Fəna - "mən"sizlik:
İncəsənət
və ədəbiyyat müstəvisində
“Şərq arxetipləri”
kitabından
Mən və biz
Kino istehsalında və teatrda belə bir halı
çox müşahidə etmişik - tutalım, hansısa
aktyor ümumi kompozisiyada öz yeri ilə razı deyil, daha
çox görünmək istəyir, daha da irəli
çıxmaq istəyir. Bu cəhdlər kinonun
(serialın, teatrın) kompozisiyasını poza biləcəyinə
görə, rejissor tərəfindən qarşısı
alınır. Və konfliktlər
yaranır. Rejissor daha çox ümumi
quruluşu düşünür, bütün əsərin
uğurlu alınmağı üçün
çalışır. Rejissorun
böyük vahid sintetik sənət əsəri
yaratmağına, sanki xırda elementlərin tabeçilikdən
çıxmağı mane olur. Vahid ansambl
yaranmır.
Aktyor isə bəzən öz fərdi
yaradıcılığını daha da qabartmaq məqsədi
güddüyünə görə, ümumi işin necə
olacağı, onunçün o qədər də maraqlı
deyil. Hətta
bəzən elə olur ki, aktyor düşünür ki,
bütün əsər zəif də alınsa, əsas budur mən
yaxşı görünüm, qoy desinlər ki, əsər fərli
deyildi, amma filankəsin oyunu daha yaxşı idi...
Eyni cəhdləri tək aktyorlardan yox, operatordan, bəstəkardan,
rəssamdan və kino (teatr) sənətinin elementlərini təşkil
edən başqa sənət nümayəndələrindən
də görmüşük. Nadir hallarda rejissorun
diktəsinə tam tabe olurlar, əksər hallarda hesab edirlər
ki, onların hər biri rejissordan daha yaxşı bilir (Əlbəttə
burda rejissor məfhumu şərti olaraq işlədilir. Rejissor deyərkən, ümumiyyətlə,
aparıcı qüvvə, idarə edən, hökm və məsuliyyət
sahibi nəzərdə tutulur).
Bu sahədə çalışanlar bilir ki, dediyim
mövzuda həmişə nə qədər konfliktlər
yaranır. Niyə? Çünki fərd
özünü ümumun içində əritmək istəmir.
Kiçik "mən" əriyib böyük "biz"
olmaqdan qorxur... O, hətta böyük "biz"in içində
də "mən" kimi görünməyə
çalışır. Və beləcə, böyük
"biz" yaratmaq cəhdlərimiz kiçik "mən"lərin
səyləri nəticəsində heçə gedir... Həm
də fikirlər təkcə kinoya, teatra deyil, bütün sahələrə
aiddir...
Bizdə
oxşar problemlərlə rejissorlar, dirijorlar, idman
komandalarının məşqçiləri və sair sahələrdə
kollektiv fəaliyyətə rəhbərlik edən və
görülən iş üçün əsas məsuliyyəti
daşıyan insanlar, demək olar ki, hər gün
rastlaşır. İşin doğru-dürüst
reallaşması, ümumi ideyanın, əsas məqsədin
yüksək səviyyədə həyata keçirilməyi
üçün nə qədər kiçik "mən"lərin
böyük "eqo"larını cilovlamaq lazım gəlir...
Sonra da,
bu cür böyük "eqo"lu kiçik "mən"lər
Qərbin, tutalım, kinosuna, orkestrlərinə, opera-baletinə,
futboluna və daha nəyinə, nəyinə həsədlə
baxaraq, hamıya nümunə göstərirlər və təəssüflə
qeyd edirlər ki, biz onlardan çox-çox geri
qalırıq, çünki cahilik, nadanıq, avamıq və
sair...
Bəli,
geri qalırıq, çünki "biz"im onlar kimi
böyük olmağımızçün ilk növbədə
kiçik "mən"lərimizin içindəki
böyük "eqo"ları əritməyimiz
lazımdı. Necə ki, onlar bunu bacarıblar.
Orda ən mürəkkəb mexanizmlərin
kiçik detalları da öz yerini bilir və ümumi ideyaya,
məqsədə xidmət edir. Onlar üçün
"biz" olan yerdə, "mən" yoxdur... Ancaq heyif biz
bunu bacarmırıq...
Bəs, görəsən, həmişə belə
olubmu? Daha doğrusu, bizim xalq əvvəllər də bu
cür yaşayıb, bu cür yaradıb, yoxsa bizim
altşüurun arxetipləri tamam başqa mətləblər
deyir? Axı Şərq düşüncə
tərzi üçün "mən" problemi heç vaxt
mövcud olmayıb?
