Yaradıcılıq günü və
yaxud şeirin
oğurlanması
Tragikomik və bir qədər də
fantasmaqorik hekayə
Mirzə
Məhi rəhbərliyin də iştirak etdiyi
srağagünkü mötəbər iclasda, rəsmi qaydada,
yekdilliklə Qeyri-adi İşlər Şirkətinin şairi
təyin olunduqdan (məhz təyin olunduqdan!) sonra
götürdüyü ilk yaradıcılıq
gününün uğurlu alınması üçün hər
cür hazırlıq görmüşdü: Malaziyada, Şərq
üslubunda, nəfis şəkildə istehsal olunmuş
yazı masası, diyircəkli qoltuq, ağ, yaşıl,
göy, sarı, qırmızı, bənövşəyi,
çəhrayı, narıncı vərəqlər və bu
vərəqlərə də uyğun rəngbərəng qələmlər...
Fikirləşmişdi
ki, məsələn, yamyaşıl vərəqdə
sapsarı qələmlə elə həzin bir payız
şeiri yazmaq olar ki, vallah, Jak Prever kimi şairlərin heyrətdən
qələmləri əllərindən yerə düşər.
Bu ağ, yaşıl, göy, sarı,
qırmızı, bənövşəyi, çəhrayı,
narıncı vərəqlərin arasında dörd dənə
də - cəmisi elə bu qədər tapa bilmişdi - qapqara,
karton qalınlığında kağız vardı.
Mirzə
Məhi bu qapqara, karton qalınlığındakı
kağızda əhəngdən düzəltdiyi ağappaq
mürəkkəblə Qarabağ həqiqətlərini nəzmə
çəkəcəkdi və BMT-nin Baş katibi Antonio
Quttereşə göndərəcəkdi, şübhəsiz,
bir xeyiri olacaqdı, hökmən olacaqdı, çünki bu
portuqaliyalılar da, eynən xəlqi-Azərbaycan kimi, möhkəm
şeirbazdılar, - doğrusu,
Federiko Qarsia Lorkanın qonşularını heç başqa
cür təsəvvür etmək də olmur - bir də
görürsən ki, adi bir sözdən uşaq kimi kövrəlirlər...
Mirzə
Məhi başqa hazırlıqlar da görmüşdü:
sağanağı qızıl suyuna çəkilmiş
pilisse eynək, ətəyi dizdən azacıq
aşağı qara mahuddan arxalıq, kəpənək
qalstuk, boyaboy saf, qədimi sədəflə işlənmiş
əsa, qaragül dərisindən tikilmiş papaq. Amma bunlar irəlidə,
çox-çox irəlidə - məşhurlaşandan, ad-san
qazanandan sonra lazım olacaqdı, inşallah...
Mirzə
Məhi Qeyri-adi İşlər Şirkətində iş
başladığı vaxtda - düz saat doqquzda yazı
masasının arxasına keçdi. Əlini elə qələmə
sarı uzatmaq istəyirdi ki, qeybdən səs gəldi:
- Bala,
demişdin mənə şeir yazacaqsan, nə oldu?
- Yazacam,
nənə, yazacam.
- O ələk
də ki, elə alt-altda, üst-üstdə qaldı, düzəltdirmədin.
- Nənə,
sən o dünyada da un ələyirsən?
- Ələyirəm,
bala, ələyirəm... Cümədən-cüməyə...
Halva çalandan-çalana... Ələkdi, düzəltdirsən
də sağ ol, düzəltdirməsən də...
Uzaqbaşı un bir az kəpəkli olacaq,
olsun, eybi yoxdu... Bax, indi Novruz bayramıdır, demirəm ki, gətir
qəbrimin üstünə bir nəlbəki səməni
qoy... Sən mənim şeirimi yaz, şeirimi - olsun ehsanlar
ehsanı...
- Yazacam,
nənə, yazacam... Qoy, bu şirkətin işlərindən
başım bir balaca açılsın...
Mirzə
Məhi dodağının altında mızıldandı:
- Bu arvad,
portuqaliyalılar kimi, lap şeirbaz olub gedib. Heç
nədəncə vaxtımı alır.
Qeybdən gələn səs qəfildən xırp kəsildi.
Mirzə
Məhi yenə əlini qələmə sarı uzatmaq istəyirdi
ki, qapı döyüldü, o, qoltuqdan qalxmaq istədi, hətta,
bir balaca dikəldi də, amma sonra, nədənsə, fikrini dəyişdi:
-
Açmayacağam!
Qapı bir də döyüldü. Mirzə Məhi hövsələdən
çıxdı:
- Dedim ki,
açmayacağam!
Qapı
üçüncü dəfə döyüləndə, o,
artıq sakitləşmişdi:
-
Heç vecimə də deyil, istəyirsən, lap yüz dəfə
döy, açmayacağam.
Mirzə Məhi istəmirdi ki, yaradıcılıq
gününün bir saniyəsini də kənar işə sərf
etsin. Odur ki, qapının fasiləsiz halda döyülməsinə
məhəl qoymadan, yenə əlini qələmə sarı
uzatmaq istəyirdi ki, otağın küçəyə baxan
pəncərəsinin altında pişik elə bərkdən
çımxırdı ki, o, yerindən dik atıldı.
Ancaq bu bir an oldu və Mirzə Məhi qeyri-ixtiyari
gülümsündü, fikirləşdi ki, sənət
yolunda bu cür maneələr çox olacaq, gərək fikir
verməyəsən...
