Ömürlərin
düz və yüz mislindən
min bir gecə və gündüz
nağılları
Dünyadaşlarımız
içinə düşdükləri meridiyanlarla çəpərlənmiş
dairəvi qəfəsdəki ömür-gün estafetlərindən
özlərinə doğru da əsrlərlə yol qət etməli
olmuşlar. Və nəhayət
ayaqları torpaq üstə möhkəm durduqda,
ağılları-başları özlərinə xidmət
etdikləri zamanlar qısa ömürlərindən zövq
almağa, ona bacardıqları qədər bər-bəzək
vurmağa da çalışmışlar. Və nəhayət,
bəşər övladının ikili ömür sürməyi
başlamışdı. Bu da gerçək
ömürlərindən (ömürlərinin düz mislindən)
və arzu həyatlarından (həqiqətdəkinin yüz
mislindən) ibarət olmuşdu. Bu silsilə
arzu-kamlarına çatmamış əcdadlarımızın,
müasirlərimizə qədər bəzilərinin
ömürlərinin düz və yüz mislindən ibarətdi.
Onu da deyim ki, özüm də xəyalları ilə
ömrünün yüz mislini quranlar arasındayam. Hələlik
özüməqədərkilərdən, bəzi
tanıdıqlarımdan bəhs edirəm. Yəqin ki, günlərin
bir gün özümə də növbə çatacaq.
İkili hekayələr silsiləsinin biri də bəndeyi-həqirinizə
həsr olunacaq.
Xaqani: Hür
günləri
Saraylarda qızıl qəfəslərdə bülbül saxlayıb, cəh-cəhlərindən zövq alan şahlar, xaqanlar, sözə məna donu biçib onu haqq dərgahına ucalda bilən şairləri də saraya cəlb edirdi. Onların idrak dolu, ahəngdar şeirlərindən həm zövq alır, həm də zövqlərini cilalayırdılar. Yeri gəldikdə həmin haqq şairlərindən hər elmə sahiblərindən bəzilərini özlərinə vəzir etməkdən də çəkinmirdilər. Zəfərləri, qələbələri sonrası onların həmin uğurlara şeir həsr etməsini də istəyib, bir növ söz yarışlarını başladırdılar. Qaliblər qızıl dinar və dirhəmlərlə mükafatlanır, qızılı saplarla işlənmiş əlbisələr də geyinib zəfərlərindən çap çəkə bilirdilər.
Həmin şairlərdən birini yetirmək də Şirvanın karvan yolu üstəki Şamaxının dağlar qoynundan Məlhəm kəndinin bəxtinə düşmüşdü. Qardaşı qonşu Çayqovuşan kəndindən, dəli-divanə olduğu bir tərsa gözəli ilə evləndikdən sonra bir oğul balaları dünyaya göz açmışdı. Mahalın müqtədir loğmanı Ömər Osman Kafiyyəddin əvvəl-əvvəl dini adətlərindən kənara ayaq qoymuş qardaşını daşqalaqan xilas etmiş, sonra da tərsa gözəlinin balası xatirinə müsəlmanlığı qəbul etməsinə nail olmuşdu. Əfzələddin adı qoyulmuş körpənin iki dildə laylası oxunmuş, ikiqat şövqlə böyüyüb boy atmağa başlamışdı. İlkin yaşlarından fərasətinə bələd olan əmisi uşağı öz tərbiyəsinə götürmüş, təlimini verməyə başlamışdı. Bütün elmlərdən şagirdinə daddıran əmi uşağın onlardan hansına meyilli olacağına xüsusi fikir vermişdi. Günlərin bir günü Əfzələddin əmisinə ilk şeirini oxumuşdu. Həmin şeirdə dünyanın bütün zərrəciklərinin dövriyyəsindən bəhs edirdi ki, əmi uşağın kamalına heyran qalmışdı. (Şehlər güllər üstən günəşdən tutub səmaya ucalır, təkrar da yolunu yerlərə salır mənasında bir şeir idi).
Az müddətdə gəncin şeirləri özünə yol açıb toylarda, düyünlərdə xanəndələrin dodaqları ilə səslənməyə başladı. Və Şirvanın yeni bir şairinin yetişdiyindən car çəkdi.