Və əslində bizim bir çox bugünkü
problemlərimizin səbəbi məhz həmin milli kollektiv
altşüur arxetipləriylə daban-dabana zidd olan kənar məfkurələrə
tabe olmağımızdı. Fizika diliylə desək,
kənardan gələn energetik dalğaların tezliyi, əgər
toplumun içindən, dərin qatlarından gələn
dalğaların tezliyi ilə üst-üstə düşməsə,
rezonans yaranmaz və heç bir hərəkətdən,
inkişafdan söhbət gedə bilməz.
Nöqtə - Sıfır - Nirvana
Riyaziyyat
qaydalarına diqqət etsək, görərik ki, sıfır(lar) nöqtədən əvvəl
yazılarsa, ümumi kəmiyyət artar. Sıfır
nə qədər çoxalırsa, rəqəm də bir o qədər
böyüyür. Həqiqi inkişafa
aparan yol məhz burdan keçir.
Lakin nöqtədən sonra yazılan
sıfırların heç bir əhəmiyyəti yoxdur. Nöqtədən
sonra hətta böyük bir sıfırlar ordusu düzülsə
də, heç nə dəyişmir, rəqəm artmır.
İnkişaf eynən üfüq kimi uzaq və əlçatmaz
görünür...
(Xahiş
edirəm bu detalı unutmayın, bu məqamın üstünə
qayıdacağıq...)
Minillər əvvəl bəzi mədəniyyətlərdə
sıfrı bir rəqəm olaraq müxtəlif işarələrlə
fiksasiya etmək cəhdləri olub. Lakin bu şərti
sıfırlar sadəcə heçlik, yoxluq mənasında
işlənib. Rəqəmin olmaması.
Rəqəmsizlik.
İlk dəfə riyaziyyat sistemində sıfrı tətbiq
edən və sıfırlı onluq, yüzlük, minlik
sistemləri yaradan isə Cəbr elminin atası əl-Xarəzmi
olub (Rus dilində işlənən tsıfra, italyan dilinə
cifra, alman dilində ziffer və sair bu cür kəlmələrin
mənşəyi də məhz ərəb dilindəki
sıfır sözüdür ki, bu dillərdə, ümumiyyətlə,
rəqəm anlamına gəlib).
Bəli, müasir mənada sıfrın
yaradıcısı əl-Xarəzmi sayılır. Türk-müsəlman
düşüncə tərzinin daşıyıcısı.
Niyə? Çünki məhz
bu mənada sıfır birbaşa fəna-fil-lah məfhumunun
mahiyyətini təşkil edir. Başqa
sözlə desək, sıfır Fənafillahın riyazi
müstəvidə təcəssümüdür. Fənafillahı anlamadan, sıfırı tam dərk
etmək mümkün deyil. Sıfrın
mahiyyətini bilmədən, fənafillahın məzmununa
yaxınlaşmaq mümkünsüzdür.
Həmin Fənafillah ki, yüzilliklər ərzində
bütün Şərq-islam təfəkküründə həm
irfani təmayüllərin, həm də ədəbiyyat-incəsənət
üslublarının aparıcı ideya xəttini təşkil
edib. Bütün Şərq incəsənətinin mahiyyətində
məhz bu məfhum dayanır. Və ən əhəmiyyətli
olanı odur ki, bu məfhumun mahiyyətinə varmaq bizə
klassik ədəbiyyatımızı, incəsənətimizi
dərindən dərk etməyə yardımçı olmaqla
bərabər, həm də bugünkü incəsənətimizdə
və ədəbiyyatımızdakı bir çox problemlərin
mahiyyətinə varmaq və onları aradan qaldırmağa da
çox kömək edə bilər...
Bəs,
görəsən, bu fəna(fillah) deyilən
məfhum nədir ki, həm dünənimizi əhatə edir,
həm də bu günümüzü? Və nəyə
görə bu gün, XXI əsrdə həm incəsənətdə
və ədəbiyyatda, həm də ümumiyyətlə, cəmiyyətdəki
bir çox problemlərin səbəbi kimi məhz fəna məfkurəsindən
uzaqlaşmağı hesab edirik.
Yoxluğun varlığı
Fəna məfhumunu izah edən alimlər ən əvvəl
onu qeyd edirlər ki, Fənanı hind fəlsəfəsindəki
Nirvana ilə eyniləşdirmək qətiyyən olmaz. Çünki
Nirvana mütləq mənada yoxluq deməkdir. Varlığın itməsi, tam olaraq
mövcudluğundan məhrum olması (qeyd edək ki,
sıfır rəqəminin hind dilində ilk ifadəsi də
"sunya" - yoxluq, boşluq kimi yaranıb. Yəni Nirvanaya yaxın bir hal).
