyişməyib. Həmin
dünyadır. Maşın mühərrikinin uzaqlaşan səsi
eşidilir.
Yağış
kəsib.
Kişi
başını qaldırıb öldürdüyü
qadının eyvanına baxır.
Eyvandan
da ağ mələfələr asılıb.
Kişi
nə fikirləşirsə, yenidən öldürdüyü
qadının mənzilinə doğru qaçır.
O,
birnəfəsə pillələri qalxıb
öldürdüyü qadının mənzilinin
açıq qapısından içəri keçir.
İşıqları
yandırır.
Yataq
otağının döşəməsinə
çökür. Mələfəni əliylə
qadının üzündən çəkib onun
açıq gözlərinə baxır. Qadının
gözlərindəki gülüş ifadəsi ona daha
aydın görünür.
Kişi
əlləri əsə-əsə qadının gözlərini
qapayır.
Qapananda
qadının gözündən sinəsinə doğru bir
damcı yaş axır...
Qəfil
çilçırağın şüşə şamı
partlayır. Mənzilin işıqları sönür...
Kişi
qorxa-qorxa dolabın içinə girir.
Cibindən
alışqan çıxarıb alışdırır.
Kişi
dolabın içində oturub...
Orta
çağ dövrü.
Hardansa
uzaqlardan səhra ilə qala-şəhərə doğru gələn
karvan görünür.
İrigözlü
gənc sarvan uzaqdan tonqalları və alaçıqları
görüb köçünü əyləyir.
Karvanın
içindən çıxan bir dəvə şəhər
qapılarına doğru gedir.
Tonqal
başında oturmuş şəhər adamları onlara
doğru gələn dəvəni uzaqdan görürlər.
Dəvə tonqala çatan kimi dayanır.
Bir-iki köçəri ərəb dəvənin oyur-oyur
oynayan baxışlarından qorxub ayağa qalxır. Dəvə
insan kimi tonqalın başına çatan kimi bardaş qurub
qumun üstünə oturur.
Onun hürgücü altında adamlar və
alaçıqlar çox kiçik görünürlər.
Bu qəribə
dəvəni uzaqdan görmüş qəbilə
başçısı el keşikçilərindən birinə
üzünü tutub: - Bu kimin dəvəsidir? - soruşur.
Keşikçi:
- Bu dəvə özünün dəvəsidir! - cavab verir.
Başcı
heyrətlə: - O, böyüdücü şüşə
kimidir, harda dayanır ora böyük görünür! - söyləyir.
Keşikçi:
- Adamın nə edəcəyini, nə deyəcəyini elə
bil qabaqcadan bilir! - deyir.
Başçı:
- Onu mənim sarayıma gətirin görüm mən bilmədiyim
nəyi bilir? - qışqırır.
Hardansa
yuxarılardan qəfil Qərib ağanın səsi
eşidilir: - Mənim sənə sözüm yoxdur. Sözüm o dəvədir. Başqa heç nə
bilmirəm!
Qəribin səsi eşidilən kimi dəvə dikəlib
ayağa qalxır.
Başçı sağa-sola boylansa da, Qəribin
üzünü görə bilmir.
Birdən-birə hamı Qərib ağanın dəvənin
belində oturduğunu görür. Onun üzü niqabla
örtülüdür.
Başçı:
- Sən kimsən? Hardan gəlib, hara gedirsən,
Qərib ağa?
Qərib:
- Mən heç kiməm! Məna dəvədədir!
Başçı:
- Necə yəni məna dəvədədir?
Qərib:
- Sənin köçün o dəvəni öldürdükdən
sonra, sizə üç gün vaxt veriləcək!
Başçı:
- Sonra nə olacaq?
Qərib:
- Sonra dünya dağılacaq!
Başçı:
- Mən o dəvəni öldürməsəm necə?
Qərib:
- Sən o dəvəni istəməsən də, öldürəcəksən.
Bu əməlinlə də insanlara
"günahı" öyrədəcəksən. Sən bunun üçün doğulmusan. Günah səndən başlanacaq. Sən də bu cür seçilmisən. Sənin də mənan, tapşırığın
budur.
Başçı:
- Məna nədir?
Qərib:
- Mənanın nə olduğunu mən də bilmirəm. Mənim görəvim o dəvəni bura gətirmək
idi.
Başçı
ayağa qalxıb qışqırır: - Ey qövmüm. Məni istəyən bu dəvəyə bir ox
atsın. Bu məlun dəvəni
öldürməsəniz, köçə bədbəxtlik gələcək.