Axır ki, həmin avaz Şirvanşah Axistana da yetişdi və onu sarayına dəvət elədi.
Novruzun Od çərşənbəsində Şirvanşah Axistan sinəsindən atəş püskürən söz xridarlarının bayram atəşfəşanlığını keçirməyi qərarlaşdırmışdı. Küləkli kübəni binə etdiklərindən bir müddət sonra qonşu tayfalar tərəfindən Xaqanlığa layiq bilindiyindən şairləri yarışdırıb onların ən layiqlisini Məlikr-şuara (şairlər şairi) elan etmək istəyirdi. Həmin yarışda da Kürədaman və Daşaparan çaylarının qovuşduğu yerin ətrafındakı Məlhəm kəndindən saraya gətirilmiş pəhləvan cüssəli, qartalbaxışlı şairlərin ən cavanına üstünlük verildi. Yarış zamanı şahdan gözünü çəkməyən ustad şair, qocaman Əbü Üla ilk bəlkə də həmin şair qəsidəsini oxuyarkən Axistanın heyranlıqla dinlədiyinə görə o da rəğbətini Əfzələddin Şirvaniyə tərəf etmişdi. Cavan şairin qəsidəsinin axıcılığından Kürədamanın şırıltısı, Daşaparanın qıjıltısı eşidilir, uca və qoca dağların əzəməti səslənirdi. Və Novruzun od çərşənbəsinin odlu söz meydanında Əfzələddin Şirvani adlı cavan şair Xaqani təxəllüsünə layiq görüldü. Sonralar da öz mübarək şeirləriylə həmin ləqəbə layiq olduğunu sübut edə-edə hür günlərini yaşamağa başladı.
Axistan saraya, hər hansı vəzifəyə çağırdıqları adamları gizli xəfiyyələrinin başçısı Daşdəmir tərəfindən yoxladıb məlumat alırdı. Od çərşənbəsinin odlu söz yarışı öncəsi Daşdəmir şaha bildirmişdi:
- Məşhur loğman Ömər Osman Kafiyyədinin qardaşı oğludu. Təlim və tərbiyəsi ilə əmisi məşğul olub, ağıl və kamal sahibi kimi yetişdirə bilmişdi.
Şirvanın hər qarışına bələd olan şah həmin sözləriylə baş xəfiyyəsindən əlavə bəzi məlumatlar da çəkməyə çalışmışdı.
- İki çayın qovuşduğu yerin ilboyu yeli, küləyi əskik olmur, yelçəkən sahilinin adamlarına həmin yol, guz necə, təsirini edə bilmirmi?
Şahın böyük dərrakə sahibi, siyasətçi olduğunun bir daha şahidinə çevrilən Daşdəmir o yerin hər evində olan lahıc sandıqlarının birinin ağzını açası, belə bir mətləbi üzə çıxarası olmuşdu:
- Bu Əfzələddinə bəlkə də atalığı, müqtədir alim Ömər Osman əbəs yerə etməmişdi. Necə ki, öz atasının yelçəkəni olmuşdu. Qonşu nəsturi obasından bir tərsa gözəlini atıyla bərabər götürüb qaçmışdı.
Axistan həmin obanın qonşu kəndlərə hələm-hələm qız vermədiklərindən xəbərdar idi. Və kilsələrinin həmin adətin keşiyində gecə-gündüz sayıqlıqla durduğunu bilirdi. Belə mübahisəli məsələlərin qan-qada ilə bitməsinin qarşısını almaq üçün o da atası Manıçöhrün bir fərmanını təzələyib, car çəkdirmişdi. Allah-taala bir və vahiddir. Hər millətin ona öz məzhəbi ilə qulluq etməsinə heç bir bəndə nə etiraz edə, nə qadağa qoya bilər. Belələri tapılarsa uca Allahın və onun Yer üzündəki qanunlarının keşikçiləri tərəfindən cəzalandırılacaqlar.
Yarış sonrası şahın hüzurundan təzimlə aralanan şairlər arasından Əfzələddini saxlayıb, onunla bir xeyli kəlmə kəsməyi ilə də şərəfləndirmişdi.