Bəs Fəna nədir? Əlbəttə ki,
ilkin mənada bu kəlmə də yoxluq, heçlik mənasını
ifadə edirdi və əksər hallarda öz əksi olan Bəqa
kəlməsiylə bərabər işlənirdi. Fəna yoxluğa, müvəqqətiliyə, Bəqa
isə əbədiyyətə işarə idi.
Lakin Şərq-islam müstəvisində İrfan-təsəvvüf
cərəyanları yaranandan sonra, Fənaya münasibət də
dəyişdi.
Müxtəlif alimlər, ariflər, sufilər Fəna
ilə bağlı çoxsaylı fikirlər irəli
sürdülər, çoxsaylı nəzəriyyələr
yaratdılar. Ən əsası isə, Fənanın
"mütləq yoxluq" mənası aradan qalxdı.
Fəna daha çox damlanın dəryaya
qovuşması, zərrənin küllə (çoxluğa)
qarışması və onun içində əriməsi
anlamına gəldi. Burada isə
"mütləq yoxluq"dan söhbət gedə bilməz.
Fəna-fil-lah termini də məhz həmin dövrlərdə,
yəni Miladi tarixiylə təxminən VIII-IX əsrlərdə
yayılmağa başladı. Fəna-fil-lah yəni,
Tanrının, mütləq yaradıcının içində
ərimək, həll olmaq...
(Ən qəribəsi budur ki, ərəblərin
Hindistandan götürdükləri rəqəmləri sistemləşdirməyi
və ən əsası, sıfrı əlavə eləməyi
də məhz eyni dövrə təsadüf edir. Yəni Fənafillah
ilə sıfır eyni dövrdə, eyni düşüncə
tərzinin təsiri altında yaranıb. Məna
oxşarlığı da göz qabağındadır. Hind Sunyasının mütləq yoxluq, rəqəmsizlik
anlamından fərqli olaraq, sıfır rəqəmlərin
yanında dayanıb onları artıra bilən varlıq
anlamına gəldi.
Sıfır əvvəllər nöqtə kimi qeyd
olunurdu. Yəni bütün həqiqətlərin cəmləşdiyi,
bütün rəqəmlərin sıxlaşdığı
nöqtə.
Fəna məfhumu öz mənasını dəyişdiyi
kimi, sıfır da mahiyyətini dəyişdi.)
Sufi-İrfan düşüncəsində Fəna terminə
həsr olunmuş onlarla, hətta yüzlərlə əsərlər
yazılıb, şairlər bu mövzunu əsərlərində
çox işıqlandırıblar. Elə nümunəyçün,
böyük Füzulinin "Leyli-Məcnun"undan bir beyti
göstərmək kifayət edər.
"Yarəb,
məni et fənayə mülhəq,
Kim rahi-fəna imiş rəhi-həq!"
("Yarəb,
məni fənaya qovuşdur,
Haqq yolu fəna
yolu imiş")
Bu mövzuya çoxsaylı geniş poemalar,
böyük əsərlər də həsr olunub ki,
bunların içində Şeyx Əttarın məşhur
"Məntiq-ət-teyr" (Quşların söhbəti)
poemasıdır (Hərçənd, eyni rəvayəti bir
çox şairlər nəzmə çəkib, lakin
bunların arasında poetik keyfiyyət baxımından ən
yüksəkdə məhz Əttarın poeması dayanır).
Bir çox oxuculara məlum olan rəvayətin təxmini
qısa məzmunu belədir ki, xeyli quş birləşib Qaf
dağına yol alır ki, Simurq quşunu tapsınlar, və
ondan mütləq həqiqətin sirlərini öyrənsinlər. Yolda
quşların bəziləri tələf olur, bəziləri
yolun çətinliklərindən qorxub geri qayıdır,
yalnız otuz quş sonda Qaf dağına gedib çata bilirlər.
Lakin orada Simurq quşundan əsər-əlamət
tapılmır ki, əsl həqiqəti onlara bəyan eləsin.
Yalnız bundan sonra məlum olur ki, Simurq elə
"otuz quş" (si-otuz, morğ-quş) deməkdir. Yəni mütləq həqiqət elə onların
özlərindədi. Sadəcə, otuz fərqli,
müxtəlif quşun son nəticədə mütləq həqiqət
daşıyıcısı olan Simurqa çevrilməyi
üçün onların bütün çətinlikləri
və sınaqları birlikdə keçməyi, birləşməyi,
başqa sözlə desək, bir-birində fənaya
uğramağı, bir-birinin içində əriməyi
lazım idi.
Otuz
quşun hər biri öz "ad"ından məhrum
olmalıydı ki, böyük, əzmətli Simurq
yaransın...