Nəhayət,
o, bənövşəyi qələmi götürüb,
narıncı vərəqdə narın xətlə belə
bir şey yazdı:
Fikir vermə
qeybdən gələn səsə,
fikir
vermə aramsız döyülən qapıya,
fikir
vermə ədəbsiz-ədəbsiz çımxıran
pişiyə,
işində ol, şair!
Mövzu
bir az - yəni, üç-beş dəqiqə
bundan əvvəlki həyatdan götürülsə də,
şeir, nədənsə, xoşuna gəlmədi, hiss etdi ki,
poetik vəsf axsayır, cırıb atdı: "Şirkətin
adına layiq bir şey yazmalıyam... qeyri-adi..." Təzə
vərəq, təzə qələm götürdü,
yazdı-pozdu, yazdı-pozdu...
Günortaya
yaxın həm sağ, həm sol çiynində yalnız
ilham pərilərinə məxsus olan yüngül, son dərəcə
yüngül bir ağırlıq hiss etdi, bununla da,
bütün nigarançılğı keçib getdi və
öz-özünə dedi: "Şükür, qəzaya-filana
uğramadan - sağ-salamat uçub gəldilər, lap təyyarə
kimi, vaxtında - nə bir dəqiqə tez, nə bir dəqiqə
gec. Amma bir dəfə dumanlı havada
çaşıb mənim çiynimi hansısa şairciyəzin
çiyni ilə dəyişik salmışdılar."
İlham pəriləri gələn kimi Mirzə Məhinin
zehni açıldı, təbi coşdu, sözləri muncuq
kimi yan-yana düzdü, maşallah, hecalar yerində, qafiələr
yerində, poetik yozum, modern ruh yerində. Yoxsa, bayaqkı şeir...
Mirzə
Məhi elə son nöqtəni qoymuşdu ki, yenə qeybdən
səs gəldi:
- Bala, deyəsən,
mənim şeirimi yazdın, hə?
- Yox, ay nənə,
yox.
- Bəs,
o əlindəki nədi elə?
- Sənəddi,
ay nənə, sənəd.
- Nəyin
sənədidi, bala?
- Şirkətin, ay nənə, şirkətin,
yadımda ikən, aparım qoyum seyfə, birdən itib-eləyər.
-
Yubatdın, mənim şeirimi yaman yubatdın.
- Yazacam,
nənə, yazacam.
- Mən
indi Cənnətin kənar məhəllələrindən
birində oluram...
- Nədi,
Dördüncü mikrorayondan pisdi?
- Yox, amma
o şeiri yazsan, məni mərkəzə - Peyğəmbər
əleyhisalama yaxın bir yerə köçürərlər.
Burada nəslində-kökündə şair olanlara çox
hörmət eləyirlər...
- Yazacam,
nənə, yazacam. Və gətirəcəm.
- Səni
bura buraxmazlar, çiynindəki o pərilərə ver, gətirsinlər.
-
Onların buraxılış vəsiqələri var?
- Var,
bala, var, yaşıl rəngdə, gözümlə
görmüşəm.
Qeybdən
gələn səs yenə qəfildən xırp kəsildi...
Mirzə Məhi saata baxdı - 13:00. Nahar fasiləsi.
Sevincək olduğundan, iştahı
qaçmışdı. Amma gəzmək...
gəzmək istəyirdi. Belə qərara gəldi ki,
heç bayıra çıxmasın, elə evin içində
- dəhlizdə var-gəl etsin, sağanağı
qızıl suyuna çəkilmiş pilisse eynəyini, ətəyi
dizdən azacıq aşağı qara mahuddan
arxalığını, kəpənək qalustukunu, boyaboy
saf, qədimi sədəflə işlənmiş əsasını,
qaragül dərisindən tikilmiş papağını da
yoxlasın, görsün necədir.
Mirzə
Məhi sağanağı qızıl suyuna çəkilmiş
pilisse eynəyini gözünə taxıb, bədənnüma
güzgünün qabağına keçdi: bəh-bəh,
yaraşdı, vallah, yaraşdı, hətta bir anlıq ona elə
gəldi ki, anadan doğulanda, bu sağanağı
qızıl suyuna çəkilmiş pilisse eynək elə gözündə
olub...
Arxalıq...
Hansı əsrdə dəbdə olmayıb?
Yeddinci, on üçüncü, iyirmi birinci... Yəqin,
hələ, otuzuncu əsrin də dizlərini qatlayacaq. Bəli,
nə qədər ki, şeir var, ətəyi dizdən
azacıq aşağı qara mahuddan arxalıq da olacaq!..
Kəpənək
qalustuk... Elə bil, canlı idi - indicə
"pırr" eləyib uçacaqdı. Gülməyi tutdu. Qəfildən
ağlına gələn bu əcaib fikrin özü elə
bir şeir idi, vallah.
Boyaboy
saf, qədimi sədəflə işlənmiş əsasını
götürdü, elə bir addım atmışdı ki, az qaldı yıxılsın, təəccüb
elədi: üç ayaqla yerimək iki ayaqla yeriməkdən
çətin imiş... Görəsən, niyə?.. Yazıq heyvanlar... dörd ayaqla...
Amma nə etmək olar? Mirzə Məhi məşhur
olandan, ad-san qazanandan sonra bu üçüncü ayağa
hökmən öyrəşməli idi. Əlbəttə,
məşq etmək lazımdır, elə bu gündən, bir
saniyə də vaxt itirmədən!
