Ruhun tarixi

 

Rüstəm Kamal dünya ədəbi təcrübəsinə yaxından bələd olmaqla yanaşı, Azərbaycan ədəbiyyatını da köklü şəkildə bilir, dilimizinmilli təfəkkürün stixiyasının incəliklərindən usta səriştəsi ilə baş çıxardır. O, bədii mətndəki bizə tanış obrazın daşıdığı məna yükü, fəlsəfi miqyasları, ovqatyaratma keyfiyyətləri kimi xüsusiyyətləri fərqli "oxuyur" və bizə də yenidən "oxudur".  Rüstəm Kamalın "oxuduğu" və "oxutduğu" - şeirin, nəsrin gözə görünən mətnindən dərində baş verən və ya mövcud olan, yalnız sənətdə reallaşan mistik hadisənin, bədii sözün sehrli dünyasının müəyyənləşdirilib üzə çıxarılmasıdır. Özüciddi qanunauyğunluqlara malik bir sistem kimi, gözlə görülən əyani mənzərə kimi.

R.Kamalın bədii ədəbiyyatda qədimdən mövcud olan obrazlar haqqında müəyyən ilkin elmi-nəzəri qənaətləri var. Bilir ki, ata, ana, qadın, kişi, tale, uşaqlıq, yuxu, ev, yol, ad, keçmiş, gələcək, güzgü, əl, dağ, bağ, təbiət ...  bədii mətndə, yaxud insanların şüurundaya təhtəlşüurunda bir obraz olaraq hansı vəzifənin (vəzifələrin) daşıyıcısıdır. Lazım gələndə bunu sitatla, mötəbər dəlillərlə sübuta yetirməyə hazırdır və yetirir də. Ancaq bu heçkonkret mətnə münasibətdə öncədən "hökm oxumaq" mənasına gəlmir. R.Kamal hər yazısında mətnin və sözün o biri üzündəki gerçəkliyi - sənət adlanan möcüzəni kəşf edir, insanların və bədii ədəbiyyatın yaddaşında mühüm yer tutan anlayışların əsərdə necə reallaşmasını, hansı formada "ehya olmasını", hərəkətə gəlib canlanmasını özünəməxsus boyalarla əyaniləşdirir. Rüstəm əvvəlcədən tanıdığı yol, tale, vaxt, yuxu kimi obrazların sorağı ilə oxucunu mətnin içindəki gözlənilməzliklərlə qarşılaşdırır və gözlənilməz qarşılaşmaların yaratdığı qısa qapanmaları oxucuya yaşada bilir...

Rüstəm Kamal obrazın poetik tarixini açıb göstərə-göstərə bizi bədii mətnin başlandığı yerə - ruhun, mənəviyyatın tarixinə aparır. Əsl ədəbiyyatın və əsl ədəbiyyat adamının (şairin, nasirin, dramaturqun, tənqidçinin, nəzəriyyəçinin, esseistin) uca Yaradan  tərəfindən müəyyənləşdirilmiş ali missiyası da elə bundan ibarətdir...

 

Məti OSMANOĞLU

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.11.