Öldürün o dəvəni. Və
sonra bu işin sonunu gözləyin!
Köçərilər bir-bir yayı çəkib iri
dəvəyə ox atırlar. Onu nizə ilə,
daşla yaralayıb yerə yıxırlar. Dəvə
yerdə çapala-çapalaya can verir.
Başçı
qorxa-qorxa: - Nə qədər zamanımız var? - soruşur.
Qəribin
səsi bu dəfə lap yaxından gəlir...
Qərib:
- Üçüncü günün adamı gələnə
qədər. Üç gün!
Qadını
öldürmüş kişi
çarpayısında uzanıb dinməzcə tavana baxır.
Gözləri hədəqəsindən
çıxıb.
Arvadı onun uzandığı dəmir nikelli
çarpayıda oturub ərinin dünən törətdiyi qətlə
görə aldığı dollarları sayır.
Otaqda çarpayıdan savayı heç nə yoxdur.
Arvad pulları sayıb qurtarandan sonra ərinin
alnından öpür.
Arvad: - Mənim
ağıllı ərim. Axırı ki, özünə
iş tapdın. Qalx, çörəyini ye, sənə qurban
olum!
Arvad qaşına-qaşına ayağa qalxır.
Kişi elə bil onu görmür.
Kişinin arvadı mətbəxdəki miz arxasında
oturmuş ailə üzvlərinin qarşısına dəmir
konservaları boşqab kimi düzür. Süfrə
arxasında saçları ağappaq ağarmış ata,
üzündə qorxu ifadəsi donmuş ana və kişinin əkiz
qızları oturub. Arvadı dolabdan
çıxardığı küt bıçaqları
bir-bir miz arxasında oturmuş doğmalarına verir. Ana bıçağı əlində tərs tutub.
Ana konservanın necə
açıldığını bilmədiyindən
maddım-maddım ərinin üzünə baxır. Kişi mətbəxə daxil olub mizin arxasına əyləşir.
Arvadı onun da qarşısına konserv qutusu
qoyur.
Kişi cibindən çıxardığı qatlama
bıçağını açır. Bıçağın
tiyəsi hələ də qanlıdır. O,
bıçağın qanına baxmadan qarşısına
qoyulmuş konserv qutusunu açır. Bunu
görən atası da öz konserv qutusunu kişiyə
uzadır. Kişi əlindəki
bıçaqla atasının da konserv qutusunu açır.
O,
bütün ailə üzvlərinin konserv qutularını
bıçaqla açır. Sonuncu qutunu
açanda gözü bıçağın tiyəsindəki
qana sataşır. Dünən
öldürdüyü qadının üzü ani olaraq
gözünün qarşısından keçir.
Kişi
qorxa-qorxa atasının üzünə baxıb: - Ata -
pıçıldayır...
Atası onu eşitmir. Ləzzətlə
konserv qutusundakı balıq tikələrini yeyir.
Kişi əlindəki konserv qutusunu mizin üstünə
atıb ayağa qalxır. Əlindəki
bıçağı mətbəxdəki su kranının
altında tutur.
Anası
ağzını marçıldada-marçıldada: - Arif, sən
zəhmət çəkmə. Mən özüm indi durub
qabları bir-bir salavatlayacağam! - deyir...
Kişi bıçağı cibinə soxub mətbəxdən
çıxır.
Ağ mebelli mənzil. Pəncərədən pərdə
əvəzinə ağ mələfələr
asılıb. Qətl zamanı
maşının sükanı arxasında oturmuş qadın
ikrah dolu baxışlarla yorğanı başına çəkmiş
kişini qucaqlayıb.
Kişi yorğanın altından danışır.
Kişi:
- Döyüşdən qorxub qaçandan bu qədər əziyyət
çəkməmişdim. Sən məndən soruşanda ki,
adam öldürə bilərsən, o dəqiqə
"hə" dedim, yadındadır? Xatırlayırsan?
Üç ildir işləmirəm də.
Nə deməliydim. Düşündüm
ki, bir arvaddır da. Nədi ki,
öldürəcəm. Pulumu alacam. Sonra da unudacam. Pulum olsa dirçələcəm.
Zarafat deyil e. Atam tutulandan evə pul gəlmir.
İyirmi ildir. Az bilmə.
Qadın dartıb yorğanı kişinin üstündən
çəkir ki, üzünü görsün.