Mirzə
Məhi boyaboy saf, qədimi sədəflə işlənmiş
əsanı yerindən asıb, qaragül dərisindən
tikilmiş papağı götürdü, başına qoydu və
yenə bədənnüma güzgünün önünə
keçdi: andır xeyli böyük idi - bütün
alnını örtürdü və hələ bir az da gözünün üstünə
düşürdü. Papaqçının dediyi sözləri
xatırladı: "Ömrümdə bu cür balaca baş
görməmişəm. Papaqlar ölkəsi
İndoneziyadan gətirdiyim ən kiçik qəlibdə
tikmişəm, istəyirsən - götür, istəmirsən
- yox, nədirsə, budur." Və Mirzə Məhi
papağı götürmüşdü, fikirləşmişdi
ki, şan-şöhrət köpəkoğlu şeydi, bir də
gördün, başı şişirtdi, şişirtdi, saldı
papağın formasına...
Mirzə Məhi saata baxdı - 14:00. Deməli,
nahar fasiləsi qurtardı. O, təzədən yazı
masasının arxasına keçdi və bir az
əvvəl yazdığı şeirin üzünü
köçürdü, özü də, nə az, nə
çox - düz səksən bir nüsxə! Niyə məhz
səksən bir nüsxə - bunu bir o bilirdi, bir də Allah!
Axşamayaxın Mirzə Məhi düşündü
ki, bu cür gərgin əqli fəaliyyətdən sonra havaya
çıxmaq heç də pis olmaz. Bu, təkcə bir ekotələbat
idimi? Əsla, yox! O, o qədər gözəl dağ
havası görmüşdü ki... yəni, oksigen acı
deyildi, sadəcə, istəyirdi ki, beş-on dəqiqə də
olsa, xalqın - gələcək oxucularının arasında
olsun...
Mirzə
Məhi evdən çıxanda dönüb
sağanağı qızıl suyuna çəkilmiş
pilisse eynəyinə, boyaboy saf, qədimi sədəflə
işlənmiş əsasına, ətəyi dizdən
azacıq aşağı qara mahuddan arxalığına, kəpənək
qalustukuna, qaragül dərisindən tikilmiş papağına
baxdı və əzilə-əzilə, büzülə-büzülə,
özünün də güclə eşidə biləcəyi
bir səslə dedi:
- Hələ
tezdir, hələ tezdir, hələ tezdir! Bir-iki
kitabımız çıxsın, sonra!
Küçədə
adam az idi. Hava
yavaş-yavaş qaralmağa başlamışdı. Mirzə Məhi səliqə-sahmanlı həyəti
xatırladan balaca parkdan keçib, dəniz kənarına
çıxdı, sonra gəzə-gəzə
işıqlı və gediş-gəlişin gur olduğu bir
yerə - metro stansiyanın qabağına gəldi.
Çıxış qapısı iki-üç dəqiqədən
bir adamla dolub-boşalırdı: bəh, bəh, buna deyərəm
izdiham! Buna deyərəm geniş xalq kütləsi! Kefi duruldu. Amma qəfildən, heç gözləmədiyi
halda, əhvalı pozuldu, qəlbini qəribə bir
yalnızlıq duyğusu sardı - bu qədər adamın
içində onu bir tanıyan yox idi...
Yaxşı
ki, özünü tez ələ aldı: "Darıxma,
şair, vaxt gələcək səni hər yerdə -
tramvayda, troleybusda, avtobusda, metroda barmaqla göstərəcəklər,
üzünə o qədər göz zillənəcək ki,
naəlac qalıb, ora-bura ancaq taksi ilə gedib-gələcəksən..."
Mirzə Məhi birdən lap arxada gələn bir
adamın zəndlə ona baxdığını sezdi. Fikirləşdi
ki, yəqin, qəzetdə şəklimi görüb, hələ
bəlkə şeirimi də oxuyub. Maraqlıdır,
gözünü məndən heç çəkmir.
Gözləyəcəyəm, qoy gəlsin!
Və elə
bu vaxt durduğu yerdəcə, heç nədən, -
çox elə lazım imiş, - sarsaqdan da sarsaq bir əhvalat
yadına düşdü - yenə dilxor oldu: deməli, hər
həftə, şənbə günü televiziyada
azyaşlı uşaqlar üçün veriliş
hazırlayan qapıbir qonşuları bəstəkar
Mösü - arvadı belə çağırırdı -
toya gedir. Baxır ki, on adamlıq masada nə
o bir adamı tanıyır, nə də bir adam onu... heç
nə... dilxorçuluq... Boşqabına bir pomidor, bir xiyar,
bir az da pendir qoyur, başlayır midilənməyə,
arada da bir əlli-əlli araq... Amma məsəl var, deyir, hər
gecənin bir gündüzü var - birdən qarşı tərəfdə
onunla üzbəüz əyləşmiş dörd-beş
yaşında bir qızcığaz deyir:
- Əmi,
mən səni tanıdım!
Mösünün
eyni açılır, - masadakıların onun kim
olduğunu bilmələri üçün
qızcığazın fikrini inkişaf etdirmək məqsədilə
mülayim səslə soruşur:
-
Qızım, sən məni hardan tanıdın?
Qızcığaz
gülümsəyə-gülümsəyə deyir:
- Sən
elə televizorda da çeçəlsən, burda da
çeçəlsən.
Mösü pərt olur və toydan yarımçıq
çıxır. Evdə, başına gələn bu "qəzavü-qədəri"
danışanda, arvadı od
püskürür:
- A
kişi, sənə elə haqq olur, min dəfə demişəm
ki, əlinə qonarar gələndə, bir parik al, qoy
başına, televiziyaya-zada çıxırsan, ayıbdı!..
