Təbrizdə Şəms Təbrizi
konfransı
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Təbriz Dövlət Universitetində imzalanmış əməkdaşlıq protokoluna əsasən, iki elmi-tədqiqat və ali təhsil qurumu ildə iki dəfə Bakıda və Təbrizdə “Azərbaycan ədəbiyyatı klassiklərini birgə öyrənək” layihəsi əsasında elmi konfranslar təşkil edirlər. İndiyədək Məhəmmədhüseyn Şəhriyara aid Ədəbiyyat İnstitutunda, Saib Təbriziyə dair isə Təbriz Dövlət Universitetində müştərək elmi konfranslar keçirilmişdir.
Bu günlərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Təbriz Dövlət Universiteti böyük Azərbaycan mütəfəkkiri və ədibi Saib Təbriziyə (1601-1677) həsr olunmuş birgə konfrans keçirməklə mövcud əməkdaşlıq layihəsinə daha bir səhifə əlavə etmişlər. Konfrans çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ilə Təbriz Dövlət Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi arasında keçirilmiş görüşdə qarşılıqlı elmi əməkdaşlığın əhəmiyyətindən danışılmış və perspektivləri müzakirə olunmuşdur.
Təbriz Dövlət Universitetində keçirilmiş “Şəms Təbrizi” konfransını Ədəbiyyat fakültəsinin Türk dili kafedrasının müdiri, professor Fərşbafiyan açmışdır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “İrfan ədəbiyyatının Şəmsi” mövzusunda etdiyi məruzəsində XIII-XIV əsrlər Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi Şəms Təbrizinin həyatı və yaradıcılığından danışmış, orta əsrlər ədəbiyyatının və fəlsəfəsinin ümumi mənzərəsinin müəyyən edilməsində böyük xidmətləri olan Şəms Təbrizinin çoxcəhətli fəaliyyətinin indiyədək az öyrənildiyini və bu istiqamətdə birgə araşdırmalara ehtiyac olduğunu bildirmişdir.
Təbriz Dövlət Universitetinin professoru, doktor Mehdipur Şəms Təbrizi - Mövlana baxışından, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Saib Təbrizi və klassik ədəbi irs”, Təbriz Universitetindən doktor İqbali “Şəms Təbrizinin ürfana münasibəti”, doktor Xakpur “Şəms Təbrizinin baxışlarına bir baxış”, doktor Abadi “Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi”, Nizami adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Şəms Təbrizi polyak ədəbiyyatşünaslığında” mövzularında elmi məruzələrlə çıxış etmişlər.
AMEA-nın nümayəndə heyətinə Şəms Təbrizinin “Məqalət” traktatı və Mövlana Cəlaləddin Ruminin “Saib Təbrizi divanı” kitabları hədiyyə olunmuşdur. Eyni zamanda, AMEA-nın nümayəndə heyəti son illərdə İran İslam Respublikası Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində tapılmış Saib Təbrizinin məzarını və orada yaradılmış xatirə kompleksini ziyarət etmişlər.
Bu vaxtadək haqqında elmi tədqiqatların
az olduğu nəzərə
alınaraq Şəms Təbrizi konfransının materiallarının
Təbriz Dövlət Universitetində kitab
halında çap olunması qərara
alınmışdır. 2019-cu ildə Nizami
adına Ədəbiyyat İnsdtitutunda
Əliağa Vahidin
yaradıcılığına, Təbriz Dövlət
Universitetində isə Nəsirəddin Tusinin
ədəbi fəaliyyətinə həsr olunmuş
birgə elmi konfransların keçirilməsi
haqqında razılıq əldə edilmişdir.
Milli Elmlər Akademiyasının nümayəndə
heyəti Azərbaycan Respublikasının İran
İslam Respublikasınıın Təbriz
şəhərindəki baş konsulu Əliyyənnağı Hüseynovla
da görüşmüşlər
Ədəbiyyat qəzeti.- 2018.- 14
iyul.- S.31.