Nizami Cəfərovun
"Ədəbiyyat
söhbətləri"
Son
iyirmi ildə "bizdə tənqid yoxdur" iddiası ilə
çox rastlaşmışıq. Amma bütün bu
iddiaların əksinə olaraq ədəbi tənqid öz
missiyasını davam etdirir və məsələnin ən
önəmli cəhəti budur ki, tənqidin aparıcı
nümayəndələri, onun xarakterini, nə etməli
olduğunu düzgün müəyyənləşdirən
simaları var - onların sırasında Nizami Cəfərov
birincilərdəndir.
"Ədəbiyyat
söhbətləri" Nizami Cəfərovun müasir ədəbiyyatımız
haqqında düşüncələrini əks etdirir və
özü də çox maraqlıdır ki, Nizaminin ədəbiyyata baxış bucağı çoxcəhətlidir:
fikirləşirsən ki, çağdaş ədəbi
prosesdə elə bir problem, elə bir istiqamət, elə bir
yaradıcılıq yönü yoxdur ki, Nizami Cəfərovun
yazılarında əks olunmasın. "Bizdə
ədəbiyyat vardırmı?" - vaxtilə,
XIX əsrdə V.Q.Belinski çox ciddi şəkildə bu
sualı səsləndirirdi və belə qərara gəlirdi
ki: "Məşhur və hətta əhəmiyyətli əsərlərin
çox olması hələ ədəbiyyat yarada bilməz: ədəbiyyat bir növ tam və fərdi
varlıqdır, onun bütün hissələri öz
aralarında üzvi surətdə
bölünmüşdür, ədəbiyyatın ən rəngarəng
hadisələri bir-birilə qarşılıqlı surətdə
əlaqədardır". Nizaminin bir tənqidçi kimi
üstünlüyü də ədəbiyyatı
"bütün hissələri və rəngarəng hadisələrilə" əks
etdirmək, "tənqid var" həqiqətini ortaya
qoymaqdır. Əlbəttə, tənqid var və
Nizaminin "Ədəbiyyat söhbətləri"ndə təkcə
tənqidin deyil, ədəbi prosesin nəzarətçisi
rolunu öhdəsinə götürən bir tənqidçinin
yorulmaz fəaliyyəti ilə rastlaşırıq.
Nizami Cəfərov
"Ədəbiyyat söhbətləri"ndə çox məsələlərdən
söz açır - Azərbaycan poeziyasının və Azərbaycan
nəsrinin birəsrlik tarixindən və qətiyyən hesabat
xarakterli icmalçılığa uymayıb poeziyanın və
nəsrin dövrləşdirmə kriteriyalarını müəyyənləşdirir,
bir neçə məqaləsini isə qədim türk ədəbiyyatının
problemlərinə həsr edir, bu mövzuda indiyə kimi
lazımınca izah olunmamış məsələlərə
toxunur. Azərbaycan mühacirət ədəbiyyatına
həsr olunmuş elmi simpoziumdan söz açır və bu
sahədə görülə biləcək işlərin
vacibliyini ortaya qoyur. "Azərbaycan
muğamının qəzəlləri"ndə bu mövzuya
kifayət qədər bələd olduğunu nümayiş
etdirir. "O dövrün "Füyuzat"ından bu
dövrün "Füyuzat"ına körpü salır.
Bu gün üçün bəlkə də çoxlarına
yenilik kimi səslənməyən Mehdi Hüseynin tənqidçi
üslubunda tənqidin tənqidini araşdırır, Almas
İldırımın ölməz ideallarından söz
açır, yaradıcılığı nadir hallarda
araşdırılan Hacı Kərim Sanılının
"Məclisi-Məbusan" deyişmələrini nəzərə
çarpdırır, böyük məhəbbətlə Məsud
Əlioğlunun mütəfəkkir
ədəbiyyatşünas portretini canlandırır. Amma bu
"Ədəbiyyat söhbətləri"ndə biz Nizami Cəfərovu
ədəbiyyatın ümumi məsələlərindən və
keçilmiş ədəbiyyat tarixindən, ədəbi
şəxsiyyətlərdən daha çox təzə nəfəs,
təzə söz
axtarışında izləyirik... Deməli,
ədəbiyyat "bütün hissələri və rəngarəng
hadisələrilə" bizə təqdim olunur.