Mirzə
Məhini fikir götürdü: əgər, bu gələn adam da məni, qızcığazın
Mösünü tanıdığına bənzər bir
şəkildə tanısa, vay halıma. Ürəyinə
damdı ki, elə belə də olacaq. Xoflandı və
aradan çıxmaq - əkilmək istədi... Amma, deyəsən,
artıq gec idi - arxadan, elə bil, kimsə onu
çağırdı:
- Mirzə
Məhi!
Mirzə Məhi udqundu. Sonra çönüb,
çaşqın halda arxaya baxdı - iş yoldaşı
Qubad idi!
- Mirzə
Məhi, bayaqdan gələ-gələ öz-özümə
deyirəm: ay Allah, görəsən, bu odur? Xeyir ola, işdə yox idin?
Mirzə
Məhi yüngülcə qızardı:
- Bu
gün yaradıcılıq...
Qubad macal
vermədi ki, Mirzə Məhi sözünü tamamlasın:
- Hə,
hə, yadıma düşdü... Yaradıcılıq
günündü... Bir şey yaza bildin?
-
Yazdım!
- Təbrik!
Təbrik! - Qubad gözünü azca qıyıb, bic-bic
gülümsündü. - Bəs, bunu qeyd etməyəcəyik?
- Edəcəyik!
Edəcəyik!
Qubad yenə
gözünü azca qıyıb, bic-bic
gülümsündü:
- Nə
vaxt?
- İstəsən, elə indi. Gedək bizə, adama
bir yüz-yüz vuraq.
- O
yazdığın şeiri də oxuyaq.
- Təbii
ki!..
-
Mağazadan bir şey götürək?
- Ehtiyac
yoxdur. Evdə hər şey var.
Mirzə Məhi metronun sağ tərəfindəki
xiyabanın arxa tərəfində inşa edilmiş təzə
tikililərin birində - on yeddinci mərtəbədə
olurdu. İncəfara, lift işləyirdi - heç on saniyə
çəkmədi ki, yuxarı qalxdılar. Mirzə Məhi
içəri girən kimi dedi:
- Qubad, sən
mətbəxə keç, mən bir dəqiqəyə əynimi
dəyişib gəlim.
Mirzə
Məhi yan otağa keçib, kəpənək qalstukunu vurdu,
sağanağı qızıl suyuna çəkilmiş
pilisse eynəyini gözünə taxdı, ətəyi dizdən
azacıq aşağı qara mahuddan arxalığını əyninə
geyindi, qaragül dərisindən tikilmiş
papağını başına qoydu, boyaboy saf, qədimi sədəflə
işlənmiş əsasını əlinə aldı və
son dərəcə ehtiyatla addım ata-ata mətbəxə gəldi.
Qubad
çaşmış halda:
-
Hüseyn Cavid? - dedi.
Mirzə
Məhi pərt oldu:
- Nə
Hüseyn Cavid, ə? Mirzə Məhi!!!
Qubad bərkdən
güldü:
-
Tanıdım, indi tanıdım... Sən işə
də bu paltarda gələcəksən?
- Hələ
yox... Tezdi... Qoy bir-iki kitabımız çıxsın,
sonra...
-
İnşallah... Amma evdə geyinmək olar... Soyunma... Qoy
qalsın... Ekzotika naminə... Əgər, etiraz etməsəydin,
mobil telefonla bir-iki şəklini çəkərdim...
Mirzə
Məhi qəti etiraz etdi:
- Yox, yox,
çəksən, səni tanıyıram, mütləq
ona-buna göstərəcəksən, sonra gəl camaatın
ağzını yığ, hələ tezdi, hələ
tezdi, hələ tezdi!..
Qubad əllərini
ovuşdurdu:
-
Yaxşı, mən işdən gəlirəm, möhkəm də
acam, gətir görək yeyib-içməyə nəyin var?
Mirzə Məhi dünəndən, Allah bilir, bəlkə
də srağagündən bişmiş xörəyi qazın
üstünə qoydu. Soyuducudan araq, qazsız su, pendir, göy-göyərti, limon, zeytun turşusu çıxartdı,
çörək doğradı - xudmani bir süfrə düzəltdi,
qədəhlərə araq süzdü:
- Qubad,
xoş gəlmisən, götür görək! - dedi.
Qubad
hörmət əlaməti olaraq, başı ilə
yüngülcə "təzim" etdi:
- Sağ
ol!
-
İç!
Araq, elə
bil, Qubadın boğazını bir balaca
acışdırdı, çeçədi, nitqi də batan
kimi oldu:
- Dünən,
- dedi, - televizorda Vaqif Səmədoğlunun bir köhnə
lent yazısını göstərirdilər. Elə qəribə
şeylər danışırdı ki...
- Məsələn,
nə?
- Nə
bilim, deyirdi, guya, əvvəllər bu dünyada olub, hələ
indən belə bir dəfə də olacaq.
- Qubad,
ağlın olsun, şəkk eləmə, kim
"guya" desə də, sən demə. O, həqiqətən
də, əvvəllər bu dünyada olub.
- Nə
vaxt?
- Məncə,
ya üçüncü əsrin sonunda, ya dördüncü əsrin
əvvəlində. Deməli, hunlar
yavaş-yavaş tarix səhnəsindən gedirlər,
oğuzlar yavaş-yavaş tarix səhnəsinə gəlirlər.