Qadın:
- İndi heç kimin heç kimdən xoşu gəlmir. İnsanlar vəhşiləşib. Sənə nə var e? Başa
düşmürəm? Allahsan sən?
Öldürdüyün hər adama görə
Səfərov sənə pul verir. Əlindən alayı
iş də gəlmir. Sənədin, işin yox, özün də
dezertir! Müharibədən qaçandan sənə
mən baxmışam. Ancaq sənədlərini
təzələməyə on min dollar pul lazımdır.
Pul cibini yırtmır ki. Qazan da!
Kişi ayağa qalxıb qadının
qarşısında dayanır.
Kişi:
- Onun gözləri niyə elə doğma idi, bilmirsən? - soruşur.
Qadın:
- Kimin? - xəbər alır.
Kişi:
- Öldürdüyüm o qadının!
Qadın
ayağa qalxıb kişini qucaqlayır...
Qadın:
- Sənə deməmişdim gözlərinə baxma. Sən ancaq mənim gözlərimə bax. Səni sevən və qayğına qalan mənim.
Pulları neynədin, sən Allah? Aparıb o qəhbə arvadına verdin?
Qadın kişini danışmağa qoymur. Onun
dodaqlarından öpür.
Kişinin mənzili.
Kişinin atası köhnə dəbdə olsa da, əyninə
bahalı məmur kostyumu geyinib. Demis çəkə-çəkə
təzəcə aldığı rəngli
"jurnallar"ı oxuyur.
Anası ilə arvadı mətbəxdə yağlı
kökə bişirirlər.
Əkiz
qızları saqqız çeynəyə-çeynəyə
videoötürücüdə yeni amerikan filminə
baxırlar...
Kişi
"vanna otağında" geyimli-keçimli, bahalı
kostyumda duşun altında dayanıb...
Çiləkdən axan su başından
aşağı süzülür.
Kişinin üzündə qorxu ifadəsi donub.
O,
kranın puçunu burur.
Suyun şırıltısı kəsilir.
Kişi "vanna otağının"
qapısını açıb qorxa-qorxa otağa tərəf
boylanır.
İçəri otaqda köhnə patefon səslənir. Atası ilə
anası indi də həzin musiqi altında "vals"
oynayırlar.
Kişi meşin qapını yumruqlayır.
İçəridən gülüş səsləri
eşidilsə də, qapını açmırlar.
Kişi qapını döyməkdədir.
Nəhayət, qapı açılır.
Qətl
zamanı sükan arxasında oturan qadın xumar gözləri
ilə kişiyə baxıb: - Bu vaxt niyə gəlmisən? -
soruşur.
Kişi qadını itələyib içəri
keçir. Və o gözləmədiyi halda çarpayıda
uzanıb siqaret çəkən Səfərovu görür.
Səfərov bizə filmin əvvəlində
maşında gördüyümüz üçün
artıq tanışdır.
Kişi təəccüblə Səfərovun əzələli
qollarına baxır.
Kişi:
- Siz burda neynirsiz? - soruşur.
Qadın yanını bura-bura keçib çarpayıya
yayxanır.
Qadın:
- Səninlə elədiyimdən eləyirdik də. Görmürsən? - deyir.
Kişi çarpayıya atılıb qadının
üzünə sillə vurur.
Səfərov tapançasını çıxarıb
Kişinin gicgahına sıxır.
Səfərov
tətiyi çəkəndə kişi
çarpayının qarşısında dizi üstə yerə
çöküb qorxa-qorxa: - Öldürmə! - deyə yalvarır.
Səfərov gülə-gülə əlini
aşağı salır.
Kişi qadını qucaqlayıb ayaqlarından
öpür.
Səfərov
qadına: - Sənə dedim qorxma! - deyir.
Kişi ayağa qalxıb yazıq-yazıq dəhlizə
çıxır.
Kişi mətbəxdə oturub çay içir.
İçəri otaqdan Səfərovla qadının
sevişmə nidaları eşidilir. Onlar çarpayıda
sevişirlər.
Boş fəhlə yeməkxanası.
Kişi təkcənə oturub şorba içir.
Kişi yeməyini yeyib ayağa qalxır.
Kişi döşəməni yuyan xadimə ilə
sağollaşıb eşiyə çıxır.
Kişi küçə boyu harasa gedən adamlara
qoşulur.
Sonra nə fikirləşirsə, geri qayıdır.
Yeməkxananın qapıları bağlıdır.
Kişi qapını döyür.
Bayaq onunla sağollaşan xadimə qapını
açıb maddım-maddım onun üzünə baxır.