Adsızlıq
Bütün dünya kulturoloqları qeyd edir ki, tarix boyu
bütün xalqlarda mədəniyyət, incəsənət, ədəbiyyat
məhz sakral-səmavi düşüncənin
daşıyıcısı olub və səmavi enerjinin adi
insanlara ötürücüsü kimi çıxış
edib. Və məhz bu baxımdan, hər bir qədim mədəniyyəti
analiz etmək üçün sakral-səmavi
görüşləri əsas götürmək
lazımdır.
Budur, biz Şərq-islam düşüncə tərzində
insanın "mən" - eqo hissinin yaratdığı
keyfiyyətlərin bəyənilmədiyini qeyd etdik. Həm Şərq əxlaq
elmində, həm irfan-təsəvvüf müstəvisində
insanın həqiqi mənəvi yüksəlişi
özünün dünyəvi "mən"inin fənaya
uğradılmasında, ümumi düşüncə
axınının, İlahi qədərin içində əriməsinə
çalışmaqdan başlayır. Qürur,
lovğalıq, özündənrazılıq ən çox
pislənən keyfiyyətlər olub ki, daxili yüksəliş
yolu tutan insanlar ilk olaraq bu hisslərdən qurtulmağı
öz qarşılarına məqsəd qoyublar.
Bəs, görəsən, Şərqdə incəsənət
müstəvisində bu təfəkkür tərzi hansı
formada təzahür edib?
Şərq-islam
mədəniyyətinin min ildən çox tarixi olsa da,
müasir dövrümüzə çox az
sənətkarların adları gəlib çıxıb. Tutalım,
miniatür sənətindən danışanda Kamaləddin
Behzad, Sultan Məhəmməd, Mir Müsəvvir, xəttatlıqdan
danışanda İbn Müqlə xatırlanırsa,
xalçaçılıq sənəti barədə söhbət
düşəndə, ümumiyyətlə heç kim yada
düşmür. Eyni sözü Şərqin
klassik musiqisi haqqında da demək olar. Dövrümüzə
gəlib çatan Şərq musiqisi incilərinin heç
birinin bəstəkarlarını tanımırıq.
Niyə?
Çünki yaradıcı sənətkarlar
öz adlarını əbədiləşdirmək barədə
düşünməyiblər. Xalçaçılar,
xəttatlar və miniatür rəssamları öz əsərlərinin
altında adlarını yazmayıblar, bəstəkarlar öz
bəstələrini hardasa qeyd elətdirməyiblər. Axı belə qəbul olunurdu ki, istedad Allahın
vergisidir, sənətkar isə sadəcə
ötürücüdür. Onun öz "Mən"ini
qabartması istedadı verənə qarşı asi olmaqdı. Mən heç kiməm.
İstedadı və bacarığı Allah
verib, mən də həyata keçirtmişəm,
yaratdığım qalmalıdır, mənsə fənaya
uğramalıyam. Və burda faciəvi
heç nə yoxdur. Əsas budur ki, mən boynuma
düşən hüccəti layiqincə yerinə yetirə
bildim...
Məhz
bu cür yanaşma səbəbindən o vaxtkı sənətkarlar
indikilərdən fərqli olaraq, kiçicik bir şey
yaratdığına görə az qala
bütün xalqın boynuna minnət qoymayıblar,
hamını özlərinə borclu hesab eləməyiblər.
Təxəllüs
Adını saxlamaq yalnız şairlərə icazə
verilib. Çünki məlumdur ki, başqa dinlərdə
Tanrı, yaradıcı varlıq deyəndə, onun müxtəlif
atributları təzahür edir. Tutalım,
Xristianlıqda Tanrının konkret görüntüsü
var. Eyni vəziyyəti Buddizmdə də görürük...
Lakin başqa dinlərdən fərqli olaraq, İslam
dinində Tanrının yeganə təzahürü yalnız
və yalnız Tanrının sözüdür -
"Quran"dır. Məhəmməd peyğəmbərin də
möcüzəsi Quran idi. Kitab... Böyük səmavi
ilahi söz...
Məhz buna görə müsəlman Şərqində
söz sahibləri o biri sənətkarlardan bir pillə
yuxarıda dayanırdılar. Lakin heç də
hamısı yox. Məlumdur ki, "Quran"da şairlər
haqqında bəzi tənqidi fikirlər yer alıb, amma sonunda
bir ifadə işlənir - "əlləziynə amənu"
- onlardan başqa ki....
Yəni burda da söz sahibləriyçün çərçivə
qoyulub ki, siz yalnız səmavi-ilahi yüksəliş yolunda
olsanız, Allah tərəfindən bəyənilən sənətkar
statusu ala bilərsiniz. Əks halda, sizlər heç də
başqalarından artıq deyilsiniz.