Bax, bu "Kitabi-Dədə Qorqud" o vaxt yazılıb, əsl
adı da - gərək həqiqəti deyək - "Kitabi-Dədə
Vaqif"dir. Deməli, bu bunu yazır, özü
də lap ahıl vaxtlarında, yoldan keçən bir
uşağı çağırıb deyir, a bala, apar bunu ver
nəşriyyata. Uşaq da kim olsa
yaxşıdı? Qorqud! Yolda açıb oxuyur, görür
başdan ayağa - ləl-cəvahirat! İndi
başa düşdün?
- Öz adına çıxır, hə?
- Afərin!
- Mən
mal oğrusu, ev oğrusu, bank oğrusu
eşitmişdim, amma şeir oğrusu yox...
- A
kişi, ağlın olsun, şeir nədi, simfoniya
oğurlayırlar, orkestr ilə bir yerdə, muzey
oğurlayırlar, Leonardo da Vinçi ilə bir yerdə. Hələ
onu demirəm ki, təyyarə oğurlayırlar, səmadan -
Allahın gözünün qabağından, içi də
adamla dolu!..
- Mirzə
Məhi, deyirəm, bəlkə sənin dediyin Vaqif bu Vaqif yox,
Molla Pənah Vaqifdir?
- Qubad,
Molla Pənah Vaqif gəraylı yazıb, qoşma yazıb, qəzəl
yazıb, amma "Kitabi-Dədə Qorqud"
başdan-ayağa sərbəst vəzndədir, kor-kor,
gör-gör... O ki, qaldı Vaqif Səmədoğlunun
üçüncü dəfə dünyaya gəlməsinə,
mən inanıram, gələcək, mütləq gələcək,
özü də, əlində tutarlı dəlil-sübut... Haqq, ədalət, əvvəl-axır, öz yerini
tutacaq. O, gələcək, amma nə qədər tez gəlsə
yaxşıdı, çünki ədəbiyyat pis günə
qalıb... Nə isə, götür, vuraq.
Bir də xoş gəlmisən!
Araq bu dəfə,
nədənsə, Qubadın boğazından yağ
kimi getdi. O:
- Mirzə
Məhi, mən bunu bilmirdim, - dedi. Sən çox böyük
adam olacaqsan! Bax, deyirəm, vaxt gələcək,
bizim o şirkətin girəcəyinə lövhə
vuracaqlar, üstünə də yazacaqlar: "Şair Mirzə
Məhi filan ildən filan ilə kimi burada işləmişdir."
- Eh, nə
olsun? Mən ki, o lövhəni görə bilməyəcəyəm.
Belə şeyləri, Qubad, təəssüf ki, adam öləndən sonra eləyirlər.
- Yəni,
deyirsən, Vaqif Səmədoğlu dünyaya üç dəfə
gələndə, sən iki dəfə gələ bilməyəcəksən?
Əfəl olma! Görsən ki, imkan yarandı, gəl!
- Qubad, ya
qismət. Onda, mənim səndən bir
xahişim var.
- Buyur.
- Elə et ki, o lövhənin üstünü
Orxan-Yenisey əlifbası ilə yazsınlar. Belə
görürəm ki, o əlifbanın zamanı və
dövranı gəlir. Nə isə... Harda
qaldıq? Hə, dünyada elə haqsızlıqlar var
ki... A kişi, Ömər Xəyyam kimi
adamın, baxıram, heç yanda adı yoxdu...
- Mirzə
Məhi, mən bilən, var axı: nə qədər
küçə, universitet, hələ, deyəsən, heykəlini
də qoyublar.
- Ay-hay. Sən buna ad-san deyirsən? Bu elə
yox kimi bir şeydi də. Ömər Xəyyam
neyləyir heykəli, küçəni, universiteti?
İndi gərək onun adına bir bar, bir
şərab zavodu, heç olmasa, bir ayıltma məntəqəsi
olaydı! Farslar necə deyiblər? Kəbutər
bə kəbutər! Götür görüm qədəhi!
Qubad qədəhi götürdü.
Mirzə
Məhi, Ömər Xəyyamın bir beytini, xüsusi
şuxluqla, "Mahur" muğamı üstə oxudu:
Çox
içmə, gizli iç, meyə alışma,
İçsən,
xumar gözlü bir ceyranla iç.
Qubad əlindəki
qədəhi yerə qoydu, stolun üstündəki
bıçağa baxdı və üzü bozarmış
halda soruşdu:
- Sən
məni bura nəyə gətirmisən? Kimdi
ceyran?
Mirzə
Məhi bıçağı qırağa çəkdi:
- Deyəsən,
araq səni tutub ha... Səfehləyirsən...
- Yox ey,
de görüm, məni bura nəyə gətirmisən? Ceyran kimdi?
-
İşə düşmədik... Dur gəl bura...
Mirzə
Məhi dəhlizin sağ tərəfində - üstünə
oboy çəkilmiş divarla üzbəüz dayandı:
- Bu nədi?
-
Görmürsən? Divardı da.
- Kənardan
baxanda elədir. Amma, əslində, qapıdı, qapı!
Siyirtməli qapı! Çəkirsən, yanlara
açılır. Bax, belə. Bəs, bu nədi?
- Dəmirdir,
lay dəmir.
- Kənardan
baxanda elədi. Amma əslində seyfdi, seyf!.
- Bu yekəlikdə?
- Hə. Mən böyük otağı boyaboy seyf eləmişəm.