Kişi:
- Siqaretim mizin üstündə qalıb! Zəhmət olmasa,
onu mənə verin! - deyir.
Xadimə:
- Nə siqaret? Biz iki gündür ki, işləmirik! - deyir.
Kişi:
- Siz məni xatırlamırsız? İndicə
sizinlə sağollaşdım ki?
Xadimə:
- Ay oğul, get başqa yerdə öz tay-tuşunla zarafat elə!
- deyir.
Xadimə qapını hirslə bağlayıb içəri
keçir.
Kişi çaşqın halda əlini öz
üzünə çəkir. Onun əli üzünə
dəymir. Kişinin üzü yoxdur.
Kişi yeməkxana qapısının aynalı
şüşəsinə baxır. Onun aynadakı əksi
də görünmür.
Səfərovla qadın yataq otağında yenə
sevişirlər.
Kişi ayaqyoluna girib polisə zəng vurur.
Kişi:
- Silsilə qətllər törətmiş cinayətkar dəstəni
zərərsizləşdirmək istəyirsinizsə, Məhəmməd
Hadi 19 ünvanına gəlin! Sizi gözləyirəm!
Çox keçmir ki, polislər qapını sındırıb
mənzilə girirlər.
Atışma zamanı Səfərovla qadın
öldürülür.
Kişini ayaqyolundan çıxarıb polis
maşınına basırlar.
Kişini müvəqqəti təcridxanaya gətirirlər.
Kişi həbsxana pəncərəsindən təcridxananın
həyətinə baxır.
Həyətdə iki polis gəzişir.
Kişi
onları səsləmək üçün fit
çalır. Sonra nə fikirləşirsə,
aşağı əyilir.
Polislər
onun çaldığı fit səsini eşitmirlər.
Kişi pəncərəyə çıxıb ucadan
bağırır.
Yenə onun səsi eşidilmir.
Qəbilə adamları sıra ilə düzülüb
dəvəyə ox atırlar.
Qəbilə
başçısı: - Artıq bizimlə dünyanın
arasına pərdə çəkildi! Kimin
günahı dərk etməyə ağlı varsa, o dəvəyə
ox atsın. Günah qanla
övladlarımıza da keçəcək.
Dəvə
bədəninə sancılmış oxlara məhəl
qoymadan çöl boyu qaçır...
Qəbilə adamları kor-peşman evlərinə
qayıdırlar.
Qərib qəbilə başçısı ilə
qabaq-qənşər oturub.
Qərib:
- Sən o qadını niyə öldürdün?
Başçı:
- Dərinə getsən, heç özüm də bilmirəm!
Atam o balıq konservini iştahla yeyəndə həm
sevinirdim, həm də tənhalığımı dərk
edirdim. Əslində, günahkar
öldürdüyüm o qadındır. Günahı
olmasaydı, sifarişçi mənə onu öldür
sifarişini verməzdi ki. Mən o qadının cəzasını
verdim, həm də evə çiyələk aldım!
Qərib:
- Çiyələyi kimin üçün aldın?
Başçı:
- Əkiz qızlarım üçün!
Qərib:
- Bəs dəvə?
Başçı:
- Mən dəvə-zad görməmişəm. Dəvə nədir?
Qərib:
- Mən sənə üç gün vaxt vermişdim!
Üç günə dünya dağılacaqdı! Bəs qorxmadın?
Başçı müstəntiqin otağından
eşiyə çıxanda onun bizim qəhrəman olduğu
görünür.
Müstəntiq mizin altındakı düyməni
basıb gözətçini çağırır.
Gözətçi gələnə qədər müstəntiq
kişiyə deyir.
Müstəntiq:
- Üç günlük kəndə gedirəm. Təklifimi yaxşı-yaxşı fikirləş.
Onsuz da şahidlərin hamısı
ölüb. Səni aç-burax edə bilərəm.
Bəlkə razılaşasan. Sənin üçün bir adamı da öldürmək
nədir ki?
Kişi ayağa qalxır.
Kişi gözətçinin müşayiəti ilə
dəhlizlə gedir.
Qəfil
gözətçi arxadan: - Yaxşı yadımdadır, dəvəyə
sən də ox atmışdın! -
deyir.
Dustaqxananın görüş otağı. Kişi
anası ilə qabaq-qənşər oturub.
Kişi:
- Uşaqlar necədir?
Ana: - Yenə
acından ölürük!
Kişi:
- Bəs atam?