Ona
görə də Şərq ədəbiyyatının
aparıcı mövzusu məhz İnsan-Tanrı münasibətləri,
daxili saflaşma və mənəvi yüksəliş məsələləri
olub...
Burda çox incə bir mətləb ortaya
çıxır. Şairlərə öz adlarını
şeirlərə salmaq adəti olub, lakin bu ad da "şərti
ad" - təxəllüs olub.
Elə yaxın mədəniyyətlərə diqqət
etsək görərik ki, Avropada da, Rusiyada da
yazıçılar, şairlər əsərlərdə əksər
hallarda elə öz adları və soyadlarından istifadə
ediblər. Təxəllüsü isə yalnız hansısa tənqidi
məqamlarda özlərini təhlükədən
qorumaqçün istifadə ediblər. Dantedən,
Şekspirdən, Hötedən tutmuş, Remboya, Lorkaya, Rilkeyə
qədər - bütün bu adlar həmin yazarların həyatda
daşıdıqları ad və soyadlardır.
Lakin Şərq mədəniyyətində şərti
təxəllüsdən istifadə etmək məcburi idi,
çünki təxəllüs də bu baxımdan həqiqi
adı - "mən"i pərdələmək, göstərməmək,
gizlətmək üçün bir vasitə idi. Düzdü, indi bu hal alimlərçün
çoxsaylı problemlər yaradır, eyni təxəllüsdə
yazan şairlərin əsərləri kitablarda bir-birinə
qarışır, hansı əsəri dəqiq kimin
yazdığı bəzən bilinmir, identifikasiya çətinləşir...
Ancaq bu yaradıcı insanların da elə əsas
məqsədi bu olub - adının itməyi. Bəli, mənim adımın qalmağına ehtiyac
yoxdur - əsas məqsəd ilahi-sakral enerjilə yüklənmiş
sənət əsərinin insanlara xidmət etməsi, ilahi
işığı əks elətdirən yüzlərlə,
minlərlə güzgüdən biri olmasıdır.
Bütün
sənətkarlar belə düşünüb - qələm əhli
də, rəssamlar da, xalçaçılar da, musiqiçilər
də, başqa sənətkarlar da...
Səfehlik
İndiki dövrün prizmasından baxanda bütün
bu hərəkətlər səfehlik kimi görünə bilər. Axı mən böyük
bir sənət əsəri yaradıram və o xəyallardayam
ki, insanlar bu sənət əsərindən zövq alanda məni
düşünəcək, məni xatırlayacaq, hətta məndən
sonra da bu sənət nümunələri əbədi olacaq, mənim
adımı yaşadacaq, əbədiyyətə
qovuşduracaq, adım kitablara, dərsliklərə
düşəcək...
Axı
necə ola bilər ki, mən əziyyət
çəkim, sənət yaradım, əsərim qalsın,
amma beş-on nəfərdən başqa heç kim bilməsin
ki, bunu kim yaradıb? Sonra da, ümumiyyətlə,
unutsunlar? Heç kim məni
xatırlamasın? Heç kim mənə
təşəkkür eləməsin? Ola bilərmi?
Olar... Daha doğrusu, olub. Deməli, bu əski
sənətkarlar fənafillah fəlsəfəsini öz
ruhlarında həzm edə biliblər. Ona görə də,
onların "mən"ləri böyük
"eqo"ların qəfəsində çapalamayıb,
daha sərbəst, daha azad olub...
Feminizm müstəvisində
Son iki yüz ildə dünyanın aparıcı ölkələrində
qadınların rolu artan xətlə inkişaf edib, XX əsrin
əvvəllərində çox geniş feminizasiya hərəkatına
çevrilmişdi. Bu hərəkatın bütün fəlsəfəsini
ətraflı izah etməyə ehtiyac görmürəm,
çünki çox geniş mövzudur. Yalnız bir məqama diqqət çəkmək istəyirəm.
XX əsrin
il onilliklərindən başlayaraq, Qərbdə
məhz "kişi kimi qadın" obrazları daha çox
populyarlıq qazanmağa başladı. Siyasətdən,
iqtisadiyyatdan tutmuş, elmə, mədəniyyətə qədər
hər sahədə bu tip qadınlar ön plana
çıxırdı, Qərb cəmiyyətləri tərəfindən
sevilirdi, tərənnüm edilirdi.
