“İçimdəki Medeyanı
oyatmayın...”
"Dördüncü divar"
layihəsinin qonağı kinoşünas Sevda Sultanovadır
Əslində, onunla bağlı bütün suallarımın cavabı yazılarında var. O, kino, teatr və ədəbiyyat sahəsində unikal və fərqli zövq sahibidir. Eləcə də biliklərini dostları, tanışları və oxucuları ilə paylaşmağı bacaran böyük ürəkli insan, nəzakətli qələm sahibidir. Beləliklə, bugünkü "Dördüncü divar" layihəsinin qonağı kinoşünas Sevda Sultanovadır.
- Sevda, kino sənin üçün daha çox nəyi ifadə edir? Sırf peşə istiqamətindən yanaşırsan, ya çətin anlarda sığına biləcəyin doğma dünyadır?
- Kino mənim üçün
intim bir şeydir. Kişi-qadın münasibəti qədər
məhrəm və müqəddəsdir. Sadəcə,
kişi-qadın münasibətindən fərqli olaraq, bu
intimliyi sözə çevirib, publikayla paylaşırsan...
Bir müddətdir ki, Kulis.az da "Əsl kino" layihəsini
hazırlayıram. Bu layihədə əsasən son illərdə
çəkilən filmlərdən yazıram. Özəlliklə
də festivallarda nümayiş olunan filmlərdən. Olur ki,
müasir kinematoqrafiyadan yoruluram. Çünki o filmlərin
böyük bir qismi, təəssüf ki, nə mövzuya
yanaşma baxımından, nə kinematoqrafik həll
baxımdan yeni söz demir. Söhbət müasir kinodan gedirsə,
mənə görə rejissorları belə təsnifatlandırmaq
olar: yüksək plankalı rejissorlar, örnəyi, Qodar,
Almodovar, Trier, Vim Venders, Anderson və b. Adını çəkdiyim
rejissorlar həm mövzuya yanaşma, həm seçdikləri
ifadə formaları, üslub, təsvir həlli
baxımından kino dünyasının, obrazlı desək,
Zevsləridir. Düzdür, Andersonun son "Xəyali
sap" filmini onun potensialına
layiq bilmirəm.
- Niyə?
- Əvvəla təsvir
musiqiyə qurban verilir, üstəlik,
mövzunu da səthi işləyib, sıradan bir film çəkib. Bununla belə, onu əvvəlki
filmlərinə bağışlamaq olar. İkinci sırada, sadəcə,
yaxşı film çəkən rejissorlar dayanır. O
rejissorlar ki, hətta festivallarda yüksək mükafatlar da
alırlar. Onlar adətən kinonun mövcud qaydaları, basmaqəlib
təsvirləri, rakursları, mizanları ilə işləyərək
ənənəvi, amma maraqlı, təsirli əhvalat nəql
edirlər. Fikir vermişəm, uzağı iki yaxşı
film çəkə bilir, üçüncüyə
keçəndə potensial sanki tükənir. Ona görə
müasir kino bəzən məni çox
darıxdırır, sıxır. Klassik filmlər
üçün darıxıram, Jan Pyer Melvillin, Fassbinderin,
Vendersin izləmədiyim filmlərinə baxmağa ehtiyac
duyuram. Almodovara, Viskontiyə təkrar qayıtmaq istəyirəm.
Amma vaxt azlığından bu bir az çətindir. Bu mənada
kino mənim üçün ilk növbədə sevgidir,
duadır, doğma sığınacaqdır. Təbii ki,
kinonun nəzəri hissəsi, peşəkar tərəfi də
önəmlidir. Ona görə, kino ədəbiyyatını
oxumağa, ciddi müəlliflərin ustad dərslərini dinləməyə
çalşıram. Bu, həm də intellektual formanı saxlamağa kömək edir.
- "Şüşə
oyuncaqlar" adlı
lal uşaqların bayram sevincindən bəhs edən
qısametrajlı filmə çəkilmisən. Bu, ilk və sondur?
- Film, səhv eləmirəmsə,
2003-cü ildə çəkilib. Rejissor Elçin Musaoğlu
məni filmə çəkilməyə dəvət edəndə,
dedi ki, sənin üzündə mənə lazım olan hər
şey var. İlk dəfəydi kamera qarşısına
keçirdim, maraqlı təcrübə oldu. Amma çətin
idi, özəlliklə də Elçin kimi tələbkar
rejissorla işləmək. Film "Əl-Cəzirə"
festivalında yüksək mükafat aldı. Deyilənlərə
inansaq, kinoya uyğun fakturam var, amma aktrisa kimi istedadlı
olduğumu deyə bilmərəm. Rejissor Səidə
Haqverdiyeva mənə bir qısametajlı filmində fahişə
obrazını təklif edib. Hekayə də, obraz da məni
maraqlandırdı. Ümumiyyətlə, Səidənin iti
duyumu, dəqiq müşahidələri var. Ümid edirəm, həmin filmi
tezliklə çəkəcəyik. Rejissor Asif Rüstəmov
"Cehizsiz qız"ı yeni yozumda çəkmək istəyirdi,
kamera filmi olacaqdı deyəsən. Təklif edəndə
razılıq verdim, amma hələ söz olaraq qalıb.