- Ömər Osman əmin yenə Şirvanın birinci bahadırı Əli Comərd kimi qıvraqdımı?
Əfzələddinə saraya təşrifi zamanı onun qaydalarından məlumat verilmişdi. O, şahla görüşərsə suallarına təzimi, lazım olduqda avazıyla cavab verməli idi. Şahın ilk sualını üzünün təbəssümü və özünün təzimi ilə təsdiqlədi.
- Yenə oraların yeddi səmtində müalicəxana qurub, yeddi dərə-təpənin gülü, otu, onlarla məamlanan yeddi inəyinin südüylə naxoşlara şəfa verə bilirmi?
Cavab yenə təbəssüm və təzimlə oldu.
- Onu sarayda baş təbib kimi görmək istədik, gəlmədi. Amma cavabıyla bizləri razı saldı: "Mən buralarda qalıb şahımızın baş dava-dərmançısı olsam, səhhətinə xeyrim daha ziyadə olar". Baş loğmanımız Mütəllib ayda iki dəfə yolunu onun yanına salıb gül-çiçək bağçasıyla qayıdır.
Sonra cavan şairə, şah xeyir-duasını da verməli olmuşdu.
- Sən də ürəyinin odunu, zəkanın işığını şeirlərinə verib Şirvanın söz ələmini ucalarda tutmağa çalış, Ömər Osman Kafiyyəddin yetirməsi, Əfzələddin Xaqani...
Şahın son sözlərinin içində ehyamları gizlənmişdi. O, xaqan adından ləğəb bəxş etdiyi cavanı qəsdən əmisinin övladı kimi qələmə vermişdi. Oğlanın atası kimi səhvə yol verməməsini arzulamışdı. Özlüyündə dalağının cavan tərəfindən sancdığını da ifadə eləmişdi, bir nəslin bir nöqsanı (yelçəkəni) onun başqa nümayəndəsində nə vaxtsa təkrar oluna bilər.
...Və təkrar olundu da...
Günlərin bir günü Əfzələddinin Şirvanın Məcnununa döndüyündən onun hər tərəfində zurna çalınmağa başladı. Onun aşiq olduğu qıza yazdığı şeirlər, məclislərdə oxunmağa başladı. Üstəlik, Xaqanın Xaqanisi sevdiyi gözəlin adını qəzəllərində çəkməkdən də çəkinməmişdi. Həmin gözəl də kim olsa yaxşı idi - Axıstanın özünün qız balası, - Gürcü knyazlarından birinin qızından dünyaya gəlmiş sevimli balası. Qəribədir ki, həmin sevda şahı qəzəbləndirib pələngə döndərmədi. Və cızığından çıxmış şairi pələngxanasına atdırmağa tələsmədi: onun qızı da eynilə Əfzələddin kimi nəsturi bir ananın döşlərindən süd əmmişdi. Şah ürəyindən keçirməli olmuşdu, doğrudan atalar düz buyurub ki, su axar çuxurunu tapar. Bəs bunlar harada, necə bir-birlərini görə biliblər?
...Yenə Novruz bayramının hər çərşənbəsi öz axar, baxarı ilə xalqı sevindirirdi. Həm ürəklərdə, həm həyət-bacalarda Novruz tonqalları alışmağa başlayırdı. Hər tərəfdə bayram gününə hazırlıq gedirdi. Əsas tonqal qalasının zirvəsində alışacaqdı ki, onu Badi Külə ətrafı kəndlərinin adamları da seyr edə biləcəkdi. Həm də həmin gün şahın xalqın nəfinə əmrlərindən də car çəkiləcəkdi. Əhalinin çox qisminə ənamlar torpaqlar veriləcək. Zindandakıların xeylisi əfv olunacaqdı. Qız qalası önündəki meydanda gündüz cavanların yarışları baş tutacaq, ən yaxşı ox atanlar, qılınc oynadanlar, qurşaq tutanlar bəlli olacaqdı.