Elə
özümüzün yaddaşımızı tərpətsək,
görərik ki, bu psixoloji tipin ən uğurlu nümayəndəsi
olan "dəmir ledi" Marqaret Tetçer tək İngiltərədə
yox, bütün Qərb ölkələrində özünə
çoxsaylı fanatlar tapmışdı. Qərbin ən
tanınmış ictimai-siyasi xadimləri olan Anqela Merkel,
Kondaliza Rayz, Hillari Klinton və başqa bu kimi onlarla, hətta
yüzlərlə aktiv xanımlar öz davranışlarında
az qala təhtəlşüur səviyyəsində məhz
Marqaret Tetçerin həyat və davranışını təkrar
etməyə çalışırlar... Çünki,
təkrar edirəm, bu tip sərt "kişiləşmiş
qadın" obrazı son yüz ildə Qərb cəmiyyətlərində
ən çox sevilən psixoloji tiplərdəndir. Bu
sıraya 50 il əvvəl İsrailə rəhbərlik
etmiş Qolda Meiri də əlavə edərdim (Belə
nümunələr bütün sahələrdə olsa da, məhz
siyasətçilərdən nümunə gətiririk ki,
geniş oxucu kütləsi onları daha yaxşı
tanıyır).
İndi isə Şərq ölkələrinə diqqət
edək.
Şərqin siyasət müstəvisində Tetçer yolu
gedən qadınlardan şəxsən mən yalnız Tansu
Çilləri xatırlayıram ki, o da Türkiyənin
ictimai-siyasi həyatında çox qısa müddət
populyar ola bildi. Əlbəttə,
kimlərsə bunu siyasi səbəblərlə bağlaya bilərlər,
amma, zənnimcə, məsələ ondadır ki, Şərq
xalqları bu cür sərt kişiləşmiş qadın
obrazını o qədər də çox sevmir.
Düzdü, müxtəlif miflərdə, dastanlarda
"Ərəbzəngi" tipində qadınlara rast gəlinir. Lakin bunlar
barmaqla sayılacaq qədərdir və heç bir əsərin
baş qəhrəmanı statusu ala bilməyiblər.
Burda zahirən bir paradoks meydana çıxmış
olur. Bir tərəfdən
biz həmişə qeyd edirik ki, Şərqdə, ələlxüsus
türk xalqları tarixinə diqqət etsək görərik
ki, cəmiyyətdə mərd, dəyanətli, qorxmaz, igid
xatunlar həmişə xüsusi yer tutub: lazım olanda
Nüşabə kimi mərdliklə yad Fateh
qarşısına da çıxıblar, Sara xatun kimi ən
ağır diplomatik funksiyaları da yerinə yetiriblər,
Taclı bəyim kimi atlanıb döyüş meydanına da
çıxıblar (Nümunələri çoxaltmaq da olar).
Deməli, bizim minillik tariximizdə mərd, dəyanətli,
cəsur qadınların xidməti danılmazdır.
Bəli,
bu faktlarla bərabər, deyirik ki, Şərq xalqları "Ərəbzəngi"
obrazını çox sevmir, qiymətləndirmir...
Paradoks var, lakin zahiridir. Dərinə
düşəndə isə çox maraqlı məqamlar
üzə çıxır (Hərçənd, elə
görünə bilər ki, yazımızın əsas
mövzusundan uzaqlaşmışıq, Fənafillahdan
başlayıb, feminizmə gəlib
çıxmışıq. Lakin elə
deyil).
Fikirlərimizi ətraflı izah etməkçün
çox da uzağa getməyə ehtiyac yoxdur. Elə öz
dilimizə diqqət edək, çünki elə müasir
Avropa filosoflarının çoxunun dediyi kimi, toplumun təfəkkürünün
bir çox incə məqamları məhz dildə təzahür
edir.
Budur,
qarşımızda dəmir kimi möhkəm, sərt, əzmkar,
və hətta bir az kobud görünən
"kişiləşmiş qadın - Ərəbzəngi"
obrazı var ki, müasir Qərbdə çox sevilir. Bəs, bizim özümüz bu cür qadınlar barədə
danışanda onları necə təsvir edirik? - Filankəs
kişi kimi qadındı...
Deməli, bu halda qadın eqosu kişiyə məxsus əksər
keyfiyyətləri özündə birləşdirir, sanki ətrafdakı
kişiləri də işgüzar keyfiyyətlərilə
kölgədə qoyur və bundan həzz alır. Cəmiyyətin ona kişi gözüylə baxması,
"kişi kimi qadın" adlandırması, sanki onun eqo
hissini, özünə inam duyğusunu bir qədər də
gücləndirir (Müasir Qərb feministlərinin "ideal
qadın" obrazı təxminən bu cürdür).