- Bunun
içində nə var ki?
- Seyf.
- Seyfin
içində seyf?
- Hə.
- Bəs
o seyfin içində?
- Onun da
içində seyf. Yəni, iç-içə
qırx seyfdi. Bizə lazım olan şey
axırıncı seyfdədir.
- Aç
görüm.
Mirzə Məhi seyflərin qapısını bir-bir
açdı.
Üzü brilyantlarla bəzədilmiş bapbalaca - ovuc
içi boyda qırxıncı seyfdə dümağ bir vərəq
vardı.
Mirzə
Məhi, Qubada dedi:
- Ey ilk
yaradıcılıq gününün ilk şeirinin ilk
oxucusu, götür oxu, amma, sən mənim canım, ucadan!
Qubad
dodağının altında mızıldadı:
Mən cahan mülkündə
mütləq,
doğru
halət görmədim,
Hər nə
gördüm, əyri gördüm,
özgə
babət görmədim.
Mirzə Məhi pərt halda:
- Ə, sən
nə oxuyursan?! - dedi.
- Burda
yazılanı.
-
Baxım? Vay...Vay...Vay... Bu, qırxqat seyfə də girdi?.. Görürsən, brilyantlara dəyməyib...
Deməli, onu var-dövlət yox, ancaq binəva,
biçarə Mirzə Məhinin yazdıqları
maraqlandırır. İşə bax, həm
şeirimi çırpışdırır, həm də bu
azmış kimi, məni Molla Pənah Vaqiflə düşmən
eləyir.
- Kim?
- O...
- O, yəni,
kim?
- Deyəcəm,
Qubad, deyəcəm. İndi bu söhbətin
yeri və vaxtı deyil. Qapının
ağzında bel var, götür, düşək həyətə.
Qubad beli götürüb, Mirzə Məhi ilə həyətə
düşdü.
Mirzə
Məhi bir ağacın dibini göstərib dedi:
-
Buranı qaz.
Qubad ağacın dibini qazdı. Yerdən içinə
narıncı vərəq qoyulmuş bir şüşə
çıxdı.
Mirzə
Məhi narahat halda:
- O
kağızdakı şeiri də oxu görək, - dedi.
Qubad
sözləri höccələməyə başladı:
Bikəsü-dərbədərəm,
püştü-pənahım yoxdur,
Özümə lütfü-xudavəndi pənah istərəm.
Mirzə
Məhinin qanı qaraldı:
- Bilirsən,
bu kimin şeiridi? Seyid Əzimin... İndi də
şirvanlılarla aramı vurmaq istəyir. Bu biri
ağacların da dibini qaz... Bundan əlavə,
hələ otuz doqquz şüşə də
basdırmışam.
Qubad o
biri ağacların da dibini qazmağa başladı və bir qədər
sonra beli yerə atıb, dedi:
- Mirzə
Məhi, otuz doqquz şüşənin içindəki də
elə bu şeirdi, bir şüşənin içində isə
su var.
- Su yox,
araq. Necə olub ki, mən onu içməmiş
- dolu-dolu basdırmışam? Qoy cibinə...
yan cibinə yox, qırılar, döş cibinə. Evə qayıdanda dadına baxarıq. Getdik
üçüncü müdafiə xəttinə!
Mirzə
Məhi, Qubad ilə gəzə-gəzə gəlib
çıxdı dəniz kənarına:
- Qırx
şüşə də burda - sahilə yaxın bir yerdə
basdırmışam, - dedi. Soyun, giririk dənizə.
- Mirzə
Məhi, mən üzə bilmirəm... Boğularam...
- Sənə
dalğıc paltarı gətirmişəm...
- Yox,
qorxuram... Birdən bir yeri deşildi, ya havam
çatmadı?
- Qubad, məndən
sənə məsləhət: nə qədər ki, gec deyil,
ayda bir əllicə manatından keç,
üzgüçülüyə yazıl, heç olmasa, bir
balaca əl-qol atmağı öyrən. Buzluqlar
əriyir, bugün-sabah, bir də gördün, Yer
üzünü su basdı, neyləyəcəksən?
- Mirzə
Məhi, eşitməmisən, ellə gələn yas
toy-bayramdır?
-
Özün bilərsən... Mən, lazım gəlsə, lap
günlərlə suyun üzündə arxası üstə
qalıb, Nuhun gəmisini gözləyəcəyəm, vay sən
kimilərinin halına... Eybi yoxdu, bir halda ki, suya girmək istəmirsən,
girmə, o şüşələri mən özüm tək
çıxararam... Sən burda gözlə...
Mirzə
Məhi, dənizə girhagirdə, nə fikirləşdisə,
geri çöndü və:
- Qubad,
bir gözünün önünə gətir: külli-aləmi
su basır, Sultan Süleymana qalmayan dünya beş-on yoluq
ördəyə qalır, - dedi və pəsdən oxudu:
Ədalətin bumu, dünya?
Sonra o, dənizə
baş vurdu: su həm ilıq, həm də dupduru idi; iri,
ağappaq üzüm dənələrini xatırladan meduzalar
burnunun ucuna toxunan kimi yad məxluqla təmasdan diksinir və dərhal
üzü geri qayıdırdılar.
Mirzə Məhi əlini atıb,
sarımtıl-yaşıl yosunların altından bir-birinin
ardınca düz qırx şüşə
çıxartdı.
Qubad dedi:
- Mirzə
Məhi, bu şüşələrdən birinin də
içi su ilə doludu.