Demə hər il, həmin yarışlara şah qızı Şahanə də seyrçi olurmuş. Həm də oğlan əlbisəsində (əlbəttə, Axistan tərəfindən saray qadınları üzərinə göz qoymağı tapşırılmış bacısı Əfruz xatunun izniylə). Qızın böyründə Daşdəmirin qadın xəfiyyələrindən cəngavər libasında birisi olurdu. Hər şey qardaşı şahzadə Fəribruzun bir cavanı meydana çəkməsiylə başladı. Həmin yaraşıqlı cavan, həmin an toylarda rəqs etməyə nazlananlara bənzəyirdi.
- Özünü cəngavərlik vərdişlərindən məhrum edibsənsə, günü sabahı, bürüşük Məhi də üstünə şeşlənə biləcək.
Şahanə həmin cavanı birinci dəfə gördüyündən keşikçisindən soruşası oldu.
- Bu növcavan kimdi?
- Şairlər şairi rütbəsi almış Əfzələddin Xaqanidi.
Demə, Əfzələddinə qədər oxatanlar arasında birinci nişançı Fəribruz sayılırmış. Meydana çəkdiyi adam da öz məharətiylə onu geridə qoya bildi. Və ilk dəfə Şahanənin bir cavana qarşı içində rəğbəti gizlənmiş heyrət nidası səsləndi.
- Aman Allahım, Fərubruzdan da mahir nişançı tapıla bilərmiş...
Qızı ən çox heyrətləndirən cavan şairin sonrakı şücaəti oldu.
İlk dəfə oğlanın şair olduğuna qəlbən təəssüflənmişdi. Hələ bir dəfə pərdə arxasından onların şeirlərinə qulaq kəsilərkən bibisi Əfruz Xatundan soruşmuşdu da:
- Bu şairlər niyə hamısı cılız olur, sifətləri də qürub rənginə çalır?
Cavanlığında saray şairlərinin birinə vurulmuş bibisi sarayın gül-çiçək aşiqi seir bülbüllərinə qarşı sözlərindən tikan bitirməmişdi:
- Haqdan vergi verilmiş həmin adamlar şeirləri üstə şam kimi əriməli olurlar.
...Meydan pəhləvanlara verildi. İlin ən güclü bahadırının kürəyini yerə vurana şah tərəfindən yüksək ənam verilirdi. Həmin ilin kürəyi yer görməmiş pəhləvanı nardaranlı Ərəb Abutalıb idi ki, bu ərəb əslində sayılan adam artıq qolları çırmaqlı meydan sulamağa başlamışdı. Tamaşaçıların əksəri onun qarşısına Xiləli Hacı Bəbirin çıxacağını gözləyirdi. Axırıncı dəfə Axıstanın ad günündə Nardaran pəhləvanının kürəklərini yerə vurmuşdu ki, aralarında əl çəngi sonrakı dil çəngi də baş vermişdi.
- Get, bir özündən deyəndə beş məndən söylə.
- Novruzda qırmızı qulluğunda durmağım boynumun borcu olsun. Səni Novruz yumurtası kimi əzməsəm anamdan əmdiyim halalım haramım olsun.
Amma Hacı Bəbir meydana atılıb qurşağı tutası olmadı. Güləşə gözçü təyin olunmuş şəhər zorxanasının müdiri tamaşaçıları intizarda qoymaq istəmədi:
- Hacı Bəbirin anası Allah rəhmətinə getdiyindən təşrif gətirməyib, Qurbanlıq bayramı önündə Ərəb Abutalıbla güləşəcəyi simarıcını göndərib.
Yer-yerdən təəssüf nidaları meydanı özünün avaz dövrəsinə almışdı.
- İlin pəhləvanının qabağına çıxmaq istəyən varsa qol çırmaya bilər. Ərəb Abutalıb ilin on iki ayı şərəfinə on iki dəfə dövrə vuracaq. Meydana atılan olmasa qalib sayılacaq.
Bax o zaman gözlənilməz hadisə baş verib, köşkünə dönməyə hazırlaşan Şahanə ayaq saxlatmışdı və tamaşaçıların heyrət nidalarını Qız qalasından da ucalara, üstündəki ağ göyərçinlər kimi ucaltmışdı. Cavan şair meydana atılıb dövrə vurmağa başlamışdı. Yer-yerdən tamaşaçıların tanımaldıqları pəhləvan əleyhinə nidaları ucalmışdı.
- Abutalıb, bu burnu əzik görməyənin ləbbehini ver.
