Böyük sirrin yenidən
oxunuşu
Bu gün Azərbaycan
ədəbiyyatşünaslığında
bir Rüstəm Kamal fenomeni var.
Ənənəvi (aşınmış) ədəbi
tənqidin çərçivəsini
dağıdan, eyni zamanda, modernitenin də xam xəyallarına
qapılmayan Rüstəm
Kamal filoloji təhlilin məntiqi ilə esseist təxəyyülün azadlığını
simbioz etməyi bacardı.
Rüstəm ədəbi faktın, mətnin qarşısına
öz müstəsna təfəkkür tərzi
ilə çıxdı.
Gözlərimin qabağında, təbiri
caizsə, mənim israrlarım, ricalarımla
qələmə aldığı
və üz qabığından Rene Margitin
sürrealist "Göz"ünün
baxdığı "Güzgü
günü" kitabını
iyirmi beş il əvvəl yazıb və dörd Kamala - atasına, oğluna, Kamal Talıbzadəyə və
Kamal Abdullaya həsr etdiyi "Oğuz ruhu: bərpa və yozum" kitabının davamı kimi oxuya bilmədim. Niyə?
Çünki Rüstəm nədən
yazırsa, nə yazırsa YENİDİR. Azərbaycanda
mətnin psixoanalitik təhlili yeni-yeni vüsət tapanda Dədə Qorqud mətnlərinə ontoloji
təhlil tətbiq edən və ilk dəfə "ontoloji poetika" istilahını
filoloji dövriyyəyə
daxil edən Rüstəm Kamal o zaman "psixoanaliz köhnəlib" deyə
gözlənilməz hökm
vermişdi. Amma indi "Mirzə Fətəlinin həyatı
və yaradıcılığı
psixoanalizin obyekti ola bilərdi"
deyə sözə başlayır. Mirzə Fətəlinin mətnlərindən,
məktublarından onun
ömür mətnini
(və ömrünün
mənasını) oxuyur.
Hər bir halda yenə
də Rüstəmin təfəkkür yaddaşı
ontoloji poetikanın izini tərk etmir. Tutaq ki, Yusif Vəzirin təbəssümündən,
Mirzə Cəlilin ağrısından, yaxud bir başqasının yarasından yola çıxaraq mətni təhlil edir. Amma bütün hallarda, yəni iyirmi il
əvvəl olduğu
kimi indi də Rüstəm yenini yazır və yenidən yeniyə meyil edir. Professor Rüstəm
Kamal Azərbaycan ədəbiyyatşünaslığının
təhlil sferasına simvolizm firavanlığı
gətirdi. Hadisənin - mətnin, sözün, işarənin sakral, ezoterik, metafizik qatına endi. Mixail Baxtinin nitq janrları konsepsiyasını "Dədə
Qorqud"un poetikasına tətbiq etdi. Rüstəm özü də
tanıdığım o nadir alimlərimizdən biridir ki, hətta könül söhbətlərimizdə
belə nitqinin janrı hər zaman elmi olub.
Rüstəm mətnlərdən yazıçının, yaxud
obrazın taleyini oxuyan bir ədəbiyyat
münəccimi (və
kahini) təsiri bağışlayır. Bunu
bu gün Azərbaycanda Rüstəmdən
başqa kim
yazar ki, "İstənilən şəhərin
səma kodu olur. Mistiklər, ezoteriklər inanırlar
ki, yer üzündə
elə bir şəhər yoxdur ki, onun səmada
"oxşarı" olmasın.
Svedenborq
güman edirdi ki, təkcə Səmavi Qüds deyil, Səmavi London da mövcuddur. Şuşanın da səmada mütləq
"oxşarı" var
- Səmavi, İlahi Şuşa var...
Yer üzündəki
Şuşa tarixin içindəydi, elə tarixin də, xəyanətlərin
və cinayətlərin
qurbanı oldu. Amma Səmavi Şuşa bəşər
tarixinin, zamanın hüdudları dışındadır:
Onu ruhlar və Tanrı qoruyur..." Mətn Rüstəmin yazılarında
sanki Yuxuya çevrilir. Rüstəm həm də elmin şairidir. İyirmi beş
il əvvəl demişdi ki, "Dədə Qorqud" obrazlarının dilini tapan alimi çəkinmədən
simvolist şair adlandırmaq olar. Elə isə, Azərbaycan ədəbiyyatındakı obrazların
dilini tapan, yaxud obrazlarla dil tapan Rüstəm
Kamal çoxdandır
ki, simvolist şairdir. Poeziyamızın səmasında uçuşan
metaforaları Rüstəm
Kamaldan soruşun.
Hətta
oxuduğu mətndəki
üç nöqtələrə
(...) yazı həsr etməyi özünə borc bilən əziz dostumu mənim üçün əziz qılan başlıca səbəb
isə ürəyinin
çiçək üzü
kimi təmiz və zərif olmasıdır. Rüstəmlə otuz ildir dostam.
Bu otuz ildə
aramızda otuz saniyə də olsa soyuqluq, inamsızlıq yaşanmadı.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2018.-
7 iyul.- S.10.