- O da araq
olacaq... Deyim nədən bilirəm?
Şeirin iki nüsxəsi cibimdə artıq
qalmışdı...
Qubad
içində araq olan şüşəni göstərib
dedi:
- Bəs,
indi bunu neyləyim?
- Qoy o
biri döş cibinə... Ehtiyatlı ol, sınmasın. İndi o biri şüşələrin içindəki
kağızları bir-bir aç, oxu.
Qubad
şüşələrin içindəki
kağızları bir-bir açandan sonra:
- Mirzə
Məhi, hamısında eyni şey yazılıb, - dedi.
- Əlbəttə, eyni şey yazılacaq. Oxu görüm...
- Uzun
şeirdi ha...
- Axı,
qısa olmalıydı...
- Yox,
uzundu. Ucadan oxuyum?
-Hə,
ucadan.
Qubad
şeiri, nədənsə, lap yavaşdan oxudu:
Xar
içində bitən qönçə gülə minnət
eyləməm,
Ərəbi,
farsi bilməm, dilə minnət eyləməm.
Sirati-
müstəqim üzrə gözətirim Rahimi,
Ol iblisin buyurduğu yola minnət eyləməm.
Bir əcaib
dərdə düşdüm,
hər
kəs gedər karına,
Bu gün
buldum bu gün yerim,
Haqq kərimdi
yarına,
Zərrəcə
tamahım yoxdu şu dünyanın varına,
Rızkımı
verən Xudadır,
qula
minnət eyləməm.
Ey Nəsimi,
can Nəsimi,
ol
dildar mehman ikən,
Yarın
suçum əhf etdirən
Əhmədi-Muxtar
ikən,
Cümlə-aləmə
bəxt verən
rəhmi
bol sərdar ikən,
Yer üzünün xəlifəsi sultana minnət eyləməm.
- Qul Nəsimi... Gör hardan hara... Sən
bundakı hövsələyə bax... Şeiri birinci
misrasından axırıncı misrasınacan
köçürüb, özü də, düz otuz doqquz
nüsxə...
Qubad birdən
var gücü ilə qışqırdı:
-
Tapdım!
Mirzə
Məhi çaşmış halda soruşdu:
- Nəyi?
-
Şeiri... Bayaq demədin ki, iki nüsxəsi
cibində qalıb?
Mirzə
Məhi sevincək oldu:
-
Düzdü! Düzdü! - Tez əlini cibinə saldı və
ordan iki əzik-üzük vərəq çıxartdı.
Qubad vərəqləri
qamarladı:
-
Görüm nə yazmısan...
Ümid -
kasıbın əppəyi,
Ye, Məhmət,
ye,
Ye, Məhmət, ye,
Ye, Məhmət,
ye...
Bu da bir gənc türk şairinin şeiridir. Qubad, ikimizin də canına
and olsun, cibimə necə girib - xəbərim olmayıb... Yox,
bu işi belə qoymaq olmaz... Hökmən, bir
çarə tapmalıyam. Əsgər vətənini
qoruduğu kimi, şair də gərək şeirini qorusun.
- Mirzə
Məhi, şirkətə de, qoy sənə bir mühafizəçi
versin.
- Elə
bilirsən mühafizəçiyə etibar etmək olar? Şeirin birini bir qəpiyə satar. Sən, de görüm, Səddam Hüseynin nüvə
silahının yerini bilirsən?
- Səddam Hüseynin nüvə silahı nədi, sən
demə, heç dayandoldurumu da yox imiş.
- Nə
danışırsan?
- Xəbərin
yoxdu? Külli-aləm bilir ki, bunu.
Üstü açıldı da... Qəzetlər neçə
ay yazdılar... Axırda amerikanların özləri də
etiraf etdilər...
- Onda, de
görüm, Kim Jonqdan mənə bir atom bombası ala bilərsən?
- Yox... Mən
kiməm ki?.. Amma, şirkət istəsə,
ala bilər... Puluna minnət... Neyləyirsən
atom bombasını?
- Qoyacam
şeirin içinə. Elə əlini uzadan kimi: part!!
Mirzə
Məhi bunu demişdi ki, qəflətən güclü bir
partlayış oldu: bütün işıqlar söndü,
ulduzlar çilik-çilik olub yerə töküldü, Ay
parçalandı, kainatı zülmət bürüdü...
Qubad
qorxdu:
- Bu nədi,
ə?
Mirzə
Məhi ağlamsınan kimi oldu:
-
Güni-qiyamətdi, Axırzamandı, Qubad. Batdıq.
Hər şey məhv oldu.
Qubad yerdən
- ayağının altından bir ulduz götürdü:
- Bunun
içinin spiralı yanıb...
Sonra yerdən
bir başqa ulduz götürdü:
- Bunun da
içinin spiralı yanıb... Heyf...
Mirzə
Məhi Ayı yerdən qaldırdı:
- Bununku
da... Gör nə yekə spiralı varmış?..
- Olar
da... Bu boyda kainatı işıqlandırmaq sənə
zarafat gəlir?
- Yəqin,
Günəşin spiralı lap böyük olar...
-
Hamısı məhv oldu, getdi?
- Bəs
nə! Qiyamət gününə heç nə
qalmamalıdır...
- Qurd da?
- Bəri
bax? Qubad, o döş cibindəkilər nədi
elə?
- Araq.
- Araq?
Evin yıxılmasın, onu görsələr, bizi birbaşa
Cəhənnəmə göndərəcəklər...
- Bəs
nə edim?