Ana: - Atan
da elə elədir. Əlindən iş gələn deyil.
Bilmirsən onu!
Kişi:
- Mənə gətirdiyin pul hardandır?
Ana: - Nəbidən
borc almışam!
Kişi:
- Çıxıb qaytararam!
Ana: - O
qancığı da öldürərsən!
Kişi:
- Yenə nə olub?
Ana: - Nə
olacaq. Sən tutulandan evə gəlmir.
Bütün günü barlardadır!
Kişi:
- Ayın neçəsidir?
Ana: -
Bilmirəm. Sən tutulandan atan televizoru açmır!
Kişi ayağa qalxıb otaqdan eşiyə
çıxanda üzünü anasına çevirir.
Kişi:
- Ana, sənə söz verirəm. Onu öldürəcəm!
Pulu ancaq dəvəni öldürməklə qazanmaq
mümkün imiş!
Qəbilə adamlarının üzləri niqabla
bağlıdır. Heç kəsin üzü
görünmür.
Öldürülmüş dəvə dağın
başına qaldırılıb.
Qəbilə adamları dağın ayağında
dayanıblar.
Dağın döşündə tonqallar
qalanıb.
Qadınlı-kişili bütün qəbilə dizə
kimi palçığa batıb.
Başçı
təəccüblə Qərib ağanın üzünə
baxıb soruşur: - Bu dəvəyə kim
qıyıb belə, Qərib ağa?
Qərib:
- Çoxdanın işidir. Kim eləyibsə, cəzasını
çəkir!
Başçı:
- Nədir onun cəzası?
Qərib:
- Mənanı anlamamaq!
Başçı:
-Məna nədir?
Qərib:
- Dəvə öldürüləndən siz həqiqətin
ölüsünü görürsünüz! Haqqın dirisi
pərdə arxasındadır!
Kişi həbsxana çarpayısında
gözüaçıq uzanıb. Əlində iri ox var.
Kameranın ortasında xıx yatmış dəvə də
görünür.
Dəvənin
beli oxlanıb...
Müstəntiqin otağı.
Müstəntiq:
- Dünya onsuz da cəzasız qalmış cinayətlər
yuvasıdır. Sən cəzanı çəksən
də daha düzələn deyilsən. Bundan
qəddar olmağın isə nə mənə, nə də
dünyaya gərək deyil. Səni burdan bir şərtlə
buraxa bilərəm!
Kişi:
- Nə şərt?
Müstəntiq:
- Yenə adam öldürməlisən!
Kişi:
- Razıyam!
Kişi nəfəslikdən qorxa-qorxa həbsxana həyətinə
boylanır.
Polislər yenə həyətdə dayanıb siqaret
çəkirlər.
Dustaqlar həyətin bir qırağında zibil
boşaldırlar.
Kişi
yenə nəfəslikdən çölə fit
çalıb aşağı yatır.
Kişini onsuz da eşidən yoxdur.
Qəfil zibil daşıyan qoca dustaqlardan biri yerə
yıxılır.
Polislər
onu qaldırıb içəri aparırlar...
Müstəntiq:
- Öldürəcəyin adam
keçmiş zabitdir. Yetmiş yaşı olar.
Birinci güllədən onu öldürə bilməsən, o
səni vuracaq!
Kişi ayağa qalxıb müstəntiqin ona verdiyi
tapançanı əlinə alır.
Kişi
tapançanı əlinə alan kimi
başına dayayır.
Müstəntiq
gülüb: - Gülləni boşa xərcləmə. Onsuz
da ölüsən! - deyir.
Kişi zabitlə üz-üzə dayanıb.
Zabit: -
Silahla oynama, bala!
Kişi əlindəki tapançadan atəş
açıb zabiti öldürür.
Zabitin üzündəki ifadə Arifə
tanışdır.
Qəfil dəvə kadra girir.
Kişi əlindəki tapançadan atəş
açıb dəvəni də yerə sərir.
Səhər.
Kişi dağüstü parkda dayanıb şəhərə
baxır.
Qəfil
arxadan fit səsi eşidilir.
Kişi çevrilib arxasına baxır.
Heç kəs yoxdur.
Kişi yenə dayanıb maraqla şəhərə
baxır.
Yenə
arxadan fit səsi eşidilir.
Kişi bu dəfə geriyə çönəndə Qəribi
görür.
Qəribin
görüntüsü üstündə biz son kadrları
görürük...
Orxan FİKRƏTOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 7
iyul.- S.4-5.