Nizami Cəfərov
ədəbi prosesi çox diqqətlə izləyir və tək-tük
tənqidçilərdəndir ki, onun üçün "hər
şeyin təzəsi" prinsipi əsasdır. Elə mövzular var ki, onlara dəfələrlə
müraciət olunub, Nizami də o mövzuya baş vurur və
təzə söz deyə bilir. Məsələ
burasındadır ki, o təzə söz deyilməyən
sözdür. Musa Yaqub poeziyası "Təbiət qədər
təbii"dir, bunu hamı etiraf edir, amma Nizami bu təbiiliyin
"mexanizmini" açır, Deyir: "Mən ikinci bir
şair tanımıram ki, "torpaq" sözünü bu qədər
işlətsin və həmin sözə bu qədər
estetik, metaforik mənalar qazandırmış olsun". Deyir:
"Siz Allah, gözətçi götürün məni,
Olum bu güllərin bağbanı, dağlar. Və
bu dağlar nə Aşıq Ələsgərin, nə də
Səməd Vurğunun dağlarıdır. Həm poetik leksikonu, həm bədii intonasiyası, həm
də ümumi ruhu, ovqatı ilə". Şairlərin
poetik təfəkkür və hətta dil-üslub qohumluğu
etibarilə bir-birinə oxşarlığı barədə az yazmayıblar. N.Cəfərovun
Məmməd Arazla Musa Yaqub arasında müəyyən
oxşarlığı (hər ikisinin təbiətə
vurğunluğu) nəzərə çarpdırmağı məlum,
amma Məmməd Arazla Musa Yaqubun ideya-estetik təfəkküründə
ciddi bir fərqin olduğuna da işarə edir: "Məmməd
Araz təbiətdən nə qədər çox yazsa da,
prinsip etibarilə, təbiət şairi deyil. Hər
şeydən əvvəl ona görə ki, Məmməd
Arazın bədii interpretasiyasında təbiət, əslində,
cəmiyyəti, ictimai münasibətləri dərk etmək
üçün vasitədir... Musa Yaqub isə cəmiyyətdən
yazanda da ictimai münasibətlərin təbiətinə
varır".
Nizami Cəfərov araşdırıcı tənqidçidir. O, hansı şairdən, ya
nasirdən yazırsa, onun yaradıcılığında
mütləq nöqsan, qüsur, texniki səhv axtarmır (tənqid
edəndə isə
daha köklü məsələlərə toxunur), təhlil etdiyi əsərin,
ya əsərlərin timsalında onun müəllifinin ədəbi
simasını müəyyənləşdirir,
çağdaş ədəbiyyatda hansı bədii-estetik
potensiala malik olduğunu nəzərə
çarpdırır. "Köhnə" sözün yeni
ustası" kim ola bilər? Mənim
fikrimcə, XX-XXI əsrlərdə Dədə Şəmşir,
Hüseyn Arif, Hüseyn Kürdoğlu, Məstan Günər,
Zirəddin Qafarlı, Məmməd İlqar, Məmməd Dəmirçioğlu,
Rəfail İncəyurd, İslam Sadıq. O, sonuncudan söz
açır - "köhnə havalarda təzə notlar səsləndirməyi
bacaran" İslam Sadıqdan. "Köhnə"
sözün yeni ustası olmaq, hər şeydən əvvəl,
xalq təfəkkürü, onun stabilləşmiş, etnik-mədəni
vərdişlər sisteminə çevrilmiş
texnologiyaları ilə yazmaqdır. Bu, o
zaman həqiqi ustalıqdır ki, birincisi, təbii olsun,
inersiya ilə gəlsin, ikincisi isə, folklor hərfi-hərfinə
köçürülməyib zamanla şərtlənən
(və səsləşən) orijinallığında təzahür
eləsin" - elə bilirəm bu fikri "köhnə"
sözün (qoşmanın, gəraylının, təcnisin,
bayatının) yeni ustalarının hamısı haqqında
söyləmək olar. O, İslam Sadığın
qoşmalarından xeyli misallar gətirir. Məsələn:
Tale bir
cüt qoşa zərdi, bilinməz,
Altı üzdən beşi sirdi, bilinməz.