-
Yanında Qara dəlik olmalıdır, at ora...
-
Qaranlıqdı, görmürəm.
- Əlinlə axtar.
-
Tapdım, tapdım. Amma yaman dardı, girmir.
- Özgə
vaxt nəhəng təyyarələri, gəmiləri udur. Amma, indi, biz gələndə ağzını
büzür? Tez ol, genəlt, drel-filan...
- İşıq var ki, drel işləsin?
- Onda,
çıx get.
- Hara?
- Qubad,
hansı planetdən gəlmisənsə, ora! Elə
bayaqdan səndən şübhələnmişdim. Təxribatçı!
Casus! Gəldin? Yer kürəsini bədbəxt
elədin! İndi də mənə - Evliya nəslindən
olan, gündə beş rükət namaz
qılan bir adama araq təklif eləmək, bu Axırzamanda -
Qiyamət günündə Cənnətimi murdarlamaq istəyirsən?!
Çıx get, yoxsa, polis çağıraram!
Qubad
özünü itirdi:
- Mirzə
Məhi, sən dəli olmusan?
- Dedim ki,
çıx get, yoxsa, polis çağıraram!
Qubad elə
getmək istəyirdi ki, Mirzə Məhi:
- Dayan,
deyəsən, hava ağarır axı, - dedi və qəfildən
var gücü ilə qışqırdı: - Odur, o! Şam
yandırıb!
Qubad
qorxa-qorxa soruşdu:
- O - kim?
- Məhəmməd!
Məhəmməd Füzuli! Mənim şeirlərimi aparan!
- Mirzə
Məhi, lap ağ elədin ha! Sən hara, Məhəmməd Füzuli hara?
- Qubad, sən
bu kərbəlalıları tanımırsan. Görürsən,
bu Axırzamanda da yazır, yazır, yazır...
Mirzə
Məhi üzünü göyə tutub dedi:
- O lələyi
əlindən bir saniyə yerə qoy! Səni görüm
quş qripinə tutulasan!..
... Sonra göydən dəmir tak-tukuna bənzər bir səs
gəldi.
Mirzə
Məhi:
- Deyəsən,
ulduzları dəyişirlər.
Birdən ulduzlar "Pırrr" eləyib yandılar.
Qubad:
- Amma, elə
bil, bu ulduzların rəngləri əvvəlki ulduzlara nisbətən
bir az solğundur.
- Yəqin,
Çin istehsalıdır.
Göydən
yenə dəmir tak-tukuna bənzər səs gəldi:
- Deyəsən,
Ayı da dəyişirlər.
- Yəqin,
Günəşi də dəyişəcəklər.
- Gecənin
bu vaxtı?
Qubad
Ayın da yandığını görüb dedi:
- Şükür, deyəsən, hər şey
yavaş-yavaş qaydaya düşür. Amma, Mirzə Məhi, mən
səndən möhkəm incidim.
- Niyə?
-
Heç bir azərbaycanlı Cənnətə görə
qonağını evdən qovmaz.
- Ə, mən
sənin yumor hissinə güvənib bir söz dedim. Zarafat-zad qanmırsan ha. Araqları
atmamısan ki?
- Yox.
-
Yaşa!
Səhərəyaxın
Günəşi də dəyişdilər - deyəsən, Həbəşistan
istehsalı idi - isti, parlaq!
Və birdən-birə Mirzə Məhinin gözünə
elə gur işıq düşdü ki, yuxudan dik
atıldı.
Bir müddət özünə gələ bilmədi
- çaşmış halda tavana baxdı. Bilmədi ağlasın, yoxsa gülsün? Bu
cür sarsaq - tragikomik, fantasmaqorik, qarmaqarışıq
yuxudan sonra, vallah, adamın başına nə desən gələr:
ağzı da əyilər, qıçı da sınar, hələ
desən, gözü də tutular.
O,
handan-hana yataqdan çıxdı - əvvəlcə
"Kitabi-Dədə Qorqud"u, sonra Füzulinin
kitablarını bir-bir öpüb gözünün
üstünə qoydu, yəni, bir növ,
"günahını" yumaq, "halallıq" almaq istədi...
Amma bu
tragikomik və fantasmaqorik yuxuda, az da olsa, həqiqət
vardı: srağagünkü iclasda Mirzə Məhiyə
demişdilər ki, hesab elə ki, bu gündən şirkətin
şairisən, eynən Yazıçılar Birliyində
olduğu kimi, həftədə bir dəfə
yaradıcılıq günü götürə bilərsən.
Və həmin yaradıcılıq günü elə bu
gün idi...
Mirzə
Məhi Qeyri-adi İşlər Şirkətində iş
başladığı vaxtda - düz saat doqquzda yazı
masasının arxasına keçdi, bir müddət gözlədi,
şükür, nə qeybdən səs gəldi, nə
qapı döyüldü, nə pişik çımxırdı
və o bir qədər götür-qoy etdikdən sonra
narıncı vərəqin yuxarısında - tən ortadan bənövşəyi
qələmlə belə bir başlıq yazdı: "Nənəmin
ələyi və yaxud Cənnətin mərkəzi
küçələri (tragikomik və bir qədər də
fantasmaqorik şeir)". Bəli, şeirin
başlığı hazır olmağına hazır idi, amma
bu həngamədən sonra ardı gələcəkdi, gəlməyəcəkdi
- Allah bilir...
DİLSUZ
Ədəbiyyat qəzeti.- 2018.- 7
iyul.- S.16-18.