Rejissor dostlarıma deyirəm ki, əgər ssenari ürəyimcə
olarsa və təbii ki, rejissor da maraqlı yanaşma edərsə,
yataq səhnələrinə də çəkilərəm.
Bu mənada kompleksim yoxdur.
- Müharibə və kino... Səncə,
müharibə şəraitində olan, torpaqları
işğalda olan ölkənin filmləri fərqlənməlidirmi?
- Hər bir rejissor,
ümumiyyətlə, ölkəsindəki reallığı
kinoya çevirməyi bacarmalıdır. Söhbət məhz
realist film çəkməkdən yox, ən müxtəlif
janrlardan, estetikalardan, ifadə vasitələrindən
yararlanmaqdan gedir. Konkret müharibə filmlərindən
danışırıqsa, Ernst Lubiçin 1942-ci ildə
çəkdiyi "Olum ya
ölüm" filmi var. Onun müharibə mövzusunu komediya
janrında işləməsi o dövrdə mübahisə
doğurmuşdu. Ancaq bu, antifaşist filmdir və bu gün də
ən yaxşı ekran əsərlərindən biri hesab
olunur. Yəni önəmli olan
gerçəkliyə bədii, individual münasibətdir.
Elçin Musaoğlunun müharibədən bəhs edən
"Nabat" filmi modernist nəql texnikası üzərində
qurulan kamera filmidir. Digər müharibə filmi, Yavər Rzayevin
"Sarı gəlin"i passifist filmdir. Amma bizim Qarabağ
mövzusu ilə yanaşı başqa aktual mövzularımız da var,
çünki reallığımız çoxqatlıdır.
Məsələn, İlqar Nəcəfin "Nar
bağı" filmi bizim gerçəkliyin başqa
mühüm qatını göstərir. Yəni dediyim odur ki,
biz təkcə müharibə mövzusunda çəkməməliyik
və kinonu da bu çərçivəyə
salmamalıyıq.
- Ümumiyyətlə,
hansısa filmin
içində olmaq istəmisən?
- Əsasən 60-cı illər fransız filmlərində. Ən çox da Erik Romerin
"Monsodakı bulkasatan" filmində olmaq istərdim. Filmin
yumşaq, iddiasız atmosferi var. Ümumiyyətlə,
dünya kinosunda az qala çevriliş edən, Yeni Fransız
Dalğası filmlərinə xiffətim var. Bəlkə həm
də ona görə ki, 60-cı illər siyasi, mədəni,
intellektual dəyişikliklər
dövrüdür.
- Qadın kimi sevdiyin rejissor olubmu?
- Hansısa rejissora
qadın kimi rəğbət bəslədiyim
yadıma gəlmir. Onlar mənə yaradıcı adam kimi daha
maraqlıdır, nəinki kişi kimi. Ola bilsin, bu, həm də
ondan qaynaqlanır ki, rejissorlar düşüncələrini,
özlərini filmlərində açdığından,
kişi kimi gözlənilməzlikləri qalmır.
- Kino sahəsində
də gender bərabərliyi qorunmayıb.
Hətta ən inkişaf etmiş ölkələrdə
də kişilərlə eyni cərgədə duran rejissor
yoxdur. Səncə bu nə ilə
bağlıdır?
- Maraqlı qadın rejissorlar var: Anyes Varda, Şantal Akerman. İlk
sürrealist filmi çəkən də qadın olub, Jermen
Dyulak. Söhbətimiz kino ilə
bağlı olsa da, Azərbaycanda maraqlı qadın
rejissorlardan biri, "YUĞ" teatrında
çalışan Günay Səttardır. Günay bir
çox kişi teatr rejissorundan
istedadlıdr, peşəkardır, intellektualdır O, qurduğu
hər əsərdə yeni nəsə edir. Ümumilikdə
isə sənətdə, xüsusən də kinoda gender bərabərliyi
məsələsinə diqqət kəsilməmişəm.
Əsas odur ki, ortaya maraqlı iş qoyulsun və mən
tamaşaçı kimi ləzzət alım. Deyim ki, qadın
dramlarını, qadın mövzusunu kişilər daha yaxşı
çəkirlər.
- Qadın bunu bacarmaz deyə kişi qənaətləri
çoxdur. Səndə kişi bunu
heç vaxt bacarmaz qənaəti olubmu?
- Kişilər heç vaxt qadın qədər məkrli
olmağı bacarmaz. Nağıllarda, miflərdə də
ifritələr, cadugərlər, daha çox qadın cinsindəndir,
fitnə-fəsad tördənlər də ilahələrdir.
Adlı-sanlı qəhrəmanların məhv olduğu Troya
müharibəsi üç ilahənin hikkəsindən
törədildi.