Dərdindən
ölənin dərdi bilinməz,
De
görüm, dərdimi açımmı, Vətən!?
Gəlib
budağına qonub sar indi,
Bu qədər
incitməz yarı yar indi,
Mənim
səndən əziz kimim var indi,
Atammı, anammı, bacımmı Vətən?!
Diqqət
yetirin, İslam Sadığın bu qoşmasında klassik
modelə tam riayət olunub, hətta şeirin leksikonunda bizə
xeyli tanış sözlər, ifadələr diqqəti cəlb
edir, amma bu, XXI əsrin qoşmasıdır və N.Cəfərov
"köhnə havalarda təzə notlar səsləndirən"
digər şairlərin- Avdı Qoşqarın, Rafiq Hümmətin,
Vəli Xramçaylının şeirlərində də həmin
fikrin davamını gətirir.
Mən
bir tənqidçi tanıyırdım ki, o, az
qala bütün məqalələrində, hətta ayrıca
monoqrafiyasında həmişə Süleyman Rəhimovun
yaradıcılığından yazırdı. Söhbət mərhum
tənqidçi Yəhya Seyidovdan gedir və insafən deyim ki,
Yəhya müəllim
o dövrdə Süleyman Rəhimovu daha mükəmməl
tədqiq edirdi. Bir tənqidçinin bir
şairdən, ya nasirdən daha çox yazması heç də
qüsur sayılmamalıdır. Məsələn,
Cavanşir Yusiflinin Əli Kərim
yaradıcılığı ilə bağlı xeyli məqaləsi
və üç kitabı var, heç bir məqaləsində
və kitablarında özünü təkrar eləmir.
Nizami Cəfərov da
yeganə tənqidçidir ki, tarixi romanlar müəllifi
Yunus Oğuzun bütün romanlarından söz açır
və bizim ədəbiyyatda tarixi roman janrına yeni ab-hava gətirməyə
can atan bu müəllifi hər bir əsərinin mükəmməl
təhlilini verir. Niyə? Sualı
ortaya çıxır? O səbəbdən ki, Yunus
Oğuzun tarixə, uzaq keçmişə özünün
sistemli bir baxışı var. Yunus Oğuz bir tarixçi kimi
bu gündən-keçmişə baxır, bir
yazıçı kimi isə keçmişdən
danışır və bu
günün həqiqətlərini orada axtarır. Və sonuncu - "Ovçu" romanında hətta
bu iki tendensiyanı vəhdətdə təqdim edir. Beləliklə, Nizami Cəfərov-Yunus Oğuz
tandemi yaranır.
Nizami Cəfərovun tənqidçi üslubu
özünəməxsusdur. Məlumdur ki, o, həm
də dilçidir, özü də türkologiya aləmində
tanınmış dilçidir və ədəbi-tənqidi
yazılarında gözəl dilimizin leksik, qrammatik
qaydalarına tam riayət edir. Amma məsələ
bu riayət prinsipindən getməməlidir, çünki
gözəl, səliqəli cümlələrlə heç
bir dil qüsuruna yol verməyən tənqidçilər var
ki, fikirləri solğundur, təzə söz deyə bilmir.
Ya da əksinə, yazılarında fikir də
var, amma emosiya çatmır, mürəkkəb tərkibli
cümlələr baş alıb gedir. Nizami
Cəfərovun üslubu dinamikdir, təqdim elədiyi mətndə
rasionallıqla emosionallıq (vaxtilə Elçin bu iki amili tənqid
üçün əsas meyarlardan biri sayırdı) vəhdətdədir.
Bu üslubda Nizami Cəfərovun elmi təfəkkür
arsenalı ilə tənqidçi emosionallığı
yazı mədəniyyətini müəyyənləşdirir.