- Onu Nardaran narıyla (atəşiylə) yandırıb kömürə döndər.
Bircə Fəribruz öz hissiyyatının gücüylə Əfzələddinin zəfərinə inanırdı. Əslində, əmisi Ömər Osman qardaşı oğlunun sağlamlıq təlimiylə də məşğul olmuşdu. Uşaqlığından sözlərini də qulaqlarına sırğa etmişdi. Sağlam bəndələrdən sağlam fikirlər süzülüb günəş işığına qovuşur. Xəstə ruhlar özünün naxoş kəlamlarıyla səmalar buludlandırır. Sağlam və xəstə ruhların mübahisələrindənsə xeyirlə şərin cəngləri doğulur.
Əfzələddin ilk təmasından qarşısındakının yenilməz gücə sahib olduğunu anladı. Bir anlığa ətrafdakıların içində əmisinin varlığını hiss edib, onun kəlamlarını dinləməyə başladı: belə rəqiblərdən cəldliklə özünü qoruyub, onun zəif yerini tapmağa çalışmalısan. Həmin rəqiblər fəndlərə çox da bənd olmayıb, güclərinə güvənir.
Əmisi ona Orta Asiya türklərinin moğullarınkı ilə vəhdətdə təkmilləşmiş fəndlərindən də öyrətmişdi.
Əfzələddinin Ərəb Abutalıb qarşısında özünü gözləyib fürsət gözləməsini ətrafdakılar qabaqdan qaçdı hesab edib haya-küyə basırdı.
Nəhayət, rəqibin azacıq ehtiyatsızlığını görən Əfzələddin ondan istifadə edə bildi. Rəqibinin sol əlini az işlətdiyindən, əlini yalandan onun sağ əlinə doğru uzatdı. Sonra cəld sol əlindən yapışıb var gücüylə özünə tərəf çəkdi. Kürəyini özünə tərəf çevirə bilib, ərəb özünə gəlməmiş qaldırıb yerə vurdu. Həm də bütün ağırlığı ilə sinəsinə çökdü.
Tamaşaçılar ağzına su alası olmuşdu. Tək bircəciyindən başqa... Şahanənin gözlərinə özündən bixəbər bir cüt inci qonmuşdu.
Fərubruzla şair qucaqlaşanda onlara yaxınlaşdı:
- Birinci dəfədir dil pəhləvanlarından əl bahadırı görürəm...
Fərubruz bacısının bəzi zənənlərin yasaq məclislərdə cəngavər paltarında iştirakından xəbərdar idi.
Odur ki, atası duyuq düşməsin deyə onu ötürməyi qərarlaşdırdı. Qalibin kim olduğu barədə atasına xəbər çatdırıldığını bilirdi. İlin birinci pəhləvanına ənamı şahın özü verirdi. Fərubruz nəyə görəsə bacısını ötürməyə Əfzələddini də dəvət etdi. Bəlkə də bunu özünün deyil, qəzavü-gədərin iradəsiylə edə bilmişdi. Meydandan yenicə aralanmışdılar ki, şahın eşikağalarından birisi Fəribruza yaxınlaşdı:
- Zat aliləri şahzadəni hüzuruna istəyir.
Əfzələddin şahzadənin kiçik qardaşına bənzətdiyi növcavanı ötürəsi oldu. Saraya yaxşı bələd olmadlığından hərəm səmtinə yol aldıqlarının da fərqinə varmadı. Bax onda, zərif naxışlarla bəzənmiş taxta qapılar önündə, növcavanla tək qaldıqları zaman Əfzələddin üçün dünyanın bir möcüzəsi baş verdi (növcavan işarəsiylə müşahidəçisini azad eləmişdi).
Həmin möcüzə Əfzələddini Məlhəmin ən ildırımlı bir gününün içinə saldı. Növcavan başının zərli əmmaməsini çıxardı. Onun telləri qız olduğunü bildirən şəlaləyə çevrildi. Və həmin şəlalə sifətinin gözəlliyini, gözlərinin cazibəsini birə yüz artırdı. Elə sözləri də ildırım gücünə bərabər oldu.