İndi isə gəlin mərd, ləyaqətli, cəsur,
əzmkar olmaqla bərabər, öz qadın zərifliyini,
gözəlliyini, lətafətini, həlimliyini
saxlamış başqa bir qadın tipi təsəvvür edək
- belələrinə təbii ki, biz "kişi kimi
qadındır" deyə bilmirik. Belə desək də, düzgün
olmaz...
Bəs nə deyirik? Belə
qadınları hansı epitetlə təsvir edirik?
Əlbəttə
ki, "kişi qızı"... Bəli, bu tipdə
qadınlar barəsində danışarkən deyirik ki,
"filankəs əsl kişi qızıdı"...
Bəli,
Şərqdə məhz belə qadınlar daha çox sevilib
və mərd, dəyanətli qadınlarımız, onlara
"kişi kimi qadın" deyiləndə yox, "kişi
qızı" deyiləndə daha çox fəxr ediblər...
İndi isə gəlib bu iki ibarənin mahiyyətindəki
fərqə diqqət edək. Budur, qeyd etdiyimiz kimi,
qadın öz eqosunu təmin eləmək üçün
bütün keyfiyyətlərdə kişiləri ötüb
keçməyə, onları kölgədə qoymağa
çalışır. Və gördüyü
böyük işlərə görə ona gələn tərifləri,
şöhrəti filanı da yalnız və yalnız
özünə götürür. Bəli, o
böyükdür, və bu böyüklüyün səbəbi
yalnız və yalnız özüdür - öz zəhmətkeşliyi,
enerjisi, biliyi, savadı, bacarığı, istedadı və ən
əsas da cəsarəti və mübarizliyi... "Kişi
kimi qadın" bu nailiyyətlərə görə heç
kimə borclu deyil və şöhrətin, tərifin də
heç bir zərrəsini kiminlsə bölüşmək
fikrində deyil... Budur, ifrat eqo hissinin təntənəsi.
İndi
isə ikinci tip obraza diqqət edək... Öz ali
əməlləriylə "Kişi qızı" epitetini
qazanan və fəxrlə daşıyan qadın sanki
böyük nailiyyətlərinə görə haqlı olaraq
əldə elədiyi şöhrətin, qazandığı təriflərin
bir hissəsini (hətta böyük hissəsini) özünə
yox, atasına ünvanlamış olur. Bəli,
"kişi qızı" belə məqamda "eqo"
hissinin əsirinə çevrilmir, özünü müəyyən
mənada "fəna"ya uğradır. Elə bil özü kölgəyə çəkilir,
irəli isə atasını çıxardır. Və biz də, haqqında "əsl kişi
qızıdır" dediyimiz mərd, ləyaqətli, dəyanətli
xanımlarımız barədə danışarkən,
qeyri-ixtiyari, onun özüylə bərabər atasını
xatırlayırıq. Belə dəyərli
xanımı yetirən ata bizim gözümüzdə bir qədər
də yüksəlir, bir qədər də ucalır. Beləliklə,
öz eqosunu müəyyən mənada, fənaya uğrada bilən
"kişi qızı", tək özü yüksəlmir,
özüylə bərabər sevimli insanını da göylərə
qaldıra bilir.
(Binazir
Bhutto, İndira Qandi, Xalidə Rahman və Şərqin bu kimi
məşhur xanımlarına diqqət etsək görərik
ki, heç biri "kişi kimi qadın" tipinə məxsus
olmayıblar, məhz "kişi qızı" olublar, bu
obrazda milyonlar tərəfindən seviliblər...)
Belə qadın, hətta hipotetik olaraq, özünü
"kişi kimi qadın" tipinə bənzətməyə
çalışsa, o saat toplumun gözündən düşəcək,
daha əvvəlki kimi sevilməyəcək.
(Eyni situasiyanı ər-arvad münasibətlərində
də müşahidə eləmək olar. Bizdə əgər
qadın ərini az qala kənara itələyib
önə çıxmağa, onu az qala kölgədə
qoymağa üstünlük verirsə, belə
qadınları o qədər də sevmirik. Əksinə
, qadın bütün ali keyfiyyətlərinə rəğmən,
öz üstünlüyünü çox da qabartmırsa,
doğma insanlarını kölgədə qoyub irəli
çıxmırsa, belə qadın bizim nəzərimizdə
həmişə ən yüksək, ən ali dəyər
qazanmış olur.)
Niyə?
Çünki, təkrar edirəm, Şərq
xalqlarının altşüurunda fəna arxetipi çox
möhkəm kök salıb. Biz
"öz"ünü şişirdib önə
çıxardanları sevməmişik, əksinə,
"eqo"sunu çilovlayıb (fənaya uğradıb)
kölgəyə çəkilərək, öz nailiyyətlərini
başqalarıyla bölüşə bilənləri
sevmişik, yüksək dəyərləndirmişik... Və
bu hal, bütün sahələrdə özünü göstərir
- İctimai-sosial-mədəniyyət müstəvisindən
tutmuş, qadın-kişi münasibətlərinə qədər...
