Azərbaycan ədəbiyyatının

Moskva üfüqləri

 

Moskvada dəyərli bir monoqrafiya işıq üzü görmüşdür: Abuzər Bağırovun "Moskva Azərbaycan ədəbi mühiti" (A.Baqirov, "Moskovskaya azerbaydjanskaya literaturnaya sreda", M., "Xudojestvennaya literatura", 2017). Nəzərə alanda ki, son zamanlarda Azərbaycan ədəbiyyatının dünya ədəbi prosesinə inteqrasiya zərurəti və problemlərindən çox danışılır, amma mövzunun gerçəkləri barəsində elmi tədqiqatlar yox dərəcəsindədir, monoqrafiyanın nəşri ikiqat önəm kəsb edir. Məhz o cəhətdən ki, müəllif mövzuya az qala iki əsrlik təcrübəsi olan Azərbaycan-rus ədəbi əlaqələri kontekstində yanaşır; o sıradan XX əsr sovet dönəmində ayrıca ədəbi-mədəni status qazanmış, aktuallanmış Moskva mühitinin gerçəklərini  də çağdaş qloballaşma və inteqrə proseslərinin tərkib hissəsi kimi araşdırır.

Publisist, yazıçı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, Rusiya XİN MDBMİ Universitetinin Yaxın Şərq və Orta Şərq ölkələrinin dilləri kafedrasının dosenti Abuzər Musa oğlu Bağırov Moskva Azərbaycan ədəbi mühitinin son sovet dönəmi və müstəqillik dövründə yetirdiyi qabaqcıl nümayəndələrindən biri və bugün də ən fəal təmsilçisidir. Onun Moskva elmi-mədəni mühiti, xüsusən nəşriyyat aləmi ilə yaratdığı əlaqələr, bu sahədə ardıcıl layihələri milli ədəbiyyatın çağdaş dünyada tanıdılması işinə çox böyük töhfələr verir. Lap son illərdə hazırladığı, məşhur "Literaturnaya qazeta" və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə həyata keçirdiyi "Azərbaycan Turanın incisidir" ədəbi layihəsi yeddi buraxılışda Azərbaycan ədəbiyyatından seçmə nümunələri: folklor, qədim və orta əsrlər, aşıq şeri, müasir poeziya, o cümlədən Moskva ədəbi mühiti - olmaqla geniş oxucu auditoriyasına təqdim etmişdir. Hər buraxılışı akademik İsa Həbibbəyli ilə birgə yazılmış analitik məqalə ilə açılan layihənin bugün də davam etməsi onun uğuru və sistemliliyindən xəbər verir.

Abuzər Bağırovun böyük maarifçilik işi 2010-2017-ci illər arasında otuz beş cildlik fundamental "Böyük Rusiya Ensiklopediyası"nda dərc olunan Azərbaycan ədəbiyyatı və folkloruna dair 17 məqaləsində, 2012-ci ildən isə Moskvada nəşr olunan "İRS" Beynəlxalq Azərbaycan jurnalında klassiklərə həsr olunan 30 ədəbi portret-oçerkdə daha da bariz görünür. Moskvanın məşhur "Xudojestvennaya literatura" nəşriyyatının "MDB ədəbiyyatları klassikası" layihəsi çərçivəsində Azərbaycan folkloru və ədəbi abidələrindən ibarət "İlahi sözlər" (2010), "Qızıldan qiymətli" (2010), "Gələcəyə məktub" (2011) toplularının hazırlanıb nəşr olunmasını da bilavasitə Abuzər Bağırovun bu sahədə usanmaz fəaliyyətinin ayağına yazmaq gərəkdir.

Bütün bunları yada gətirəndə "Moskva Azərbaycan ədəbi mühiti" monoqrafiyasının heçdən yaranmadığı, gərgin elmi araşdırmalarla yanaşı, həm də ədib və alimin bilavasitə fəaliyyət və yaradıcılıq təcrübəsindən doğduğu qənaətinə gəlirik. Mübaliğə olmaz, desəm ki, bütövlükdə monoqrafiya adına sığmır; Moskva ədəbi mühiti ilə birgə, Azərbaycan ədəbiyyatının bütünlükdə rus dili mühitində gəlişmə tendensiyalarını araşdırır. Belə ki, hər fəsli Azərbaycan ədəbiyyatının rus ədəbi-mədəni mühitinə təmasının ayrıca bir problemini qaldırır, geniş əhatədə öyrənir, təfərrüatlı təqdim edir.

