Robert Qreyvz (ABŞ)

 

Balqabaq

 

İnanamaya bilərsiniz,

Özümə inanmıram.

Hətta doğru-düz bildiyim

Gözümə inanmıram.

 

Bir balqabaq gördüm, üstə

Yazılmışdı lap beləcə:

"İstər doğra, istərsə ye,

Mən yenidən bitəcəyəm!"

 

İti bir bıçaq götürüb,

Vurub çıxdım sağ-solundan.

Nənəmdən öyrəndiyim tək

Piroq da bişirdim ondan.

 

Səhər ki, getdim bostana,

Çevrilib baxdım ki, yana.

Gördüm dünənki balqabaq

Durub yerində sappa-sağ.

 

Tərcümə edən: Qəşəm İsabəyli

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.29.