Bu gün və sabah
Budur,
Şərq xalqlarının altşüurunda möhkəm
kök atmış fəna(fillah)
anlayışının müəyyən aspektlərini
araşdırdıq (Əslində mövzu çox
genişdir, kiçik bir məqaləyə
sığdırmaq çox çətindir).
Lakin belə sual yarana bilər ki, bütün bu
yazının mənası nə idi ki? Hamımız bilirik və həmişə
də bu barədə danışırıq ki, bizdə
kollektiv fəaliyyət növləri yaxşı
alınmır, istər incəsənətdə, istər
idmanda, istər başqa sahələrdə; biz son yüz ildə
ən böyük nailiyyətlərimizi məhz tək fərdlərin
fəaliyyət göstərdiyi sahələrdə
qazanmışıq - İdmanda güləşimiz, boksumuz
futboldan daha üstün olub; incəsənətdə rəssamlığımız,
bəstəkarlığımız kinodan, teatrdan daha çox
nailiyyətlər əldə edib və sair və ilaxır;
Niyə? Çünki bizdə fərdlər "ötürmə
verməyi" bacarmır, hər kəs yalnız
"öz"ünə işləyir...
Bəli, bu barədə çox danışılıb. Amma
unutmuşuq ki, biz heç də tarixən yüzilliklər
boyu belə olmamışıq. Əksinə, sələflərimiz
öz həyatlarında bunun tam əksi olan amallarla
yaşayıblar... Bəs nə oldu bizə?
Niyə bu keyfiyyətlərdən məhrum
olduq?
Müasir Şərq yazıçılarından birinin
məşhur bir kəlamı yada düşür - "Onlar
"yaxşı"ları bizdən götürüb irəli
getdilər, bizsə "pis"ləri onlardan
götürüb geri qaldıq.
Əslində, bu yanaşmanı da mən tam qəbul eləmirəm. Çünki
çox səthi deyilən fikirdir. Muqabilində
sual oluna bilər ki, səni nə məcbur edirdi onlardan məhz
pisi götürəsən?
Müdhiş utanc
Mövzudan yayınmayaq. Ümumilikdə Şərq
xalqlarının altşüurundakı bəzi arxetipləri
analiz eləməkdə məqsədimiz də ortaya
çıxan problemlərin, sadəcə, səbəblərini
tapmaq deyil, həm də müəyyən
çıxış yolu göstərməyə cəhd etməkdir.
Çıxış yolu isə, zənnimizcə, ilk
olaraq, utanc hissini aradan qaldırmağa
çalışmaqdır. Bəli, biz özümüz kimi
olmaqdan utanırıq (Bizə bu utanc hissini yüz il boyu səylə aşılayıblar).
Ona görə özümüzü tam dəyişməyə
- öz keçmişimizi tam atmağa və
özümüzü kənar quruluşlara uyğun olaraq, tam
yenidən (sıfırdan) yaratmağa, yəni
"başqası" olmağa çalışırıq.
Bəli, bu utanc hissi son nəticədə,
doğru-düzgün analiz etməyə, yaxşını
pisdən seçməyə bizə mane olur. Yalnız bu
utanc hissini aradan qaldırsaq, gözümüzü örtən
bu pərdəni götürsək, müasir dövrün bir
çox həqiqətləri bizimçün daha aydın
görünəcək. Və yalnız bu
zaman kənardan hər nəyi oldu yox, məhz həqiqətən
də bizə lazım olanları götürə biləcəyik;
paralel olaraq, özümüzdən də hər şeyi yox,
yalnız lazımsız olanları tullayıb ata biləcəyik.
Bəli, bu saat ən vacib olan məhz budur - kənardan hər
şeyi yox, ən yaxşını götürmək;
özümüzdən hər şeyi yox, ən pisləri
atmaq....
Buna nail
ola bilsək, həqiqətən də bir çox
sosial-psixoloji problemləri aradan qaldırmış olacağıq...
Bunun üçünsə, ilk olaraq özümüzü
(tariximizin və altşüurumuzun dərin qatlarını)
cidd-cəhdlə öyrənmək, anlamaq və ən nəhayət
nə sevməyə çalışmaq lazımdır...
"Mən"lər
bütün yaxşı-pis keyfiyyətlərilə birlikdə,
"biz"i sevməyi öyrənməsə, heç nəyi
dəyişə bilməyəcəyik...
İlqar FƏHMİ
Ədəbiyyat qəzeti.- 2018.- 7
iyul.- S.12-13.