Birinci fəsil: "Qloballaşma və mədəniyyətlərin dialoqu" kimi bugün üçün çox vacib bir problemi aktuallaşdırır və əsasən işin nəzəri-metodoloji zəminini təmin edir. Burda Moskvada yaşayıb-yaradan azərbayanlı ədiblərin yaradıcılıq təcrübəsi müstəvisində həmin problem bu irsin müasir qloballaşma prosesinə münasibəti (1), "əcnəbi dilli mühitdə bədii ədəbiyyatın milli xüsusiyyətləri" (2) və Azərbaycan-Rusiya ədəbi-mədəni kontekstində necə görünməsi (3) rakurslarından araşdırılır, köklü elmi qənaətlər əldə olunur.

İkinci fəsil: "Moskvalı Azərbaycan ədibləri və bilinqvizm problemləri" adlanır və adından da göründüyü kimi, çağdaş qloballaşmış dünyada ikinci bir vacib məsələni qabardır. Elmi-nəzəri ədəbiyyat və bilavasitə müşahidə və dəlillər əsasında bilinqvizmi müasir dünyada təbii, qanunauyğun bir təzahür kimi qiymətləndirən müəllif daha sonra moskvalı Azərbaycan yazarlarının bütünlüklə yaradıcılığını məhz həmin bilinqvizm hadisəsi zəminində, həmin təzahürün faktı kimi tədqiqata cəlb edir. Bu ona imkan verir ki, "moskvalı Azərbaycan şairlərinin fərqli milli-mədəni mühitdə yaradıcılıq xüsusiyyətləri"ni, məhz "Moskvada yaranmış Azərbaycan nəsrinin janr-üslub özəlliyi"ni, habelə "kinossenari və dram əsərlərindəki mentalitet" vurğularını, zamanında və yerində "milli həqiqət və sosial problemlərin publisistikada" səslənməsini dürüst qeydə alsın, incələsin. Bununla da monoqrafiyada Moskvada yaranan müasir Azərbaycan ədəbiyyatı bütün bədii janrlar üzrə incədən-incəyə təhlil və şərh olunur, mövzu-problem mənzərəsi, millilik və bəşərilik keyfiyyətləri, ümdə tendensiyaları, janr-üslub rəngarəngliyi üzə çıxarılır, təqdim edilir. Həm də bu ədəbiyyatı yaradanların hər birinə ayrı-ayrılıqda, bioqrafiya və portretlərinə konkret diqqət yönəltməklə.

Sanki "unutmağa kimsə qalmır". Bilinqvizm üzrə: milli dildə yazmaqda davam edib Moskva mühitini yaradıcılığında həzm edənlər (1), hər iki dildə yazıb zamanın tələb və tendensiyalarını əxz və əks etdirənlər (2), rus dilində yazmaqla həm də mentallığı özgə mühitə transfer edənlər (3) olmaqla; yaradıcılıq təcrübəsi və stajı üzrə: mentallığı və dürüst subordinasiyanı da gözləməklə, müəllif tədqiqatında ən yaşlılardan ən cavanlara qədər 35-dən çox ədəbi imza sahibinə yer və diqqət ayırır, heç kəsi, heç nəyi unutmamağa çalışır. Əziz Şərif, İbrahim Kəbirli, Əjdər İbrahimov, Hüseyn Nəcəfov, Həmzə Fəthi Xoşginabi, Faiq Məmməd (Cəmcəmli), Əbdül Hüseynov, Çingiz Hüseynov, Alla Axundova, Azər Mustafazadə, İlham Bədəlbəyli, Fərhad Ağamalıyev, Əşrəf Hüseynli, Sultan Mərzili, Sabir Abdulla, Tahir Aslanlı, Samid Ağayev, Maya Bədəlbəyli, Nəsib Nəbioğlu, Əliş Əvəz, Abbas Ağdabanlı, Valeh Rzayev, Yavər Həsən, Afaq Şıxlı, Eduard Bağırov, Valeh Saleh, Yaşar Süleymanlı, Leyla Şəkili, Nilufər Şıxlı və b.-larının yaradıcılıq bioqrafiyası göz önündən keçir, yığcam şəkildə təqdim və şərh olunur, təhlili verilir, dəyərləndirilir. Monoqrafiyada Moskvada müasir Azərbaycan ədəbi mühitinin zaman-zaman, tədricən necə formalaşdığını, gəlişdiyini gördüyümüz kimi, bugünkü həyatını da duyur, hiss edə bilirik.