- Dünyada xoşlandığım ilk adam oldunuz. Mən şah qızı Şahanəyəm. Əgər doğrudan da həm dildə, həm əldə sehrkar güc və hünər sahibi, qorxubilməz bahadırsınızsa, sevin məni, görüm sevə biləcəksinizmi?
O gündən Əfzələddin adlı bir növcavanı və şairi şah qızı Şahanə Xaqani atəşgahına çevirə bildi.
...Şahanə Axistanın yeganə qız balası idi. Bəlkə elə ona görə də çağanın qırxı çıxmamış gizlicə üzünü görmək istəmişdi. Vaxtsız həyatdan köçmüş nəsturi anasının camalını dünyaya qaytara bilmiş körpəyə baxanda qeyri-ixtiyari əlini göylərə qaldırmışdı.
- Şükürlər olsun dərgahına, pərvərdigar, axır ki, onu əhli müsəlman kimi qəbul etdin...
Sonradan müsəlmanlığı qəbul etmiş anası, köçüb gəldiyi doğma yerlərə ziyarəti zamanı vəfat etmişdi. Qızının bəlkə də anasına bənzədiyindən elə bəbəliyindən ona mehri-məhəbbət salıb nazıyla oynamağa başlamışdı. İlk dəfə özü Şəhanəsinə oğlan paltarı geyib Fəribruzla at çapmağa icazə vermişdi. Həmin iznin davamlarının birindəsə Əfzələddinlə rastlaşmışdı. Fəribruzla şah sarayında Şahanə on yeddi baharına kimi özünü qəfəsdə hiss eləmişdi. Bircə yay aylarında Şamaxıya yaylaq səfərləri zamanı özünü həmin qəfəsdən pərvazlana bilmiş hesab edirdi. Pirqulu səmtində Şirvan şahların meşəli, çəmənli gülüstana bənzər sahələri vardı. Orda hamısı ayrı-ayrı köşklərdə yaşayır, atla-piyada çölün, çəmənin seyrinə çıxa bilir, meşələrin zümrüdündə zirvə ətəklərinin bəyaz dumanında itib-batırdı. Şahanə oralarda öz murazlarına doğru doyunca at çapa bilirdi. Şirvan Şahanə balasının timsalında özünün gözəllik abidəsini yarada bilmişdi. Və onunla bu sahədə cahana meydan oxuya bilərdi.
...Əfzələddin saraya ayaq açandan özünü qəfəsdə hesab edirdi. Məlhəm boyda təbiətlə tovuz quşu kimi cilvələnən bir dünyasını əlindən almışdılar. Sarayda son şeirləri gecə və gündüzü xatırladırdı. (Şaha həsr olunanlardan hökmdarın qızıldan tacı kimi bərq sözləri bərq vururdu. Qəmli qəzəllərindən axşamı ələməyə hazırlaşan qürub sarısı boy göstərirdi. Onun da ürəyi elə hey Məlhəmə atlanır, yayda izn alıb yolunu oralara salmağa hazırlaşırdı. Amma Şahanəylə rastlaşdıqdan sonra taleyinə şükür etməyə başlamışdı.
Bir rəiyyət oğlunun qızına aşiq olması şikardan dönərkən köhlənini mehtərə verən şahı cin atına mindirmişdi. Mühüm qərarlarını verdiyi divarları zümrüd kaşılı otağına həmin atın üstə gəlib çatmışdı. Həmin otaq ona elə gəlirdi ki, həmişə onu özünün zümrüd rənginə çəkib əsəblərini sakitləşdirir. Bu dəfə də otağın möcüzəsinə mat və məhəttəl qaldı. Bayaq mübarək Xəzərin tufanlı günlərində mavi şum yerini xatırladan əsəbləri sakitləşmiş, küləbətinə çevrilmişdi. Qızına vurulmağa, ona qəsidələr yazmağa cəsarət etmiş cavanla gizlicə görüşmək, onun gözlərinə baxmaq istəmişdi.
Həmin görüş baş tutdu. Şah qarşısında Əfzələddinə elə gəldi ki, Şamaxı öz zəlzələ payından bu küləklər şəhərinə də göndərib. Onun ayaqları altda və ətrafında yer-göy titrəyir. Oğlanın həmin halı şaha xoş gəlmədi. Sözünü belindəki xəncərvarı iti elədi.