Hərçənd ki, N.Cəfərov
"texnologiya", "arsenal" (öncə mən də
bu sözü işlətdim), inersiya. İnterpretasiya və
s. bu qəbildən olan sözlər tez-tez işlənir, bunu
ona irad tutmaq olmaz, çünki o, bu sözləri qəsdən
yox, bilərəkdən, onların mənasına tam bələdliklə
yazıya gətirir.
Nizami Cəfərov ədəbi tənqidin portret
janrına daha çox müraciət edir. "Ədəbiyyat söhbətləri"ndə
Əzizə xanım Cəfərzadə, Aslan Aslanov, Vidadi
Babanlı, Teymur Bünyadov, Anar, Musa Yaqub haqqında mükəmməl
ədəbi-tənqidi portretlərlə
qarşılaşırıq. Hətta İsa Həbibbəylinin
tədqiqatlarından söz açanda da yenə portretsiz
keçinə bilmir. Bu portret yazılarda
sonluqlar daha maraqlıdır və N.Cəfərov o portretlərdə
sona qədər emosional ovqatla diqqəti cəlb edirsə,
sonda yenə alimliyi, elmi düşüncə tərzi üzə
çıxır. Məsələn, Səyyad Aranın
"Sazaq" hekayələr, povestlər kitabından söz
açanda, onun bir yazıçı kimi məxsusi cizgilərini,
başqalarından fərqli xüsusiyyətlərini nəzərə
çarpdırır, yeri gəldikcə Səyyad Aranın
özünün bir yazıçı kimi obrazını
canlandırır, amma sonda Səyyad Aranın
yazıçı tərcümeyi-halının və şəxsiyyətinin həm
mahiyyətini, həm də miqyasını müəyyən
edən əlamətləri ümumiləşdirir:
"Boya-başa çatıb formalaşdığı
regionda qazandığı mənəvi zənginlik, ilk gəncliyindən
həyat tərzinə çevrilmiş təhsilə, elmə
daxili bağlılığın, dünyanı
xırdalıqlarına qədər bütün miqyası ilə
dərk etmək marağının, ehtirasının təzahürü
olan geniş dünyagörüşü" - Səyyad
Aranın yaradıcılığına münasibət beləcə
yekun təfsirini tapır.
Nizami Cəfərovun
müsahibələri də elə onun tənqidi yazıları
kimi maraq doğurur və tanınmış tənqidçi Nərgiz
Cabbarlı ilə Aydın Talıbzadənin
"Əbuhübb" romanı haqqında söhbətini
müsahibə janrı hüdudlarını aşır,
yazıçı, onun romanı və ümumən
çağdaş romanlar haqqında ciddi söhbətə
çevrilir.
Mən bu yazıda Nizami Cəfərovun adı
qarşısında "akademik" kəlməsini işlətmədim. Məncə,
buna ehtiyac yoxdur. Sadəcə,
titullarsız, fəxri adlarsız, hətta vəzifə
sıralanmasını işlətmədən Nizami Cəfərov
ad və familini işlətmək ürəyimcədir. Mehdi Hüseyn nə elmlər namizədi idi, nə
dosent, nə də professor - amma
yazıçılığı qədər də məşhur
tənqidçi idi. O Mehdi Hüseyn ki, Bəxtiyar
Vahabzadənin, səhv etmirəmsə, doktorluq
dissertasiyasında opponentlərdən biri idi. İndi
akademiklərin sayı artır, amma hamını o ali elmi zirvənin qalibi sanmaq olarmı? Məncə, yazımda akademik kəlməsini işlətmədiyim
Nizami Cəfərov o zirvənin qalibidir.
"Ədəbiyyat söhbətləri"ndə elə
yazılar var ki, tənqidçi həmkarımın
kitabının redaktoru mən olsaydım, onları
çıxdaş edərdim.
Hər halda, bu tənqid kitabı "Bizdə ədəbi
tənqid yoxdur" deyənlərə sərt bir mesajdır. Ədəbi tənqid var və
Nizami Cəfərov da bu tənqidi yaşadan söz
adamlarından biridir...
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2018.- 14 iyul.- S.9.