Məsələn, sən məni əsasən müsbət, yaxşı insan
kimi tanıyırsan. Amma içimdə, illah da ki, bir Medeya vardır. Bəzən
yarızarafat, yarıgerçək dostlarıma deyirəm ki,
içimdəki Medeyanı oyatmayın.
Kişilərin dünyası qadınların
dünyası qədər emosional, zəngin
deyil. Biz,
kişilərdən fərqli olaraq, daha gözlənilməz,
daha təhlükəli ola bilərik. Qadın obrazları,
qadını araşdıran filmlər, qadınlarla söhbət
bu səbəbdən mənə daha çox maraqlıdır.
Amma feminist deyiləm, ümumiyyətlə, feminizm, gender bərabəriyi
temasında aşırılıq məni
qıcıqlandırır. Qadının və kişinin bəlli
təyinatı var. İstəsək də, istəməsək
də instinktlərimizin, təbiətimizin əleyhinə gedə
bilmərik. Qadın qatı feminist olanda, kişini əzmək
istəyəndə, ondan qabağa keçmək istəyəndə
cazibəsini itirir, kişiləşir. Kişiləşmək
isə qadının faciəsidir. Mənim üçün
intellektual olmaqdan çox qadın olmaq vacibdir.
Kişinin qadın üzərindəki
dominantlığını təbii qəbul
edirəm.
Söhbət zorakılıqdan getmir. Monika Beluççi
aktrisa kimi istedadsız olsa da,
maraqlı qadındır.
Onun sevdiyim bir fikri var: "Əsl kişi o deyil ki, səni
özünə tabe etdirsin. Əsl kişi odur ki, sən
özün ona tabe olmaq istəyirsən. Bu da kişinin
özgüvəninə, güclü xarakterinə
bağlıdır."
- Bu yaxınlarda yeni kitabınız
çap olundu. Kitabın strukturunu müəyyənləşdirmək,
dramaturgiyanı qurmaqdan ötrü hansı metodlardan istifadə
elədin? Hansı yazıçıların, rejissorların
yaradıcılığına müraciət etdin?
- Əvvəla, Eltonu
tanıyan xeyli adamla
görüşdüm. Eyni zamanda sənət, ədəbiyyat sahəsindəki
dostlarımla vaxtaşırı məsləhətləşirdim,
fikir mübadiləsi aparırdıq. Haqqında tam material
toplayandan sonra tamamilə təsəvvürüm
yarandı ki, kitab necə yazılmalıdır. Önəmli
olan o idi ki, Eltonun portreti fonunda həm də zamanın,
dövrün mənzərəsini işıqlandırım.
Oxucuya maraqlı olması üçün bədii həlli
verməyə, kitabı sadə bir vətəndaşın
axtarış prosesi üzərində qurmaqla hekayəmə həyəcan
qatmağa çalışmışam. Hazırlıq mərhələsində
Stefan Sveyqin portret janrındakı əsərlərinə bir
də qayıtdım, müxtəlif rejissorların portretini əks
etdirən kitabları oxudum. Əsasən yanaşmalara diqqətimi
yönəldirdim. Daha çox hüquq, bioqrafik filmləri izlədim.
Kitabın pafosunu isə Aydın Talıbzadənin Mehdi Məmmədov
haqda monoqrafiyasını oxuyanda tapdım. Orda analizlə
emosionallığın hibridi mənə ideal
göründü. Amma yenə də qəhrəmanım bu
gün məni eşitsəydi, ona demək istərdim ki, əgər
kitabda onun xoşuna gəlməyən uyğunsuz fikir,
söz varsa, haqqını halal
eləsin.
- Kino sahəsini
bilən biri kimi gələcəkdə bu
cür layihələri kitab şəklində yox, sənədli
film kimi çəkmək barədə düşünürsənmi?
- Kino bilgilərim olsa da, sözlə işləmək daha rahatdır. Üstəlik, kinoda portret
janrında işləmək
çətindir. Hər
rejissorun girişdiyi iş deyil. Portret janrında ən yaxşı sənədli film çəkən,
Nizami Abbasdır. O, 20-30 dəqiqə
ərzində qəhrəmanının
dolğun obrazını
yaradır, doğru emosional vurğular edir, musiqi ilə
əla işləyir,
təhkiyəsini formal qurmur,
hər kadrı dramaturgiyaya xidmət edir, informasiyanı rakursları, montajla kino dilinə çevirir, ritorikadan istifadə etmir. Növbəti kitabımın qəhrəmanı
Milli Qəhrəman Yusif Mirzəyev haqda yazmaq istəyimdə
Nizami müəllimin onun haqda çəkdiyi
"İgid əsgər"
filminin təsiri oldu. Yusif haqda bir neçə
film çəkilib, amma
uğurlusu "İgid
əsgər"dir. Hazırda
materialları toplayıram,
sənədli roman janrında
işləməyi düşünürəm,
süjeti də təxmini qurmuşam, amma dəyişə bilər, bu, materialın intonasiyasından
asılı olacaq.
Söhbətləşdi: Samirə Əşrəf
Ədəbiyyat qəzeti.- 2018.- 7
iyul.- S.19.