Rüstəm Kamal haqqında xəyalat

 

Fraqment

 

...Rüstəm Kamalın ən çox da bu sözündən xoşlanıram: "Azərbaycan ədəbiyyatının alternativ tarixi yazılmalıdır..." Əslində, bu, hər bir dəyərli ədəbiyyatşünasın fikrində, xəyalatında, içində gəzdirdiyi sözdürhardasa öz gizli küncündə kullanıb, hamıdan xəbərsiz, xəlvəti həmin alternativliyə məşğuldur...

Mən Rüstəm Kamalı 1990-cı illərin əvvəlləri yazılarından tanıyıram; hələ o zaman Azərbaycan ədəbiyyatı barəsində necə düşünüb yazırdısa - bir az qəfil, gözlənilməz, akrobatik gəzişmələrlə, amma üzdə(n) çox çətin seziləsi (xəyalatındakı) mətnə son dərəcə sədaqətlə; elə bugüno sayaq: bir az daha kamil, artistik, sehrbaz, başdan-ayağa (içindəki) mətnin özüdür...

Rüstəm Kamal deyəndə ki: XIX əsr Azərbaycan ədəbiyyatı yoxdur, yox kimidir, bekara şeydir, - çox da yaxın buraxmayın, bir növ, gözlərdən (tarixi) pərdəni götürmək üçün deyir... Deyir ki, bir azdan Molla Pənahdan, general İsmayıl Qutqaşınlıdan, Mir Möhsün Nəvvabdan və həmincə, Mirzə Fətəlidən götürüb-gəlib onu necə var mətnlərdən (güzgüdən-karmadan-mistikadan-filandan) "bərpa" eləsin...

Rüstəm Kamal fərz qılanda ki: Azərbaycan hekayəsinin bircə yetkin (bitkin) modeli var, o da Mirzə Cəlil hekayəsidir, - onu da ürəyinizə salmayın çox; bir azdan Əbdürrəhim bəydən, Yusif Vəzirdən, Seyid Hüseyndən, "Uca dağ başında" Şuşanın landşaftından, hesab dəftəri-"həbsiyyə"-teleqraf.com-stomatoloji yuxular-repressiya lüğəti-vida dəftərinəcən... - özü bu "yarımçıq" hekayətin detallarını tamamlayası, tamını da (modelini) "bərpa" edəsidir...

Rüstəm Kamal qəfil "sehrbaz çubuğu"nu tuşlayıb Azərbaycan romanını ümumən şübhə altına alanda da heç darıxmayın; demək, o, həmin konuda hələ düşünür... Azca keçəsi, yenə bu (xəyalatındakı) romanı "bərpa" eləyənlərdən birincisi elə Rüstəm Kamal özü olasıdır; Yusif Vəzirdən, Yusif Səmədoğludan, İlyas Əfəndiyevdən, İsa Muğannadan, Mirzə İbrahimovdan, Maqsud Şeyxzadədən Anar fəzasınacan; təbəssümdən-buluddan-qeyb aləmindən-nitqi tərk etmiş səslərdən Təbrizə səyahətəcən...       

Ən çox sevdiyi sözlərdən birisi "bərpa"dır; post-tarix dövründə o, hələ də tarixin şaqul(i) oxuna sallanıb görünməz diblərə boylana-boylana qalanlara heyrətini gizləmir də... Və (xəyalatındakı) "tarix"i göz önündəcə (üfiqi) çoxsaylı mətnlərdən, mətnlərdə gizlənmiş çoxsaylı kodlardan, işarələrdən, eləcə obraz, detal, təfərrüat sırasından "bərpa" eləməyə üstünlük verir: qəbirüstü yazı - Vurğun gülüşü - fonoqraf - saat çıqqıltısı - telefonda səs - pilot qardaş - şair əlləri - Əli Kərim təbəssümü - Məmməd Arazın "Qılınc və qələm"i - Nüsrət Kəsəmənli nağılları - Nizami Cəfərov dastanı - yaddaşın ekologiyası - pələng ovu - şahmat oyunus. və s. gizlinlərəcən...

...Və az qala otuz ildir Rüstəm Kamal öz (alternativ) tarixini yaradır, Azərbaycan ədəbiyyatı tarixini. Dostumuz Nizami Cəfərovun tərzində desək: Rüstəm Kamal mütəfəkkir ədəbiyyatşünasdır; mükəmməl Avropa təhsili var və (xəyalatındakı) çoxsaylı kodlarla/kodlarda Qərb təfəkkürünü Şərq mətnlərinə daşıyır, üsulluca gəlişdirir. Mənimcə: Rüstəm Kamal qəlbində-ruhunda sağalmaz  Ədəbiyyat (Füzuli) sevdası, Mirzə Fətəli yolunun dönməz davamçılarındandır. Belə.

 

Tehran Əlişanoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.10.