Bununla da əsərin adında ünvanlaşmış mövzu sanki başa çatır. Amma III fəsildə tədqiqat daha bir istiqamətdə genişlənir; Azərbaycan ədəbiyyatının rusdilli ədəbiyyatşünaslıqda öyrənilməsi problemi araşdırılır. Təbii ki, tədqiqatın bu yönünü də predmetin özü diqtə edir. Monoqrafiyada göstərildiyi kimi: bir sıra rusdilli görkəmli ədəbiyyatşünaslarımızın geniş və sistemli fəaliyyəti nəinki Moskvada Azərbaycan ədəbi mühitinin tərkib hissəsini təşkil edir, bəlkə də bu mühitin formalaşmasında tarixən başlıca zəmin rolunu oynamışdır. Dissertant həmin istiqamətdə araşdırmasında Əziz Şərif, Xalıq Koroğlu, Əkbər Babayev, Çingiz Hüseynov, Qəzənfər Əliyev, Tofiq Məlikli, Abuzər Bağırovun yaradıcılığına yığcam icmal verməklə yanaşı, daha bir aktual məqama - Azərbaycan ədəbiyyatının rus dili vasitəsilə elm aləminə tanıdılması məsələsinə də diqqət yetirmiş, bu sıradan bir çox dissertasiya avtoreferatlarının şərhinə yer vermişdir.

Eyni qaydada IV fəsildə tərcüməşünaslıq problemləri tədqiqat hədəfinə gəlir. "Bədii tərcümə mədəniyyətlər arasında körpüdür" adlanan fəsildə əvvəlcə Vətəndə yaşayan azərbaycanlı tərcüməçilərin qarşılıqlı zənginləşmə prosesinə xidmətləri, daha sonra "Moskvadakı azərbaycanlı tərcüməçilərin yaradıcılıq fəaliyyəti" təhlil və ümumiləşdirmələrə cəlb olinur. Problemin tarixi və bugünü də diqqətdən kənarda qalmır; iki əsr ərzində "Moskvada Azərbaycan ədəbiyyatının rus dilinə tərcüməsinin tarixi təcrübəsi"nə yığcam şəkildə ekskurs olunur, eyni zamanda "sovet dövründə formalaşmış tərcümə məktəbi"nin çağdaş mənzərəsi və "aktual problemləri" dartışma predmeti olur.

Beləliklə, əmin oluruq ki, monoqrafiyanın araşdırma radiusu mövzunun cızdığı ərazilərdən də artıq çevrələri ehtiva edir. Moskvada Azərbaycan ədəbi mühitinin köklərini və budaqlarını, bu mühiti yaradan zəminin qnoseoloji, tarixi-mədəni səbəblərini axtara-axtara müəllif daha dərinə - Azərbaycan ədəbiyyatının orta çağlarına baş vurur və daha geninə - Azərbaycan ədəbiyyatının çağdaş dünyada gerçəkləşmə meridianlarında gəzişməli olur. Belə məlum olur ki, "Moskva Azərbaycan ədəbi mühiti" mövzu olaraq "aysberq"in - daha əhatəli problematikanın yalnız görünən tərəfini təmsil və təqdim edir.   

Monoqrafiyanın irəli sürdüyü, araşdırdığı, təsbit etdiyi elmi müddəalar gərəyincədir; hər birisinin sanbalı və dürüst həllinə əmin olmağı oxucunun ixtiyarına buraxıb, bilavasitə "aysberq"i nişan verən bir neçə mühüm nəticəyə diqqət çəkmək istərdim:

 

1) Monoqrafiya, qeyd olunduğu kimi, Moskva ədəbi-mədəni mühitinin nümunəsində Azərbaycan ədəbiyyatının dünya ədəbi prosesinə bütöv bir inteqrasiya təcrübəsini nümayiş etdirir. Biz adətən "inteqrasiya"dan danışanda fikrimizdə yalnız Qərb ədəbiyyatı ilə əlaqələr, bir zaman sovet dönəmində arzulanan, hələ axıracan gerçəkləşməmiş hansısa gələcək perspektivlər dolaşır. Hazırkı monoqrafiya isə göstərir və ona diqqət çəkir ki: yaxın keçmişdə Moskva ədəbi-mədəni mühiti vasitəsilə də Azərbaycan mədəniyyəti, o cümlədən ədəbiyyatı ümumittifaq və dünya miqyasında gedən qlobal inteqrə proseslərinə qatılmış, müəyyən töhfəsini vermişdir.