- Son sözünü söylə, istəyin nədir?
Titrəyən yerin-göyün üzərində dayanmış oğlan şeirlə cavab verib Axistan üçün də az qala zəlzələ yaşatdı.
Şahanə bir şair kimi ləl dəhanə istərəm,
Şahımdan ya ölüm, ya Şahanə istərəm.
Şah əlini əlinə vurdu. Əfzələddini otaqdan çıxarıb fərmanını gözlədilər. Amma çılğın aşiqə hələlik nə şahın ölüm fərmanını, nə də ciyərparası Şahanə verildi.
Bu dəfə Daşdəmirə vəzifəsinə çox da uyğun olmayan bir tapşırıq verildi.
- Bu dəliqanlını bu məktubla bərabər aparıb dayısı müqtədar loğman Ömər Osman kafiyyədinə təhvil ver.
Onlar tövləyə doğru yollanarkən Daşdəmir belə bir vəzifəylə atlanmağını anlatmaqda piyada qalırdı. Adətən ona Şirvanşah hakimiyyətinə təhlükə yarada biləcək qüvəllərin zərərsizləşdirilməsi tapşırığı verilirdi. Xaqan ləqəbi Xaqanın özü tərəfindən verilmiş, hətta əşara meyli olmayan münəccimbaşı Sühanın belə şeir sənətinin dan ulduzu adlandırdığı bir şairin Şirvanşah dövlətinə nə təhlükəsi ola bilərdi? Kübə darvazası səmtindəki şah atları bəslənən tövləyə çathaçatda Axistanın təlxəyi onlara yaxınlaşdı. Ayağı sayalı bu çirkin adamın səfərqabağı qarşılarına çıxması Daşdəmiri yüngülləşdirdi. Onun şairə yaxınlaşmasında bir təhlükə hiss eləmədiyindən ayaq saxlayıb söhbətlərinə qulaq şəkələməli olmadı. Baş mehtərin köşkünə girib hazırladığı köhlənləri darvaza önünə çıxarmasını istədi.
Təlxək Şahanədən şairə məktub gətirmişdi. İpək dəsmaldan da, ona bükülmüş namədən də müşki-ənbər ətri gəlirdi. "Elçi göndərib atamdan məni istə. Verməsə, qarşımızı kəsə biləcək qılınc və nizələrdən belə çəkinməyib sənə qoşulub qaçacağam".
Səfərqabağı məktub Əfzələddinin bütün hisslərini atəşləndirə bildi. Gözü önünə Qız balası başda olmaqla şəhərin hər tərəfində alışmış Novruz tonqallarını gətirdi. Elə həmin atəşlərdə atlanıb doğma Məlhəmə yol aldı.
Daşdəmir Şah məktubunu Xaqan şairi ilə bərabər müqtədir loğman Ömər Osmana təhvil verdi. Əmisi məktubu Əfzələddinin iştirakı ilə oxudu: "Təbibliyinə ən çox güvəndiyim Ömər Osman. Bu dəfə qarşında bir mərəz sahibinin müşküldən müşkül müalicəsi durur. Həyat özü də əgər bir dəryadırsa bəni-insanların həmin dəryada sükanları içərisində əql və şüurları yuva qurmuş başları aparır. Və həmin başlar yel çəkməyə başlayanda varlıqları üçün təhlükəyə çevrilir. Onlar müalicə olunmayanda həmin yelçəkən qara tufana çevrilib həmin başı qoparır və aparır.
Sənə belə bir mərəz sahibi göndərirəm. Var gücünü işə salıb onu həmin bəlasından xilas etməyə çalış. Qardaşınla özünün, iki atanın bir oğlunu ölümündən xilas et!"
Həmin məktubda Əfzələddin varlığındakı bütün tonqalları söndürə bildi. Özünü çölə atıb Məlhəmin bir sıldırım qayasına doğru yürüşünü başlatdı. Həmin qaya başından dünyaya baxıb son qərarını çıxaracaqdı. Həmin qərardan başının vücudu üstə qalıb-qalmaması asılı olacaqdı.
Vaqif Nəsib Sarıhüseynoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 7
iyul.- S.22-23.