2) İkinci bir tərəfdən Azərbaycan ədəbiyyatının hələ ortaçağlardan başlayaraq, məsələn, ərəb və fars dilləri vasitəsilə İslam mədəniyyətinə yaxından inteqrə olunması, məhz həmin kontekstdə mövcud olması da dünyaya acıqlığının faktı və örnəyidir. Monoqrafiyada bu barədə bilinqvizm hadisəsi və dilaloq mədəniyyətindən söhbət gedərkən bəhs olunur. Bu cəhət Azərbaycan ədəbiyyatının heç də zəifliyinin deyil, əksinə, multikultural üstünlüyünü əsaslandıran faktordur. Belə ki, monoqrafiyada həm də, tarixinin iki əsri ərzində Azərbaycan ədəbiyyatının (və ümumən mədəniyyətinin) "rus məxrəc"indən qazandığı ədəbi-mədəni qatlardan, dəyərlərdən asanlıqla vaz keçilməməsi təlqin olunur.

3) Üçüncü bir tərəfdən, milli ədəbiyyatın yalnız vətəndə deyil, vətəndən kənarda da, habelə çoxdillilik şəraitində yaranması, vahid ədəbi prosesin diferensiallaşması XX əsrdə geniş vüsət almış, XXI əsrdə daha da dərinləşməkdədir. Bu baxımdan, "diaspor ədəbiyyatı" qismindən "Moskva Azərbaycan ədəbi mühiti"nin öyrənilməsi təcrübəsi, eyni zamanda "mühacirət ədəbiyyatı", "Cənub ədəbiyyatı" və s. bu sıradan fərqlilik kəsb edən milli ədəbiyyat  təzahürlərinin araşdırılması üçün də örnək və model ola bilər.

4) Abuzər Bağırovun monoqrafiyası tədqiqat genişliyi ilə birgə, təqdim etdiyi faktlar, bilgi və informasiyalar baxımından ensiklopedik əhəmiyyətə malikdir. Dissertasiyada elə təkcə "Problemin elmi işlənmə dərəcəsi" bəhsinə nəzər saldıqda, müəllifin rus-Azərbaycan ədəbi mühiti mövzusu ilə bağlı nə qədər konkret sahələri  ehtiva edən elmi ədəbiyyatı (qloballaşma, ədəbi-mədəni əlaqələr, kulturologiya, bilinqvizm, ədəbiyyatşünaslıq və ədəbi tənqid, kino və s.) araşdırdığını görürük, daha sonra işdə bu sahələrdəki "boşluqlar"u aradan qaldırmaq səylərini izləyirik. Monoqrafiyada son onillərin elə faktları, hadisələri, münasibət və müşahidələri də vardır ki, onu yalnız bu əsərdə oxumaq olar. Abuzər Bağırov özünün və Moskva ədəbi-mədəni mühitini təmsil edən digər həmkarlarının son onillər fəaliyyətində tarixən formalaşan "ədəbi-mədəni körpü" missiyasının əyaniliyini israrən göstərir, nümayiş etdirir.

5) Ən nəhayət, şəksiz ki, Abuzər Bağırovun monoqrafiyasının böyük ideoloji önəmi vardır. Təkcə bugünkü geopolitik münasibətlərin mürəkkəb fonunda olduqca aktual mövzuya üz tutduğuna görə yox. Bu, öz yerində. Daha da çox, dünyanın hansı nöqtəsində yaranmasından asılı olmayaraq, Azərbaycan ədəbiyyatının məhz humanist xarakter daşıması, dar millətçi maraqlardan uzaq, insanpərvər və bəşəri ideyalar carçısı olması həqiqətini elmi sübut etməsi baxımından. Ölkə üçün ən fəlakətli, ağır, faciəli 1990-cı illərdə belə Azərbaycan ədiblərinin humanist ideyalara sədaqəti bütün dramatizmi ilə birgə əsərin ən parlaq səhifələrini əks etdirir.

Uzun illərin gərgin zəhmət və fəaliyyətinin bəhrəsi olan son dərəcə sanballı "Moskva Azərbaycan ədəbi mühiti" monoqrafiyası Vətəndən kənarda yaranan Azərbaycan ədəbiyyatının öyrənilməsində mühüm addımdır. Bugün Azərbaycan ədəbiyyatının Moskvada səfiri missiyasını könüllü olaraq öhdəsinə götürmüş fədakar yazıçı, publisist, ədəbiyyatşünas, tərcüməçi, naşir Abuzər Bağırova bu yolda daha böyük əzm və uğurlar diləyirik.

 

Tehran Əlişanoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.20-21.